Rəşad Əzizov

"Rusiya-Türkiyə barışığı bizim qələbəmizi təmin etdi"

726
(Yenilənib 23:39 25.10.2016)
Heydər Əliyev Sarayında Aleksandr Maslyakovun aparıcısı olacağı ŞHK Azərbaycan liqasının finalı keçiriləcək

BAKI, 25 okt — Sputnik. "Şən və Hazırcavablar Klubu" (ŞHK) üzrə Azərbaycan yığması "Bakılı oğlanlar"ın (Parni iz Baku) "Qolosyaşiy KiViN" musiqi festivalının mövcud olduğu 20 il ərzində etmədiyini edib. Bunu ŞHK üzrə Azərbaycan liqasının rəhbəri Rəşad Əzizov Sputnik-ə müsahibəsində deyib.

Rəsad Əhmədzadə Kukla teatrının direktoru
© Photo : Rəsad Əhmədzadənin şəxsi arxivindən

- "Qolosyaşiy KiViN" musiqi festivalındakı çıxışınızdan danışardız..

— Baxmayaraq ki, "Qolosyaşiy KiViN" 20 ildən artıqdır keçirilir, Azərbaycan komandası bu müsabiqədə altı dəfə iştirak edib. Bu müsabiqə uzun müddət Yurmalada keçirilib, amma sonra siyasi hadisələrlə əlaqədar olaraq Svetloqorskda keçirilməyə başladı və son iki ildir orada keçirilir. 90-cı illərdə festivalda Azərbaycanın "Bakılı oğlanlar" komandası iştirak edirdi. Amma onlar bir dəfə də olsun, bu müsabiqənin laureatı ola bilmədilər. Və belə alındı ki, bu, oğlanlara verilməyən yeganə mükafat idi. Azərbaycan yığması ümumiyyətlə üç ildir çıxış edir və artıq komanda mövcudluğunun birinci ilində "Birinci kanal"ın efirinə düşə bilib. Bundan əlavə, üç ildir ki, üçüncü kanalın efirində çıxış edir. Bu müddətdə Premyer-liqanın finalçısı ola bilib və üç dəfə "Qolosyaşiy KiViN"də çıxış edib. 2016-cı ildə Azərbaycan, nəhayət, 20 ildən sonra "Qolosyaşiy KiViN" musiqi festivalının qalibi oldu.

- Müsabiqə zamanı çətinliklər var idi?

— Mükafatı qazanmaq kifayət qədər çətin idi, çünki hazırlıq prosesi çətin idi. Hətta hansısa mərhələdə təhlükəli idi ki, biz Svetloqorska gedib çata bilməyəcəyik. Yekunda komanda ora avtomobillə getməli oldu. Siz beş ölkənin ərazisindən keçərək 8 min kilometr yol getməyin çətinliyini təsəvvür edin. Görün biz neçə dəfə sərhəddən keçməli olduq? Mən hətta xatırlamıram. Lakin bütün bu səylər nəticəsiz qalmadı və yekunda biz "KiViN"i qazandıq.

Gümrah Ömər, YUĞ teatrının baş rejissoru
© Photo : G.Ömərin şəxsi arxivindən

- Komandanın tərkibi kimlərdən ibarətdir?

— "Qolosyaşiy KiViN" — musiqi müsabiqəsidir, bizim yığma da kifayət qədər musiqili komandadır. Və biz bu obrazda ağıllı, stilli azərbaycanlıları təbliğ edirik. Bu isə prinsipcə, Rusiya tamaşaçısı üçün çox maraqlıdır, çünki onlar belə azərbaycanlıları görməyiblər. Bizim komandanın şüarı, məhz belə səslənir və hər bir çıxışımız bu ifadə ilə başlayır. Bizim head-laynerlərimizdən biri Cəbrayıl Rəsulov belə oxuyur. Ümumiyyətlə, bizim kollektivdə çoxlu istedadlı və nəğməkar uşaqlar var. Misal üçün, İsa Rəhimov — o bir vaxtlar Bakıda populyar olan gənc pop-qrupun lideri olub. Rəsulov — müxtəlif müsabiqələrin qalibi olub, eyni zamanda, səhv etmirəmsə, televiziya musiqi layihəsi olan "Böyük səhnə"nin. Tamerlan zamanında "Yeni ulduz" müsabiqəsinin finalçısı olub. Hazırda onlar Azərbaycan estradasında kifayət qədər tələbat olan musiqiçilər və müğənnilərdir. Və sevindiricidir ki, onların yaradıcılığı artıq bizim ölkənin sərhədlərini keçib. Onlar artıq Rusiyada kifayət qədər populyardırlar, birmənalı olaraq xarici ölkələrdən orada çıxışlarını təşkil etməklə bağlı təkliflər alırlar. Komandanın bel sütununu 10 nəfər təşkil edir. Lakin bu bazisin ətrafında böyük kollektiv toplaşıb. İndi biz onun ətrafına Azərbaycanın regional liqalarından olan çoxlu gənc uşaqları toplayırıq. Komandanın siyasəti ona köklənib ki, daim yeni gəncləri ortaya çıxarsın, inkişaf etdirsin ki, gələcəkdə onlar estafeti böyük yoldaşlarından qəbul edə bilsinlər.

- Komandanızda qızlar yoxdur?

— Müxtəlif vaxtlarda kollektivdə qızlar peyda olur, amma onlar nədənsə çox davam gətirmirlər. Bunun obyektiv və subyektiv səbəbləri var. Kimdəsə evdən tez-tez çıxmaq alınmır, kimsə ərə gedir. Amma qızlar var, məsələn, səs rejissoru Daşa Doroxina. O, çox yaxşı qızdır. Artıq üç ildir ki, bizimlədir.

- Siz bu dəfə hansı nömrələrlə çıxış edəcəksiz?

— Bu, ŞHK-dır, həmişə aktual mövzuları qaldırır. "KiViN"in keçirildiyi vaxt mövzular çox kəskin idi. Onda yay idi. Futbol üzrə dünya çempionatı keçirilirdi, motivləri əsasında çox maraqlı qrafik treylerlərin hazırlandığı "Taxt-tac oyunları" populyar serialı gedirdi. Bizim bu mövzunu necə oynamağımız maraqlı olacaqdı. Lakin ən əsas məqam bizim içərisinə türk çalarını əlavə etdiyimiz Rusiya kurortları mövzusu oldu. Belə alındı ki, bizim nömrələrimizdən biri türk mövzusuna aid idi və bu, Türkiyədə iyul ayında baş verən hadisələrlə üst-üstə düşürdü. Son günlər biz gərginlik içində idik və gözləyirdik ki, Türkiyə ilə razılaşma əldə olunsun. İstəyirdik ara sakitləşsin ki, biz də bu nömrəni ürəyimiz istəyən kimi oynayaq. Əks təqdirdə biz bunu sadəcə edə bilməyəcəkdik. Yekunda demək istəyirəm ki, bu nömrə bizim komandaya qələbə gətirdi.

Biz aktual mövzuları qaldırmağa çalışırıq. Bizim vəzifəmiz Azərbaycanın Rusiya tamaşaçısına yaxın olduğunu göstərməkdir. Eyni zamanda bir neçə mövzu var ki, bu Azərbaycan tamaşaçısına da yaxındır. Bu, türk mövzusudur. İlin əvvəlində Rusiya KİV-lərində mövcud olan düşmənçilik ritorikası artıq dəyişməyə başlayıb. Və budur, bizim nömrəmiz faktiki olaraq çox maraqlı və gülməlidir, həm də yerinə düşür.

- Sizin hazırlaşdığınız yeni müsabiqələr varmı?

— Tezliklə ŞHK-nın 55 illiyi olacaq. Yubiley Dövlət Kreml Sarayında keçiriləcək və ora "Bakılı oğlanlar"la yanaşı Azərbaycan yığması da dəvət olunub. Hər iki kollektivin iştirakçıları ölkəmizi bu təntənəli mərasimdə təmsil etmək üçün səhnəyə biryerdə çıxacaqlar. Nömrələr hələ yazılır. Proses çox çətindir, çünki Birinci kanalda gedəcək çıxışın keyfiyyəti yüksək səviyyədə olmalıdır. Ona görə də nömrələri Rusiyanın digər kanallarındakı yumoristik layihələri hazırlayan adamlar yazır. Sizə təəccüblü gələcək, amma bizim uşaqlar da çox yaxşı materiallar yazırlar, hansı ki, onlara nəinki Birinci kanalda, digər kanallarda da tələbat var. Bununla belə, biz digər müəllifləri də cəlb etmişik ki, bu tədbir ərəfəsində komandanın potensialını gücləndirək. Bununla bərabər, bizim qarşımızda gələn ilki Yüksək Liqaya hazırlaşmaq məsələsi durur. Ona görə də, bu ilki "Qolosyaşiy KiViN"dəki yüksək səviyyəni saxlamaq lazımdır.

Hazırda yığmamızın qarşısında duran əsas məsələ Rusiyanın media məkanında azərbaycanlıların sayını artırmaq üçün azərbaycanlı uşaqların Rusiya ekranına yolunu açmaqdır. Bu ildə başqa bir tədbirimiz də ilin sonunda olacaq: 18 dekabrda Heydər Əliyev adına sarayda ŞHK-nın böyük bayramı — Azərbaycan Liqasının finalı. Burada müxtəlif ölkələrin komandaları toplaşacaq. Yüksək liqanın komandaları gələcək. Aparıcı Aleksandr Malyakov olacaq. Hansı Maslyakov? Biz indi danışıqlar aparırıq, amma Maslyakovlardan biri mütləq olacaq.

726
Teqlər:
Rəşad Əzizov, 'Qolosyaşiy KiViN', Parni iz Baku, 'Bakılı oğlanlar', ŞHK, 'Şən və Hazırcavablar Klubu'
Əlaqədar
Teatrdan çaxır qoxusu gələrsə...
"Bu günün teatrı zamanın insanından çox geridə qalıb"
Kukla teatrının rejissoru: nağıl qəhrəmanları azdır
"Teatrı sevən insanlar biletə pul tapıb gedir"
"Təki, o teatrların fəaliyyəti kağız üzərində qalmasın..."
"Belaruslar həftənin 6 gününü teatrda keçirirlər"
Baş Prokurorluq

Azərbaycanda nazirlikdə saxtalaşdırma ilə bağlı Baş Prokurorluq cinayət işi açdı

2259
(Yenilənib 13:19 23.07.2021)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

BAKI, 22 iyul — Sputnik. Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə "Rəqəmli Dövr" MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə ölkədə keçirilmiş ticarət festivalları ("Şoppinq festival") üzrə icraçı müəssisə olan "Azərbaycan Konqreslər Bürosu" MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib. Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən hadisələr Əbülfəs Qarayev mədəniyyət və turizm naziri olarkən baş verib.

Məlumat üçün bildirək ki, bu ilin may ayının 21-də prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bu sərəncamdan bir müddət əvvəl isə DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ə. Qarayev 1994-cü ildən nazir işləyirdi.

2259
Təyyar Bayramov

"Kənan səhnədə oxuyanda çox kövrəldim" - Təyyar Bayramov oğlu ilə yaşadığı aləm barədə

6921
(Yenilənib 01:15 21.07.2021)
Muğam ustası Təyyar Bayramovun sözlərinə görə, Kubada keçirilən konsertdə muğamın hər xırdalığını elə alqışlayıblar ki, sanki xiridarların içində oturub muğam oxuyursan.

BAKI, 21 iyul — Sputnik. Respublikanın Əməkdar artisti Təyyar Bayramovu hər dinləyəndə xəyallar bizi Qarabağa aparır. Bəlkə də bu, onun təpədən-dırnağa qarabağlı olmasından, Qarabağın dilbər guşələrindən olan Ağdamda doğulmasından irəli gəlir. Dediyinə görə, uşaqlığı çox xoş keçib. O vaxta qədər ki, erməni işğalçıları onları doğma yird-yuvalarından didərgin salıb. 1993-cü ildə Ağdam işğal olunanda ailəsi ilə birlikdə Bakıya gələn Bayramov Sputnik Azərbaycan-la söhbətində uşaqlığından, sənətə gəlişindən və muğamın Azərbaycandakı vəziyyətindən danışıb:

"Ağdamda çox firavan həyatımız olub. Uşaqlığımız Qarabağın dilbər bölgələrində - Şuşada, Laçında, Kəlbəcərdə keçib. Demək olar ki, hər yay o torpaqları gəzirdik. Uşaqlığım Ağdam şəhərində keçib. Tar məktəbinə gedirdim. Düzdür, tara o qədər də həvəsli deyildim. Qarabağda belə bir adət var idi ki, mütləq hansısa bir alətdə ifa etməyi bacarmalı idin. Bacım qarmona, mən tara gedirdim. Musiqi üstündə köklənmişik.

Sonra hüzur, xoşbəxt, qayğısız illərimizə erməni işğalçıları qənim kəsildi. Elə bir gün gəldi ki, topun, mərminin altında yaşamağa uyğunlaşdıq. O da bizimçün adiləşdi. Ağdam işğal olunandan sonra Bakıya gəldik, digər həmyerlilərimiz kimi çadırlarda qalmasaq da, öz yurdumuzdan uzaqlaşmağımız bizi çox sarsıtdı. Əvvəllər yaşımın az olduğu vaxtlarda torpağımızı itirdiyimizi o qədər də hiss etmirdim. Həm də düşünürdük ki, bu, müvəqqətidir.

Amma yaş üstünə yaş gəldikcə, insan öz doğma torpağını arzulayır. Yaşın az olanda insan bunu dərk etmir, fərqinə varmır. Artıq son illər Ağdamın bizdə olan ərazilərinə konsertə gedəndə özümü saxlaya bilmirdim, kövrəlirdim. Öz evimiz tərəfə boylanırdım. Allaha min şükür ki, artıq o torpaqlar bizdədir. Bunun üçün prezidentimizə, qazilərimizə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

28 il sonra doğma torpaqlara qayıdan muğam ustası təəssüratlarını belə anladıb: "Həmişə deyirdim Ağdama gedən kimi ilk gedib atamın qəbrini ziyarət edəcəyəm. Amma təəssüf ki, hələ mümkün olmayıb. Çünki oralar minalanıb. Atamın qəbri olan yerlər qalıb, digər yerləri şumlayıb taxıl əkiblər. Amma qəbir daşları yoxdur. Üzü Xankəndinə doğru səhnənin qurulduğu yerdə mən atamla bir zamanlar şəkil çəkdirmişdim. Onda Kənan (muğam ifaçısı olan oğlunu nəzərdə tutur - red.) yaşda idim.

Kənan səhnədə oxuyanda çox kövrəldim, o illərə qayıtdım. Elə hisslər var ki, onları sözlə ifadə etmək mümkünsüzdür. Birinci dəfə Mənsum İbrahimovla birlikdə Ağdama getmişdik. Öz evimizin 150 metrliyindən keçib getmişdik. Çox sarsılmışdıq. İkinci dəfə isə Ağdamın təməl qoyma mərasiminə getdik. Möhtəşəm tədbir idi. Buna görə özümü şanslı və xoşbəxt hiss etdim. Ağdam Qarabağın döyünən ürəyi olub. Zamanında çox inkişaf etmiş bir bölgə idi. İnşallah əvvəlkindən də möhtəşəm olacaq".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Muğam Müsabiqəsində birinci yerə layiq görülüb

Təyyar Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. Beynəlxalq Muğam Müsabiqəsində münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı – Qran-Priyə layiq görülüb. Muğam ustası hər kəsin sevə-sevə izlədiyi müsabiqə haqqında deyir:

"İlk başlayanda hər şey maraqlı olur. Elə muğam müsabiqəsində də belə oldu. Hər kəsin marağına səbəb olmuşdu. Ölkədə rezonans doğurdu. Birinci muğam müsabiqəsi olduğundan oradakı iştirakçıların içində ali təhsillilər daha çox idi. Amma zamanla müsabiqə adiləşdi. Təbii ki, bizim muğamımız heç vaxt adiləşməyib. Bilirsiniz, mən ustadlarımızın dediyinə istinad edib deyirəm ki, hər bir müsabiqədə 3 nəfər Azərbaycan muğamına yararlı ifaçı çıxsa, bu, çox böyük göstəricidir. Təbii ki, onların hamısı professional sənətlə məşğul olmurlar. Olsalar, daha yaxşı olar. Amma hər müsabiqədə 3-4 nəfər yaddaşda qalır. Birinci müsabiqədən daha çoxdur. Bu müsabiqələr səhnəmizə xeyli sayda Leylilər, Məcnunlar, Əslilər, Şah İsmayıllar qazandırdılar. Siz özünüz də fikir versəniz görərsiniz ki, son dövrlər dövlət tədbirlərində, ölkəmiz üçün əhəmiyyətli tədbirlərin səhnələrində daha çox muğam müsabiqələrinin iştirakçıları yer alıblar".

Pandemiya sənət adamlarının əksəriyyətində depressiya yaradıb. Təyyar Bayramovun çətinlikləri olsa da, heç vaxt sevdiyi işdən, dərslərdən yayınmayıb:

"Pandemiya vaxtı dərslərimiz heç dayanmadı. Onlayn dərslərimiz davam elədi. Yeni gənclərin hazırlanması mütəmadi olaraq davam edir. Təbii ki, biz də əziyyət çəkdik. Amma bu dövrü çətin də olsa, keçə bildik. Pandemiya vaxtı əksər insanlar distant təhsilə öyrəşə bilmirdilər. Amma bu, mənim üçün yenilik deyildi. Son 5-6 ildir ki, mən tələbələrimlə onlayn dərslərə üstünlük vermişəm. Həftədə 2 dəfə dərs keçirdim, 1 dəfə də "WhatsApp" vasitəsi ilə onlarla məşğul olurdum.

Bir var bir tələbə 5 ilə nailiyyət qazansın, bir də var 3 ilə. Dərs yükünü artırırdım ki, nəticəni tez ala bilim. Ona görə də bu, mənim tələbələrim üçün ilk olmadı. Bu dərs prosesi tələbələrim üçün rahat oldu, çünki, onlar öyrəşmişdilər. Elə tələbə var, onunla hər gün də məşğul olsan, yenə də öyrənə bilməyəcək. Amma elə tələbə də var ki, o, uşaqlıqdan muğam eşidib, onun üçün çox rahat olur. Uşaqlıqdan ailəsində muğam eşidən tələbə ilə onlayn təhsil də rahat olur. Mənim iranlı tələbəm var idi, Hüseyn Zaman. Ona distant dərs keçmişdim, həmin ifaçı muğam müsabiqəsində iştirak etdi. Amma təbii ki, təkcə onlayn dərslə tam nailiyyət əldə etmək olmaz. Səs aparatından nə zaman və hansı formada istifadə etməyi ancaq üz-üzə öyrənmək olar".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub

Hər bir insanın formalaşmasında mühitin böyük rolu var. Bayramovun fikrincə, bu fikir muğam ifaçıları üçün də keçərlidir: "Elə bir bölgə yoxdur ki, oradan ifaçı çıxmasın. Amma bir məsələ var ki, ifaçını mühit yetişdirir. Düşdüyü mühit insana təsir edir. Qarabağda hər kəs muğam dinləyərdi. Məsələn, mənim atamın maşınında maqnitofon var idi. Şahmalı Kürdoğlu (Şahmalı Hacıyev) adlı ifaçı var idi, atam həmişə onun muğamlarını dinləyirdi, Yaqub Məmmədova, Arif Babayevə, köhnə muğam oxuyanlara qulaq asardı. Musiqinin səsini artırardı, bütün qonşular o musiqiyə qulaq asardılar.

Məsələn, Qazaxda hansı evə gedirsən, oradan bir saz asılıb. İstər-istəməz orada böyüyən uşağın beyini ora yönəlir, aşıq musiqisi ilə yoğrulur. Amma bu, o demək deyil ki, Tovuzdan xanəndə çıxmaz. Məsələn, Kəlbəcərdə xanəndələr yetişmir. İlk dəfə Babək Niftəliyev oradan professional səhnəyə çıxıb. Ondan sonra davamçıları gəldi".

Müsahibimiz xarici qastrollarda onu dinləyib, təəccübünü gizlətməyən tamaşaçılardan söz açıb: "Biz xarici ölkələrdə konsert verəndə zilə, bəmə, zəngulələrə heyrətlə qulaq asırlar. Xarici tamaşaçılar soruşurlar ki, boğazına nəsə qoydurmusan? Deyirlər ""Aaaa" eliyirsiniz, onu necə edirsiniz? Mümkün deyil axı, hansısa aparat qoymusan, boğazına nəsə qoydurmusan, ola bilməz. Allah insanı elə yaratmayıb". Tərcüməçi deyir axı elə bir şey mümkün deyil. İnsan boğazına necə aparat yerləşdirə bilər? Heç cür inandıra bilmirik ki, bunu özümüz oxuyuruq. Bizim musiqimiz xarici ölkələrdə fərqli qarşılanır. Bir fərq olur, bizdə tamaşaçı hər xırdalığa fikir verir, alqışlayır. Amma orada əvvəlcə tamaşaçılar sakitcə dinləyirlər, bizə elə gəlirdi ki, xoşlarına gəlməyib. Amma mahnı bitən kimi çox yüksək alqışlar görürük.

Yunanıstanın Afina şəhərində ilk dəfə olaraq azərbaycanlıların konserti təşkil olunmuşdu. Orada çox böyük maraqla qarşılanmışdı. Tədbirdə vitse- prezident Mehriban Əliyeva da iştirak edirdi. Daha sonra Kubada da konsert oldu. Orada elə idi ki, sanki xiridarların içində oturub muğam oxuyursan. Hər bir xırdalığı alqışlayırlar.

Mən də təəccübləmişdim ki, bu, necə olur? Adi bir xırdalığı necə böyük alqışlayırdılar. İtaliyada böyük bir festival təşkil olunmuşdu, açıq havada. Xarici ölkələrdən də musiqiçilər var idi, amma onlar fonoqram oxuyurdular. Bizdə isə tar, kamança və qavalla muğam oxuyurduq. Barmaqlarım o qədər donmuşdu ki, qavalla çıxış etmək olmurdu. Yarım saat ayırmışdılar bizə. Biz o soyuqda çıxışımızı etdik, çox böyük sevgi ilə qarşılandı. 1 aya yaxın Amerikada olduq. Amerikada musiqinin tanıtımı layihəsi var idi. Bütün ştatlarda, orta məktəblərdə, uşaq bağçalarında, qocalar evində, ali məktəblərdə və s. bir çox müəssisələrdə master-klass keçmişdik".

Təyyar müəllimin dediyinə görə, muğam sahəsində ruhumuza daha yaxın olan ölkə İrandır: "Koreyadan tələbimiz var idi, çalışırdı, öz üzərində işləyirdi, amma alınmırdı. Türkiyədən də tələbəm var idi. Əcnəbilərin içində ən çox iranlıların ruhu bizə daha yaxındır. Çünki onlar da bizim musiqilərimizlə böyüyüblər. Mən İrana gedəndə gördüm ki, muğam müsabiqəsindən heç məndə olmayan lent yazıları onlarda var".

Təyyar Bayramov may ayında təşkil olunan "Xarıbülbül" festivalında ifa etdiyi "Bayatı-Şiraz"la hər kəsi göz yaşlarına boğan oğlu Kənandan da bəhs edib:

"Kənanla özüm də məşğul oldum. Sonradan Mənsum müəllim dinlədi, dedi səsi yaxşıdır. Sonradan Heydər Əliyev adına Təhsil Kompleksinə daxil oldu. Çox fərqli uşaq idi. Uşaq ola-ola oturub muğamları dinləyirdi. Onun yaşıdları ancaq cizgi filminə baxırdılar, amma Kənan gün ərzində 1 dəfə mənim ifamda olan "Şah İsmayıl" operasına, bir dəfə də "Leyli Məcnun" operasına baxırdı. Əzbər bilirdi o operaları. Harada nə baş verəcəyini dəqiq bilirdi".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov

T.Bayramov bir müddət öncə müğənni Tacir Şahmalıoğlunun "Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub, öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil" fikrinə münasibətini bildirib:

"Bizim Tacir müəllimlə münasibətimiz çox yaxşıdır. Mən əvvəl musiqisi Tahir Əkbərin olan "Amin" mahnısını dinlətdim, bəyəndi. Dedim "əmisi, Kənan "Bayatı-Şirazı" da oxumaq istəyir. Dedi "qurbandır, oxusun". Dedi "İndi oxuyub pis vəziyyətə salırlar, amma Kənan oxusun". Mən də oxumuşam, amma mən də fərqli oxumuşam. Gələn hər bir gənc o musiqiləri ifa etməlidir ki, unudulmasın.

Məsələn "Azərbaycan" mahnısını Müslüm Maqomayevdən yaxşı heç kəs oxumayıb. Onda musiqini heç kəs oxumasınmı? "Şuşanın dağları"nı Xan əmidən yaxşı heç kəs oxumayıb, belə çıxır ki, heç kəs onu oxumasın? Kənan o mahnını da ifa edib. "Şuşanın dağları"nı oxuyanda heç dörd yaşı yox idi. Amma gənclər ondan əvvəl ifa edənləri vurğulamalıdırlar".

Onu da qeyd edək ki, T.Bayramov 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Muğam Müsabiqəsində birinci yerə layiq görülüb. Eyni ildə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Muğam Müsabiqəsində Qran-pri mükafatına layiq görülən həmsöhbətimiz 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Əməkdar artist söhbətimizin sonunda xarici musiqiçilərlə olan sintezləri haqqında deyib: 

"Xalq artisti Səyavuş Kərimlinin "Salam-Hola" adlı layihəsi Amerika və Azərbaycan musiqiçiləriylə birgə keçirildi. Çox maraqla qarşılandı. Bu çərçivədə bizim çoxlu konsertlərimiz oldu, möhtəşəm idi. Mən də orada 3 mahnı ifa etmişdim. Daha sonra dünya şöhrətli Sami Yusufla da improvizələrimiz olub. Nəsiminin "Sığmazam" qəzəlini xor və orkestri ilə birgə oxuduq. İmprovizə savadlı şəkildə olanda qəbul olunur, sevilir".

6921

Azərbaycan-Rusiya: Qarşılıqlı ticarətin artımı birgə fəaliyyət alətləri

0
(Yenilənib 19:11 23.07.2021)
Rusiya şirkətləri nümayəndələrinin Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına dair səmərəli qərarlar, qarşılıqlı əmtəə dövriyyəsinin artımı, və bir çox məsələlər müzakirə olunub.

Azərbaycanda bir sıra flaqman layihələrin həyata keçirilməsi buna sübutdur: bura "KAMAZ" avtomobillərin yığılması üzrə müəssisənin, "Qazel" və "QAZon NEXT" (QAZ qrupu) markalı kommersiya yük avtomobillərinin yığılması üzrə istehsalatın, helikopterlərə xidmət mərkəzinin (Rusiya helikopterləri SC), NOVA-340 ("Rostselmaş" ASC), taxıl kombaynlarının istehsalının yaradılması, habelə Rusiyada istehsal olunan dəmiryolu vaqonlarının Azərbaycana gətirilməsi ("Altayvaqon" SC) aiddir.

Rusiya azərbaycanlı tərəfdaşlara nəqliyyat, energetika, sosial infrastrukturun inkişaf etdirilməsi, Azərbaycanda və regionda perspektivli investisiya layihələrinin həyata keçirilməsini təklif edir.

Bundan başqa, Azərbaycan tərəfi Rusiya şirkətlərini nəqliyyat dəhlizlərinin bərpası prosesində əməkdaşlığa cəlb etmək niyyətindədir.

Təfərrüatlar Sputnik Azərbaycanın videosunda.

 

0