BAKI, 25 iyul — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümü artıq yekunlaşsa da, xarici ölkə teatrları ilə yaradıcılıq mübadilələri hələ də davam etməkdədir. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Kalmık Milli Dram Teatrının baş direktorundan sonra, bu dəfə Permdə fəaliyyət göstərən "U mosta" teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov teatrın qonağı olub.
Bir neçə gün şəhərimizin və teatrın qonağı olan S. Fedotov Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri, əməkdar incəsənət xadimi Mübariz Həmidovla görüşərək bir sıra yaradıcılıq mübadilələri aparıb. Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarındakı tamaşalar, teatrın iştirak etdiyi beynəlxalq festivallar haqqında müzakirələr aparan iki teatr rəhbəri daha sonra cari ilin sentyabr- oktyabr aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından da danışıblar.
Teatr rəhbərləri festivalda iştirak edəcək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, digər ölkələr və onların təqdim edəcəkləri səhnə əsərlərini müzakirə ediblər. Söhbət zamanı məşhur rejissor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da bir əsərə məmnuniyyətlə quruluş verməyə hazır olduğunu bildirib.
Fedotov 2014-cü ildə iştirak etdiyi "III Beynəlxalq Bakı Teatr Konfransı"ndan maraqlı təəssüratlarla ayrıldığını və böyük məmnuniyyətlə cari ilin 5-6 noyabr tarixlərində keçiriləcək "IV Bakı Beynəlxalq Teatr Konfransı"nda iştirak edəcəyini dilə gətirib.
Qeyd edək ki, Sergey Fedotov RF-in Əməkdar İncəsənət Xadimi, "Qızıl maska", Çexiyanın Milli və RF-in Dövlət Mükafatları laureatı, Martin MakDonax Beynəlxalq Teatr Festivalının prezidentidir. Rusiyanın aparıcı teatrlarında, eləcə də bir sıra xarici ölkə teatrlarında onun quruluş verdiyi tamaşalar hazırda uğurla oynanılmaqdadır.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı ilə təltif edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq "Atatürk mükafatı"na layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Akademiya 30-dan çox ölkədə tanınmış universitetlər, elmi-tədqiqat institutları, müxtəlif fond və qurumlar ilə qarşılıqlı əlaqələr qurub. Akademiyanın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Niderland Krallığı, İran, Rusiya Federasiyası, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Bu günə kimi türk dünyasının, eləcə də digər ölkələrin yüzdən çox məşhur ziyalısı akademiyanın fəxri ad və beynəlxalq mükafatlarına layiq görülüblər.
Türk dünyasının məşhur simaları – Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları akademiyanın fəxri ad və medalları ilə təltif olunublar. Azərbaycanın görkəmli alimləri, o cümlədən Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Elbay Qasımzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.
BAKI, 26 yanvar — Sputnik. "Disney" yayım xidməti yeddi yaşınadək uşaqlar üçün "Dambo", "Piter Pan", "Aristokrat pişiklər" cizgi filmlərinə və "İsveçrəli Robinzon ailəsi" filminə baxmaq üçün yaş məhdudiyyəti qoyub.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, qərara səbəb kimi sözügedən filmlərdə irqçilik göstərilib.
Sayt "Piter Pan"ın "Redskins" adlanan hindu qəbiləsini təsvir etdiyi üçün bloklandığını iddia edib. "Aristokrat pişiklər"ə gəldikdə isə, qəhrəmanlardan birinin əyri gözləri və diş çıxıntıları "Disney"in xoşuna gəlməyib. Yayım xidməti hesab edir ki, bununla "Şərqi Asiya xalqlarının karikaturası" çəkilib.
"Dambo"da cənub plantasiyalarında afro-amerikalı işçilərin lağa qoyulduğu bildirilib, çünki kadrlardan birində qaradərili işçilər mahnılarında belə bir ifadə işlədirlər: "Qazancımızı alanda bütün pulları israf edirik".
"İsveçrəli Robinzon ailəsi" filmi isə "sarı və qara" üzlü pirat obrazına görə tənqid olunub.
BAKI, 26 yanvar — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) kütləvi şəkildə istefa ərizəsi təqdim edən peşəkar diplomatların sayı artır. Sputnik Azərbaycan Ermənistanın "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistan XİN-ə onlarla istefa ərizəsi təqdim olunub.
"XİN rəsmisi qəzetə müsahibəsində qeyd edib ki, istefalar Ermənistan rəhbərliyinin anlaşılmaz xarici siyasəti və Paşinyanın bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə bağlıdır. Yəni təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyanın bu sahədə siyasi və "biabırçı dərəcədə zəif" təyinatlarından narazıdırlar.
Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.
"Bizdə olan məlumata görə, yaxın vaxtlarda Ayvazyanın özünün də istefası mümkündür", - deyə nəşr yazır.