Məhərrəm Şirinov

Şah əsərlər yarada bilərdi - bu gününə baxın

586
(Yenilənib 10:00 19.04.2016)
Hazırda şəraitsizlik üzündən heç sifariş də götürə bilmir. Yalnız kiçik işlər görür, o da yarı otaqda, yarı eyvanda. Ümid qalıb gözləməyə...

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 19 apr — Sputnik. İnsanlar bəzən ömründə bir, bəzən də bir neçə dəfə həyata sıfırdan başlamalı olurlar. Belə zamanlarda bəziləri intihara əl atır, bəziləri həyatdan küsərək tərkidünyalığa keçirlər.

Lakin elə güclü insanlar var ki, bütün çətinliklərə sinə gərərək, usanmadan, yorulmadan, ən azından sevdikləri üçün, itirdiklərini yenidən qaytarır. Təbii ki, bu itirilənləri qaytarmaq onun imkanı daxilindədirsə…

Qonağı olduğumuz Məhərrəm Şirinov da belə insanlardandır. Amansız müharibə onu da minlərlə kəlbəcərli kimi evindən-eşiyindən didərgin salıb. Canlarından başqa heç nə götürə bilməyiblər, ölkəmizin ən dilbər guşələrindən olan kəndləri İstisudan.

Gənc yaşlarında isə normal qayğısız həyatı olub. Bakıda rəssamlıq məktəbi oxuyub, bu sənətin sirrlərini öyrənib. Təhsil aldıqdan sonra Kəlbəcərə qayıdaraq rayonun diyarşünaslıq muzeyində kiçik elmi işçi kimi çalışıb. Lakin Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi onu da bir milyona yaxın soydaşımız kimi, hər şeyi yenidən başlamaq məcburiyyətində qoyub.

  • Məhərrəm Şirinov
    Məhərrəm Şirinov
    © Sputnik / Ilham Mustafa
  • Rəsm üç günə hazır olursa, belə əl işinə 10-15 gün vaxt sərf olunur
    Rəsm üç günə hazır olursa, belə əl işinə 10-15 gün vaxt sərf olunur
    © Sputnik / Ilham Mustafa
  • Taxta üzərində yandırma üsulu çəkilmiş rəsm
    Taxta üzərində yandırma üsulu çəkilmiş rəsm
    © Sputnik / Ilham Mustafa
  • Naxışlı masa
    Naxışlı masa
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Məhərrəm Şirinov

Məhərrəm Şirinov köçkünlük həyatının böyük bir hissəsini Naftalan rayonunda, Mil sanatoriyasında, 6 nəfər ailə üzvü ilə bir otaqda yaşamalı olub. İkinci qrup əlil olmasına baxmayaraq, öz gücünə ailəsinin korluq çəkməsinə imkan verməyib. Sanatoriyanın həkimlərinin birinci mərtəbədə kiçik bir otaq ayırması onun yaradıcılıqla məşğul olmasına yardımçı olub. Burada həm bacardığı işlərdə insanların köməyinə çatıb, həm də rəssamlıqla məşğul olub.

Lakin rəsm əsərləri yaratmaq üçün vəsait çatışmazlığı onu yeni bir sahəyə — ağac üzərində yandırma ilə əsərlər yaratmağa sövq edib. "Rəsm çəkmək üçün yağlı boya almalısan, kətan almalısan ki, bu da əlavə xərc tələb edir" —deyir Məhərrəm usta.

Ehtiyac üzündən bu sənətə üz tutan rəssam, belə əsərlərin çox çətinliklə başa gəldiyini bildirir: "Rəsm üç günə hazır olursa, buna 10-15 gün vaxt sərf olunur. Lakin buna baxmayaraq, bu işin sifarişçisini, alıcısını tapmaq daha rahatdır".

Dəfələrlə əsərləri sərgilərdə nümayiş olunub. 2009-cu ildə əlillərin sərgisində əsəri birinci yerə çixib. Ondan sonra daha həmin sərgiyə qatılmayıb: "Mən görünən əlil deyiləm, orada əlsiz-ayaqsız insanlar iştirak edirlər. Ona görə də bir daha ora getməmək qərarına gəldim".

Bütün çətinliklərə baxmayaraq, övladlarının ali təhsil almasını təmin edib. Yandırma üsulu ilə rəsmlər çəkib, onları sataraq dolanışıqlarını çıxarıb. Elə də baha satmadığını deyir əl işlərini. Ən yaxşı halda, 200-300 manata satıb.

"Bəzən elə olub, iki həftə əziyyət çəkdiyim əsəri 50 manata da vermişəm. Müharibə, məcburi köçkünlük olmasaydı, çox şeylər yarada bilərdim. Şah əsərlər yarada biləcəyim halda, gündəlik tələbatı ödəmək üçün işləyirəm", —deyir.

Lakin rəssam artıq beş ildir ki, sənətdən ayrı düşüb. 2011-ci ildə Goranboy şəhərində köçkünlər üçün yaşayış kompleksinə köçməsi ilə sənətinə ara verməli olub. Düzdür, geniş, ikiotaqlı təmirli ev veriblər. Çox razıdır. Amma işləmək üçün burada bir otaq tapa bilmir ki, emalatxana kimi istifadə etsin.

Hazırda şəraitsizlik üzündən heç sifariş də götürə bilmir. Yalnız kiçik işlər görür, o da yarı otaqda, yarı eyvanda. Bura köçən gündən Kəlbəcər Rayon İcra Hakimiyyətindən onun üçün yer ayrılmasına söz versələr də, hələlik real nəticə yoxdur. Nəhayət, ərazidə tikiləcək olan xeyir-şər evində onun üçün emalatxana olaraq bir otaq ayrılacağına söz verilib. Ümid qalıb gözləməyə…

586
Teqlər:
əsər, Məhərrəm Şirinov, rəsm, rəssam, Kəlbəcər
Əlaqədar
“Dünya rəssamları”nın əsərləri Bakı metrosunda
Şəkili sənətkarlar həyəcan təbili çalırlar
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır
Salyandan Təbrizə qədər yeganə teatr