Fehruz Şamıyev

Kinomuz ona görə inkişaf etmir ki, xalqımız qeyri-səmimidir!

613
(Yenilənib 21:50 27.08.2015)
Fehruz Şamıyev: Bizim ölkədə bir körpünün tikintisinə 10 milyon vəsait ayrılır, amma bir illik ümumi kino büdcəsi 7 milyondur.

BAKI, 21 avq — Sputnik. Fehruz Şamıyev. Bəlkə də bu ad hələ oxuculara çox şey demir. Onun kim olduğu barədə öz dilindən öyrənək. Sputnik-in suallarını bu kino adamı cavablandırıb. 

- Siz kimsiz, Fehruz Şamıyev? 

— Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə ali təhsil, həmçinin “Televiziyanın xəbər buraxılışlarında kommersiya amili” adlı elmi işi müdafiə edərək magistr dərəcəsi almışam. 2004-cü ildə Tiflisdə keçirilən “İncəsənətin marketinqi və prodüserlik” kurslarında iştirak etmişəm. 2004-2008-ci illərdə “Kino +” qəzetinin baş redaktor müavini işləmişəm. 2008-2010-cu illərdə isə Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzetində şöbə müdiri vəzifəsində çalışmışam. 2006-cı ildə bir qrup kinematoqrafçılarla birgə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzini təsis etdik və hazırda mərkəzin direktoru vəzifəsində çalışıram. 2004-cü ildən Bakıda keçirilən “Start” Gənclərin Beynəlxalq Film Festivalına rəhbərlik edirəm. 2007-ci ildə “Öz” prodüser mərkəzini təsis etdim. Türkiyə,  İran mütəxəssisləri ilə işləmişəm. İran filmlərinin birində Azərbaycan tərəfindən prodüser olmuşam. Bundan əlavə dörd qısametrajlı filmdə prodüser, bir neçə sənədli filmdə prodüser və ssenarist kimi çalışmışam. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan bu ekran” müsabiqəsində qalib gələrək “Yol” bədii filminə quruluş vermişəm. Onu da qeyd edim ki, “Yol” filmi ilə bu il İranda keçirilən 9-cu “Ruyesh” Beynəlxalq Film Festivalında baş mükafatı qazandım. Yəqin ki, ilkin tanışlıq üçün kifayətdir. 

- “Start” Beynəlxalq Film Festivalı barədə nə deyə bilərsiz?

— 2004-cü ildən keçirilən “START” Gənclərin Beynəlxalq Film Festivalı “Cinema” Gənc  Kinematoqrafçılar Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər və İdman Nazirliyinin birgə lahiyəsi olub. Hər il keçirilən bu festivalda dünyanın 30 ölkəsinin – Almaniya, Polşa, Fransa, Portuqaliya, Rusiya,Türkiyə, İran, Misir və digər ölkələrin gənc rejissorları iştirak edirdi. Artıq iki ildir ki, festival keçirilmir. Bu da əsasən maliyyə məsələsiylə əlaqədardırdır. Festivalın yenidən keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət olunub. Yaxın zamanda festivalın keçirilib-keçirilməyəcəyi dəqiq bilinəcək.

“Start” festivalının əsas uğuru gənclərin özlərinə yarış meydanı görməyi oldu. Ölkəmizdə son illər müxtəlif mövzulu festivallar olsa da, sırf kino festivalı ancaq "Start" olub. Bizim festivalda filmlər yerli və xarici peşəkar münsiflər heyəti tərəfindən seçilib qiymətləndirilirdi. Bu, Azərbaycanda yeganə festival idi ki, bizim gənc rejissorlarımız xarici həmkarları ilə canlı tanış olub, müzakirələr aparırdılar. Bu baxımdan gənclər üçün prespektiv vəd edən layihə idi.

Rejissor Fehruz Şamıyev
Rejissor Fehruz Şamıyev

- Bəs “Bakı Film İnstitutu” layihəniz necə? 

— BFİ-ni yaratmaqla ilkə imza atdiq. Baxdıq ki, ADMİU-nu bitirməyən, lakin çox istedadlı gənclərimiz var. Müxtəlif təhsil ocaqlarında oxumalarına baxmayaraq, onların kinoya bağlılıqları çoxdur. Sadəcə iş elə gətirib ki, onlar başqa ixtisaslar üzrə təhsil almalı olublar. Onları bir yerə yığmaqda BFİ-nin böyük rolu oldu. Dünya kinosuna nəzər yetirəndə görürük ki, xeyli rejissorlar, aktyorlar və prodüserlər ixtisasca başqa sahə üzrə təhsil alıblar. Lakin istedadları sayəsində bu sənətdə kifayət qədər uğur qazanıblar. Belə hallar kinoda normaldır. Bu baxımdan, biz də kinorejissor, aktyor, prodüser kurslarını təşkil etdik.

BFİ “Cinema” Mərkəzinin bazasında yaradılmış təhsil mərkəzidir.  Son üç buraxılışımız olub. Bu üç buraxılışda çox yüksək nəticə əldə etdik. Kino təhsilini bizdə alan tələbəmiz Kinematoqraflar İttifaqının keçirdiyi, Yavər Rzayev, Ramiz Fətəliyev, Cəmil Quliyev və Şəfiqə Məmmədova və s. kimi peşəkar münsifləri olan ssenari müsabiqəsində birinci yerin sahibi oldu. Digər bir tələbəmiz London Film Məktəbində magistr təhsili alır. Bu tələbəmiz də kino istehsalını bizim kursda öyrənib. Kursumuzun məzunlarından biri özünün kastinq şirkətini, başqa bir tələbəmiz özünün kino şirkətini yaratdı. Hansı ki, burada reklamlar, sənədli filmlər və s. çəkilir. Tələbəmizin biri qısametrajlı film hazırladı və Gənclər Fondunun təşkil etdiyi müsabiqədə 2-ci oldu. İki tələbəmiz yerli kino şirkətlərində işə cəlb olundu. Üç tələbəmiz seriallarda baş rolu canlandırdılar. Digərlərindən tammetrajlı, qısametrajlı filmlərdə çəkilənlər oldu. Belə deyim var ki, 20-dən 1-i sənətkar kimi yetişsə, bu uğurdur. Amma bizdə demək olar ki, 20 nəfərdən 15-i yetişdi. Bu da BFİ-nin nə qədər uğurlu kino təhsili mərkəzi olmasından xəbər verir. 

- Sizcə Azərbaycanda prodüserlik inkişaf edirmi və bu qənaətbəxşdirmi?

— Bu sahənin yaxşı olmasından danışmaq istəyəndə çox qəribə proseslər adamın gözünün qabağına gəlir və görürsən ki, çatışmayan amillər çoxdur. Amma bu çatışmayan məqamlar fərdi prodüserlə bağlı deyil. Problem kinonun inkişafı istiqamətində atılan və atılmayan addımlardadır. Bizim ölkədə kinonun inkişafı çox ləng gedir. Bu problem tədricən aradan qalxmaqdadır. Çünki ortaya özəl şirkətlərin çəkdiyi filmlər gəlir və kommersiya filmlərin sayı artır. Bu filmlərin də sayı artdıqca, ölkəmizdə kinoprodüserlik də formalaşır. Son 6-7 ayda 10-a yaxın kommersiya filmi çəkildi. Sözsüz ki, bunların arasında uğursuz filmlər də oldu. Əgər 50 min manat büdcəsi olan film 150 min manat gəlir əldə edirsə, deməli bu, prodüserin uğurudur. 

- Ustad dərsləri keçərkən demişdiz ki, "prodüser istədiyi vaxt hətta rejissoru da uzaqlaşdıra bilər. Çünki, məhsul ona aiddir, hər şeydən o, sorumludur”. Ölkəmizdə belə prodüserlər varmı ki, onlar hətta rejissoru kənarlaşdırmaq imkanına və səviyyəsinə malik olsun? Yaxud belə hal bizdə olubmu?

— Bu həm özəl, həm də dövlət sifarişli filmlərdə baş verib və buna normal baxmaq lazımdır. Bu yaxınlarda Ramiz Fətəliyevin müsahibəsində bu məsələ qabardılmışdı. Dövlət sifarişli film olan “Hökmdarın taleyi” filmində o, rejissor idi. Vaqif Əsədullayev isə prodüser idi. Çəkilişlərin 70 % — i bitəndən sonra prodüserlə rejissor arasında fikir ayrılığı baş vermişdi. 

Bu kimi hadisələr dünya kinosunda da var. Burada prodüser bazara çıxarmaq istədiyi məhsulu başqa cür, rejissor isə tam başqa cür görür. Bu halda fikirlər üst-üstə gəlmədiyi üçün prodüser rejissoru filmdən uzaqlaşdırır. Bu da normaldır. Sadəcə bu addımı məntiqli olaraq atmaq lazımdır. Çalışmaq lazımdır ki, prodüserlə rejissor hazırlıq dönəmində layihəyə dair baxışlarını razılaşdırıb qurtarsınlar.  

- Sizcə İranda mükafat qazanmış “Yol” filmi “Start” Beynəlxalq Film Festivalında iştirak etsəydi, mükafat qazana bilərdimi?

— "Start" Beynəlxalq Film Festivalında da Avropa və Asiyadan güclü filmlər iştirak edib. "Yol" filmi daha çox vətənpərvərlik üslubundadır. Film texniki cəhətdən yüksək olmasa da, kinematoqrafik baxımdan maraqlıdır. Filmdə müharibə mövzusuna orjinal yanaşma var idi ki, burada tamaşaçıya mesaj olaraq nələrsə çatdırdım və bunu da filmin uğuru hesab edirəm. Ola bilsin ki, baş mükafat olmasa da, Start Festivalında başqa mükafatı qazana bilərdi. Bu, əsasən jurilərin zövqündən asılıdır. Elə film olur ki, tanınmış festivalda baş mükafat qazanır. Həmin film digər aşağı kateqoriyada olan festivalda mükafat qazana bilmir. Səbəb isə jurilərin müxtəlif zövqlü olmasıdır. Hər hansı film tanınmış festivalda baş mükafat qazanıbsa, bu, o demək deyil ki, film kinematoqrafik cəhətdən yüksəkdir. Sadəcə filmin mövzusu, məsələn,  sosial problemi əks etdirə bilər. Jurilər də sosial mesajlı filmə baş mükafatı verməklə onu reklam edə bilərlər.

İran kinosu güclü bazaya, məktəbə əsaslanır. Onlar insani, humanist hisslərə, sosial mesaja daha çox üstünlük verirlər. Fikirləşirəm ki, "Yol" filmi də onların psixologiyasına uyğun olduğu üçün baş mükafatı qazandı. Qarabağ haqqında olan bir filmin güclü kinematoqrafiyaya malik olan ölkədə mükafat qazanması önəmli hadisədir. Festivalın mükafatlandırma mərasimində İranın tanınmış kino xadimləri də iştirak edirdi. Moskva və Tokio festivallarının qalibi Rza Mir Kərimi mənim mükafat aldığımı görüb yaxınlaşdı və onunla geniş söhbətimiz oldu. Qeyd edim ki, o, İran vətəndaşı olsa da, milliyyətcə Azərbaycan türküdür.

Rza Mir Kərimi və Fehruz Şamıyev
Rza Mir Kərimi və Fehruz Şamıyev

- Senzura tətbiq edilən İranda kino tez bir zamanda inkişaf etdi, beynəlxalq festivallarda baş mükafatlara layiq görüldü. Obrazlı desək, bəs o əjdahadan bizdə niyə yoxdur? Buna nə mane olur?

— Hər bir xalqın özünəməxsus istedadı olur. Məsələn, Azərbaycanda güləş,  Almaniya, Skandinaviya ölkələrində üzgüçülük, Şərq ölkələrində yüngül atletika idman növləri öndə gedir. Yəni hər bir xalqın özünə görə xüsusiyyətləri var. Kinoda uğurlu nəticələrimizin olmasına baxmayaraq, bizim xalq kinematoqrafik deyil. Kütləvi şəkildə kinonu sevmirik. Bu da ondan irəli gəlir ki, biz səmimi xalq deyilik. Nə vaxt ki, səmimi olsaq, o zaman  kinomuz inkişaf edəcək, yaxşı filmlər çəkiləcək, yaxşı teatr tamaşaları görəcəyik.

İran kinosunda səmimilik var. Orada səmimiyyət olduğundan, hansısa qadağaların məsələyə dəxli olmur. Səmimiyyət öndə olduğu üçün qadağalar gözə görünmür. Biz nələrisə göstərməyə utanırıq. Əgər 2-3 yaşlı uşaq çılpaq durubsa, bu, normaldır. Amma biz bunu kinoya gətirməyə utanırıq. Ayıbdır, adama nə deyərlər?! Uşaq nədir, çılpaq oldu nədir?! 

- İl ərzində dövlət tərəfindən ayrılan maliyyə ilə kinoda uğur qazanmaq mümkündürmü?

— Hazırda ilə 6-7 milyon manat kinoya pul ayrılır. Bura kino istehsalı, kino tədbirləri, kino ilə bağlı müxtəlif işlərin görülməsi daxildir. Azərbaycanda digər sahələrə ayrılan vəsaitlə müqayisədə kinoya ayrılan vəsait çox aşagıdır. Yəni bir körpü tikintisinə 10 milyon manat ayrılırsa, kinonun illiyinə 7 milyon ayrılır. Bu çox gülünc rəqəmdir. Kinonun maliyyəsi büdcəyə uyğun olaraq artırılmalıdır.

Biz hələ kinonun nə qədər lazımlı sənət olduğunu dərk etmirik. Deyirik ki, rejissorumuz, operatorumuz, ssenaristimiz yoxdur. Yoxdur deyirik, bəs bu problemin həlli üçün hansı addımı atırıq. Son olaraq bir nəfər operator Mədəniyyət və Turizim Nazirliyi tərəfindən Moskva Kinematoqrafiya İnstitutuna göndərilir. Deyək ki, Moskvada təhsil almış iki-üç rejissorumuz var. Rejissor, operator problemi həll olundu, bəs ssenarist? Niyə ssenaristlər kursa göndərilmir? Kamera mühəndisləri, işıqçılar niyə kursa göndərilmir? Bu istiqamətdə addım atılmır. Bunların da hamısı maliyyənin az olmasından xəbər verir.

- Son olaraq, sizin də fikriniz maraqlıdır. Niyə çəkilən kommersiya filmlərinin əksəriyyətini komediya janrı təşkil edir?

— Ölkəmizdə problem içində olan vətəndaşlarımız gedib psixoloji filmə baxmaq istəmir, adamlar komediya görmək istəyir. Tamaşaçı istirahət etmək istəyir. İqtisadi problemlər içində olan tamaşaçı az hallarda dramaya baxmağa cəhd edir. Amma nəzərə alaq ki, bizim tamaşaçılar daha çox gənclərdir. Bu da o deməkdir ki, artıq melodrama janrı da bizim bazarda öz yerini sübut edəcək. Artıq özəl şirkətlərimiz digər janrlarda da filmlər çəkməyə başlayıblar. 

 

Söhbətləşdi: İbrahim Aydın

613
Teqlər:
kinoda uğur qazanmaq, kommersiya filmləri, Azərbaycan kinosu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti, Fehruz Şamıyev, Azərbaycan