Kino tariximizin nadir qəhrəmanlarından - Qaloşlu adam

49
(Yenilənib 10:11 20.04.2016)
"Qanun naminə" filmindən Qaloş kimi tanıdığımız Rza Təhmasib Naxçıvanda dünyaya göz açıb.

BAKI, 20 apr — Sputnik. Azərbaycannın görkəmli Kino və Teatr rejissoru, aktyor və pedaqoqu Rza Abbasqulu oğlu Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda dünyaya gəlib. 

Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin korifeylərindən idi. Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.

16 yaşında ikən Tiflisdə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.

Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçib. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırıb.

Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.

Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub.

Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında "Ordenli Azərbaycan" sənədli filmini çəkmişdi.

Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu.[1] 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.

"Arşın Mal Alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 60 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar. R. Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim Məhəmmədhüseyn Təhmasib yazmışdı.

Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.

49