Rəqqaslar

Azərbaycan rəqqasları üç nəfərin çörəyini yeyir

142
(Yenilənib 16:35 05.05.2016)
"Azərbaycanda rəqslə məşğul olan şəxsləri iki qrupa ayırmaq olar - milli rəqslərin qoruyucuları və toyxana oyunçuları. Toyxana oyunçuları öz ciblərinə xeyir güdürlər, onların məqsədi isə rəqs vasitəsilə pul qazanmaqdır"

Azərbaycan rəqqasları üç nəfərin çörəyini yeyir
BAKI, 28 apr — Sputnik. Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. Beynəlxalq Teatr İnstitutu və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə tanıdılan bu gün hər il aprelin 29-da qeyd edilir. Bu tarix, müasir baletin yaradıcısı Jan-Jorj Noverrin ad günü xatirəsinə təyin olunub.

Bununla əlaqədar Sputnik-in Mətbuat Mərkəzində "Azərbaycan rəqs sənətinin nailiyyətləri və problemləri" mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə iştirak edən əməkdar artist Tahir Eynullayev bildirib ki, Azərbaycanda peşəkar rəqs üç nəfərin adı ilə bağlıdır.

"Qədim tarixi olan Azərbaycan rəqslərinin müxtəlifliyi çoxdur, çünki bizim hər bölgə və rayonların öz rəqsləri və adət ənənələri var. Peşəkar rəqsə gələndə isə, o, Əlibaba Abdullayev, Qəmər Almaszadə və Əminə Dilbazinin adları ilə bağlıdır. Biz hamımız, hal-hazırda Azərbaycanda professional rəqslə məşğul olan insanlar demək olar ki, bu üç nəfərin çörəyini yeyirik", — T. Eynullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın professional rəqqası dünyanın bütün rəqslərini ifa edə bilər, bizim rəqsləri isə digər xalqlar o qədər də gözəl ifa edə bilmir: "Lakin buna baxmayaraq, Azərbaycan milli rəqsləri başqa dövlətlər, hətta türklər tərəfindən belə, mənimsənir. Onlar Azərbaycan rəqslərini ifa edib "Qafqaz rəqsləri" və başqa adlarda disklər buraxırlar".

Xoreoqraf Şəhriyar Cəfərovun sözlərinə görə, Azərbaycan milli rəqslərinin oğurlanması mövzusu qədimdir: "Sovet dövrünü yada salsaq, o vaxt Aram Xaçaturyan öz ilk "Qayane" baletində sırf Azərbaycan müsiqisindən istifadə edib. Orada bizim "Ənzəli" və "Uzundərə" rəqslərimizin musiqisi olub. O vaxt Qara Qarayev Bəstəkarlar İttifaqına müraciət edib ki, Aram Xaçaturyan boynuna alıb öz çıxışında, Azərbaycan musiqisindən istifadə etdiyini qeyd etsin. Və hətta elə bir arxiv yazı da var ki, Aram Xaçaturyan orada özü öz dili ilə "Qayane" baletində Azərbaycan rəqs musiqilərindən istifadə etdiyini deyir".

Ş. Cəfərov bildirib ki, ölkədə idmana çoxlu vəsait ayrılır, lakin məsələ rəqslərə çatanda, vəsait çatmır: "Azərbaycanda rəqslə məşğul olan şəxsləri iki qrupa ayırmaq olar — milli rəqslərin qoruyucuları və toyxana oyunçuları. Toyxana oyunçuları öz ciblərinə xeyir güdürlər, onların məqsədi isə rəqs vasitəsilə pul qazanmaqdır".

Xoreoqrafın sözlərinə görə, bu, sənətə xidmət deyil, onun istismar edilməsidir: "Bundan başqa, onlar utanmadan öz ifalarını youtube və digər sosial şəbəkələrə də yerləşdirirlər. İnternet vasitəsi ilə "Azeri dance" axtaran xaricilər isə onları görüb bunun necə milli rəqs olduğunu düşünürlər".

Qeyd edək ki, Azərbaycan xalqının özünəməxsus bir çox rəqsləri var. Onların sırasında "Vağzalı", "Uzundərə", "Nəlbəki", "Ceyranı", "Cəngi", "Qaytağı", "Qazağı", "Xançobanı" və başqalarını adlandımaq olar.

142
Teqlər:
Şəhriyar Cəfərov, Tahir Eynullayev, Əminə Dilbazi, Qəmər Almaszadə, Əlibaba Abdullayev, rəqqas, rəqs, Beynəlxalq Rəqs Günü
Əlaqədar
Ekspertlər milli irsi – Azərbaycan rəqslərini qorumağa çağırır
Bakıda bayram atmosferi: rəqslər və bayram karvanı
Azərbaycan rəqslərinin mahir ustası səfirlikdə təyinat aldı
Körpə uşaq ana bətnində rəqs edir
Barak Obama ata yurdunda öz rəqsilə hamını heyrətləndirib
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

22
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

22
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

56
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

56
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0