Elxan Rza

"Cəza haqqını Allaha buraxdım"

711
(Yenilənib 12:59 01.09.2017)
Azərbaycanın müasir "Kefli İsgəndər"i: "Bu gün nə film, nə də serial sektoru bizim arzuladığımız səviyyədədir"

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Onu filmlərdən və seriallardan tanıyırdım. Səsinin, qiraətinin heyranı idim. Bir gün "Kimsəsiz" adlı şeirimi səsləndirmək üçün mənə müraciət etdi. Sevincimin həddi-hüdudu yox idi. Müasir qiraət sənətində nadir istedadlardan biri, istedadlı aktyor Elxan Rza mənim şeirimi səsləndirəcəkdi. Əlbəttə, sevinclə razılıq verdim.

Bir neçə gün ağır əməliyyat keçirmiş sevilən aktyorla bağlı bu bəd xəbəri aldıqda üzüldüm və dərhal özü ilə əlaqə saxlayıb maraqlandım. Elə bu söhbət zamanı müsahibə almağı qərarlaşdırıb təklif etdim, o da qəbul etdi.

Beləliklə, Sputnik Azərbaycan-ın müsahibi müasir səhnəmizin "Kefli İsgəndər"i, Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox bədii qiraət müsabiqələrinin laureatı, Respublikanın Fəxri Mədəniyyət İşçisi Elxan Rzadır.

— Xoş gördük, Elxan bəy. Azərbaycan tamaşaçısı sizi teatr tamaşaları, film və seriallardan kifayət qədər tanıyır. Lakin şəxsi həyatınız, uşaqlığınız, gəncliyiniz, tələbəlik illəriniz, ilk yaradıcılıq addımlarınız hər kəs üçün maraqlı olar. Bizə öz bioqrafiyanızı danışın, zəhmət olmasa.

— Əvvəlcə, bu müsahibəyə görə sizə təşəkkürümü bildirirəm. Mən Elxan Rzayev 1979-cu il iyun ayın 29-da Sumqayıt şəhərində anadan olmuşam. 23 nömrəli orta məktəbi bitirmişəm, 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub, 2000-ci ildə bitirmişəm. Mənim sənətə olan məhəbbətim lap uşaqlıq illərimə təsadüf edir. Bu məhəbbəti məndə yaradan valideynlərim olub. Onlar mədəniyyəti, incəsənəti, kinonu, teatrı bizə o qədərr sevdiriblər ki, o qədər gözəl, əhatəli təbliğ ediblər ki, bu, mənim sonrakı illərdə aktyor sənətini, teatr ve kinonu sevməyimə və bu işlə məşğul olmağıma səbəb olub.

 Valideynlərinizlə bu mövzuda heç bir problem yaşamamısız? Əksər aktyorların, aktrisaların ən böyük problemi valideynlərinin bu sənətə qarşı çıxması olur.

— Yox. Əksinə, valideynlərim çox dəstək olub mənim aktyor olmağıma. Bu günə kimi dəstəklərini əsirgəmirlər.

— Sənət müəllimləriniz kimlər idi?

— Onu nəzərinizə çatdırım ki, mən hələ universitetə qəbul olmazdan əvvəl, gözəl sənətkarımız Valeh Kərimovun "Cavid" teatrında çalışmışam. Valeh müəllimdən sənətin müəyyən incəliklərini öyrənmişəm. İncəsənət Universitetində sənət müəllimlərim mərhum rejissorumuz Vaiqf İbrahimoğlu və son dönəm Azərbaycan kinosunda öz maraqlı obrazları ilə hamının sevimlisinə çevrilmiş Məmməd Səfa müəllim olub.

Elxan Rza Sən olmasaydın serialında Şamil rolunda
Elxan Rza "Sən olmasaydın" serialında Şamil rolunda

 İlk peşəkar işiniz Milli Teatrın səhnəsində olub. Necə oldu ki, Akademik Milli Dram Teatrının səhnəsinə gəldiniz?

— Dediyim kimi, Vaqif İbrahimoğlunun kursunda təhsil alırdım. Elə o zamanlar Vaqif müəllim Akademik Milli Dram Teatrında Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" komediyasının tamaşasını hazırlayırdı. Mənə də bu tamaşada Səlim bəy obrazını təklif etdi. Sonrakı illərdə bu teatrın səhnəsində bir çox tamaşalarda kütləvi səhnələrdə çıxış etdim.

 Daha sonra Bələdiyyə Teatrında davam etdiniz. Bəs Bələdiyyə Teatrına necə dəvət aldınız?

— İncəsənət Universitetini bitirəndən sonra mən elə Akademik Milli Dram Teatrında çalışmaq qərarına gəldim. Hətta mərhum sənətkarımız Həsənağa Turabov – Allah rəhmət eləsin — məni teatra işə götürmək istəyirdi. O zaman atam da Həsənağa Turabovla görüşüb mənim o teatrda işlə təmin olunmağımı xahiş etmişdi. Mərhum sənətkarımız da məni işlə təmin edəcəyini atama söyləmişdi. Sonradan nədənsə mənim orda işləməyim alınmadı. Mən də ora alternativ teatrda fəaliyyət göstərmək qərarına gəldim və buna görə də görkəmli sənətkarımız Amaliya Pənahovanın yaratdığı Bələdiyyə Teatrına getdim. Amaliya xanımla görüşüb onun yaratdığı teatrda çalışmaq istədiyimi söylədim. O da sağ olsun ki, məni işə qəbul etdi. O zamandan Bakı Bələdiyyə Teatrında çalışıram.

 "Yeni həyat", "Cavid ömrü", "Seçilən" filmlərində oynadınız. Amma cəmiyyət sizi daha çox seriallardan tanıdı. Müasir film və serial sektorundan razısınızmı?

— Mən açıq danışmağı sevirəm. Bu gün nə film, nə də serial sektoru tamamilə bizim arzuladığımız səviyyədədir. Söz yox ki, zaman-zaman bunlar da düzələcək. Bu istiqamətdə müəyyən proseslər aparılır. Müəyyən qədər canlanma da var. Bunu da insafən demək lazımdır. (gülür)

 Son dönəm çəkilən saysız-hesabsız komediya filmlərinə münasibətiniz necədir? Konkret ad çəkməli olsam, "Xoxan", "Naxox", "My name is İntiqam ½", "Hoqqa", "Ağanatiq", "Gizlənpaç", "Mahmud baba" və s.

— Bilirsiniz, mən başa düşürəm, hamı pul qazanmaq istəyir. Müəyyən əziyyət çəkirlər və bu filmləri ərsəyə gətirirlər. Amma bu filmlər professionallıq baxımdan uğurlu deyil. Bu filmlər bir eksperimentdir. Bəlkə də bugünkü gündə bunlar olmalıdır. Bu da bir mərhələdir.

— Teatr səhnəsində olduqca böyük dramaturqların əsərlərində oynamısız: Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kefli İsgəndər, Hüseyn Cavidin "İblis"ində Arif, Sofoklun "Elektra"sında Orest, Fridrik Şillerin "Məkr və Məhəbbəti"ndə Vurm və s. Oynadığınız əsərlərin və obrazların mahiyyətinə baxanda müasir teatr haqqında ən çox fikir bildirməli olan adamlardan birisiz. Amma sizi bu mövzuda çox səssiz görürük. 2017-ci ildə Azərbaycan teatrının vəziyyəti, repertuarı, rejissor, aktyor, aktrisa heyəti və digər məsələləri sizi qane edirmi?

— Bircə onu deyə bilərəm ki, görüləcək çox işlər var. Bir çox problemlər bugünün özündə də yaşanmaqdadır. Məsələn, bizim Bakı Bələdiyyə Teatrının illərdir ki, binası yoxdur. Təbii ki, bu da həm kollektivə, həm də ümumi iş prosesinə mənfi təsir edir. Ümid edirəm ki, yeni mövsümdə bu məsələ öz həllini tapacaq. Bundan əlavə, dram əsərləri yazanlar çox azdır. Bəlkə də var, sadəcə onlar da məlum şəraiti görüb həvəsdən düşürlər. Ya da düşünürlər ki, yeni əsər yazacaqlarsa, onların əsərini hansı teatr qəbul edəcək? Eyni zamanda, teatrlarda rejissor qıtlığı da var. Azərbaycan teatrında əsl teatr rejissorlarının sayı barmaqla sayılası qədərdir. Əslində, onların sayı nə qədər çox olsa, o qədər yeni quruluşlar, yeni tamaşalar ərsəyə gələr. Ümumiyyətlə, teatr sektorunda bir çox problemlər mövcuddur. Hələ çoxunu sadalamıram (gülümsəyir — O. B).

 Mühüm mövzuya toxundunuz – dramaturgiya. Müasir ədəbiyyatla maraqlandığınızı bilirəm. Ümumiyyətlə, daim müasir dünyanı izləyən, müasir yaradıcılıq məhsullarının axtarışında olan birisiz. Sizcə, niyə müasir dramaturgiyamız iflasa uğrayıb?

— Dram əsərləri yazan gənclərimiz var. Biri elə məhz siz – Orxan Bahadırsoy. Sadəcə, sizin kimi gənclərə şərait yaradılmalı, həvəsləndirici tədbirlər görülməlidir ki, siz də bu işlə daha ciddi, daha mütəmadi məşğul olmağa özünüzdə mənəvi güc tapasız.

— Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Teatr Xadimləri İttifaqı, ayrı-ayrılıqda Azərbaycan teatrları müasir dramaturqlar nəslinin yetişməsi, yeni pyeslərin yaranması üçün nə kimi tədbirlər görə bilər?

— Məncə, ən böyük səlahiyyətlər dediyiniz qurumların əlindədir. Onlar müəyyən müsabiqə, festival yolları ilə, yaxud müəyyən proqramlar tərtib edərək ölkədə fəaliyyət göstərən gənc dramaturqlarla mütəmadi görüşlər keçirə bilərlər. Onlarla işbirliyi qurub müəyyən əsərlərin yazılması üçün öz tapşırıqlarını verə bilərlər. Belə olduğu halda təbii ki, müasir dramturgiya sahəsində çox ciddi canlanma müşahidə olunacaq. Gənc dramaturqlar anlayacaqlar ki, onların əziyyəti lazımi səviyyədə qiymətləndiriləcək və bir çox teatrlarda əsərləri tamaşaya qoyulacaq. Belə olan halda çox güclü və sağlam bir rəqabət yaranacaq. Onda müasir dramaturgiyamız da lazımi səviyyədə inkişaf edəcək.

— Məlumunuzdur ki, son dönəm Azərbaycanda özəl teatrların da sayı artıb. Bu teatrlar müxtəlif tərzlərdə, müxtəlif ideologiyalar üzrə çoxalmaqdadır. Bunlara münasibətiniz necədir?

— Əslində qalsa, teatrların çox olması sevindirici haldır. Mən deyərdim ki, bundan da çox olsun. Çünki teatrı çox olan cəmiyyət ali cəmiyyətdir. Düşünən cəmiyyətdir. O cəmiyyətdə mənfi ünsürlər ola bilməz. Yalnız bəşəriyyətə xidmət edən gözəl insanlar yetişə bilər. Ölkədə teatrların sayı nə qədər çox olsa daha yaxşı olar. Hərəsinin öz yolu, hərəsinin öz dəsti-xətti. Bundan gözəl nə ola bilər? (gülümsəyir — O.B.)

 Eyni zamanda qısamüddətli aktyorluq kurslarının da sayı kifayət qədər çoxdur. Sizcə, bu, müsbət, ya mənfi haldır? Müsbət haldırsa, yaxşı tərəfləri nədir, mənfi haldırsa, pis tərəfləri nədir?

— Baxın, bu, çox ciddi məsələdir. Aktyorluq kurslarının son zamanlar çoxalması təbii ki, aktyorların maddi problemləri ilə əlaqəlidir. Aktyorlar öz ailələrini yaşatmaq üçün bu üsuldan istifadə edirlər. Halbuki, aktyorun yaradıcı fəaliyyəti o qədər çox olmalıdır ki, onun enerjisi tamamilə yaradıcı istiqamətdə sərf olunmalı və ailəsini də bununla yaşatmalıdır. O ki qaldı aktyor olmaq istəyən şəxslərə, bunun üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti mövcuddur. Bu sahədə ixtisaslaşmaq istəyənlər çalışıb bu universitetə qəbul olunmalıdırlar. Necə ki, mən də bu prosesi keçmişəm. Yoxsa ki, son zamanlar çox gənclərimizdə bir arxayınlıq yaranıb ki, "istəsək, beş-altı aya aktyor ola bilərik". Buna görə də gəncləri doğru istiqamətləndirmək lazımdır. Bir neçə aya aktyor olmaq mümkün deyil. Bu sənətə yiyələnmək üçün illər sərf olunmalıdır.

 Yaxın günlərdə mətbuatda haqqınızda müxtəlif xəbərlər yayımlandı. Xəbərlərdə yazılırdı ki, kütləvi davanı ayırmaq üçün araya girib xəsarət almısız. Daha sonra ağır çənə əməliyyatı keçirdiniz. Bu hadisə haqqında ətraflı danışa bilərsizmi?

— Bu haqda heç danışmaq istəmirəm. Çünki acısı-ağrısı hələ də canımdadır.

— Sizə xəsarət yetirənlərdən şikayətçi olmadığınız da yazılırdı. Buna səbəb nə idi?

— Xeyr. Heç şikayətçi də olmadım. Ən böyük cəzanı verən, ən böyük mühakiməni aparan Allahdır. Uca Allah öz mizanında kimin cəzası nədirsə, lazımınca verəcək. Ya bu dünyada, ya da o dünyada. Buna əminəm. Ona görə də heç kimdən şikayətçi olmadım.

 Sağlamlığınıza tam qovuşduqdan sonra teatrda, kinoda, serialda yeni layihələr planlaşdırırsınızmı?

— Bu il bizim Bakı Bələdiyyə Teatrının yubileyidir. Çox güman ki, möhtəşəm yubiley tədbirinin məşqlərinə başlayacağıq. Arzu edirəm ki, o zamana kimi tam sağalım. Çünki həmin yubiley tədbirlərində mənim illərdi ki, Bakı Bələdiyyə Teatrının səhnəsində oynadığım tamaşalardan səhnələr də təqdim olunmalıdır. Bəlkə də həmin tamaşaların özü tam şəkildə oynanılacaq. Bu məsuliyyət indidən məni narahat edir. Ümid edirəm ki, o zamana kimi Allahın köməkliyi ilə tam sağalaram.

 Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Sizə səhhətinizdə şəfalar diləyir, yaradıcılığınızda uğurlar arzulayırıq.

— Mən də sizə və Sputnik Azərbaycan-a təşəkkür edirəm.

711
Teqlər:
Elxan Rza, səhnə, sənət, serial, teatr, kino, film, aktyor, tamaşa
Əlaqədar
Ən çox pul qazanan aktyorların siyahısı açıqlandı
Həyatdan vaxtsız getmiş istedadlı aktyorumuz
Məşhur aktyor dünyasını dəyişdi
Repressiya qurbanları: məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?
Böyrəyi dəyişdirilən aktyor donorunun adını açıqladı
Məşhur aktyor prezidenti sərt tənqid etdi