Aktyorlar Bəşir Səfəroğlu (solda) və Lütvəli Abdullayev (sağda)

Qazanmaq daha çətin, itirmək daha asan...

69
Əgər sənət olmasaydı, kainata baxar, lakin ona bir dəyər qazandıra bilməzdik

BAKI, 21 iyul — Sputnik. Hegel kimi sənəti elmdən ayıraraq onu insan ruhunun məhsulu hesab edən ünlü yazar İ.H. Baltaçıoğlu, pyesi həyatdan kəsilmiş bir dilim hesab edir. Bildirir ki, bu dilim əsərin mətnini təşkil edir və özündə müəyyən bir müddəti ehtiva edir. Qeyd edir ki, bu müddətin zaman müddəti ilə heç bir əlaqəsi yoxdur. Bu "müddət", "can müddəti" və "ruh müddəti"dir. 

Hər ikisinin bir yerdə nümayişi tamaşanın müddətini təyin edir. Tamaşada əsas məqsəd bu müddəti var etməkdir. Baltaçıoğlunun fikrincə, müddət olmayan yerdə tamaşa da ola bilməz. Müddət kəsildiyi anda həyat bitər. Və yazara görə, teatr dediyimiz "şey", bir həyat parçasının müddətə çevrilməsidir.

Bu müddəti var etmədə aktyorun funksiyası əvəzsizdir. Pyesin mövzusunu bədənləşdirən, obrazı öz "mən"ində axtaran aktyor teatr sənətinin canlı üzvüdür, tamaşanın yaradıcı qaynağıdır. Teatrın bütün ünsürləri aktyorun ətrafında cəm olar, tamaşanın uğuru aktyorun yaradıcılığı ilə dəyər qazanır. Bunu da Baltaçıoğlu söyləyir.

"Əcəba, hər şeyi teatrda saxlayıb bir tək aktyoru aradan qaldırsaq, nə olar?" sualına cavab vermək fikrimizcə, imkansız, çünki aktyorsuz teatr ola bilməz. Amma teatrsız aktyorun olması isə mümkün: Bu, bir aksiomadır.

Görəsən, dünyada elə bir insan varmı ki, heç olmasa bir dəfə də olsun sevdiyi hər hansı bir obrazı teatr səhnəsində canlandırmaq həvəsinə düşməsin? Amma olsa belə, teatr səhnəsini ötəri həvəs və istəklərə qurban vermək böyük qəbahət sayılsın gərək. Çünki teatr məbəddir və bu məbədin sakinləri rahib və rahibələr olsun gərək…

Xoşbəxtlikdən, Azərbaycan teatrı yarandığı gündən bu vaxta qədər heç bir vaxt aktyor qıtlığı yaşamayıb. Əksinə, azərbaycanlı aktyorların fitri istedadları, fədakarlıqları sayəsində Avropa tipli milli teatrımız öz varlığını günümüzə qədər sürdürə bilib.

Teatrı məbəd bilənlər şamın ətrafına dolanan pərvanə kimi zaman-zaman bu sənətin varlığında yanıb-yanıb "kül" olublar. Dünən belə idi… Azərbaycan teatrının hazırkı durumu onu deməyə əsas verir ki, bu gün nə şam var, nə də pərvanə…

"Bütün dünya teatrdır, insanlar isə onun aktyorları" — bunu Şekspir demişdi. Böyük dramaturq axı hardan biləydi ki, bir neçə əsr bundan əvvəl söylədiyi bu müdrik kəlam, günümüzdə bəzi sənət adamlarımız tərəfindən bir başqa cür yozulacaq? Özünü aktyor hesab edən varlıq teatr səhnəsindən çox, həyat səhnəsində rol almağa can atacaq? Qabil heç də yalan söyləmədi: "Müsibət oluruq biz, səhv düşəndə yerimiz…"

Tamaşaçı üçün isə yer problemi önəmli sayılmaz; istər açıq havada olsun, istərsə də qapalı məkanda. Təki oyun olsun, tamaşa olsun. Təki aktyor tamaşaçıya sayğı ilə yanaşsın, onun tamaşaya görə itirəcəyi zamana bir zənginlik gətirmiş olsun.

Bu gün böyük həvəs və sevgi ilə teatra üz tutanların ilk andaca xəyal qırıqlığına uğramasının kökündə aktyorun özünə, sənətinə və tamaşaçısına sayğısızlığı dayanır. Bu sayğısızlığı aldığı məvaciblə, ailə-məişət qayğıları ilə ört-basdır etməyə cəhd göstərən aktyoru anlamaq o qədər də çətin olmasa da, heç asan da sayılmaz. Amma, nədənsə "oynamaq istəməyən "yerim dardır" deyər həmişə…".

Aktyor, tamaşaçının gözündə səhnədəki geyimi, davranış tərzi, ədası, eyni zamanda bəzi yerli-yersiz səs və ifadə imkanları — "improvizə"ləri ilə deyil, özünü obrazın içində əridib yox etməsi ilə dəyər qazanmalıdır. Vaxtilə ağır onkoloji xəstəliyə tutulsa da, Ş. Qurbanovun "Milyonçunun dilənçi oğlu" tamaşasındakı (Musiqili Teatrın səhnəsində) polis rolunun məharətli ifası ilə Bəşir Səfəroğlu tamaşaçının gözündə daha böyük rəğbət qazanmış oldu.

Bu bir gerçəkdir ki, həyatda müəyyən problemlərlə üzləşən aktyor onu səhnəyə yansıtmamağa çalışmalıdır. Əgər aktyor həyatda təbiətcə bədbindirsə, o, səhnədə öz obrazına optimist münasibət bəsləməlidir. Reallıqda maddi sıxıntı yaşayan aktyorun səhnədə oliqarxı oynaması təbii haldır.

Ünlü yazar, pedaqoq, xəttat və siyasətçi İ.H.Baltacıoğlu hər şeyi teatrdan qaldırır, ancaq aktyoru saxlayır, "teatrda aktyordan başqa heç bir yaradıcı şəxs özbaşına dəyər daşımaz" qənaətinə gəlir və haqlı olaraq bildirir ki, teatr aləmində bütün yaradıcıların dəyəri aktyora görə verilir.

Dövrün tələblərinə zidd gedərək səhnədə qadın rollarını oynayan kişi aktyorlarımızın fədakarlıqları və eyni zamanda mühafizəkar bir cəmiyyətdə qadınlarımızın səhnəyə atılaraq teatr sənətimizə təmənnasız xidmətlər göstərmələri əsl sənət örnəkləridir. Fikrimizcə, aktyor, təbiətcə dərviş ruhlu olmalıdır. Əsl yaradıcı şəxsin öz sənətindən təmənnası ancaq və ancaq yüksək zövqlü tamaşaçı qazanmaqdan ibarət olmalıdır.

Hər zaman olduğu kimi, bu gün də sənət, kimlər üçünsə şöhrət, kimlər üçün isə sadəcə bir həyat, yaşam və enerji mənbəyi olaraq qalmaqdadır. İkinci qismə aid olanların azlıq təşkil etdiyi bu günümüzdə teatrın müqəddəslik simvolu daşıması şübhə doğurur. Bunu tamaşaçının teatra münasibətindən də aydın sezmək olur.

Unutmaq olmaz ki, sənəti özündə deyil, özünü sənətdə sevməyin ən böyük fəsadlarından biri tamaşaçı itkisidir. Aktyorun bu itkiyə yol açması bağışlanmazdır. Çünki qazanmaq daha çətin, itirmək daha asan…

Türkiyədə "təhsil islahatı axını"nın ən böyük təmsilcisi, İ.H.Baltacıoğluna görə, sənət olmasaydı, iç həyatımız, duyğularımız, ehtiras və iradələrimiz nəticəsiz qalardı… Əgər sənət olmasaydı, kainata baxar, lakin ona bir dəyər qazandıra bilməzdik… Sənət olmasaydı, dəyişmə və irəliləmə imkanlarımızdan xəbərdar ola bilməzdik… Əgər sənət olmasaydı dilsiz və vicdansız qalardıq…

69
Teqlər:
Baltaçıoğlu, sənətkar, səhnə, sənət, teatr, rejissor, aktyor
Əlaqədar
Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?
Musiqi sənətimizin korifeylərindən biri
Qocası cavanından çox yaşayan sənət
Bizim sənət fədailərimiz kimlərdir?
Sənət rüşvətə yoluxanda...
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

10
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

10
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif
Aygün Kazımova, arxiv şəkli

Rusiyanın məşhur müğənnisi Aygün Kazımovanı təbrik edib

22
(Yenilənib 20:30 26.01.2021)
Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb

BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.

22
Teqlər:
təbrik, ad günü, Filipp Kirkorov, Aygün Kazımova
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

0
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

0