Salvador Dali

Salvador Dali falçı idimi?

315
(Yenilənib 13:27 25.10.2016)
Kürsülərinə yaslanıb ağzı köpüklənə-köpüklənə "ölkədə istedad yoxdur, nə var idisə, keçmişdə var idi" deyən adamlar elə bütün istedadları bu ölkədən didərgin salan adamlardır

BAKI, 25 okt — Sputnik. Yazıçı Mirmehdi Ağaoğlunun Salvador Dali və onun "Yeni insanın doğuşunu izləyən geopolitik uşaq" əsəri haqqında yazısını oxudum.

Ehtiram Məhərrəmov
© Sputnik / Orxan Bahadırsoy

Maraqlı və mühüm məlumatlarla zəngin olan bu yazıda rəssam İmran Nurəlinin əsər haqqında iddiası daha çox diqqətimi çəkdi. İmran bəy Salvador Dalinin məşhur əsəri haqqında belə deyir: "Bu əsərdə Salvador Dali özünün davamçısının, ikinci rəssamın Azərbaycanda doğulduğunu işarə edib. Həmin rəssam mənəm".

Mən yaradıcı insanlarda özünə olan güvəni, inamı, sevgini, müəyyən qədər xoşagəlimli təkəbbürü sevənəm. Bəli, istedadı şux saxlayan amillərdən biri də xoşagəlimli təkəbbürdür. Lakin istedadlı insanın, yaradıcı şəxsin mistik, mövhümi cəfəngiyyatlara inanmasını qəbul edə bilmirəm.

Salvador Dalinin Maestri de la Petura əsəri
PUBLİC DOMAİN
Salvador Dalinin Maestri de la Petura əsəri

Axı Salvador Dali kimi nəhəngi kütləyə öncəgörücü, ekstrasens, falçı, cadugər və başqa bu kimi sifətlərlə tanıtmağı necə qəbul etmək olar? Ən ağır dərd də odur ki, bu təqdimatı edən özü də bir rəssamdır, yəni yaradıcı şəxsdir. Hələ sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev də İmran Nurəlinin fikrini təsdiqləyir.

Rəsmdən söhbət düşəndə ağlıma ilk gələn ad Pablo Pikasso olur. Xoş bir hadisədir ki, bu yazını yazmağım da onun doğum gününə təsadüf etdi. Pablo Pikasso 1881-ci ilin 25 oktyabrında İspaniyada doğulub. Onun ən məşhur əsərlərindən biri də 1937-ci ildə almanların Gernika şəhərini bombalamasına həsr olunub.

İkinci Dünya Müharibəsi illərində Pablo Pikassonun emalatxanasını yoxlamaq üçün gələn alman generalı "Gernika" rəsmini görüb rəssamdan soruşur: "Bunu sizmi etdiniz?" Pablo Pikasso cavab verir: "Yox, siz etdiniz".

Pablo Pikasso öz əsəri ilə müharibəni təpikləyib, onun səbəbkarlarını bir cümlə ilə şillələyəndə, Leonardo da Vinçinin "Mono Liza"sını əsərin vətəni olan Florensiya şəhərinə qaçıranda, Jan Kokto ilə Roma teatrlarında opera və baletlərə rəssamlıq edəndə, Olqa Xoxlova ilə evlənib Maria Terezlə, Dora Maarla sevgili olanda, kubizmin əsasını qoyanda bizim rəssamımız Salvador Dalini falçı çıxarmaqla məşğul olur.

Pablo Pikassonun Gernika rəsmi
PUBLİC DOMAİN
Pablo Pikassonun "Gernika" rəsmi

Yeri gəlmişkən, bir gənc xanım rəssam da Rəssamlıq Akademiyasının müəlliminə erotik çalarların yer aldığı rəsmini göstərəndə belə bir cavab almışdı: "Get gül-çiçək, dağ-meşə çək. Bu biədəb şeyləri niyə çəkirsən?" Burdan o müəllimə bir xatırlatma edək: Pablo Pikassonun "Aviqnon fahişəxanası" adlı kubizmin ilk nümunələrindən sayılan məşhur rəsmi İspaniyanın küçələrini bəzəyir.

Salvador Dalinin əsərinə gəlincə, əlbəttə, Mirmehdi Ağaoğlunun yazısının sonunda müəllifin fikri daha məntiqli və maraqlıdır: "Dalinin tabloda göstərdiyi qadın nə Qafqaza, nə Abşerona, nə də Bakıya işarə edir. O qadın barmağını, məhz yeni doğulan insana tuşlayıb və geopolitik uşağa məhz bunu göstərək sanki deyir: Geopolitik uşaq, bil və agah ol, yeni dünyanın siyasəti məhz Amerikadan doğulacaq, dünyanın gələcək gərdişini Amerika müəyyən edəcək. Əgər qadın Abşeronu işarə etsəydi, o zaman uşaq da yeni doğulan insana deyil, məhz Abşerona baxardı".

Ümumiyyətlə, Azərbaycanın film, teatr, musiqi, ədəbiyyat və digər mədəni sahələri kimi rəssamlıq da inkişafdan qalıb. Bu bədbin yanaşmaya görə məni qınamayın. Əgər Toğrul Nərimanbəyovu misal çəksək, Parisdə yaşadı və elə orda da vəfat etdi. Nə olsun ki, Azərbaycanın xalq rəssamı, İstiqlal ordeni, Şərəf ordeni və başqa mükafatlarla təltif olundu!?! Həqiqət isə odur ki, Toğrul Nərimanbəyovun Azərbaycanda məzarı da yoxdur. Babaxan Bədəlov desək, o da Parisdə yaşayıb-yaradır və hər müsahibəsində Azərbaycandan küsdüyünü deyir.

Kürsülərinə yaslanıb ağzı köpüklənə-köpüklənə "ölkədə istedad yoxdur, nə var idisə, keçmişdə var idi" deyən adamlar elə bütün istedadları bu ölkədən didərgin salan adamlardır. Burda qalanlar da uğur qazana bilməmək sindromundan əziyyət çəkib Salvador Dalini falçı çıxardılar. Gözünüz aydın!

315
Teqlər:
Mirmehdi Ağaoğlu, Salvador Dali, falçı, rəsm, rəssam, insan
Əlaqədar
Onlar niyə xoşbəxt ola bilmədilər?
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Eyni ayda vəfat edən ana və oğlu - iki musiqi nəhəngi
Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?
Seks-simvol olmaq istədilər, amma...
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

18
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

18
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
Qərənfil

İranın məşhur aktyoru vəfat edib

15
(Yenilənib 12:54 02.12.2020)
İranlı aktyor 98 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Əli Əsgər ürək tutmasından həyatını itirib.

BAKI, 2 dekabr — Sputnik. İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

15
Teqlər:
Oskar, İran, vəfat, aktyor
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

21
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

21