Yad siqnal filmi

Azərbaycanda görünməmiş hadisə: "17 yaşlı oğlanı yadplanetlilər apardı"

10803
(Yenilənib 08:46 29.06.2017)
Atası pəncərəyə yaxınlaşıb səmaya baxanda yadplanetlilərin uçan gəmisi havalanıb ulduzların arasına doğru uçaraq gözdən itir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Şəki tarixən istedadlı insanlar bəxş edib vətənimizə. "Ad günü" filminin Mustafa müəllimi demişkən, "elm adamlarının çoxu elə Şəkidən çıxıb". Şəki həm də sənətkarların, incəsənət xadimlərinin məskənidir. Müsahibimiz, gənc rejissor Ruslan Kərimov da elə bu torpağın yetirməsidir. O, Azərbaycanda ilk dəfə yad planetlilərdən bəhs edən "Yad siqnal" adlı bədii film çəkib.

Onun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film fizikanı öz yaşıdlarından daha yaxşı bilən, 17 yaşlı nitqi qüsurlu oğlanın göy cisimlərinə həddən artıq marağından bəhs edir. Bu gənc bir gün göydəki ulduzları izlərkən onların arasında yad bir parıltılı cisim görür. Gördüklərini atasına danışır, ancaq atası ona inanmır. Bir neçə gündən sonra o, yenə ulduzları izlərkən həmin cismi daha yaxından görür. Amma atasına bu haqda heç nə demir. Gördüyü cisim haqqında kitablardan, daha sonra isə internetdən məlumat axtarmağa başlayır. Oradan əldə etdiyi məlumatlar əsasında siqnalötürücü bir cihaz hazırlayır. Bu cihazla morze əlifbası əsasında həmin gördüyü cismə siqnallar yollamağa başlayır. Bir neçə gün siqnal göndərdikdən sonra həmin cihaza cavab siqnalları gəlir. Oğlan həmin siqnalları morze əlifbasından latın əlifbasına çevirir və gördüklərinə çox sevinir.

Oğlanın atası onun üçün çox narahat olur. Çünki o, hər gün yemək yedikdən sonra otağına çəkilib qapını bağlayır. Onun içəridə nə ilə məşğul olduğunu başa düşmür. Buna görə də atası oğlunun otağına gizli kamera yerləşdirib onu izləməyə başlayır.

Oğlu içəri girdikdən sonra kameranın görüntüsü silkələnməyə başlayır və pəncərənin qabağında yad planetlilərin siluetləri görünür. Onlardan biri oğlana tərəf yaxınlaşıb əlini uzadır. Bunu görən atası tez oğlunun otağının qapısına tərəf qaçaraq qapını sındırıb içəri daxil olur və oğlunun yataqda uzanmış şəkildə görür. Gördüklərindən təəccüblənmiş və bir o qədər də qorxmuş şəkildə onu qucaqlayır.

Gecə olur. Hamı işıqları söndürüb yatır. Birdən oğlanın cihazından yenə siqnal səsləri gəlməyə başlayır. Oğlan başını yorğanın altından çıxarıb cihaza baxır. Bu zaman atası yatmış vəziyyətdə siqnal səslərini eşidərək gözlərini açır və cəld yatağından sıçrayaraq oğlunun otağına qaçıb qapını açır. Gördüyü mənzərə qarşısında donub qalır.

Oğlanın yatağı boş, pəncərələri isə açıq bir vəziyyətdə cırıldayır. Atası pəncərəyə yaxınlaşıb səmaya baxır. Səmada yad planetlilərin uçan gəmisi havalanıb ulduzların arasına doğru uçaraq gözdən itir.

Ruslan deyir ki, filmin ssenarisini yazmadan öncə uzun müddət araşdırmalar aparıb.

"Neçə illərdir bu mövzu beynimdə dolanırdı. Amma başlaya bilmirdim. Təbii ki, araşdırmalar aparsam da, bu film mənim fantaziyamın "məhsulu"dur. Filmimə baxan müəllimlərim də öz aralarında müzakirə etdilər ki, doğrudan da, yad planetlilər var ya yox. Mənə həmişə maraqlı gəlirdi yad planetlilər. Həmişə düşünürdüm ki, axı necə ola bilər, yer kürəsində insan yaşasın, amma başqa planetlərdə yox. Yad planetlilərin mövcudluğunu sübut edən faktlar olsa da, insanlar buna inanmırlar. Əslində bu məsələ hələ də müəmmalıdır. Ona görə də, bu mövzu məni həmişə özünə cəlb edib" — deyə gənc rejissor bildirib.

Rejissor iddia edir ki, dünyada bu süjet və ideya ilə çəkilən film yoxdur.

"Əslində mən bu mövzu, film üzərində işləyəndə bunun bir ilk olduğunun fərqinə varmamışdım. Filmi çəkdikdən sonra araşdırdım. Müəllimlərim də dedilər ki, bu ideya ilə film dünyada yoxdur. Təbii ki, sənədli filmlər var. Amma süjet və ideya baxımından mənim filmim ilkdir" — deyən Kərimov filmin onun diplom işi olduğunu qeyd edib.

Rejissor onu da vurğulayıb ki, başqa ölkələrdə tələbə film çəkəndə, onu ən azından texnika ilə təmin edirlər. Təəssüf ki, bizdə belə deyil.

Yad siqnal filminin posteri
© Photo : Qrafika
"Yad siqnal" filminin posteri

"Filmi öz büdcəm hesabına çəkdim. Sponsora müraciət etsəm də, nəticəsi olmadı. Çünki sponsorlar ancaq şit, bayağı komediya filmlərinə pul ayırırlar. Əslində onları da qınamıram" — deyən rejissor hesab edir ki, bu gün kütlə şit, bayağı komediyaya görə kinoteatra gedir. Çünki mahiyyətə varmır, sadəcə gülməklə kifayətlənir.

Qeyd edək ki, film 30 iyun səhər saat 09:00 Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş pulsuzdur.

10803
Teqlər:
Yad siqnal, yadplanetlilər, rejissor, Nizami Kino Mərkəzi, Ruslan Kərimov, Şəki
Əlaqədar
Yadplanetlilər Yerə siqnal göndərdi
Ay yadplanetlilər tərəfindən işğal olunub
Yadplanetlilər bu şəkillərlə bizə nə demək istəyiblər?