Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət

"Bu tamaşanı Şuşada oynayacağıq"

23
Akademik Milli Dram Teatrında mövsümə yekun vurulub. Yola saldığımız mövsümdə uğurlarımızla yanaşı itkilərimiz də olub.

BAKI, 18 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə "Qarabağnamə" tamaşası ilə yekun vurulub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yekunla bağlı təşkil olunan tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, yola salınan mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub.

"Ənənəvi olaraq teatr mövsümünün həm bağlanış, həm də açılış mərasimini "Qarabağnamə" tamaşası ilə edirik. Akademik Milli Dram teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır. "Qarabağnamə"ni, inşallah, Şuşada oynayacağıq", — direktor bildirib.

Onun sözlərinə görə, yola saldığımız mövsümdə uğurlarımızla yanaşı itkilərimiz də olub: "Xalq artisti İlham Əsgərovu itirdik. Allah daha tez-tez itki qismət eləməsin. Yeni-yeni tamaşalar təhvil verək, tamaşaçılarımızı sevindirək".

Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

23
Teqlər:
"Hökmdar və qızı", "Qarabağnamə", Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azər Paşa Nemət, teatr
Əlaqədar
Salyandan Təbrizə qədər yeganə teatr
Azərbaycanda yeni teatr yaradıldı
Bakıda yeni teatr yaradıldı
Əməkdar artist kino və teatr sahəsində yeyilən milyonlardan danışdı