BAKI, 29 noyabr — Sputnik. Azərbaycanın populyar müğənnisi Nadir Qafarzadə Rusiyanın xalq artisti Alla Puqaçovanın "Million alıx roz" mahnısını ifa edib və ona klip çəkdirib.
Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən müğənni bildirib ki, o, çoxdan bu kompozisiyaya klip çəkdirmək istəyində olub. Çünki bu, müğənninin repertuarında ən çox sevdiyi mahnılardan biridir.
İfaçı klipin çəkilişini Ər Toğrula etibar edib və onunla işləməkdən razı qalıb.
"Mən bu mahnını öz stilimdə oxumağa çalışdım, hətta yenidən aranjeman elədim ki, ona yeni həyat verim. Mən bu çarxa böyük həcmdə pul xərcləməli oldum. O, məni müflisləşdirdi. Lakin o pul buna dəyərdi. Çünki mən həmişə keyfiyyətli iş təqdim etməyi sevirəm" – deyə Qafarzadə bildirib.
Klipin operatoru Şahmar Səfəroğlu, montajçısı Nail Babayevdir. Müğənninin qrimini isə Polina Tkaçenko edib.
Qeyd edək ki, "Million alıx roz" mahnısının müəllifi İlya Reznik və Raymond Paulsdur.
Nadir Qafarzadə özünü Azərbaycan estradasının "Əjdaha"sı adlandırır. O, Rusiyada da məşhurlaşmağı arzulayır. Lakin naməlum səbəblərdən, bu alınmır. Hazırda müğənni toylarda və müxtəlif tədbirlərdə çıxış edir.
BAKI, 23 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu göndərib.
Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli Eldar müəllim!
Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.
Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.
Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".