“Qafqazlı qardaşqızı” operettası

Əsl qeyri-adi qafqazlı...

121
(Yenilənib 17:17 04.12.2017)
"Qafqazlı qardaşqızı" operettası yeni quruluşda səhnəyə qoyulub

Çingiz Ələsgərli, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. 2017-ci il noyabr ayının 24-də Azərbaycan Dövlət Musiqili Teatrın rus bölməsində görkəmli bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" adlı ikihissəli operettasının ilk tamaşası nümayiş etdirildi. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, professor Alik Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Emin Həsənov, rejissor assistentləri Tamilla Aslanova və Elməddin Dadaşovdur.

Tamaşa milli kaloriti, rəngarəng tərtibatı, hər bir obrazın xarakterinə uyğun tapılmış geyim həlli ilə dərhal tamaşaçıda nostalji hisslər oyatdı desək, heç də səhv etmərik. Operetta Rauf Hacıyevin çoxşaxəli yaradıcılığının parlaq nümunələrindən biridir.

Kiçik bir haşiyə çıxaraq görkəmli bəstəkarımız Rauf Hacıyevin yaradıcılığı haqqında oxucularımıza məlumat vermək istəyirəm. Rauf Hacıyev bu gün də müğənnilərin həvəslə müraciət etdiyi saysız-hesabsız mahnıların, rejissorların tez-tez quruluş verdiyi operetta və musiqili komediyaların, baletlərin, simfonik poemaların, musiqiçilərin sevə-sevə ifa etdiyi fortepiano üçün pyeslərin və 20-dən artıq filmlərə yazılmış peşəkar musiqilərin müəllifi olub. Bəlkə də müəllifi olub yox, müəllifidir desək, daha doğru olar. Çünki özündən sonra sənət əsərləri qoyub getmiş sənətkarlar haqqında keçmiş zamanda danışmaq insafdan deyil.

Bundan əlavə, görkəmli sənətkar müxtəlif vaxtlarda məsul vəzifələrdə çalışaraq ölkənin mədəniyyət sahəsinin inkişafında misilsiz rol oynayıb. Rauf Hacıyev 7 operetta yazmış və onların əksəri keçmiş SSRİ məkanında, 5-i isə Moskva Dövlət Operetto Teatrının səhnəsində tamaşaya qoyularaq uğurlu səhnə həllini tapmış, kütləvi tamaşaçı rəğbəti qazanmışdır. Rauf Hacıyevin aşıb-daşan coşqun istedadı daha çox operetta janrında parlamışdır. Tədqiqatçılar qeyd edir ki, onun operettaları vokal-simfonik-balet, estrada janrlarının və xalq musiqisinin üzvü vəhdətidir. Onun yüksək peşəkar səviyyədə yazdığı operettalarının mövzuları qeyri-adi Qafqaz adamının gündəlik həyatında rastlaşdığı problemlər, yumoristik və satirik boyalarla təsvir edilir.

“Qafqazlı qardaşqızı” operettası
© Photo : Chingiz Alasgarli
“Qafqazlı qardaşqızı” operettası

Tamaşa haqqında fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmazdan əvvəl quruluşçu rejissor, əməkdar incəsənət xadimi, professor, tükənməz enerjisi ilə bir çox gənclərə nümunə olan Alik Teymur oğlu Usubov barədə qısa məlumat vermək istəyirəm. Alik müəllim zəngin yaradıcılıq bioqrafiyasına malik sənətkarlarımızdandır. Sənətkar dostum İlham Namiq Kamal məni Alik Usubovla tanış edəndən cəmi 5 dəqiqə sonra mənə elə gəldi ki, bu insanı lap çoxdan tanıyıram. Onun haqqında bildiklərimi yadıma salmağa çalışdım. Bu yaxınlarda 80-illik yubileyini qeyd etmiş yubilyar 1978-1980-cı illərdə "Azkonsert" Birliyinin bədii rəhbəri işləmiş, 1980-1983-cü illərdə Rusiyanın Omsk Vilayəti Dövlət Musiqili Teatrının təməlini qoyub.

1983-cü ildə vətənə qayıdaraq 1994-cü ilədək Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb. 1994-cü ildən Omsk vilayət rəhbərliyinin dəvəti ilə o, Omsk Dövlət Filarmoniyasına bədii rəhbər təyin edilib. 6-il müddətində "Rusiyanın qəlbi" Beynəlxalq festivalının təşkilatçısı və quruluşçu rejissoru kimi fəaliyyət göstərib. 1997-2000-ci illərdə "Sibir" regionlararası milli mədəniyyət birliyinin baş direktoru və bədii rəhbəri işləyib. 2000-ci ildən Omsk Dövlət Universitetinin Mədəniyyət və İncəsənət fakültəsinin professorudur. Nə yaxşı ki, Alik Usubov vaxt tapıb arada həmvətənləri üçün də tamaşalar hazırlayır. Özünün dediyinə görə, yaxın dostu olmuş Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettasını çox bəyəndiyi üçün bu səhnə əsərinə dəfələrlə müraciət edib. Bu dəfəki tamaşanın özəlliyi ondadır ki, teatrın rus bölməsində hazırlanan səhnə əsərində "Bəbirli" obrazını respublikanın Xalq artisti İlham Namiq Kamal oynayır.

Tamaşaçılar bilir ki, əsərin baş qəhrəmanı Bəbirlidir. Səhnə nümunəsinin süjet xəttinə görə, əsas hadisələri ya Bəbirli özü yaradır, ya da mövcud hadisələrə birbaşa müdaxilə edərək onların inkişaf səmtini dəyişir. Onu da qeyd edək ki, Rauf Hacıyev əsərin ilk adını "Gülümsəməyini gizlətmə Bəbirli və ya Qafqazlı qardaşqızı" qoyub. Bəbirli bütün çıxılmaz vəziyyətlərdən gülümsəyərək çıxan, heç vaxt kefini pozmayan, şən, hazırcavab bir qafqazlı və ya, daha dəqiq desək, azərbaycanlıdır. Süjet xəttində dramatik hadisələrin düyünü vurulur, musiqi baş verəcək qeyri-adi hadisələrə və konfliktə işarə edir. Ata qızı ilə görüşdən əvvəl kombinatda təcrübə keçən üç institut məzunu ilə qarşılaşır. Artıq qarmaqarışıqlığın və gözlənilməzliyin olacağına şübhə yeri qalmır.

Dramatik hərəkət sadədən mürəkkəbə doğru sürətlə inkişaf edir. Hadisələrin və musiqinin lirik xəttində məhəbbət çalarları özünü büruzə verməyə başlayır. Bu zaman Bəbirli — İlham Namiq Kamal gürcü əbasında, güllü kaftan, papaq və eşmə bığları ilə qarşımıza çıxır. Vəzifəyə yüksəlmiş kiçik qardaşı Həsənə həmişə olduğu kimi Həsənçik deyən Bəbirliyə elə gəlir ki, o, hər şeyi bildiyi üçün hər kəsə məsləhət verə bilər. Bəbirli — İlham Namiq Kamal həm xarakter etibarilə, həm də geyimi ilə də fərqlidir. Bu obraz səhnəyə daxil olduğu andan canlanma yaranır.

Lalə — Əməkdar artist Səidə Şərifəliyeva bölgəyə kombinat direktoru təyin olunmuş atası Cavanşirovu — Firuz Məmmədovu görməyə gəlib. Lakin gözlənilmədən gənc qız öz sevgisi ilə qarşılaşır. Məhəbbət hər zaman gözlənilmədən peyda olur. Arif — Nicat Həbibov Laləni görən kimi ona vurulur. Növbəti səhnələrdə biz Arifin kurs yoldaşları Natəvan —Yuliya Heydərova və Buba — Rauf Babayevlə qarşılaşırıq. Onu da qeyd etməliyik ki, məzun tələbələr ilk öncə Lalənin atası Cavanşirovla — Firuz Məmmədovla şəraitsizliyə və qaldıqları yerə görə konfliktə girirlər.

Hər üç gənc təklif olunan vəziyyətə uyğun oyun, mahnı duet və solo musiqi partiyaları nümayiş etdirib tamaşaçını süjet xəttinin davamına hazırlayır. İfa və duet-solo partiyaları bir-birini davam və inkişaf etdirir. Dramatik vəziyyət gərginləşir. Bu zaman Bəbirli — İlham Namiq Kamal yenə öz şaqraq gülüşü, şən əhval-ruhiyyəsi ilə səhnəyə daxil olur və dərhal vəziyyət kökündən dəyişir. Bəbirli hamının, hətta həyat yoldaşı Bibixanımı da — Əməkdar artist Svetlana Bulaxı da sakitləşdirib deyir ki, "Hər şeyi boş buraxın, gülüşünüzü əskik etməyin, hər şey yaxşı olacaq. Mənə baxın, ibrət götürün".

Alik Usubovun dediyinə görə, Bəbirli — İlham Namiq Kamal rejissor obraza müəyyən rənglər əlavə edir, bununla da Bəbirli mehriban, sevimli, baxımlı təqdim edilir. Rejissor qeyd edir ki, əgər Rauf Hacıyev sağ olsaydı, Bəbirli obrazından razı qalardı. Çünki o, məhz belə Bəbirli görmək istəyirdi. Bu obraz aktyorun yüksək peşəkar ifası nəticəsində tamaşanın ən parlaq yumoristik surətinə çevrilir desək, yəqin ki, səhv etmərik. Nə dil baryeri, nə qeyri-bir truppa ilə ifa aktyorun peşəkarlığına təsir edə bilməyib. Adama elə gəlir ki, İlham Namiq Kamal bu truppa ilə eyni səhnəni xeyli zamandır ki, bölüşür. Ancaq bu, əlbət ki, belə deyil. İlham müəllim truppa ilə ilk dəfə idi ki, eyni səhnədə çalışırdı. Bu, aktyorun yüksək peşəkarlığından irəli gəlir.

“Qafqazlı qardaşqızı” operettası
© Photo : Chingiz Alasgarli
“Qafqazlı qardaşqızı” operettası

Mən, əslində, buna heç təəcüb də etmədim, çünki İlham Namiq Kamalın müxtəlif teatr truppaları ilə yüksək peşəkar ifalarının dəfələrlə şahidi olmuşam. Onun Bəbirli rolundakı aktyorluq duet və solo ifaları da maraq doğurmaya bilmir. O, səhnəyə az qala hər bir gəlişində tamaşaçı alqışı qazanırdı. Bəbirlinin — İlham Namiq Kamalın həyat yoldaşı Bibixanım — Svetlana Bulax ifa tərzi ilə ona uyğunlaşmağa çalışır və bir çox səhnələrdə buna nail də olurdu. Lakin onun danışıq tərzinə hansısa bölgə ləhcəsini əlavə etməyi, bizə elə gəlir ki, bir o qədər də inandırıcı təsir bağışlamır. Bəbirli obrazına uyğunlaşmaq danışığa ləhcə əlavə etməklə həll oluna bilməz.

İlham Namiq Kamalın obraza əlavə etdiyi cüzi, lakin parlaq rənglər, duet və solo musiqi parçalarının hərəkət-mizam toplusu ilə vəhdəti qarşı tərəfin oyun tərzində özünü büruzə verməli idi. Ümumilikdə isə tamaşada aktyor ifaları maraqlı və baxımlıdır. Komik vəziyyət davam etməkdə, obrazların düşdüyü vəziyyət daha da gərginləşməkdədir. Baş obraz Bəbirli öz doğma qardaşı Cavanşirovu — Firuz Məmmədovu gözlənilən nazir gəlişindən qorumaq, daha doğrusu, qardaşını daha yüksək vəzifəyə qaldırmaqla özünü onun yerinə kombinat direktoru görmək arzusundadır. Ancaq vəziyyət dəyişir, Bəbirli-İlham Namiq Kamal istəmədən aləmi bir-birinə vurur. Səhvən Bubanı — Rauf Babayevi nazir oğlu bilərək ona qonaqlıq verir, içirdib sərxoş edərək sevgilisi Natəvan — Yuliya Heydərova ilə küsdürür. Süjetin davamı olaraq Arif də Lalədən küsür. Bəbirli — İlham Namiq Kamal hələ tamlıqda öz vəzifəsinin öhdəsindən gəlməyib.

O, çalışır, özünü gözə soxsun, düşündüyünü deyir, səhv də olsa bildiyini edir. Nazirin gəlişi üçün öz şəklini şərəf lövhəsinə vurmağı da unutmur. Səhvlər səhvləri doğurur. Nazir Hətəmov — Əliməmməd Novruzov və Rüstəmov — Boris Qrafikinin yeri səhv düşür. Bəbirli öz "repertuarındadır". Nazirə göstərilməsi lazım olmayanları ürəklə, şövqlə göstərir. Gülür, şənlənir, nazir hesab etmədiyi insanla kobud zarafatlar da edir.

Nazir Hətəmov da bütün bunları normal qəbul edir. O, zarafat və gülüşlə Bəbirlidən — İlham Namiq Kamaldan kombinatın bütün əyər-əskiyi haqqında xeyli məlumat toplayır. Hətəmov — Əliməmməd Novruzov təklif olunmuş komik vəziyyətdə tələb olunan ifa tərzi nümayiş etdirir. Onun hərəkət-nizam toplusu və danışıq tərzi tamlıqda bir-birini tamamlaya bilir. O, həm övladını qəlbən sevən ata, həm vəzifəsinə sədaqətlə qulluq edən məmur, həm də xırda səhvləri bağışlamağı bacaran, inasanlara şans verən vəzifə adamıdır.

Xor və rəqsləri ifa edən aktyor və aktrisalar, tamaşanın musiqsini ifa edən musiqiçilər, dirijor Fəxrəddin Atayev tamaşanın tamlığı üçün əllərindən gələni əsirgəmirlər. Rüstəmov — Əməkdar artist Boris Qrafikin də komediyanın tələblərinə uyğun maraqlı ifa tərzi nümayiş etdirir. Ümumilikdə, rəqs, mahnı və maraqlı aktyor oyunu ilə müşayiət olunan "Qafqazlı qardaşqızı" operettası qocaman rejissorumuz, əməkdar incəsənət xadimi Alik Usubovun və yaradıcı kollektivin uğuru kimi qəbul olunub, tamaşaçılarda xoş ovqat oyadır. Mənə elə gəlir ki, hörmətli tamaşaçılarımız məhz bu səpkili tamaşalar üçün darıxıblar.

Tamaşaçılarımıza xoş ovqat bəxş edən tamaşalar arzusu ilə…

121
Teqlər:
Bəbirli, operetta, "Qafqazlı qardaşqızı", Rauf Hacıyev, Dövlət Musiqili Teatrı, İlham Namiq Kamal, pyes, bəstəkar, rejissor, aktyor, Azərbaycan, tamaşa
Əlaqədar
Yeni tamaşa hamını təəccübləndirəcək
"Düşünürlər ki, Elçinin əsərini tamaşaya qoymaqla dividend qazanacaqlar"
Rejissor: “Mənim tamaşalarımda tamaşaçı darıxmır”
Nümayişi qadağan olunan tamaşa
“Generalın son əmri” tamaşası oynanılıb
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

18
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

18
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
Qərənfil

İranın məşhur aktyoru vəfat edib

15
(Yenilənib 12:54 02.12.2020)
İranlı aktyor 98 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Əli Əsgər ürək tutmasından həyatını itirib.

BAKI, 2 dekabr — Sputnik. İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

15
Teqlər:
Oskar, İran, vəfat, aktyor
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

24
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

24