Rəsad Əhmədzadə Kukla teatrının direktoru

"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"

232
(Yenilənib 12:32 22.09.2016)
Rəşad Əhmədzadə: "Kukla Teatrı açıq kassaya işləyən teatrlardandır. Uşağını bir dəfə teatra gətirən valideyn çalışır ki, hər həftə gəlsin"

BAKI, 22 sen — Sputnik. Bu il Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyidir. Yubiley ərəfəsində teatrın direktoru Rəşad Əhmədzadə Sputnik-in suallarını cavablandırıb.

- Yubileyinizi necə qeyd edəcəksiniz?

Gümrah Ömər, YUĞ teatrının baş rejissoru
© Photo : G.Ömərin şəxsi arxivindən

— Teatrımız 1931-ci ildə yaranıb. Bu il teatrın 85 yaşı tamam olur. Kollektivlə belə bir qərara gəldik ki, yubiley tədbirlərimizi noyabr-dekabr aylarına saxlayaq. Çalışacağıq ki, yaddaqalan olsun.

- Kukla teatrı üçün İncəsənət Universitetində xüsusi fakültə yoxdur. Belə olan halda teatrınız kadr məsələsini necə həll edir?

— Bakıda, Naxçıvanda, Gəncədə, Salyanda və Qaxda olmaqla, Azərbaycanda beş dövlət kukla teatrı var. Buna baxmayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu fakültəsi yoxdur. Ona görə də bu aktyorların hamısı kukla teatrlarında hazırlanır. Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsini bitirənlər kuklanın bütün mexanizmini teatrda — istər bizim, istər digər kukla teatrlarında öyrənirlər. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə teatrlarda studiyaların fəaliyyətə başlaması nazirliyin bizə ən böyük dəstəyi oldu. Bundan ən çox yararlanan, yəqin ki, Kukla Teatrıdır. Çünki aktyorluq fakültəsini bitirib gələnlər həmin o studiyada kurs keçərək kuklaların idarə edilməsi, səsin formalaşdırılmasını öyrənəndən sonra teatrda işə qəbul edilir.

- Kukla Teatrı uşaqlarla yanaşı, son zamanlar böyüklər üçün də tamaşalar hazırlayır. Bu, teatr üçün yenilikdir…

— Bəli. Melodiya" və "Zəng" tamaşaları məhz böyüklər üçün nəzərdə tutulub. "Melodiya" ailə-məişət mövzusunda sözsüz, musiqi və hərəkət üzərində qurulan tamaşadır. "Zəng" tamaşasının əsas mövzusu isə valideynləri unutmamaq, diqqətdən kənarda saxlamamaqdır. Məlumdur ki, festivalda göstərilən tamaşaların mövzusu kassa tamaşalarından fərqli olur. Biz "Zəng" və "Melodiya" tamaşalarını festivallar üçün hazırlamışıq. Elə premyeralardan məlum oldu ki, çox uğurlu tamaşalar alınıb.

Vaqif Əsədov, xalq artisti
© Photo : V.Əsədovun şəxsi arxivindən

- Kukla Teatrına maraq nə dərəcədədir, teatrın repertuarı tamaşaçını qane edirmi?

— Kukla Teatrı açıq kassaya işləyən teatrlardandır. Uşağını bir dəfə teatra gətirən valideyn çalışır hər həftə gəlsin. Ona görə də çalışırıq, repertuarımızda tez-tez dəyişiklik edək, yeni, rəngarəng tamaşalar olsun. Hazırda Kukla Teatrının repertuarında 27 tamaşa var. Nizami Gəncəvi, Şekspir kimi klassiklərdən tutmuş müasir yazarlara qədər pyeslər var. "Tıq-tıq xanım", "Göyçək Fatma", "Məlikməmməd", "Cırtdan" kimi nağıllar artıq Kukla Teatrı üçün klassikaya çevrilib. Bunlarsız teatrın repertuarını təsəvvür etmək mümkün deyil.

- Kukla Teatrında işləyən aktyorlara seriallarda, filmlərdə çəkilməyə imkan yaradırsınız? Aktyorların bu cür təkliflərinə etiraz etmirsiniz?

— Kukla teatrlarının aktyorları simaca az tanınırlar. Tanınanları da telekanallardan tanınır. Kanallarla ümumi layihələrimiz olanda əksinə, razılıq veririk. Bizdən asılı olan hər şeyə dəstək veririk. Bu, aktyorların tanınmasına, onların əlavə gəlir əldə etməsinə səbəb olur. Elə bir hal olmayıb ki, aktyor seriala çəkilsin, ona görə biz məşqi, tamaşanı təxirə salaq. Aktyorla birinci şərtimiz odur ki, çəkilişdə ola bilərsən, veriliş apara bilərsən, amma birinci növbədə teatrdır.

232
Teqlər:
Rəşad Əhmədzadə, Kukla Teatrı, valideyn, məşq, teatr, tamaşa, uşaq
Əlaqədar
Bu teatrı internetdə də izləmək mümkün olacaq
Teatr mövsümü qapanır
Teatrdan çaxır qoxusu gələrsə...
Kukla teatrının rejissoru: nağıl qəhrəmanları azdır
"Teatrı sevən insanlar biletə pul tapıb gedir"
Film çəkilişi, arxiv şəkli

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

996
(Yenilənib 21:45 08.08.2020)
Əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ay camaat, bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib". Personajlarının hər kəlməsi xalq dilində zərb-məsələ çevrilmiş "Bəyin oğurlanması" filmindən kolxoz sədri Hidayət müəllimin fikridir. Kino, doğrudan da qəliz və vacib məsələdir. Ölkənin dünya arenasında tanınmasında kino əvəzsiz vasitədir.

Venesiya beynəlxalq film festivalının keçirildiyi məkanın yanında qızıl şir heykəli, arxiv şəkli
© Sputnik / Екатерина Чеснокова

Tənqidçi və kinoşünas Sevda Sultanova Sputnik Azərbaycan-la söhbətində son illər Azərbaycan kinosunda yaranan boşluqlardan danışıb.

- Ötən əsrin 60-70-ci illəri və qismən də 80-ci illər Azərbaycan kinosunun intibah dövrü olub. Lakin sonralar, məlum səbəblərdən, digər sahələr kimi, kino sahəsi də tənəzzülə uğradı. Sonralar digər sahələr inkişaf etsə də kino sahəsi yerində sayır, sizcə, bunun səbəbləri nədir?

- Azərbaycan kinosunda bir neçə dəfə qırılma nöqtəsi baş verib. Birinci qırılma nöqtəsi 1930-cu illərin repressiyaları ilə bağlıdır. Yəni senzura gücləndi, kino sektoruna nəzarət gücləndi, həbslər başladı, qeyri-millətdən olan kadrlara üstünlük verildi. Ümumiyyətlə, kino sənəti ölkəmizə gəldiyi ilk illərdə ən yaxşı filmləri azərbaycanlılar çəkiblər, nəinki ruslar və ya ermənilər. Digər millətlərin çəkdikləri filmlərdə xeyli təhrif vardı ki, bu barədə Cəfər Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazıb. Yerli rejissorlarımız isə mühiti, coğrafiyanı, mentallığı, yerli mədəniyyəti, əhvalatları bilirdilər, üstəlik, istedadlı çəkirdilər.

Qeyd etdiyiniz 60-70-ci illərdə də intibahı milli rejissorlarımız yaratdılar. Mənə görə, Azərbaycan kinosu ikinci intibah dövrünü məhz sovetlərin dağılması ərəfəsində yaşadı. Bu, 1980-ci illərin sonundan 1990-cı illərin ortalarınadək davam etdi. "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi" adlı araşdırmamda bu haqda ətraflı yazmışam. Sonrakı illərdə kinoya ayrılan büdcənin monopoliyaya alınması, keyfiyyətsiz idarəetmə sistemi bu sahədə növbəti qırılma nöqtəsinə səbəb oldu. Daha bir məqamı deyim: əslində bunun özü böyük araşdırma mövzusudur. Yaradıcılığının ilk illərində yüksək peşəkarlıq göstərən rejissorların sonrakı işlərində zəif nəticələr göstərməsi maraqlıdır. Misalçün, Hüseyn Seyidzadənin "Yenilməz batalyon" filmində əldə etdiyi nəticə digər filmlərində nəzərə çarpmadı. Səbəbləri çox ola bilər. Məsələn, Seyidzadə çox sıxışdırılırdı, bu da onun yaradıcı potensialına təsir etməyə bilməzdi. Dediyim kimi, araşdırılmalı mövzudur.

- Ümumiyyətlə, necə düşünürsünüz, kinomuzun bu duruma düşməsinin günahkarı kimlərdir?

- Bayaq dediyim kimi, başlıca problem doğru olmayan idarəçilik sistemindədir. Amma italyan neorealizmi çətin şərtlərdə yaranmışdı. Görünür, burada yaradıcı adamların entuziazmı da böyük rol oynayır.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan dərslərin əksəriyyəti qeyri-ixtisas fənləridir. Universitetə böyük şövqlə qəbul olunan tələbənin qol-qanadı həmin illərdə sınır. Sizcə, milli kinomuzun bu duruma düşməsinin səbəbi həm də bu ola bilərmi?

- İncəsənət Universitetində tədrisin hansı prinsiplərə əsaslanması, keyfiyyəti haqda ətraflı məlumatım yoxdur. Amma orada təhsil alan tələbələrdən, məzunlardan eşitdiklərimə görə, dərslər keyfiyyətli, məhsuldar keçirilmir, müəllimlərin bir qisminin sahələri üzrə yetərli bilgiləri yoxdur, peşəkarlığı qənaətbəxş deyil. Aydın Dadaşov bir dəfə məni kinoşünaslıq kafedrasına dəvət etmişdi. İstəyirdi ki, mən və Aygün Aslanlı müəllim kimi burada fəaliyyət göstərək. Yeri gəlmişkən, mən İncəsənət Universitetini bitirmədiyimdən, orada dərs deməyim üçün ya kino ilə bağlı kitabım olmalıydı, ya da heç olmasa, Universitetdə qiyabi təhsil almalıydım. Aydın müəllim dedi ki, sənin üçün şərait yaradacağıq. Nə kitab yazmağa, nə ikinci təhsilə həvəsim olmadığımdan alınmadı. Həm də kitab üçün təklif olunan mövzu ürəyimcə deyildi. Həmin kafedrada bir neçə müəllimlə söhbət edəndə onların kino bilgilərinə dırnaqarası heyran oldum.

Bu il milli kino ilə bağlı iki mühüm araşdırma etmişəm, "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabım çıxıb. Xeyli resenziyam var, yaxınlarda "Azlogos"da dünya kinosunda homoseksual mövzunu araşdıran yazım yayımlandı, üstəlik, mükafat alan yeni Qərb filmləri ilə bağlı təhlillərim var. Mənim üçün maraqlıdır ki, İncəsənətdə dərs deyən kinoşünasların və ya kino tənqidçilərinin hansı məhsulu var? Bu, mənim üçün, doğrudan, maraqlıdır. Və onların yetişdirdiyi yeni nəsil kino tənqidçiləri haradadır?

Bu yaxınlarda gənc kinotənqidçilər axtarırdım, əməkdaşlıq üçün. Araşdırdım, tapa bilmədim. Məlum oldu ki, teatrşünaslıqda, teatr tənqidində yeni, maraqlı imzalar var, amma kinoda yoxdur. Mən, Aygün Aslanlı kino tənqidi ilə məşğul olmaq istəyən gənclərlə biliklərimizi təmənnasız paylaşmağa, fikir mübadiləsi etməyə hazırıq. İstəyənlər sizinlə əlaqə saxlayıb, əlaqə nömrələrimi sizdən götürə bilərlər. "Debüt" studiyası və "Artlogos" saytı ilə birgə kino verilişi planlaşdırırıq. Aygünlə mən müəllifik. İlk mövzumuz "Resenziya necə yazılmalıdır?" olacaq. Qısa zaman içərisində gərəkli bilgiləri verməyə çalışacağıq.

- "Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar" adlı yazınızda xaricdə uğur qazanan gənc rejissorlarımızı qeyd etmisiniz. O rejissorlar ki, əcnəbi rejissorlarla rəqabətə girə biləcək qədər güclüdürlər.

- Azərbaycanda istedadlı rejssorlar həmişə olub. Xüsusən, indi gənc nəsil kinematoqrafçılar gəlirlər ki, onlar tədricən "Yeni dalğa"ya zəmin yaradırlar. Kino sahəsində idarəçiliyin qüsurluluğu, uyğun iqtisadi şərtlərin olmaması, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməməsi prosesi xeyli ləngitdi. Teymur Hacıyevin Kann festivalında, Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşməsi onların təkbaşına, müstəqil fəaliyyətlərinin nəticəsidir. Yəni, burada dövlətin rolu olmayıb.

Həmişə bu fikirdə olmuşam ki, tammetrajlı bədii filmlərə dövlət maliyyəsi ayrılmasın. Uşaq, cizgi, müəyyən mövzularda – məsələn, Qarabağ kimi mühüm mövzularda çəkilən filmlər istisna olmaqla.

İstedadlı, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq, həm də yaşadığımız texnogen dünyada imkanların bolluğu buna şərait yaradır. Demək istədiyim odur ki, əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

- Son illər ölkəmizdə film sahəsində, xüsusən də komediya filmləri monopoliyadadır. Çəkilən əksər komediya filmlərində eyni simaları görürük. Sizcə, bu, komediyanı çəkən rejissorun özünü sığortalaması ola bilərmi? Çünki həmin filmlərə sponsorluq edən təşkilatlar populyar simaya daha çox etibar edir.

- Mən gözləyirdim ki, komediya janrından tədricən dram, triller, melodram və digər janrlara keçiləcək. Yəni qanunauyğunluq bunu tələb edir. Amma hələ ki, komediya janrı dominantdır. Ən pisi isə odur ki, komediya janrının özündə belə çox az istisnanı nəzərə almasaq, keyfiyyət dəyişikliyi baş vermir. Çünki yeganə məqsəd pul qazanmaqdır. Onların pul qazanmaq istəyinə normal baxıram. Ancaq pul qazanmaq üçün yaxşı məhsul təklif etmək lazımdır axı. Ona görə eyni adamlar komediya çəkir ki, azad iqtisadi bazar yoxdur, normal reklam bazarı yoxdur, ifadə sərhədləri məhduddur və dediyim səbəblərdən ciddi rəqabət yoxdur. 1990-cı illərin əvvəllərindən iş adamları kinoya investisiya qoyurdular. Dövlətdən asılı olmayan, alternativ maliyyə ilə çəkilən müstəqil kino yavaş-yavaş inkişaf edirdi. Onların arasında festival üçün nəzərdə tutulan, ciddi filmlər üstünlük təşkil edirdi. Sonralar bu ənənə müxtəlif səbəblərdən yox oldu.

996
Əlaqədar
Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”
Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib
Azərbaycanlı dramaturqun pyesi Rusiya festivalının şort-listinə daxil edilib
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

1209
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

1209
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

0
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

0