ADO teatrının Yağış, yağış, yağış tamaşasından bir səhnə

Dörd ildə altı dəfə yer dəyişdirən məbəd

201
(Yenilənib 17:29 04.04.2017)
Və ya "O nə yoldur ki, məbədə aparmır?!"

BAKI, 4 apr — Sputnik. Aprelin ikisində bir açılış mərasimi baş tutdu. Nə kafe idi, nə restoran, nə mağaza, nə əyləncə mərkəzi, nə də idman kompleksi. Elə buna görə də dörd illik fəaliyyəti boyu artıq altıncı məkanının açılış mərasimi oldu. Söhbət, ölkənin ilk müstəqil teatrından gedir.

2013-cü ildə "ODA" teatrı adı ilə fəaliyyətə başlayan bu ilk müstəqil teatrımız, daha sonra adını dəyişdirərək, "ADO Theatre — Collective" kimi fəaliyyətinə davam edib. Teatr bu günə qədər müxtəlif səbəblərdən bir neçə dəfə məkan dəyişdirməyə məcbur qalıb, bəzən isə məkan olmadığına görə fəaliyyətinə ara verməli olub.

Sizcə də qəribə deyilmi? Ölkənin ilk müstəqil teatrı olasan, qısa müddətdə böyük uğurlara imza atasan, müxtəlif ölkələrdə çıxışlar edəsən, bütün dövlət teatrlarından daha çox həqiqətə, həqiqi sənətə, ədalət prinsiplərinə xidmət edəsən, amma bu cür çətinliklər — məkansızlıq, maddi sıxıntılar, təqib və təzyiqlər sənə mane ola.

Bu müstəqil teatra heç bir dövlət qayğısı olmadığı məlumdur. Əgər dövlət qayğısı olsaydı, müstəqil teatr olmazdı. Bəs xalq? Bəs gözünə tərəzi donu geyindirmiş xalq, bu azad yaradıcılıq ocağının xidmət etdiyi ali dəyərləri heç görmürmü? Niyə bu xalqın müstəqil teatrı altı dəfə məkan dəyişdirməlidir? Niyə bu xalqın teatrı maddi sıxıntılar çəkməlidir? Bu tərəzinin gözünə nə olub, cənablar? 19-cu əsrdən qalma tərəzi tanrının nəyinə lazımdır? Bura tanrının muzeyidirmi?

ADO teatrının fəaliyyəti dövründə imza atdığı uğurlara nəzər salıram: səhnəmizdə heç vaxt işlənməyən əsərlərin nümayişi, azad yaradıcılıq prinsipləri, səhnəmiz üçün uğur sayıla biləcək bütün növ ilklər və ən əsası, Avropaya — Fransaya qastrol səfəri. Uğura bax da! İşlənməyən əsər, azad yaradıcılıq, ilklər, Fransaya səfər və s.

Bu, necə bir tragikomediyadır? Axı niyə dünyaca məşhur əsərlər bizim üçün hələ "işlənməyən"dir? Axı niyə azad yaradıcılıq bizim teatrımız üçün bir ayrıcalıqdır? Axı niyə hələ də imza atılmayan ilklərimiz var? Və axı niyə Fransaya səfər bizim üçün uğur hesab olunur? Paxıllıq və qərəz kimi çıxmasın, Azərbaycana qastrol səfəri bir fransız teatrı üçün nə dərəcədə böyük uğurdur, görəsən?

Bu suallara cavab tapmaq isə çətin deyil. Müstəqil teatrın dörd ildə müxtəlif səbəblərdən altı məkan dəyişdirməsi bu sualların hamısını birdəfəlik cavablandırır. Qayıdaq açılış mərasiminə…

ADO müstəqil teatrının yeni ünvanı Mirzəağa Əliyev 245-də yerləşir. Yola düşdük bu ünvanın açılış mərasiminə. Mərasimdə dünyaca məşhur rəssam Mircavad Mircavadovun həyat yoldaşı, rəssam Lyubov Mircavadovanın sərgisi baş tutdu. Xanım rəssamın əsərlərində ən ülvi hislərimizin adi boyalarla təsviri, ən dəhşətli problemlərimizin sadə rəsmlərdə əksi vardı. Sərgi zamanı özü və əsərləri haqqında çıxışı ilə tamaşaçıları geniş məlumatlandırdı.

Daha sonra fransız aktrisa Elza Furtadonun ifasında "Hamam" adlı qısa monotamaşa nümayiş olundu. ADO yenə öz fərqli, qeyri-adi üslubunu qoruyub saxlamışdı. Məkan dəyişmək onun üsyankar təbiətini zərrə qədər də dəyişməmişdi. Hər şey çılpaqlığı ilə nümayiş olunur, insan xarakterinin bütün tərslikləri, ziddiyyətləri çimən bir qızın hərəkətləri ilə göstərilirdi.

Sonda isə fransız musiqiçi Pier Treqomənlə, xanəndə Qoçaq Əsgərovun birgə musiqi ifalarını dinlədik. "Mugham Souls" adlanan bu musiqili hissədə cazz və muğam sintez edildi. Bu da Azərbaycan səhnəsi üçün müəyyən mənada yenilik idi ki, bütün bunlar müstəqil teatrın açılış mərasimində baş verirdi.

Ən əsası isə odur ki, ADO teatrı bir daha yer dəyişməyə məcbur qalarsa, bu, onun özünün şəxsi binası olmalıdır. Yox əgər müstəqil teatr köçəri həyata davam edərsə, bu ləkə tariximizdən silinməyəcək. Odur ki, teatrın repertuarını izləyin, tamaşalarına getməklə teatra dəstək olun. Bu, həm də azad yaradıcılığa, gələcək mədəniyyətə dəstək olmaqdır.

Teatr məbəddir. Bir gürcü filmində yaşlı qadın birindən "bu yol məbədə aparırmı?" deyə soruşur. Adam "yox" deyir. Yaşlı qadın köks ötürüb, "o nə yoldur ki, məbədə aparmır?!" deyə cavab verir. Yazdım ki, nəzərinizdə qalsın. Məbədə aparan yollar müqəddəsdir.

201
Teqlər:
ilk, müstəqil teatr, "ADO Theatre - Collective", "ODA" teatrı, teatr, açılış mərasimi
Əlaqədar
144 yaşlı Azərbaycan teatrının arzuları da var, problemləri də
Aktyor: “Bizim teatrda boş yer olmur”
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs
Opera və Balet Teatrından bəyanat
Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır
Aktyor Kamran Ağabalayev

Azərbaycanlı aktyor Türkiyənin məşhur serialından təklif aldı, amma qəbul etmədi

15
Qeyd edək ki, K.Ağabalayev Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılıb. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək.

BAKI, 22 aprel — Sputnik. Aktyor Kamran Ağabalayev Türkiyənin məşhur "Kırmızı oda" serialından təklif alıb. Sputnik Azərbaycan xəbər verir ki, ekran işinə çəkilmə təklifi alsa da, o, gedə bilməyib. Buna səbəb isə hazırda "GoEast 2021" film festivalında olmasıdır.

Qeyd edək ki, K.Ağabalayev Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılıb. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək. Aktyorun "Kırmızı oda"da çəkilmək üçün bu həftənin cümə günü İstanbulda olması istənilib.

15
Kamal Sunal, arxiv şəkli

Kamal Sunal adına muzey açılacaq

8
Qeyd edək ki, 3 iyul 2000-ci ildə infarktdan vəfat edən türk kinosunun gülər üzü, mərhum Kamal Sunalın replikası 2017-ci ildə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən sənət küçəsində açılan mədəniyyət evində sənətsevərlərə təqdim edilmişdi.

BAKI, 22 aprel — Sputnik. Məşhur türk aktyoru Kamal Sunalın adına doğulduğu və doqquz yaşına qədər yaşadığı Malatya şəhərinin Gökçə məhəlləsində muzeyi yaradılacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə tərəfindən inşa ediləcək muzey təxminən min kvadrat metrlik ərazidə tikiləcək.

Qeyd edək ki, 3 iyul 2000-ci ildə infarktdan vəfat edən türk kinosunun gülər üzü, mərhum Kamal Sunalın replikası 2017-ci ildə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən sənət küçəsində açılan mədəniyyət evində sənətsevərlərə təqdim edilmişdi.

8
Hercai filmindən kadr

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

0
(Yenilənib 23:51 22.04.2021)
Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb.

BAKI, 23 aprel — Sputnik. Baş rollarında Ebru Şahin və Akın Akınözünün çəkildiyi "Hercai" serialında növbəti dəfə gərginlik yaşanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahmud rolunu ifa edən Emrullah Omay dostları ilə birgə çəkiliş meydanına hücum edib və aktyorlara silah çəkib.

Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkdirmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb. Bundan sonra gərginlik yaşanıb.

Yaranan mübahisə zamanı bir adam döyülüb. Daha sonra hadisə yerli sakinlərin araya girməsi ilə səngiyib.

0