Özbəkistanın tanınmış yazıçı-publisisti Şöhrət Salamov

Bakıda görkəmli özbək yazıçısı ilə görüş olub

42
Şöhrət Barlas: "Bizim ali məktəblərdə Azərbaycanın görkəmli şəxsiyyətləri olan Üzeyir Hacıbəyov, Maqsud Şeyxzadə, Ziya Bünyadova həsr olunmuş kabinetlər istifadəyə verilib"

BAKI, 30 sen — Sputnik. Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Özbəkistanın tanınmış yazıçı-publisisti Şöhrət Salamovla (Şöhrət Barlas) görüş olub. Sputnik xəbər verir ki, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olmasından danışıb.

Tərəflərin fikir mübadiləsi zamanı özbək elmi ictimaiyyəti ilə daha sıx əməkdaşlığın qurulmasına, gələcəkdə Şöhrət Barlasla institutda görüşlərin təşkilinə dair razılıq əldə olunub. Bildirilib ki, Ş. Barlasın "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" adlı kitabı beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin genezisinə, onun XIX-XX əsrlərdə türk xalqlarına, müsəlmanlara qarşı həyata keçirdiyi kütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib.

Qonaq qeyd edib ki, Özbəkistanda iki xalq arasındakı əlaqələrin inkişafına xidmət edən mühüm işlər görülür: "Bizim ali məktəblərdə Azərbaycanın görkəmli şəxsiyyətləri olan Üzeyir Hacıbəyov, Maqsud Şeyxzadə, Ziya Bünyadova həsr olunmuş kabinetlər istifadəyə verilib".

Daha sonra yazıçı-publisist bildirib ki, akademik Ziya Bünyadovun özbək dilində nəşr edilmiş "Xarəzmşahlar dövləti" kitabı Özbəkistanda stolüstü kitabdır.

Qonaq qeyd edib ki, 2016-cı ildə Daşkənddə "Azərbaycan kəlağayı sənəti və onun özəllikləri" adlı tədbir keçirilib: "İki xalq arasındakı əlaqələrin inkişafına xidmət edən tədbirlərin əsas təşkilatçısı Azərbaycanın Özbəkistandakı səfirliyidir".

Şöhrət Barlas bildirib ki, azərbaycanlılar Özbəkistanın ictimai, mədəni həyatında tarixən mühüm izlər qoyublar. Daha sonra yazıçı məlumat verib ki, bu ilin sentyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə özbək dilində çap edilib.

Qeyd edək ki, görüşdə Tarix İnstitutunun direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli, elmi katib İradə Əliyeva və başqaları da iştirak edib.

42
Teqlər:
Yaqub Mahmudov, Şöhrət Barlas, Özbəkistan, AMEA, publisist, yazıçı
Əlaqədar
Şairlə müğənninin təhqiri arasındakı fərq
Vətəndaş həmrəyliyinə nail olmaq istəyən şair
Xalq şairi vəfat etdi
Ələbaxan yazıçının, şairin günü...
Dahi Azərbaycan şairinin xatirəsi anılıb