Bayram axşamı filmindən kadr

Hamının təhqir olunduğu film

1620
(Yenilənib 10:02 09.03.2017)
Klassik yunan komediyasının banisi, şair-dramaturq Aristofan deyirdi: "Sənət çörək arxasınca qaçarsa, alçalar"

BAKI, 9 mart — Sputnik. Məşhur amerikalı aktrisa Stella Adler deyirdi: "Həyat bəzən ruhunuzu yorar və əzər, belə hallarda sənət ruhunuzu gücləndirər"

Bir müddət əvvəl müasir Azərbaycan filmləri siyahısına "Bayram axşamı" da əlavə olundu. Filmə baxanda düşündüm ki, xanım Stella yanılıb. Sənət hər zaman ruhu gücləndirməz, bəzən elə həyatdan da betər yorar və əzər. Elə "Bayram axşamı" filmi kimi. Əlbəttə, bu, sənətdirsə…

"Bayram axşamı" filminin rejissoru Toğrul Məmmədov, prodüseri Murad Dadaşovdur. Filmdə Oksana Rəsulova, İslam Mehrəliyev, Murad Dadaşov, Nahidə Orucova, Cəmil Məmmədli, Əkbər Əlizadə, Asya Abdullayeva və başqaları rol alıblar.

Çəkilişlərdən məlumdur ki, filmə güclü vəsait ayrılıb. Əlbəttə, bu, təqdirə layiqdir. Amma niyə o vəsaiti belə bəsit mövzuya, uğursuz məzmuna xərcləyiblər deyə, sual etməli olursan. Məkanlar, kostyumlar, qrimlər olduqca gözəl seçilib, montaj, səs effektləri, musiqilər yaxşı işlənilib. Bütün bunlar böyük zəhmət və sərmayə ilə başa gəlib. Lakin…

Altında seksual mənaların gizləndiyi qurşaqdanaşağı dialoqlar, bər-bəzəkli sözlərlə dolu duyğulandıran monoloqlar, hadisələrə heç bir dəxli olmayan gülüş xətrinə filmə sırınmış obrazlar və ən dəhşətlisi isə əksər zümrələrin təhqir olunduğu, ələ salındığı çirkin atmacalar — bütün bunlar çəkilən zəhməti və ayrılan vəsaiti puç edib.

Klassik yunan komediyasının banisi, şair-dramaturq Aristofan deyirdi: "Sənət çörək arxasınca qaçarsa, alçalar"

Bəli, bizdə də sənət həmin gündən alçalmağa başladı ki, çörək arxasınca qaçdı. Daha doğrusu, buna məcbur oldu. Teatr səhnəsində illərini tarixi qəhramanların obrazlarını canlandırmağa sərf edən həqiqi sənət fədailərini beş-on manat qazanmaq üçün belə filmlərin bayağı xarakterlərində görüncə, sənətin bizim coğrafiyada artıq alçaldığını anladım.

Alman şair-dramaturq, mütəfəkkir Yohann Volfqanq Höte isə belə deyirdi: "Beynəlxalq sənət və beynəlxalq elm deyə bir şey yoxdur. İkisi də bütün yüksək dəyərlər kimi bütün dünyanın mülküdür".

Amma bu məşhur aforizm bizdə keçərli deyil. Bizdə çəkilən filmlər və rəsmlər də, yazılan əsərlər də, bəstələnən musiqilər də elə bizim sərhədlərimiz daxilində qalıb. Bu coğrafiyada dünyəvi sənət əsəri yoxdur. Mövzular şablon, mətnlər bayağı, məzmun və hadisələr təkrarçı, ifrata varılmış və s. Burda hansı dünyəvilikdən söhbət gedə bilər? Görünür, xanım Stella kimi Höte də yanılıb.

Dramaturq, teatr nəzəriyyəçisi Bertolt Brext deyirdi: "Yumorun olmadığı bir ölkədə yaşamaq pisdir. Fəqət çox daha pis olan yumorsuz yaşaya bilmədiyin bir ölkədə yaşamaqdır".

Bizim insanımızın o qədər problemləri var ki, bizim üçün yumorsuz yaşamaq həqiqətən mümkünsüzdür. Yəni, Brextin dediyi kimi, ikiqat pis vəziyyətdəyik. Həm yumorun olmadığı, həm də yumorsuz yaşamağın mümkün olmadığı bir ölkədəyik. Sonuncu yumoru "Yuxu" filmi (əgər yumor demək olarsa!) ilə yola saldıq. İndiyə qədər yumorumuz yuxuya gedib…

Fransız rəssam Pol Qogen deyirdi: "Sənət ya təqliddir, ya inqilab!"

"Bayram axşamı" filmi nəinki inqilab, heç təqlid də deyil. Bu film demək olar ki, bəşərin böyük bir qismini təhqir edir və alçaldır.

Hörmətli ssenaristlər və rejissorlar, əziz aktyorlar və aktrisalar, siz bilməlisiniz ki, bu bayağı filmlərinizdə müxtəlif millətləri, müxtəlif dini inancları, müxtəlif dilləri, müxtəlif cinsləri və cinsi orientasiyaları, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları, yaşlıları, əngəlliləri və digər zümrələri ələ salmaqla bir sənət əsəri yaratmırsınız. İnsanların öz seçimləri olmayan və bəşərə zərəri olmayan məsələlər üzərində ikrah yaradan məsxərə qurmaq ədəbsizlik, vicdansızlıq və istedaddan, bilikdən yoxsul olmaqdır.

"Bayram axşamı" filmində transgenderlər təhqir olunur. İfratla gözə soxulan bığlı transgender xarakteri filmə sadəcə gülüş üçün, məqsədsiz şəkildə sırınıb. Üstəlik, məlum zümrə o xarakterin timsalında təhqir olunur.

Eyni ilə yoluxucu xəstəliyi olan şəxslər də filmdə "spid" xəstəsinə savadsız münasibətlə alçaldılıb. Bir başqa səhnədə isə insanların mənəviyyatı, şəxsi arzu və istəkləri kütləvi şəkildə ələ salınıb. Burada yaşlı insanların evlənməsindən tutmuş eynicinslilərin evlənməsinə qədər bütün növ şəxsi münasibətlər, fərdi arzu və istəklər gülüş hədəfinə çevrilib.

Bu, yumor deyil. Sənət, heç deyil. Bu, mövzu qıtlığı çəkmək, ideyadan yoxsul olmaq deməkdir.

Bütün bunlara rəğmən, aktyor oyunu, montaj və səs effektləri, qrim, kostyum və məkan seçimləri baxımından, xırda əhəmiyyətli səhnələrinə görə son filmlərin içində ən yaxşı film elə "Bayram axşamı" filmidir. Bu isə uğur deyil, faciədir.

1620
Teqlər:
"Bayram axşamı", təhqir, komediya, aktrisa, sənət, rejissor, film, yumor, aktyor
Əlaqədar
"Oskar"ı bu film aldı
"Titanik" filminin ulduzu öldü
“Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimatı oldu
“Əsrin faciəsi” sənədli filminin təqdimatı olub
Müasir Azərbaycan filminin hoqqaları
Bu bacıların həyatı bir film ssenarisidir
Türk filmlərinin əfsanəsi ağır günlər yaşayır
Rəssam, arxiv şəkli

Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü

4
Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

BAKI, 29 oktyabr — Sputnik. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 10-17 yaş arası uşaq və yeniyetmələr arasında "Terrora yox deyək!" adlı rəsm müsabiqəsi elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə xüsusi istedadları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqə vətənpərvərlik mövzusunda keçirilir. Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

Yarışma başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

Əlavə məlumatı http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html ünvanından əldə etmək olar.

4
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, arxiv şəkli

Ən qədim teatrımız Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

12
Teatr Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

BAKI, 29 oktyabr — Sputnik. Qüdrətli Azərbaycan Ordusunun işğalçı Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar Orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0