Sevinc Məmmədova, müəllimə

İzlənmə rekordu qıran filmin qəhrəmanı danışdı: "Cəsarətləri varsa..."

3269
(Yenilənib 16:30 03.02.2016)
"Ucqar kəndin gənc müəllimi" adlı qısa film az müddət böyük izləmə rekordu vurub. Filmin yaradıcı heyəti və baş rol ifaçısı bunun səbəblərindən danışıblar.

BAKI, 3 fev — Sputnik. Sosial şəbəkələrdə "Ucqar kəndin gənc müəllimi" adlı qısa film böyük izləmə rekordu vurub. Sputnik-in əməkdaşı layihənin rəhbəri, filmin rejissoru və baş rolda oynayan müəllimə ilə, bu layihənin ideyası və həyata keçirilməsi barədə həmsöhbət olub.

Qalib Kazımlı, filmin layihə rəhbəri
Qalib Kazımlı, filmin layihə rəhbəri

Layihə rəhbəri Qalib Kazımlı əvvəlki iş yerində regionlarla daha çox işlədiyi üçün və regionlara səfəri çox olduğuna görə hər zaman rayon, kənd sakinləri müəllim çatışmamazlığından gileylənirdilər: "Mən gəncləri bu sahədə həvəsləndirmək məqsədilə bu layihəni həyata keçirmək qerarına gəldim. Və mənə elə gəlir ki, az da olsa, bu məqsədə catdım. Çünki paylaşımlar zamanı yazılan rəylərdə, ən azından 20 nəfər gənc yazıb ki,"mən qorxurdum, ucqar kənddə işləməyə getməyə, sizin bu filmdən sonra Sevinc müəllimənin bu cür qəhrəmanlığından sonra qərara gəldım ki, gedim, mən də ucqar kənddə işləyim". Bu da mənim üçün layihənin məqsədinə çatmaq deməkdir".

Q. Kazımlı bu cür layihələri digər regionlarda da həyata keçirməyə çalışacaqlarını bildirdi: "Hətta bununla bağlı danışıqlar da gedir. Çox güman ki növbəti mini film cəbhə zonasına yaxın yerdə lentə alınacaq".

O, layihənin həyata keçməsində maliyyə dəstəyinə görə Gənclər Fonduna, təşkilati dəstəyə görə isə Təhsil Nazirliyinə, İsmayilli rayon İcra Hakimiyyətinə və Sabunçu rayon Gənclər Evinə təşəkkürünü ifadə etdi: "Xüsusi təşəkkürlərimi müəllimə Sevinc Məmmədovaya və rejissor Cavanşir Eladisoya bildirirəm".

Kənd məktəb müəlliməsi və filmdə rol alan Sevinc Məmmədova da Sputnik-ə öz təsuratlarını bölüşüb: "Mənə bələdiyyə müavini Qüdrət bəy zəng etdi və bildirdi ki, belə bir layihə var, sizdən müsahibə almaq istəyirlər. Mən də Qüdrət bəyə zəng edib, kömək edə biləcəyimi söylədim. Amma açığı, mən çəkiliş gözləmirdim. Elə bilirdim, sadəcə suallar olacaq. Mən də heç düşünmədim ki, çəkiliş var, səhər məktəbə gələndə təəccübləndim, amma geri çəkilmədim, söz vermişdim axı".

"Çəkiliş bəlkə də Cavanşir, Qalib kimi mehriban və səmimi insanlarla aparılmasaydı, mən sıxılardım, daha pis danışardım və məncə, heç hazırlaşmadan olduğu üçün və çəkiliş də əla olduğu üçün çox insanlar tərəfindən bəyənilib, sunilik yoxdur", —deyir müəllimə.

O, gənc müəllimləri ucqar kəndlərdə dərs deməyə səsləyib: "Əgər cəsarətləri və iradələri varsa, onlar da bu yolu seçə bilər, çünki fərqlilikdir və uşaqlar o qədər saf, təmizdirlər ki, müəllimlik peşəsini elə məhz uşaqları sevdiyim üçün seçmişəm desəm, yanılmaram".

Cavanşir Eladisoy, filmin rejissoru
Cavanşir Eladisoy, filmin rejissoru

Filmin rejissoru Cavanşir Eladisoy da uğurlu layihə haqqında fikirlərini bildirib: "Bir rejissor kimi, işin keyfiyyətinə cavabdeh ola bilərdim, mən burada işə, əsl azərbaycançılığı açıq şəkildə təbliğ edən bir Azərbaycan gənci kimi yanaşmışam. Bu tip layihə indiyə qədər olmamışdı. Yəni bir müəllimin təbliğatı, sağlam təbliğatı indiyə qədər layihə şəkilində aparılmamışdı, Layihə Rəhbəri Qalib Kazımlı layihə haqqında mənimlə görüşəndə çox sevindim. Məni tanıyanlar necə vətənpərvər biri olduğumu bilir və bu hisslərin də verdiyi əlavə stimuldan yararlanıb, iki əlli qəbul etdim".

"Bilirdim ki, bu işi elə etməliyəm, elə çəkməliyəm ki, baxan bir də baxsın, şüuraltı bezib, psixoloji olaraq yorulmasın. Rejissorluq təhsilimi Türkiyədə aldığım üçün sosial mesajları bir filmlə necə ötürmək lazım olduğunu da gözəl bilirdim", —deyir rejissor.

Onun sözlərinə görə, film sadə formada olsa da, amma təsirli alınıb: "Ona görə də artıq ikinci "kruq" paylaşımlar gedirdi sosial şəbəkədə, hətta televiziyalar qeyri-peşəkarlıq göstərib, bizdən icazəsiz efirə də verdilər".

Xatırladaq ki, Dövlət Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan "Ucqar kəndin gənc müəllimi" adlı qısametrajlı film Azərbaycan rayonlarında müəllim çatışmazlığından bəhs edir və gənc müəllimlərin rayon məktəblərində dərs demələri üçün motivasiya xarakteri daşıyır. Film gənc müəllimənin rayonda müəllimlik həyatından bəhs edir.

3269
Teqlər:
kənd müəllimi, Cavanşir Eladisoy, Sevinc Məmmədova, Qalib Kazımlı, "Ucqar kəndin gənc müəllimi", rejissor, film
Əlaqədar
"Azərbaycana gəlib, orada film çəkmək istərdim..."
Azərbaycan filmi Paris festivalında mükafat qazandı
"Bəyin oğurlanması" filminin Ələsgəri dünyasını dəyişdi
Biz onun filmləri ilə böyüdük
“Bakı, mən səni sevirəm” filminin təqdimat mərasimi keçirilib