Tamara Muradova

"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar"

3658
(Yenilənib 14:43 26.03.2017)
Məşhur musiqi yarışının azərbaycanlı iştirakçısından etiraf: "İstədiyim mahnını ifa etməyə imkan vermədilər. Bu səbəbdən ürəksiz oxudum və məğlub oldum"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Gənc müğənni Tamara Muradova Şabranda doğulub. Azərbaycanda və Türkiyədə məşhur olan televiziya musiqi yarışlarında uğurla çıxış edib. Bu gün Şabranda hamı bu gənc qızla — "Xalq ulduzu", "Türkünü söylə", "O səs Türkiyə" kimi məşhur TV-şouların qəhrəmanı ilə fəxr edir. Sputnik Azərbaycan-ın əməkdaşı Tamara ilə onu ulduzluğa aparan yol barədə danışıb.

— Tamara xanım, oxucularımız sizi bir də yaxından tanısın…

— Muradova Tamara Emir qızı. 1992-ci ildə Şabran rayonunda anadan olmuşam. Körpə yaşlarımdan musiqiyə olan marağım ailəm tərəfindən dəstəklənib. Ailədə 5 bacıyıq və hər birimizin musiqi duyumu çox güclüdür. Amma aralarında bu sənəti seçən yalnız mən oldum. Bunun da səbəbi atamın onlara oxumağa icazə verməməsi olub. Yalnız mənə dəstək oldular. Bəlkə də evin son beşiyi olduğumdan xətrimə dəymək istəmədilər.

Tamara Muradova
Gənc müğənni Tamara Muradova: Uşaqlıqdan musiqiyə olan marağım ailəm tərəfindən dəstəklənib

Bu sənəti o qədər çox sevirdim ki, hər səhər atama yalvarırdım, məni musiqi məktəbinə qoysun. O da hər dəfə "gələn il" deyərək başımı qatmağa çalışırdı. Beləliklə, 2-3 il keçdi. Amma mən inadımdan dönmədim. Axırda atam razılaşdı, amma qarşıma şərt qoydu. Dedi ki, Aygün Hümbətovanın ifasında eşitdiyimiz, bəstəsi Aygün Səmədzadəyə məxsus "Tut ağacı" mahnısını mükəmməl oxumalıyam. Mənə bir həftə vaxt verdi.

Məqsədim musiqi məktəbinə gedib təhsil almaq idi. Ona görə də, bir həftə ərzində hər gün bu mahnını dinləyib, məşq edirdim. Atamın dediyi vaxt bitdi və məni yanına çağırdı. Düzü, çox həyacanlı idim, çünki oxumağım atamı qane etməsəydi, bu arzumun üstündən xətt çəkəsiydim. Mahnını oxuduğum zaman, atamı təəccübləndirə bildim. Atam səhərisi gün məni musiqi məktəbinə apardı və bu, sənətə ilk addımım oldu.

Tamara Muradova
Tamara Muradova "O səs Türkiyə" musiqi yarışmasının səhnəsində

2002-ci ildə Şabran rayonu Tofiq Quliyev adına musiqi məktəbinə qəbul olundum. Məktəb illərində rayonda təşkil olunan tədbirlərdə çıxış etməyim məndə səhnə təcrübəsinin yaranmasına səbəb oldu. O zaman televiziyaların birində "Xalq Ulduzu" adlı yarış efirə verilirdi. Hər dəfə bu müsabiqəyə baxanda özümü orda təsəvvür edirdim və inanırdım ki, bir gün o səhnədə mən də oxuyacağam. 2009-cu ildə həmin müsabiqəyə qatıldım. Müsabiqənin münsifləri isə Respublikanın tanınmış sənətkarları olan Ağacəbrayıl Abbasəliyev, Aybəniz Haşımova, Tahir Əkbər və Aygün Bayramova idi. Bu müsabiqədə finala yüksələ bildim. Bu, xalqın mənə olan sevgisinin göstəricisi idi. Bu müsabiqə mənim peşəkar səhnəyə ilk addım oldu.

 Sonra Türkiyəyə üz tutdunuz. Azərbaycan və Türkiyədə qatıldığınız müsabiqələrin fərqli xüsusiyyətləri nədən ibarət idi?

— Türkiyədə ilk qatıldığım müsabiqə "Türkünü söylə" oldu. 2010-cu ildə təsadüfən bu müsabiqənin anonsunu gördüm və qatılmaq istədim. Atamla İstanbula gəlib, seçim turlarında iştirak etdim. Təkcə İstanbuldan 5000 nəfər insanın bu müsabiqənin seçim turuna gəlməsi müsabiqənin necə reytinqli olmasından xəbər verirdi. Yarışa qatılmaq üçün seçilən 20 nəfərdən biri mən oldum. Bu yarışmada mənə gələn SMS-lər az olsa belə, münsiflər məni favorit göstərirdilər. Həftələrin birində gələn SMS-lər az olduğuna görə, yarışmadan çıxası idim. Lakin münsiflər Belkıs Akkale, Arif Sağ, Yüksel Aytuğ məni dəstəkləyib yarışmada saxladılar. Orada qazandığım təcrübədən bu gün də istifadə edirəm.

Tamara Muradova
Tamara: Şou-biznesdə deyiləm və özümü orada təsəvvür belə, etmirəm.

 Bəs "O səs Türkiyə"?

— 2014-cü ildə Bursa şəhərinə bacımgilə qonaq getmişdim. Həmin ərəfədə bu yarışmanın seçim turları idi. Ətrafımda mənə yaxın olanların hamısı bu müsabiqədə iştirakımı çox istəyirdilər, mən isə tərəddüd edirdim. Nəhayət ki, bacım məni seçim turlarına apardı. İlk ifam, musiqisi çox dəyərli bəstəkarımız Tofiq Quliyevə, sözləri isə mərhum şairimiz Rəsul Rzaya məxsus olan "Sənə də qalmaz" mahnısı oldu və mənə uğur gətirdi. Üç münsifin diqqətini cəlb edib, özümə tərəf döndərməyi bacardım. Mən isə Mazhar və Özkan qardaşlarını seçdim. Seçimdən sonra çoxları yanlış seçim etdiyimi deyirdilər. Bəziləri Ebru Gündeşi, bəziləri isə Gökhanı seçməli olduğumu deyirdilər. Bəlkə də haqlı idilər.

Tamara Muradova
Gənc müğənni Tamara Muradova: Şou-biznesdə olan insanların əksəriyyəti qeyri-səmimi insanlardır

Bu müsabiqə daha çox tanınmağıma səbəb olsa da, mən özümü orada göstərə bilmədim. İlk iki turda qalib gəldim, üçüncü turda isə məğlub oldum. İstədiyim mahnını ifa etməyimə imkan vermədilər. Bu səbəbdən ürəksiz oxudum və bu da məğlubiyyətimə səbəb oldu. "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar. Səbəb isə bizim onlardan daha güclü səsə malik olmağımız idi. Elnur Hüseynovun qalibiyyətini çoxları həzm edə bilmirdilər. Əgər azərbaycanlılara qarşı münasibət birmənalı deyilsə, demək ki, bizi özlərindən daha üstün bilirlər.

Tamara Muradova
© Photo : Facebook / Tamara
Tamara Muradova: "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar

Ümumiyyətlə isə olduğum yarışmalar arasında "Xalq Ulduzu" mənim sənət həyatımda unudulmaz olub və olacaq. Çünki bu müsabiqədə xalqımız məni finala gətirdi. Bu, xalqımızın sevgisini qazanmağım demək idi. Məni dəstəklədiyi üçün xalqıma minnətdaram və qarşısında baş əyirəm.

 Şou-biznesdə çoxlarının ləqəbi var, bəs sizin?

— İlk öncə onu qeyd edim ki, şou-biznesdə deyiləm və özümü orada təsəvvür belə, etmirəm. Qaldı ki, ləqəbə "Xalq Ulduzu" müsabiqəsi dövründən "Ahıskalı qız" deyirdilər. Bu cür tanınmağıma səbəb isə əslən Ahıska türklərindən olmağımdır.

 Şou-biznesdə olmamağınızın səbəbi nədir?

— Şou-biznesdə olan insanların əksəriyyəti qeyri-səmimi insanlardır. Bir-birinin paxıllığını çəkirlər, üzlərinə gülüb, arxasınca danışırlar. Mənim belə bir yerdə olmağım qeyri-mümkündür. Mənim öz dünyam var, bu sənətlə məşğul olmayan çox vəfalı, dəyərli dostlarım var. Əlbəttə, barmaqla sayılacaq qədər olsa da, sənət dostlarım var.

 Tamara hazırda hansı layihə üzərində işləyir?

— Yeni mahnılar hazırlanır. Amma bu haqda öncədən danışmaq istəmirəm. Təki sağlıq olsun, gerçəkləşəndə hamı görəcək. Bundan əlavə olaraq 2016-cı ildən Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə təhsil alıram. Vaxtımın çoxunu təhsilimə yönəldirəm.

3658
Teqlər:
"Türkünü söylə", "Xalq ulduzu", Tamara Muradova, "O səs Türkiyə", müsabiqə, müğənni, Şabran, Türkiyə, Azərbaycan
Əlaqədar
Müğənni Kıraç da Xocalını unutmadı
Azərbaycanlı müğənni erməni qızla yarışmağa hazırdır
Dünyaca məşhur müğənnidən hamını şoka salan addım
Lənkəranda əməliyyat: müğənni-narkobaron həbs olunub
Məşhur müğənni Afrikadan iki uşağı övladlığa götürüb
İslamı qəbul edən ingilis müğənni Ərdoğanı ziyarətə gəldi
Məşhur müğənni makiyajsız "ələ keçdi"
Netflix

"Netflix" İstanbulda ofis açır

24
"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib

BAKI, 3 dekabr — Sputnik. Dünya üzrə təxminən 195 milyon üzvü olan "Netflix" platformasının İstanbulda ofisi açılacaq. Bu addım Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında da əhəmiyyətli rol oynayacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı "Netflix" platformasından bildirilib.

Türkiyədəki sərmayələrini artıran şirkətin yeni ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş il ərzində əhəmiyyətli inkişaf yolu keçən ölkəsinin kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib: ""Netflix" kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına böyük töhfələr verəcəyini düşünürük".

"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib.

24
Teqlər:
ofis, Türkiyә, Netflix şirkəti
İlqar Muradov, arxiv şəkli

İlqar Muradov: "Düşünürəm ki, zahirən Dronqoya oxşarlığım var"

2286
(Yenilənib 18:06 03.12.2020)
"Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan. Kiminin uşaqlığı, kiminin gəcliyi, kiminin ilk məhəbbəti düşür yada… Bir sözlə, onu dinlədikcə xatirələr düşür yada.. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Mənimlə qal", "İstərsənmi", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır. Söhbət alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə seçilən Xalq artisti İlqar Muradovdan gedir. Sənətkar özü və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb:

"Mən əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtdan bu günə qədər də oxuyuram".

"İlqar Muradovun ruhunu ifadə edən mahnı hansıdır?" sualına Xalq artistinin cavabı belə oldu: "Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır. Mənim üçün fərqi yoxdur. Onlar mənim daxili aləmimdən xəbər verir. Onlar mənim övladlarımdır. Necə ki, övladlarımızın arasında fərq qoymuruq. Oxuduğum mahnılarım da mənim övladlarımdır. Onlar mənə yaxın olmasaydılar, mən onları ifa etməzdim".

Dünyanı cənginə alan COVİD-19 pandemiyası həmsöhbətimizin də yaradıcılığına təsirsiz ötüşməyib: "Karantindən qabaq 3 konsert nəzərdə tutulmuşdu. Onun 2-ni edə bildik, 1 konsert qaldı. Həmin konsertin tarixi dəyişilə-dəyişilə dekabrın 20-ə salınıb. Həmin vaxta bitsə, konsert baş tutacaq, ancaq çətin ki, o vaxta bitər. Ümidimiz 2021-ci ilədir".

Pandemiyadan söz düşmüşkən, müğənni insanlarımızı diqqətli olmağa, özlərini qorumağa çağırdı: "İnsanlar son dərcə diqqətli olsunlar. Qarabağ uğrunda döyüşlərdə qələbə qazandıq. Qripə də qalib gələsi olsaq çox yaxşı olar. Bu, özümüzün əlindədir".

"Pandemiya dövrü hər kəsə təsir etdiyi kim mənə də təsir etdi. Xüsusən maddi tərəfdən. Mən də öz doğmalarımı qorumaq üçün məcburiyyətdən evdə qaldım. Əslində mənə mənəvi olaraq elə də böyük təsir etmədi. Həmin dönəmlərdə yaradıcılığımın üzərində işlədir. Həmin dövrü səmərəli keçirdim".

Müsahibimizin fərqli imici, üzünün fakturası rejissor Yavər Rzayevin diqqətiini çəkib. Rejissor İlqar Muradovu quruluş verdiyi "Xeyirlə şərin rəqsi" filminə dəvət edib: "Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Quruluşçu rejissor Yavər Rzayev məni baş rola - Dronqo obrazına dəvət etdi. Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında lentə alınıb. Filmə ona görə çəkildim ki, o obraza simpatiyam var idi. Ümumiyyətlə, Çingiz müəllimin özünə də çox böyük hörmətim var. Yenə bu tipli obraza dəvət etsələr gedəcəyəm, amma başqa filmə yox".

"Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var. Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq".

Xalq artisti ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edib: "Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm. 1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişik. Qismət olarsa, yenə də edəcəyik".

2286
UNO, arxiv şəkli

Uçan naməlum obyektin fotosu yayıldı

0
(Yenilənib 17:58 05.12.2020)
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) uçan naməlum obyekt hesabatı mətbuata sızdırılıb. Fotoşəkildə Atlantik Okeanından 35.000 fut yüksəklikdə üçbucaq şəklində bir cisim görülür

BAKI, 5 dekabr — Sputnik. ABŞ qırıcı təyyarəsinin pilotu tərəfindən çəkilən uçan naməlum obyektin (UNO) fotosu yayılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu günlərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) uçan naməlum obyekt haqda hesabatı mətbuata sızdırılıb. Belə ki, 2018-ci ildə bir ABŞ qırıcı təyyarəsinin pilotu tərəfindən çəkilən uçan naməlum obyektin fotosu mediada dərc olunub.

Fotoşəkildə Atlantik Okeanından 35.000 fut yüksəklikdə üçbucaq şəklində bir cisim görülür.

Pentaqon hesabatlarında fotoşəkli çəkən pilotun verdiyi ifadəyə görə, naməlum obyektin yüksək sürətlə hərəkət etdiyi və ona görə də təqibinin mümkün olmadığı deyilib. Onun sözlərinə görə, bu cisim anidən gözdən itib.

Ancaq Pentaqon mətbuatda səsləndirilən iddialarla bağlı rəsmi bir açıqlama verməyib.

Qeyd edək ki, bundan öncə Pentaqon UNO görüntülərini araşdırmaq üçün yeni bir müşahidə qurumu yaradıb, 6 ayda bir UNO araşdırmalarını və əldə edilən məlumatları ictimaiyyətlə paylaşacaqlarını bildirib. 

Xatırladaq ki, bu ilin aprel ayında Pentaqon əvvəllər gizli sənədlər olaraq xarakterizə etdiyi UFO görüntülərini gözlənilmədən ictimaiyyətə açıqlamış və bu, ABŞ-da gündəm olmuşdu.

0
Teqlər:
media, foto, Pentaqon, UNO