Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlham Namiq Kamal: elə bir peşəkar rejissor tanımıram ki, hazırda serialla məşğul olsun

© Photo : Ilham Ahmedov Namiq Kamalİlham Namiq Kamal, xalq artisti
İlham Namiq Kamal, xalq artisti - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik "Şöhrət" ordenli, Qızıl Dərviş mükafatçısı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamal oğlu Əhmədovla müsahibəni dərc edir.

İlham Namiq Kamal… Yəqin, dodağınıza gülüş qondu!!! Bəli, ifa etdiyi rolları ilə öz sözünü demiş bu insanı siz də yaxşı tanıyırsınız. Odur ki, onu geniş təqdim etməyə ehtiyac duymadıq. "Şöhrət" ordenli, Qızıl Dərviş mükafatçısı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamal oğlu Əhmədov "yeniavaz" saytına müsahibə verib. Müsahibəni olduğu kimi dərc edirik.

– İlham müəllim, indiyədək çox rolda çıxış etmisiniz. Bir aktyor kimi həmin rollarda bütün potensialınızı nümayiş etdirə bilmisinizmi?

– Mən hələ gənclik illərimdən teatra məbədgah, aktyorluğa isə müqəddəs peşə kimi baxmışam, elə indi də bu fikirdəyəm. Mənim aləmimdə hətta aktyor sənəti o qədər müqəddəsdir ki, onun sevgisini içində daşıyan adam heç kimin qabağında əyilməməlidir. Çünki aktyorun qüruru ölərsə, ondan aktyor olmaz… Mən bu çətin işdə öz qürurumu həmişə qorumağa çalışmışam. Bütün bunlara rəğmən, onu da deyim ki, istər rejissor, istərsə də aktyor kimi potensialımın 35 faizini ortaya qoya bilmişəm.

– Hansı illəriniz, yaxud rollarınızı korrektə etmək istərdiniz?

– Mən ötən illərimə xor baxa bilmərəm. Çünki o illəri yaşamışam. Bu sözləri oynadığım hər rol haqqında da deyə bilərəm. Onların hər birini sevə-sevə zərgər dəqiqliyi ilə tamaşaçılara təqdim etmişəm. Heç: “Kaş belə edəydim”, – ifadəsini də işlətməmişəm.

– Yorğunluğunuzu hiss edirsiniz?

– Hələ ki yox… Bu yerdə ustadım Rza Təhmasibin bir fikrini söyləmək istərdim. O deyərdi ki, nə qədər aktyorun plastikası, səsi yerindədir o, tamaşaçının qarşısına çıxmalıdır. Çıxmasa, çox böyük günaha yol verər.

– Xor dirijoru, Dadaşbala, Pşa Pşayeviç… Siz tamaşaçıların yaddaşında bu obrazlarla qalmısınız. Lakin mənə elə gəlir ki, son illər həmin obrazlar qalereyanıza sanki başqa bir obraz əlavə olunmur.

– Niyə ki? Onlardan başqa mənim qalereyamda kifayət qədər yeni obrazlar var. Lakin sizinlə razıyam ki, onlar qeyd etdikləriniz qədər populyar deyil. Bilirsinizmi, bunun səbəbi nədir? Son illər hazırlanan tamaşaların ekranlarda nümayiş etdirilməməsi.

– Seriallarda da görünmürsünüz, bunun bir özəl səbəbi varmı?

– Doğrudur, seriallar çəkilir. Amma orada aktyorlara elə zəhməthaqqı verirlər ki… Bəzən bir seriyaya görə 50 manat… Amma etiraf edək ki, öz işini bilən aktyorların çəkildikləri seriallar daha maraqlı alınır. Məsələn, mənim qardaşım Cəfər Namiq Kamal “Üç bacı” serialında Maarif rolunda çıxış edib. Çox maraqlı obraz oynayıb. Bunu ona görə demirəm ki, mənim qardaşımdır, həqiqətən, elədir. Hərdən deyirəm ki, kaş həmin serialın adı “Üç bacı və Maarif müəllim” olaydı. Yəni digər seriallarda da Cəfər səviyyəsində aktyorlar olsa, onlara maraqla baxarlar. Bir də mən elə bir peşəkar rejissor tanımıram ki, o, hazırda serialla məşğul olsun… Amma mənə elə gəlir ki, yaxın illərdə serial sahəsində də hər şey yoluna düşəcək. O ki qaldı mənə… İnşallah, qismət olarsa, görərsiniz. Görünür, indiyədək rejissorlar çəkdikləri seriallarda mənə uyğun rol görməyiblər.

“…məni daha çox silkələdi”

– Bu gün sənət ocaqlarımız da diqqət mərkəzindədir…

– Həm də sənət adamları… Baxın da, son illər neçə nəfər yüksək adlara layiq görülüb. Neçə nəfər təqaüd alır. O ki qaldı sənət ocaqlarına… Baxın, son illər neçə teatr ocağımız yenidən qurulub… Hətta mən deyərdim ki, yenidən tikilib e… Onların maddi-texniki bazaları müasir avadanlıqlarla təmin olunub. Təbii ki, bütün bu işlər ölkə başçısı cənab İlham Əliyevin sayəsində baş tutub.

– Yeri gəlmişkən, siz də 3 il öncə “Şöhrət”in sevincini yaşamısınız…

– Sözün düzü, bu sənətə gələndə Əməkdar artist, daha sonra Xalq artisti adına layiq görüləcəyimi düşünmürdüm. Görünür, mənim də qismətimdə fəxri adlar, üstəlik, “Şöhrət” ordeni də varmış. Amma nə gizlədim. “Şöhrət”in sevinci məni daha çox silkələdi. Onu da deyim ki, bu yalnız İlham Namiq Kamalın deyil, bütövlükdə sənət aləmimizə – teatrımıza mənim simamda verilən bir töhfə idi.

– Sənət adamları ifadəniz məndə belə bir sual doğurdu. Bu gün İlham müəllim yeni sənət adamlarının yetişməsinə öz töhfəsini verə bilirmi?

– Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Leyla Bədirbəyli kimi sənətkarlar yeni nəslin yetişməsində çox maraqlı idilər. Obrazlı şəkildə desək, bu cür istedadlı insanların özlərindən yaşca kiçik istedadlar üçün ürəkləri gedirdi. Mən də onlar kimi hərəkət etməyə çalışıram. Yəni harada istedadlı insan görsəm, onları sənət aləminə cəlb etməyə səy göstərirəm. Fikrimcə, bugünkü sənət adamı tək özünü yox, teatrımızın sabahını da düşünməlidir.

– Son illər bir çox korifey sənətkarlarımızı itirdik. Sizə elə gəlmirmi, əgər belə demək mümkünsə, teatr kisəmiz boşalır?

– Vəfa Fətullayeva, Əlabbas Qədirov, Səməndər Rzayev, Yaşar Nuri, Telman Adıgözəlov, Nuriyyə Əhmədova… Həqiqətən, onların hər biri teatrımızın bir sütunu idi. Amma ümidsiz olmaq lazım deyil. Bu cür istedadlar bizim sahədə yenidən peyda olacaqlar. Yəni demək istəyirəm ki, teatrımız dünən var idi, bu gün də var, sabah da olacaq.

– Teatr islahatlarının tərkib hissəsi kimi əcnəbi rejissorlar bizim sənət ocaqlarında tamaşalar qoyurlar. Effekti necə olur?

– Mənə elə gəlir ki, öz gənclərimizi yetişdirməliyik. Lazım gələrsə, öz istedadlı gənclərimizi xaricə göndərməliyik. O gələnlərin hələ ki, mən bir perspektivli tamaşasını görməmişəm. Axı onların qoyduğu hansı tamaşa 3-4 ay maraqla izlənib? Əgər mədəniyyətimizə öz töhfəsini vermiş Tuqanov kimi rejissorlar gələrlərsə, nəyə isə nail olmaq olar. Amma bu gələnlər…

“Bizim uşaqlar, durun ayağa”

– Sizin haqqınızda Vaqif Yusiflinin yazdığı “İstedad” yazısını oxudum. Sizi aktyor, pedaqoq kimi xarakterizə edən müəllif yazır: “Hər aktyorun içində bir rejissor mürgüləyir”. Və sizin bu sahədəki fəaliyyətinizdən də söz açır. İçinizdə daha nələr mürgüləyir?

– Qismət olsa, gördüyüm, ünsiyyətdə olduğum müqtədir sənətkarlar haqqında xatirələr yazmaq fikrindəyəm.

– Bəlkə onlardan birini bizim oxucularımıza nəql edəsiniz?

– Yəqin, Əliağa Ağayevin dünyadan necə köçməsi barədə məlumatınız var. İnsanlara həmişə gülüş bəxş edən sənətkar məclislərin birində bir lətifə danışıb. Və məclis əhli ilə birgə söylədiyi lətifəyə ürəkdən güləndə dünyasını dəyişib. Mən dünyasını belə dəyişən sənətkara rast gəlməmişəm. İndiyədək mən belə bir suala cavab axtarıram: “Niyə o gülə-gülə getdi?”

– Yəqin ki, həmin kitabda özünüzlə bağlı maraqlı əhvalatlar da yer alacaq?

– Hə, yaxşı yadıma saldın. Bizim bir müəllim var idi – Əliheydər Qasımzadə. (Allah rəhmət eləsin!) Sinif rəhbərimiz idi. O vaxt hər il sinifdən-sinifə keçəndə mənim haqqımda yazardı: “Əhmədov İlham Kamal oğlu dərslərində davamiyyətlidir, qiymətləri 4-5-dir. Yoldaşları arasında böyük hörməti var, intizamlıdır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir”. Dalınca isə əlavə edirdi: “Nəzarət altında saxlanılan şagirdlərdən biridir”. İndi də Əliheydər müəllimin həmin qeydləri yadıma düşəndə məni elə gülmək tutur ki…

– Yəqin, şuluq uşaq olmusunuz da…

– Bir o qədər də yox. O zaman müəllimlərə çox suallar verərdim. Sual demişkən, 9-cu sinifdə oxuyanda tarix müəlliminə belə bir sual verdim: “Müəllim, konfransla konqresin fərqi nədədir?” Müəllim cavab verə bilmədi. Məni artıq-əskik sual verməkdə günahlandıraraq başladı ağlamağa. Bu zaman direktor da gəlib çıxdı. Həmin rüb mənə “nizam —intizamı pozduğuma görə” əxlaqdan “2” yazdılar. Bir-iki aydan sonra başa düşdülər ki, mənim heç bir təqsirim yoxmuş.

– Daha hansı müəlliminizi xatırlamaq istərdiniz?

– İbtidai sinif müəlliməm Sitarə müəllimə olub. Bir də Əliağa Heydərlini – ədəbiyyat müəllimimizi. Bir dəfə, daha doğrusu, 1964-cü ildə o, bizim sinifi Pavlik Morozova həsr olunmuş tamaşaya gətirdi. Həmin tamaşada belə bir epizod var. Deməli, Pavlik atası tərəfindən zirzəmidə gizlədilmiş taxılın yerini gələn adamlara nişan verir. Bu zaman zalda Əliağa müəllimin səsi eşidildi: “Bizim uşaqlar, durun ayağa”. Biz də bir nəfər kimi bayıra çıxdıq. Məktəbə çatan kimi o, bizə dedi: “Atasını satan uşaq bizim millətə xas ola bilməz. Ataya həmişə hörmət-izzət göstərmək lazımdır”. Sovetlərin asıb-kəsən vaxtında belə hərəkət etmək xüsusi cəsarət tələb edirdi. Yeri gəlmişkən, o illərdə teatrlara tez-tez üz tutardıq. O vaxtlar hər məktəbdə dram dərnəyi var idi. Amma indi hansı məktəbimizdə belə bir dərnək var? İndi hamı deyir futbol klubları açaq, əla… Amma biz istəyiriksə, incəsənət inkişaf etsin, o dərnəkləri bərpa etməliyik. Yeri gəlmişkən, mən bununla bağlı müvafiq qurumlara da müraciət etmişəm…

Xəbər lenti
0