BAKI, 15 apr — Sputnik. Azərbaycanlı ssenarist Fərrux Səlimxanlı və Nyu Yorklu rəssam Mayk Şay-dan ibarət beynəlxalq komanda, Kickstarter portalında "Bəlağətli sükut" adlı qrafik romanın yaradılması və çapı üçün vəsait yığımına başlayıb. Sputnik xəbər verir ki, "Bəlağətli sükut" milliyyətcə xorvat olan, lakin serb ailəsində böyümüş Yosifdən bəhs edir.
Yosif yerli mütəşəkkil cinayətkar dəstənin başçısı Nikolanın borclular siyahısına düşür. Yosif və onun uşaqlıq dostu Luka balaca bir uşağı oğurlayıb girov saxlamaq və ödəniləcək məbləğin köməkliyi ilə maddi problemlərini həll etmək qərarına gəlirlər. Belə ki, təsadüfdən seçilən girov lal-kar qızcığaz dostları peşman etməsəydi, bəlkə də hər şey qaydasında olacaqdı.
"Bütün dünyadan olan ianəçilərin köməkliyi ilə Nyu yorklu rəssam azərbaycanlının ssenarisinə əsasən qrafik roman çəkəcək. Sonra, yüzlərlə nüsxə Rusiyada nəşr olunub, dünyanın bir çox ölkələrinə yayımlanacaq. Bir anlığa düşünün, bu səyahət doğrudan da yadda qalan olacaq, deyilmi?", — deyə romanın müəllifi Fərrux Səlimxanlı bildirib.
Kitabın satışından əldə ediləcək bütün vəsait xeyriyyə məqsədi ilə istifadə olunacaq. "Mənim məqsədim — arzumun həyata keçməsidir. Arzum isə qazanc əldə etmək deyil, qrafik romanın yaradılması və çapıdır. Bundan qazanılacaq bütün məbləğ isə bir və ya bir-neçə Azərbaycan məktəbinə ianə olunacaq", — Fərrux qeyd edib.
Layihənin büdcəsi 20 min Kanada dollarıdır (təxminən 15 min ABŞ dolları). 7 min ABŞ dolları rəssamın işinə xərclənəcək. Qalan məbləğ isə kitabın kağız nüsxəsinin çapına, paketləşdirilməsinə və ianəçilər üçün nəzərdə tutulmuş hədiyyələrə (poster, svitşot, saundtrek albom, romana aid gizli əşyalar və s.) sərf olunacaq.
Kickstarter — istifadəçilərin yaradıcı insanlara öz layihələrini həyata keçirmək üçün pul bağışladığı kraudfandinq (tərəfdaş toplama) platformasıdır. Vəsait toplanılarsa, "Bəlağətli sükut" Azərbaycan, ingilis və rus dilində nəşr ediləcək ilk qrafik roman olacaq.
Qrafik roman — komiks kimi tanınan incəsənətin bir növüdür. Həm ədəbiyyat, həm də təsviri incəsənətin bir hissəsi olaraq, qrafik romanda süjet daha çox mətn ilə yox rəsm ilə söylənilir.
BAKI, 23 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu göndərib.
Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli Eldar müəllim!
Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.
Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.
Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. "Bakı şəhərinin bütün kanalizasiya suları Xəzər dənizinə axıdılır. Bulvarda 2 metr diametrində dəmir-beton boru birbaşa Hövsan qəsbəsinə qədər davam edir. Bakıda, yamaclarda və s. olan kanalizasiya suları dənizə yönəldilir".
Bu barədə Sputnik Azərbaycan-a danışan professor Fərzəli Həsənov qeyd edib ki, həmin sular Hövsanda sovetlər dövründə xüsusi üsulla təmizlənirdi:
"Su 1 litrində 1 qram duz qalana qədər təmizlənirdi. Duz deyiləndə bərk hissəciklər nəzərdə tutulur".
Su təmizlənməyib dənizə buraxıldıqda isə bu, insanların sağlamlığı üçün təhlükəli ola bilər.
Mütəxəssis bildirir ki, bəzən dənizkənarından pis qoxunun gəlməsi də bununla əlaqədardır.
Ekoloq Telman Zeynalovun fikrincə, Bayılda da bəzi ərazilərin kanalizasiya suları dənizə axıdılır. Axşam saatlarında bulvarda müşahidə edilən qoxunun səbəbi də budur:
"2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək, dənizə axıdılırdı. Müvafiq sistemə əsasən Bakının kanalizasiya suları Hövsana yönəldilməli, orada isə təmizlənərək, dənizə axıdılmalıdır. Amma bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılırmı? Əsas sual budur".
Kanalizasiya suları ilə bağlı bu və digər suallara cavab tapmaq üçün "Azərsu" ASC–yə müraciət etsək də, suallarımız cavabsız qaldı.