Stiven Siqal - Hollivud ulduzu

Hollivud ulduzu Azərbaycan prezidentinə heyran olub

358
İlham Əliyev Stiven Siqala "marshal arts" və aykidonun Azərbaycanda inkişafı ilə bağlı yeni iş təklif edib.

BAKI, 14 dek-Sputnik. Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal Trend-ə müsahibə verib. Sputnik müsahibəsini təqdim edir.

- Azərbaycana xoş gəlmişsiniz! Sizi burada görməyimizə şadıq. Keçiriləcək konsert və "Natiq" ritm qrupu ilə birgə iş barədə məlumat verməyinizi xahiş edirik.

— Mən çox xoşbəxtəm ki, buradayam. Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə, əsasən də nağara ifaçısı ilə bir layihə həyata keçirim. Və mən çox şanslıyam ki, Azərbaycanın ən yaxşı və tanınmış nağara ustası ilə bir səhnədə konsert vermək imkanı əldə etdim. Digər tərəfdən, blüz elə bir sənət növüdür ki, dünyada çox az sayda adamın bu musiqi haqqında məlumatı var. Blüz musiqisi Robert Conson kimi insanlardan sonra tanındı. Bu musiqinin ən məşhur əfsanələri, məsələn, Hyubert Samlin, Adam Kollins, Haulin Vulf — onlar hamısı bu yaxınlarda dünyalarını dəyişiblər. Mənim bəxtim gətirib ki, onlarla bir mühitdə böyümüşəm və onlarra eyni dövrdə blüz ifa etmişəm. Bu konsertdə blüz musiqisinin ontologiyası və hekayəsi öz əksini tapacaq. Mən bu musiqi ilə yaşamağı və onu gələcəkdə də yaşatmağı istəyən biriyəm.

- Siz ikinci dəfədir ki, Azərbaycana gəlirsiniz və möhtəşəm Heydər Əliyev Mərkəzində çıxış edəcəksiniz. Heydər Əliyev Mərkəzi və Bakı haqqındakı təəssüratlarınızı bölüşməyinizi istərdik.

— Əlbəttə, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl incilərindən biridir. Həqiqətən də çox möhtəşəm bir yerdir.

Mərkəzin Auditoriumunun akustikası isə həyatımda gördüyüm ən gözəl akustikadır və bu da burada çıxış etməyimin ən əsas səbəblərindən biridir. Azərbaycan, Bakı mənim çox sevdiyim ölkə və şəhərlərdən biridir. Burada çox yaxın dostlarım var, onları öz ailəm hesab edirəm. Və bura hələ çox gəlməyi planlaşdırıram. Azərbaycanda musiqi ilə məşğul olmağı və "marshal arts" və aykidoya öz töhfələrimi vermək istəyirəm.

- Bakıdan gedərkən buradan hansı suvenirləri aparacaqsınız? Və digər sual: siz simli alətlərdə ifa edirsiniz, bəs nə vaxtsa Azərbaycanın milli simli alətlərində ifa etməyi düşünürsünüzmü?

— Azərbaycan musiqi alətlərində ifa etməyi çox istərdim və hazırda az da olsa nağarada ifa edə bilirəm. Öncə Azərbaycan simli çalğı alətlərini əldə etməli, daha sonra onlarda ifa etməyi öyrənməliyəm. Suvenirlərlə bağlı isə heç bir fikrim yoxdur, bu mənə hədiyyə olunan suvenirlərdən asılı olacaq.

- Bakıda sizi əsas heyran edən…

— Prezident… O məni heyran etdi, çünki onun mənəviyyata baxışı tam fərqlidir. Azərbaycan Prezidenti ilə tanış olduğum üçün çox xoşbəxtəm. Sünni və şiə müsəlmanlarının eyni məsciddə ibadət etmələri, bir-birindən çox da uzaq olmayan xristian kilsələri və yəhudi sinaqoqları, hamının bir-biri ilə dil tapması çox xoşuma gəldi. Məncə, Bakı dünyada ən yaxşı şəhərlərdən birdir.

- Sizin iştirakınızla hər hansı bir filmin Bakıda çəkilişi gözlənilirmi?

— Bəli, bu barədə fikirləşmişəm və qısametrajlı da olsa, bir film çəkməyi planlaşdırıram.

- Keçən səfər zamanı qeyd etmişdiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevdən idmanın inkişafı ilə bağlı təklif almısınız. Sizi bununla bağlı təbrik edə bilərikmi?

— Bəli, Prezident İlham Əliyev mənə "marshal arts" və aykidonun Azərbaycanda inkişafı ilə bağlı yeni iş təklif edib və mən buna razılıq vermişəm.

358
Teqlər:
Robert Conson, marshal arts, aykido, Prezident İlham Əliyev, Haulin Vulf, Adam Kollins, Hyubert Samlin, Stiven Siqal, Hollywood, Heydər Əliyev Mərkəzi, Steven Seagal, Hollivud
Əlaqədar
Hollivud ulduzu Stiven Siqal Bakıda konsert verəcək
Azərbaycan prezidenti dünya şöhrətli aktyor Stiven Siqalı qəbul edib
Ülviyyə Qarayeva

On yaşınadək yeriməyib, indi həm rəqs edir, həm xoşbəxtliyin sirrini paylaşır - VİDEO

1222
(Yenilənib 14:52 24.09.2020)
"Fiziki olaraq sağlam insanlar bizdən daxilən daha zəifdirlər. Halbuki Allah onlara hər şey verib. Onlar heç kimdən asılı deyillər. Amma onlar xoşbəxt ola bilmirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Ülviyyə Qarayevanın 21 yaşı var. Fiziki məhdudiyyətli olan gənc xanım daxilən o qədər möhkəmdir ki, özünü fiziki olaraq sağlam insanlardan qat-qat güclü hesab edir. Həyatı və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışan Ülviyyə insanların diqqətini daha çox hind rəqsləri ilə çəkib: "15 yaşından məndə hind rəqslərinə qarşı maraq oyanıb. İnternetdən baxıb hind rəqslərini öyrənməyə başladım. Baxa-baxa həm də rəqs edirdim. Gördüm ki, məndə nəsə alınır. Bununla da rəqslə bağlı istəklərim artdı. 2017-ci ildə Oksana Rəsulova hind rəqsi müsabiqəsi təşkil etmişdi, həmin müsabiqədə 3-cü yerə layiq görüldüm. 20-dən artıq rəqibim var idi. Orada daha çox obrazıma görə bəyənildim. Çünki digər rəqiblərim yaxşı hazırlaşmışdılar, mən isə öz-özümə hazırlaşmışdım".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

Hind rəqsləri ilə bərabər, onun həm də aktyor sənətinə böyük marağı var: "Hind rəqslərini fərdi müəllimlə öyrənməmişəm. Hələ ki bu rəqs üzrə həvəskar olaraq çalışıram, istəyirəm, o rəqsi də peşəkar səviyyəyə çatdırım. Amma ən böyük arzum aktrisa olmaqdır. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi vermişəm. İmtahandan 8 bal aldım və qəbul olundum".

Ülviyyə ADMİU-ya sənəd verəndə diskriminasiya ilə qarşılaşacağından narahat olub:

"Düşünürdüm ki, səhhətimlə əlaqədar qəbul eləməzlər. Mənə deyirdilər ki, sənin keçmək şansın çox azdır. Buna baxmayaraq, toparlandım. Özümü məğlubiyyətə də hazırladım. Amma düşünürdüm ki, mən bunu istəyirəm. Ürəkdən istədiyimiz hər şeyi Allahın verəcəyinə inanıram. Məni ən çox sevindirən o oldu ki, məni digər sənəd verən rəqiblərimdən ayırmadılar. Diskriminasiya yaşamadım. Əgər orada diskriminasiya yaşasaydım, mənim fiziki məhdudiyyətli olmağıma yazıqları gəlib məni qəbul etsəydilər, bununla barışmazdım".

"Kiminsə mənə yazığı gəlməyini heç sevmirəm. Qətiyyən qəbul etmirəm. Digər uşaqlarda necə oldusa, məndə də elə. Mənim nə balaca boyuma, nə də səhhətimə baxdılar. Mənim istedadıma baxdılar. Mənə qohumlarım dedilər ki, sən balacaboysan, ola bilsin ki, buna görə səni keçirərlər. Amma mən bunu imtahanda hiss etmədim".

Ülviyyə həm də aktrisa kimi fəaliyyət göstərir: "İlk dəfə "Əsa" teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatra dəvət etdi məni. Bundan sonra Akademik Musiqili Teatrında Moris Meterlinkinin "Göy quş" tamaşasında rol aldım. Mehriban Zəkiylə eyni səhnəni paylaşmaq mənim üçün xoşbəxtlik idi. Tamaşa qapalı şəraitdə keçdi. Dövlət nümayəndələri gəlmişdilər həmin tamaşaya. İkinci dərəcəli rol olmasına baxmayaraq, rolum bəyənilmişdi. Bu, mənim böyük səhnədə ilk çıxışım idi. Bir növ debütüm idi deyə bilərəm. 2019-cu ildə Heydər Əliyev Mərkəzində "Addım" tamaşasında iştirak etdim. Bu tamaşa əsasən rəqslə bağlı idi. "Danse Ability"nin (Fiziki məhdudiyyətli şəxslər üçün təşkil olunmuş təşkilat) tamaşası idi. Mən həmin təşkilatın rəqqasəsiyəm. Bundan başqa, bir çox ölkə əhəmiyyətli layihələrdə iştirak etmişəm".

"Daha çox teatrı sevirəm. Səhnəyə çıxanda özümü çox xoşbəxt hiss edirəm. Düzdür, çətindir, məsuliyyətlidir. Amma mən onu daha çox sevirəm. Mənim hələ ki özünü itirmək, sözləri və mizanı unutmaq kimi problemim olmayıb. Səhnəyə çıxan an bir az həyəcan olur, sonra keçir. Tamaşa bitəndə səhnədən düşmək istəmirəm", - deyə Ülviyyə Qarayeva əlavə edib.

Qəhrəmanımız 10 yaşına qədər gəzməyib. Lakin mübarizliyi, həyata olan sevgisi sayəsində ayaqlana bilib: "On yaşıma qədər yeriməmişəm. Sonradan gips, müxtəlif masajlar və elektrik masajı ilə ayağa qalxa bildim. Mənim ayağa qalxmağım üçün müəyyən müalicələr lazım idi. Heydər Əliyev Fondu mənə dəstək oldu. Əslində anamın heç bir ümidi yox idi ki, mən ayağa qalxa bilərəm. Mən uşaq idim. Ayağa qalxıb gəzməyin nə qədər böyük xoşbəxtlik olduğunu indi anlayıram. Uşaqlıqda onu dərk etmirdim. Sevinirdim ki, məktəbə gedəcəm. Ayağa qalxdığım gün mənim adımı məktəbə yazdırdılar. 10 yaşımda məktəbə getdim. Məktəbdə də məni çox sevdilər. Sinif yoldaşlarım, müəllimlərim də məni çox sevirdilər. Özlərindən ayırmırdılar. Əla qiymətlərlə məktəbi bitirdim".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

Əvvəllər özünə qarşı kompleksləri olan həmsöhbətimiz bildirir ki, özünü cəmiyyətə yararsız hesab etdiyi vaxtlar da olub: "Mənim də bədbin düşündüyüm vaxtlar olub. Əlbəttə ki, bu yanlışdır. Fiziki məhdudiyyət əngəl olmamalıdır. Ətrafdan mənə müsbət fikirlər söyləyirdilər. Bu da mənə müsbət təsir etdi. Düşündüm ki, Allah mənə çox yaxşı bir şans verib. Mən bunu qiymətləndirməliyəm. Boyumun qısalığına görə məyus olmamalıyam".

Müsahibimiz əlavə edib ki, bədbin düşünən insanları qətiyyən sevmir:

"İnsan mübariz olmalıdır. İnsanın daxili aləmi hər şeyi həll edir. İnsan daxilən bədbindirsə, neqativ düşüncəlidirsə, heç kim ona kömək edə bilməz. İnsanın içində bir az da olsa ümid varsa, ona təkan verib, onu dirçəltmək mümkündür. Əks təqdirdə bütün çabalar boşuna gedəcək. Mən həmişə özümə inanmışam".

Ülviyyə xoşbəxtliyin formulunu aza qane olmaqda görür: "Hər şeydən, hamıdan umurlar. Və nəticədə xoşbəxt ola bilmirlər. Biz isə hər şeyə sevinirik, qane oluruq və xoşbəxt oluruq. Amma fiziki olaraq sağlam insanların həyatına bir az xoşbəxtlik gələndə onunla qane olmurlar. Deyirlər, bir az da xoşbəxtlik gəlsin, artsın, bir az da artsın... Əslində xoşbəxtliliyin azı-çoxu olmur. İnsanlar xoşbəxtliklərinə qane olmadıqlarına görə də bu gün intiharların sayı getdikcə artır".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

"İnsanı geriyə salan amillərdən biri də həsəd hissidir. İnsanı məhv edir. Kiməsə həsəd aparmaq özünə qarşı hörmətsizlikdir. Yaraşıqlı oğlana, gözəl qıza ancaq Allahın yaratdığı gözəllik kimi baxıram. Onda gözəllik ola bilər, amma insani keyfiyyətləri olmaya bilər. Bu baxımdan özümü şanslı hesab edirəm. Çünki məndə insanlara qarşı həsəd hissi yoxdur və ən əsası mən aza qane olub xoşbəxt ola bilirəm. Bütün insanlara da tövsiyə edirəm ki, daxilən rahat və hüzurlu olsunlar", - deyə bildirib.

1222
Teqlər:
xoşbəxtlik, azərbaycanlı, fiziki qüsur, Əsa Teatrı, aktrisa, Hind rəqsi, rəqqasə
Əlaqədar
Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı
"Teatrı o qədər sevirdim, orada süpürgəçi olmağa hazır idim"
Qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Vəziyyət acınacaqlıdır: Pərdə qalxanda faciələrə güləcəyik?
Nisə Qasımova, arxiv şəkli

Xərçəngə tutulan azərbaycanlı müğənni əməliyyat olundu

25
(Yenilənib 12:49 24.09.2020)
"Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Nisə Qasımova əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Instagram" hesabında paylaşıb: "Özümü çox yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm, məni unutmadınız. Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım. İndi yaxşıyam və yeni mahnılar üzərində işləyəcəm". O qeyd edib ki, artıq sosial şəbəkədə də aktiv olacaq.






Посмотреть эту публикацию в Instagram

Публикация от Nisa Qasimova (@niseqasimova_official)

Xatırladaq ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılmışdı.

25
Teqlər:
Instagram, əməliyyat, xərçəng xəstəliyi, Nisə Qasımova, müğənni
Əlaqədar
Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi
Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi
Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"
Samanlıq, atlar və bir gözəl qadın: karantini belə dəyərləndirdi - FOTO
Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı
Sahibə Qafarova

Spikerin Rusiya səfərində baş verib - Milli Məclis açıqladı

0
(Yenilənib 19:59 24.09.2020)
Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb

BAKI, 24 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub. Bu, Milli Məclisin Sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəridir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, səfərin ilk günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyinə gələrək burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Sentyabrın 22-də spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. Kifayət qədər müsbət əhval-ruhiyyədə və maraqlı müzakirələr şəraitində keçən görüşdə xanım Matviyenko bu səfərin yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə ikitərəfli münasibətlərin bir çox vacib aspektləri müzakirə olunub. Parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub.

Daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə davam etdirilib. Vurğulanıb ki, bu səfər Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Federasiya Şurasının Sədri Azərbaycanın Rusiya üçün strateji tərəfdaş olduğunu vurğulayaraq, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynadığını qeyd edib. XXI əsr bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımlar yüksək qiymətləndirilərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.

İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib.

Sentyabrın 23-də Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının payız sessiyasının açılışında çıxış edib. Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan Milli Məclisinin Sədri Federal Məclisin Federasiya Şurasında çıxış edib.

Milli Məclisin Sədri çıxışında Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edib, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir.

Daha sonra Milli Məclisin Sədri Federasiya Şurasının yüksək tribunasından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi "təhvil verilməsi" deyil, "saxlanılması" haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.

 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin
© Photo : The State Duma of the Russian Federation

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi.

Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.

Sahibə Qafarova Ermənistanın son təxribatına diqqət çəkərək bildirib ki, bu hadisə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir.

Parlamentin Sədri bildirib ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. O, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini qeyd edərək Azərbaycan xalqının tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyini vurğulayıb.

Parlament nümayəndə heyəti həmin gün Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin "Aleksandr" bağına gələrək burada "Naməlum əsgər" məzarının önünə əklil qoyub.

Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
© Photo : Press service of the Federation Council of the Federal Assembly of the Russian Federation

Milli Məclisin nümayəndə heyəti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla keçirib. Cənab Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş, onların mahiyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda, Rusiya tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini bir daha dilə gətirərək deyib ki, Rusiya münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həllini dəstəkləyir. O, ölkəsinin əvvəllər əldə olunmuş razılaşmalar əsasında qarşılıqlı məqbul həll yolunun axtarışını təşviq etməyə davam etdiyini bildirib. Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Görüşdə deputatlarla nazir arasında hərtərəfli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb. Cənab Volodin də iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışaraq ölkələrimiz və parlametlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib. Görüşdə tərəflər arasında əlaqələrin daha da inkişafı üçün geniş fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana səfərə dəvət edib və bu dəvət qəbul olunub. Həmin səfər zamanı müvafiq yüksək səviyyəli komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Bununla da Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

0
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rusiya Dumasının sədri Azərbaycana gələcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"