Rio-de-Janeyro olimpiada

Braziliyada Azərbaycan kino həftəsi keçirilib

12
Kino həftəsi çərçivəsində Azərbaycanın son illər çəkdiyi filmlər nümayiş etdirilib.

BAKI, 19 apr — Sputnik. Braziliyada Azərbaycanın sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, tədbir Braziliyada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Heydər Əliyev Fondunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib. Filmlər Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunub. 

Kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi həmçinin, “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Aprelin 7-də paytaxtda Braziliada Braziliya Bankının Mədəniyyət Mərkəzində adıçəkilən sənədli filmin təqdimatı keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində Qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək eyni zamanda, bu tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd edib.

O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.

Səfir E.Sultanov çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırıldığını və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxıldığını vurğulayıb.

Filmin aktual xarakter daşıdığını bildirən səfir E.Sultanov dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O həmçinin, son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması və törədilən təxribatlar barədə məlumat verib.

Çıxışın sonunda səfir bu filmin tarixdən ibrət dərsləri çıxarılmasının əhəmiyyəti baxımından həmçinin, sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riyaət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.

Filmin nümayişi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.

12
Kinolent, arxiv şəkli

Məşhur film festivalının keçirilmə tarixi bəlli oldu

11
(Yenilənib 17:00 05.08.2020)
Sentyabrın 14-20 tarixlərində keçiriləcək festivalda Beynəlxalq Tammetrajlı və Beynəlxalq Tələbə Filmləri yarışlarının da keçiriləcəyi açıqlanıb.

BAKI, 5 avqust — Sputnik. Türkiyənin nüfuzlu festivallarından olan 27-ci Beynəlxalq Adana "Altun Koza" film festivalının keçirilmə tarixi bəlli oldu.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyə Sədri Zeydan Karalar verdiyi yazılı açıqlamada bildirib ki, festival COVID-19 epidemiyasının şərtlərinə əməl edilərək həyata keçiriləcək.

Sentyabrın 14-20 tarixlərində keçiriləcək festivalda Beynəlxalq Tammetrajlı və Beynəlxalq Tələbə Filmləri yarışlarının da keçiriləcəyi açıqlanıb.

11
Yazı yazan kişi, arxiv şəkli

Rafiq Tağı 70: Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim

1165
Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Burada da qəribə bir simvolika var.

Bu il avqust ayının 5-i tanınmış yazıçı, ədəbiyyatımızın görkəmli və sevilən nümayəndəsi, bıçaqlanaraq qətlə yetirilən Rafiq Tağının 70 yaşı tamam olur.

Yaşasaydı onun üçün təbdəbəli yubiley tədbiri keçirilməyəcəkdi.

Çox güman ki, hər hansı təltif, diplom, medal, mükafat da qəbul etməyəcəkdi.

Uzaqbaşı ailəsi, dostları ilə bu günü qeyd edib, üzündə işıqlı, həlim təbəssümlə növbəti yaşıyla vidalaşacaqdı.

Ona görə yox ki, Rafiq Tağı yazıçı olaraq mükafata layiq deyil, sadəcə dəbdəbəni sevməzdi ustad. Yeri gəlmişkən onun şəxsiyyəti bütün mükafatlardan, bütün təltiflərdən üstün idi. Sağlığında hətta "tanınmış yazıçı" ifadəsini belə, qəbul etmirdi – kifayət qədər tanınsa da, sevilsə də....

Təxminən 9 il əvvəl mənimlə söhbətində demişdi: "Azərbaycanda "titul" haçansa baş vermiş yaltaqlığın nişanəsidir. Titulsuzluq bunun əksidir. Saxta ad və san insana ləzzət eləməsin gərək".

O saxta ad-sandan ləzzət almayacaq qədər böyük şəxsiyyət idi!

Rafiq Tağı həyatda mülayim, yazıda sərt, bəzən acımasız bir imza sahibi idi. Yazısında, müsahibəsində bir nöqtənin, bir hərfin, ən sadə bir fikirin davasını aparan adam, çayxana söhbətlərimizdə necə bu qədər mülayim ola bilirdi? Üzündəki həlim və şəfqətli ifadə ğmrümün sonuna qədər məni izləyəcək! Və tam səmimiyyətimlə düşünürəm ki, Rafiq Tağı mənim ilk ən böyük itkim idi...

Rafiq Tağı
© Photo : Azpolitika
Rafiq Tağı

Bu xoşxasiyyət, mehriban, ipək kimi adamın mətnləri od-alov, üsyan, başdan-başa etiraz idi. Yazılarını oxuyanda, onunla üz-üzə oturub söhbət etməyə, polemikaya girməyə çəkinirdin. Ancaq, əslində böyüklə-böyük, uşaqla-uşaq idi. Azacıq ədəbiyyat işığı gördüyü adamla oturub söhbət etməyə, polemikaya girməyə, bildiklərini bölüşməyə üşənməzdi. O qədər canayaxın, mehriban, gülərüz insan idi ki, insan özündən asılı olmadan bütün dərdini-sərini onunla bölüşməyə qeyri-iradi başlayırdı. Qəfil ayılırdın ki, illərin doğması kimi dərdləşirsən, içini açıb-tökürsən...

Bəlkə də onun sevilməsinin, sayğı görməsinin səbəbi bu sadəlövhlüyü, canayaxınlığı və qayğıkeşliyi idi.

Rafiq Tağı yorulmaz maarifçi idi. Hər söhbətində, hər yazısında oxumağın, mütaliənin faydasını xüsusi vurğulayır, bəzən fikirlərini sərt şəkildə ifadə etməkdən də çəkinmirdi.

"Kitabı nə üçün oxuyurlar: estetik baxışları formalaşdırmaq, incələşdirmək və heyvan səviyyəsindən çıxmaq üçün. Kim dediyim səviyyədə qalmaq istəyirsə, oxumasın – məcbur edən yoxdur." – Onun fikirləridir. Bəzən mütaliənin faydasını, oxumağın önəmini bu cür sərt şəkildə ifadə edir, oxumağın xalqın inkişafı üçün önəmini, dəyərini hər zaman xüsusi vurğulayırdı.

Rafiq Tağı imkansız xəstələrinin müalicəsi üçün dərman alan, xəstəsinin evinə əlidolu – bazarlıq edib gedən tək-tük həkimlərimizdən idi. Bəlkə də onun canayaxınlığı və qayğıkeşliyi, şəfqətli davranışları peşəsindən irəli gəlirdi.

Qətlə yetirilməsi, bıçaqlanması qəfil, gözlənilməz olsa da, özü sanki bunu öncədən duymuşdu və başına gələcəkləri yazıçı həssaslığı ilə həsr etmişdi. Onu hər dəfə xatırlayanda gündəliyimə qeyd etdiyim söhbətləri, ondan aldığım müsahibələri yenidən xatırlayıram, təkrar-təkrar oxuyuram. Qətlə yetirilməsindən təxminən on ay öncə aldığım müsahibəsində bir fikir səsləndirib. Və ölümündən keçən doqquz il ərzində mən hər dəfə bu fikiri xatırlayanda dəhşətə gəlirəm: "Başında Allah ideyası olmayan, humanizmdən bixəbər, ideyalar dünyasından yan keçmiş insandan nə desən gözləmək olar. Durduğum yerdə bıçağı qarnıma soxsalar, şəxsən mən təəccüblənmərəm."

Bəli, o sanki cəhalətin bıçaq zərbəsi ilə həyatını itirəcəyini, qətlə yetiriləcəyini, güzəştə getmədiyi bu savaşda şəhid olacağını öncədən duyurdu. Onu məhz "durduğu yerdə", heç bir səbəbsiz, gözlənilmədən qətlə yetirdilər. Ancaq cəhalət əlindəki bıçağı üzbəüz, gözlərinin içinə baxaraq qarnına soxmağa cəsarət etmədi. Rafiq Tağı ilə birlikdə ədəbiyyatımızı da, mədəniyyətimizi də kürəyindən bıçaqladılar...

Onu Allahsızlıda suçlayırdılar, ancaq Rafiq Tağı Allaha bütün dindarlardan bir köynək daha yaxın idi. Özü etiraf edirdi ki; "həyatımı İsa peyğəmbərin əxlaqına uyğun tərzdə qurmağa çalışıram."

Bu gün yana-yana xatırladığım böyük dost, böyük yazıçı, böyük şəxsiyyət Rafiq Tağı cəhalətin qurbanıdır. Onun işığı qarşısında gözü qamaşanlar bu işığı söndürmək üçün ən ləyaqətsiz yolu seçdi. Və biz öz sevimli yazıçımızı, əziz dostumuzu, ağsaqqalımızı qoruya, mühafizə edə bilmədik.

Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Bu məqamı düşünəndə sarsılıram. Burada da qəribə bir simvolika var. Çünki, onun qatili konkret bir adam deyil, cəhalət, savadsızlıq və nadanlıq idi. Və cəhaləti cəzalandırmağın yeganə yolu bu cəmiyyəti, bu toplumu maarifləndirmək, onun işığının, bilgisinin artmağına, çoxlamasına çalışmaqdır. Oxunan hər kitab, yazılan hər cümlə, gələcəyə ümidlə və arzuyla addımlayan hər bir gənc, alıb evimizə apardığımız hər bir kitab, Rafiq Tağının qatilindən aldığımız qisas, cəhalətə meydan oxumağımızsa o qatilə verdiyimiz ən böyük cəzadır.

Sənin ruhun qarşısında baş əyirəm dəyərli ustad, əziz dost...və ümid edirəm ki, hökmən görüşəcəyik!

1165
Qadın kitab oxuyur, arxiv şəkli

Tanınmış ədəbiyyat portalı Azərbaycan şairlərinin əsərlərini dərc edib

0
(Yenilənib 20:23 05.08.2020)
Bölmədə klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrinin də mütəmadi olaraq işıqlandırılacağı nəzərdə tutulur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Türkiyənin məşhur ədəbiyyat portalı olan erikagacioyku.com ("Alça ağacı") Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin türk dilinə tərcümə edilmiş "Şəhidlər", "Bilə bildiyin qədər" şeirləri dərc olunub.

2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran "Azərbaycan ədəbiyyatı" bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlərlə yanaşı, dahi şairimizin həyat və yaradıcılığı haqqında da geniş məlumatlar oxuculara təqdim olunub.

Screenshot - Erik

Bundan başqa, həmin səhifədə ölməz şairimiz Nəbi Xəzrinin yaradıcılığı və "Dəniz, göy, məhəbbət", "İki səs" şeirləri də türk dilinə tərcümə edilərək, oxucuların ixtiyarına buraxılıb.

Bölmədə klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrinin də mütəmadi olaraq işıqlandırılacağı nəzərdə tutulur.

Screenshot - Erik

Qeyd edək ki, sözügedən portalda dünyanın bir çox ölkələrinin məşhur şair və yazarlarının əsərləri tərcümə edilib.

0