Tar ustası Bayram Ağasiyev

Dərzilikdən tarzənliyə: heç bir maneə onu hədəfdən yayındıra bilmədi

253
(Yenilənib 17:43 08.09.2017)
"Bir çox sirlərinə yiyələndim bu sənətin. Hətta, özüm tar düzəltməyə başladım"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. "Mən – Ağasiyev Bayram 1949- cu ildə Şabran rayon Dağbilici kəndində anadan olmuşam. Uşaq yaşlarımdan musiqiyə böyük marağım olub. Tar ifaçılarının ifasına baxaraq tarda ifa etməyə başladım".

Sputnik Azərbaycan-ın həmsöhbəti, Şabran rayon Dağbilici kənd sakini Bayram Ağasiyev belə deyir. O, 1965 – ci ildə 2 saylı peşə məktəbinin dərzilik bölümünə qəbul olunur və üç il orada təhsil alır.

"Həmin peşə məktəbinin daxilində musiqi dərnəyi fəaliyyət göstərirdi. Dərnəyin müəllimi isə Əhməd Bakıxanov adına mahnı və rəqs ansamblının tar ifaçısı idi. O müəllim dərnəyə gələndə, özü tarda mən isə qarmonda ifa edirdim" — danışır müsahibimiz.

© Sputnik / Leyla Abdullayeva
Qədimi sənətdə yeniliklərə imza atan adam

Dediyinə görə, ansamblın bədii rəhbəri SSSR xalq artisti Böyükağa Məmmədov olub: "Müəyyən müddətdən sonra həmin ansamblda çıxış etməyə başladım. Ansamblla birlikdə digər ölkələrə qastrol səfərlərinə gedirdik. Bununla da mənim tar ifaçılığımda mühüm dövr başladı".

B. Ağasiyev 1969–cu ildə təhsilini başa vurub rayona qayıdır: "Lakin burada istədiklərimə nail ola bilmədim. Arzum musiqi təhsili almaq olsa da, bunu etmək üçün işləməyə məcbur idim. Bu səbəbdən Sumqayıt şəhərinə getdim və zavodların birində işə başladım".

"Zavodda işlədiyim müddətdə Soltan Hacıbəyov adına musiqi məktəbinin tar müəllimlərindən biri ilə tanış oldum və müəllim 6 ay müddətində mənə tarın tədris formasını öyrətdi. 25 yaşım olmasına baxmayaraq, musiqi təhsili almaqdan vaz keçə bilmirdim. Lakin, təəssüf ki, bu istəyimi həyata keçirə bilmədim…" — deyir həmsöhbətimiz.

Günlərin birində qəzetdə bir elana rast gəlir: "Orada yazılmışdı ki, "Pedeqoji məktəbin musiqi bölümünə musiqi müəllimi tələb olunur". Lakin musiqi təhsilim olmadığından sənədlərimi qəbul edərkən tərədüd etdilər. İfamı gördükdən sonra isə məni işə qəbul etdilər. Qismən də olsa, arzumu reallaşdırdım".

O, beləcə tarın sirlərini öyrənməyə davam edir: "Bir çox sirlərinə yiyələndim bu sənətin. Hətta, özüm tar düzəltməyə başladım".

Bayram Ağasıyev tar sənətində "ilk"lərə imza atdığını qeyd edir: "Tarın çanağını tut ağacından, qolunu qoz ağacından, aşıqlarını armud ağacından yığıram. Tarın içərisində dayaq tiri olur. Mən isə o tiri birbaşa qolun üzərində hazırlayıram və qolun tiri gəlib tarın içərisində yerləşir. Bu isə tar alətində yenilikdir".

"Bu tarın davamlılığına görə daha üstündür, möhkəmləndirir. Belə ki, tar əldən yerə düşsə belə, onun sınması mümkün deyil. Etdiyim digər yenilik isə, tarda olan qoşa simləri ayırmağımdır. O simlərin hərəsini bir aşıqda kökləyirəm…" — müsahibimiz fikrini yekunlaşdırır.

253
Teqlər:
Bayram Ağasiyev, tar, ifa, usta, musiqi
Əlaqədar
Düzəltdiyi sənət əsərlərini satmağa əli gəlməyən usta
Dünya bu uşağın qarşısında üzüqaradır