Lənət 2 qorxu filmindən kadr

Bu filmlər insanları potensial qatilə çevirir

210
(Yenilənib 21:42 02.04.2017)
Psixoloqlar hesab edirlər ki, qorxu filmləri ən qorxunc cinayətlərin əsasını qoymağa, adamların psixikasını zədələyəməyə qadirdir

BAKI, 1 apr — Sputnik. Son zamanlar kino sahəsində uğur qazanan janrlardan biri də qorxulu film janrıdır. Kinematoqrafçılar bu janr vasitəsilə milyonlarla qazanc əldə etsə də, belə filmlər bir çox insanda psixoloji problemlərin yaranmasına səbəb olur. Xüsusilə də, uşaqlar qorxu filmlərinə (eləcə də, cizgi filmlərinə) baxdıqdan sonra davranışlarında problemlər meydana çıxır. Maraqlıdır ki, davranışdakı dəyişiklik bəzi yaşlı insanlarda da müşahidə olunur.

Qərb psixoloqları hesab edirlər ki, qorxu filmləri potensial cinayətkarlar tərbiyə edir. Bu filmlərə aludə olan insanlar, hər şeydən xoflanmağa başlamaqla yanaşı, filmlərdə gördükləri dəhşətləri həyatda da sınamağa meylli olurlar. Aparılan araşdırmalar göstərir ki, Qərb dünyasında son zamanlar baş verən çoxsaylı cinayətləri törədənlərin əksəriyyəti qorxu filmləri izləməyə və cinayəti təbliğ edən on-line oyunları oynamağa adət edənlərdir. Bəs azərbaycanlı psixoloqlar bu barədə nə düşünür? Sputnik Azərbaycan psixoloqların qorxu filmlərinin insanlara təsiri ilə bağlı fikirlərini öyrənib.


Uşaq psixoloqu Aidə Nəbiyeva deyib ki, belə filmlərdə qorxu, dəhşət və şiddət nümayiş olunur. Adrenalinin artması insanları belə filmlərə baxmağa sövq edir. Nəticədə, film kinematoqrafçılara daha çox pul qazandırır. Amma bu cür qorxulu bədii və cizgi filmləri uşaqlara çox pis təsir göstərir. Belə filmlərə baxdıqdan sonra xüsusilə uşaqlarda aqressiya, daxili gərginlik, qorxu, qapanıqlıq, emosional problemlər yaranır. Bu da gələcəkdə uşaqlarda emosional problemlər, kəkələmə, stress kimi hallara gətirib çıxarır. 

Psixoloq hesab edir ki, uşaqlar 7 yaşa kimi daha çox xoşbəxtlik təbliğ edən filmlərə baxmalıdır: "Kinorejissorlar uşaqlar üçün bədii və cizgi filmlərini çəkərkən psixoloqlarla məsləhətləməlidirlər. Amma onlar bunu etmirlər. Çünki onlara daha aqressiv filmlər çəkib, daha çox pul qazanmaq sərf edir. Onlar maddiyyatı düşünürlər. Eyni zamanda, valideynlər də uşaqlarının sakit oturması, onları narahat etməməsi üçün belə filmlərə baxmasına göz yumurlar. Bu da sonradan uşaqlarda psixoloji problemlərin yaranmasına səbəb olur".

Nəbiyeva bildirir ki, əslində, valideynlər bu məsələyə ciddi nəzarət etməlidirlər: "Bizim mərkəzə bu tip filmlərə baxaraq psixoloji pozuntuları yaranan çox sayda uşaqlar gətirirlər. Onların yuxu pozuntuları, yuxuda qarabasmalar və sayıqlamaları olur".
Psixoloqun sözlərinə görə, belə uşaqların tam sağalması uzun zaman alır. Ona görə də, valideynlərə uşaqlarını 7 yaşa kimi aqressiv və qorxu aşılayan bədii və cizgi filmlərdən uzaq tutmaları tövsiyyə olunur.


Psixoloq Şükran Dədəyev də hesab edir ki, bu tip filmlər, xüsusilə də, animasiyalar çox cəlbedici olduğundan, hər kəs tərəfindən baxılır və daha çox gəlir gətirir. Lakin belə filmlərə baxmamaq lazımdır. "Valideynlər övladlarına anlatmalıdırlar ki, bu, sadəcə filmdir. Çünki filmin təsiri nəticəsində sonradan uşaqların davranışı dəyişə və aqressivlik halları arta bilər" — deyə o, bildirib. 

Dədəyevin fikrincə, böyüklərdə qorxu filmlərinə reaksiya fərdidir. Xarakteri formalaşan insan təbiətən aqressivdirsə, belə filmlər onların daha da aqressiv olmasına səbəb ola bilər.

"Qorxu filmləri qapalı şəxslərdə də aqressivlik yaradır. Qarabasmalar, yuxuda sayıqlamalar olur. İnsan belə halların onda baş verdiyini hiss edirsə, qorxu filmlərinə baxmamalıdır" — deyə psixoloq əlavə edir.

Psixoloq Ramil Nəcəflinin sözlərinə görə, insanlar qorxu filmlərinin təsirinə düşə bilər:


"Elə insanlar var ki, xüsusilə həssasdırlar. Hətta bəzi adamlar həmin filmlərin təsiri nəticəsində qarabasmalar, şizofreniya tutmalarına bənzər hallarla üzləşə bilərlər. Beyində müəyyən ocaqlar var ki, elektroensofaloqrafiya müayinəsi zamanı bilinir. Nevroloji qıcıqlanmaları oyanıq, beyində həssas ocaqları olan minlərlə insanlar var. Onların qorxu filmlərinə duyarlılığı, həssaslığı güclü olur. Nəticədə tez təsirlənib psixoemosional vəziyyətləri ağırlaşa bilər."

Ona görə də psixoloq hesab edir ki, məhz bu cür adamlar qorxu filmlərinə baxmamalıdırlar. Xüsusən də uşaqların baxmasına imkan vermək olmaz.

"Psixoemosional durumu həssas olan, ancaq hələ diaqnozu təyin edilməyən, adi həyatda özünü yaxşı aparan adamlar var ki, belə filmlərdən sonra pis reaksiya verirlər" — deyə psixoloq əlavə edib.

210
Teqlər:
animasiya, qorxu filmləri, qatil, psixoloq
Əlaqədar
Bu film xoşagəlməz halların azalmasına yardım edəcək
Hamının təhqir olunduğu film
Milyonların sevə-sevə baxdığı "keyfiyyətsiz" film
"Min bir əziyyətlə film çəkirik, amma bəhrəsini görə bilmirik"
Qorxu filmlərinin "atası" öldü
Dairəvi Alban Məbədi, arxiv şəkli

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

591
(Yenilənib 21:09 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

591
Nura Suri

Səhnəmizin ən zövqlü zövqsüzləri: Modelyer şou-biznes əhlini yudu, qara sərdi

2638
(Yenilənib 23:30 16.04.2021)
Modelyer: "Əksər müğənnilərin geyimləri bahalı və olduqca gülüncdür. Əksəriyyəti heç bilmir hansı geyimi harada geyinmək lazımdır. Çox təəssüf ki, səhnəmizdə çox az, barmaqla sayılacaq qədər zövqlü müğənni var"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. "Geyim insanın xarici görünüşünün, ağıl isə onun daxili aləminin açarıdır" deyirlər. Bəs görəsən, hər zaman bahalı geyimləri və aksessuarları ilə öyünən şou əhli arasında ən zövqlü və ən dəbli geyinən kimdir? Və ya əksinə, bahalı brend geyimlər geyindiyi halda, gülünc vəziyyətə düşənlər kimlərdir? Bütün bunları mütəxəssilə araşdırmaq qərarına gəldik. Modelyer Şəlalə Maqsudovanın Sputnik Azərbaycan-a dediyinə görə, səhnəmizdə xeyli qadın və kişi müğənni var ki, onlar bahalı geyinirlər, amma geyindikləri geyim zövqsüzdür: "Əksər müğənnilərin geyimləri bahalı və olduqca gülüncdür. Əksəriyyəti heç bilmir hansı geyimi harada geyinmək lazımdır. Çox təəssüf ki, səhnəmizdə çox az, barmaqla sayılacaq qədər zövqlü müğənni var".

Modelyer dəbli geyinən kişi və qadın müğənnilərin adlarını açıqlayıb:

"Günay İbrahimli, Nura Suri, Röya, Aygün Kazımova, Sevda Yəhyayeva və Zülfiyyə Xanbabayeva səhnəmizin ən dəbli müğənnisi hesab olunurlar. Kişi müğənniləri arasında qadın müğənnilərdən zövqlü geyinənlər daha çoxdur. Məsələn, Zamiq Hüseynov, Rəhim Rəhimli, Əhməd Mustafayev, Çingiz Mustafayev səhnəmizin ən tərzli müğənnilərdir. Faiq Ağayev sənətdə 100% olsa da, geyimləri 100% deyil".

Maqsudova zövqsüz sənətçilərimizin də adını açıqlayıb: "Qadınlar kimi kişi müğənnilərinin də içində getdiyi məkana uyğun geyinməyən müğənnilər var. Bəzən səhər verilişinə gecə geyimində gəlirlər. Hansı ki, o geyimləri ziyafətlərə geyinmək olar. Kişilər də həmişə efirə klassik geyimdə çıxırlar. Bəzən müğənnilər bahalı geyimə, brendə qaçırlar. Amma bahalı geyim heç də tərz demək deyil. Məsələn, elə götürək Şəbnəm Tovuzlunu. Sənəti barədə heç nə deyə bilmərəm. Amma geyimi olduqca zövqsüzdür. Onun geyimi ilə məşğul olan adamlar onu bir növ gülüş hədəfinə çeviriblər. Təranə və Musa də tərz olmayanlar sırasındadırlar. Təranə xanım nə geyinirsə, Musa da ona uyğun geyinir. Bu da olduqca zövqsüz görünür. Manaf Ağayev, Niyaməddin Musayev və xüsusən muğam ifaçıları həmişə klassik geyimlərdədirlər. Bu da gözyorucudur".

"Başqa bir problem də var. Bəzi müğənnilər isə öz bədənlərini tanımırlar, öz geyimlərinə uyğun geyim seçmirlər. Bədən ölçülərinə uyğun gəlməyən geyimlər geyinirlər. Məsələn, Zülfiyə Xanbabayeva geyimlərini o qədər zövqlə seçir ki, onun kilolu olduğu gözə girmir. Bəziləri də bahalı geyimlə yanaşı, bahalı aksesuarlar da taxırlar. Hansı ki, o akseasuarlar o geyimə qətiyyən uyğun gəlmir. Əfsuslar olsun ki, səhnəmizdə gülünc görünən müğənnilər həddindən artıq çoxdur . Göz önündə olan insanlar həmişə geyimlərinə diqqət etməlidirlər. Şərt o deyil ki, bahalı geyinsinlər. Ucuz, amma zövqlü də geyinə bilərlər".

Modelyer əlavə edir ki, bəzən müğənniləri gülünc vəziyyətə salan modelyerlərdir: "Bəzən modelyerlərin özlərinin də dəbdən anlayışı olmur. Ona müraciət edən müğənniləri də gülünc vəziyyətə salırlar. Çalışdığı müğənninin bədən ölçülərini nəzərə almadan bəzən ona elə geyimlər geyindirirlər ki, müğənni gülünc görünür. Bilmirəm, bəlkə də bunu qəsdən edirlər, baxış sayı artsın deyə, ya da onların səriştəsizliyindən irəli gəlir. Bəzi müğənnilər də var ki, onlar, ümumiyyətlə, heç bir mütəxəssilə məsləhətləşmirlər. Ortaya xoş olmayan gülünc mənzərə çıxır".

Səhnəmizin ekstravaqant müğənnisi sayılan Elza Seyidcahanın geyiminə gəldikdə isə modelyer deyib:

"Mən Elza xanımla bir müddət işləmişəm. Bir şeyi vurğulamaq istəyərdim ki, modanın ifrat dərcəsi eybəcərlikdir. Mən qeyri-adi geyimləri sevirəm. Baxır necə hazırlanıb və geyinən şəxsi necə tamamlayır. Ola bilər ki, sən qeyri-adi geyinərsən, gülüş hədəfinə çevrilərsən. Əksinə də ola bilər, sən insanları heyrətləndirə də bilərsən. Elza xanım bəlkə də insanların diqqətini özünə cəlb etmək istəyir. Amma bu, gülüş doğurur. Bu, "fashion" deyil".

Həmsöhbətimizin dediyinə görə, aparıcıların da içində zövqlü və zövqsüzlər var: "Bəzən verilişlərinin formatına uyğun geyinmirlər. Məsələn, Nanə Ağamalıyeva həmişə eyni geyimdə olur. Həmişə toy-ziyafət geyimində efirə çıxır. Mütləq dəyişiklik etməlidir. Tamaşaçının gözü eyniliyi görməkdən yorulub. Vüsalə Əlizadə hərdən dəyişsə də, o da loru dildə desək, toy geyimində efirə çıxır. Məleykə Əsədova gözəl, zərif xanımdır, amma onun da geyimi tərz deyil".

Modelyer tezliklə təbii yaşlılığın, üzdə qırışların dəb olacağına ümid etdiyini bildirib: "Bəzən tanınmışlar bədənlərinə lazımsız müdaxilələr edirlər. Bədənlərinin hansısa hissəsini şişirdirlər. Üzlərində bir çox prosedurlar həyata keçirirlər. Bu, nəinki tərzdir, olduqca gülünc alınır".

2638
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0