Nizami Gəncəvi

"Nizami Gəncəvi İli"nin nizamı

278
(Yenilənib 22:25 14.09.2021)
Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin.

BAKI, 14 sentyabr — Sputnik. Yavaş-yavaş yola salmaqda olduğumuz il, "Nizami Gəncəvi İli"dir. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Heç şübhəsiz ki, dahi Nizami bu xalqın övladıdır və ona sahib çıxmaq hər bir Vətən övladının borcudur.

Qüdrətli söz və fikir ustadının yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib. Dövlət başçısının Sərəncamına əsasən, il ərizində Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nizami Gəncəvi İli" ilə bağlı tədbirlər planı hazırlayıb. Pandemiya və postmüharibə dönəmində müəyyən tədbirlər keçirilsə də, əsas tədbirlər ilin sonuna planlaşdırılıb.

Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin, ancaq ölkənin və dünyanın vəziyyəti məlumdur. Ancaq biz yenə də gözəl işlərə ümidimizi itirməyək.

Məsələn, çox sevindirici haldır ki, kitabsevərlərin həsrətlə gözlədiyi VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

Şəxsən bu mənim üçün olduqca xoş xəbərdir. Çünki "Baku International Book Fair 2021" Nizami Gəncəvinin yüksək səviyyəli təqdimatı və təbliği üçün ən münasib tədbirlərdən biridir.

***

Təəssüf ki, bu günə qədər keçirilən tədbirlərin böyük qismi ürəkaçan deyil. Bu günə qədər ölkəmizdə böyük mütəfəkkirin şanına layiq olmasa da, xırda işbazların güzəranına normal təsir edən böyüklü-kiçikli tədbirlər keçirilib. Bütün bunların Nizami Gəncəvinin mahiyyəti üzrə tanıdılmasına, yenidən və daha düzgün şəkildə mənimsənilməsinə heç bir faydası olmadı. Çox təəssüf ki, Nizami ilə bağlı tədbirləri də fürsətə çevirmək istəyən, onun adından istifadə edib qazanc əldə etmək istəyənlər var.

Növcavan kəmfürsətlər, bir-birini təkrarlamaqdan usanmayan qocaman alimi-biəməllər monoqrafiyalar yazdı, qəzetləri, jurnalları, saytları Nizami haqqında yazılan yazılar bəzədi. Amma nə illah elədilərsə, Nizami sözünü, Nizami dühasını mahiyyətinə uyğun şəkildə düzgün təqdim etmədilər. Yəni, ulu Şeyxin yazdıqlarını sosrealizm işığında tərcümə edənlər sayəsində, ustadın fikir dünyasına sovet təfəkkürü ilə boylanmağa məhkum olan xalq, Nizamini "babat aforizmlər" müəllifi kimi tanımağa davam edir.

Ümid edirəm ki, Nizaminin doğru təbliği və bundan sonra görüləcək işlər onun adına da layiq olacaq.

Nizaminin təkrar tərcüməsi, yaradıcılığının, irsinin orijinallığını qorumaqla tanıdılması təklifimizlə bağlı müjdəli xəbərlər gəlir. Bu təkliflə çıxış edən qələm adamlarına nə qədər istehza edilsə də, təklifə qarşı çıxan qocaman söz adamları, alimlər tapıb çıxarsalar da, dövlət Nizaminin yenidən tərcüməsində maraqlıdır və artıq prosesin başladığını demək olar. İlin sonuna doğru Nizami ilə bağlı planlanan tədbirləri arzulanan və layiqli şəkildə baş tutmasına ümidimiz sonsuzdur.

Və ümid edirəm ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan nəşriyyatlarının hər bir Nizami Gəncəvi yaradıcılığına işıq tutan heç olmasa bir kitabla təmsil olunacaq.

Oxunmalı kitab: İmmanuel Kant , "Təhsil haqqında"

Nəşriyyat: "Mücrü" Nəşriyyatı

Janr: Esse

Dili: Azərbaycan dili

Səhifə: 75

Kitabda təhsil, fiziki tərbiyə, mədəniyyət, ruhun tərbiyəsi, əxlaqi tərbiyə və praktik tərbiyə haqqında Alman fəlsəfəsinin qurucularından İmmanuel Kantın elmi-fəlsəfi esseləri yer alıb. Bu esselərin yazılmasından təxminən iki əsr keçsə də, Kantın düşüncələri, təklifləri və fikirləri faydalı və aktualdır.

Həmçinin oxuyun:

Mədəniyyətimizin intibahı, ədəbiyyatımızın triumfu

Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”

278
Teqlər:
Nizami
Azərbaycan hərbçisi, arxiv şəkli

Kəndimizə qaçıb gələn əsgəri axtaran komandir "bayrağ"ı silən Azərbaycan hərbçisi

241
(Yenilənib 18:11 20.09.2021)
Gorus-Qafan yolunun ərazimizdən keçən bu hissəsində yoxlamalar aparmaq təbii haqqımızdır. Ermənilər indi bu yolu həyəcanla keçir – ömürlərindən il gedir bu yolda keçən dəqiqələrdə.

BAKI, 20 sentyabr — Sputnik. Gorus-Qafan yolunun Azərbaycan sərhədləri daxilindən keçən hissəsində ermənilərin yeniyetmələrdən ibarət futbol komandasının mikroavtobusunu saxlayan Azərbaycan polisinin maşının üzərindəki separatçıların əski parçasını süngü ilə silməsi həftənin ən yaddaqalan hadisəsinə çevrildi. Yeniyetmələr Azərbaycan polisinin xəbərdarlığını yəqin ki, heç vaxt unutmayacaqlar: "Siz bilməlisiniz ki, Dağlıq Qarabağ artıq yoxdur. Qarabağ Azərbaycandır! Siz başa düşdünüz məni?"

Bayrağı pozmağın yaratdığı fenomen

Bəndənizin də sovet əsgərləri ilə bağlı uşaqlıq xatirəsi var: 1989-cu ildə Laçında, Güləbird və Cicimli kəndləri ilə sərhəddə Gorusun Xınzoresk (Xınzırək) ərazisində sovet əsgərləri dayanırdı. Əsgərlərdən birini öz yoldaşları döydüyündən, o qaçaraq bizim kənddə - Güləbirddə gizlənmişdi. Komandiri BMP ilə, əsgərlərinin müşayiəti ilə öz əsgərini axtarmağa gəlmişdi. Komandirin səsgücləndirici ilə dediyi sözlər bu günədək qulağımda səslənir: "Valeri, ne boysya, ya tvoy komandir!"

Əsgər çıxdı gəldi və komandir əsgərini apardı. Həmin vaxtdan sovet əsgəri mənim üçün fenomenə çevrildi - onun texnikası, geyimi, amiranə, özgüvənli davranışı, komandirin öz əsgərinə sahib çıxmaq tərzi uşaq yaddaşıma hopmaqla sovet ordusu barədə uzun illər dəyişməyəcək rəy yaratdı. İkinci Qarabağ savaşı isə öz əsgərimizi qəhrəmanlaşdırdı!

32 il öncəki hadisəni niyə indi xatırladım: əsgərimizin bayrağı silməsi və maarifləndirici cümlələrini erməni yeniyetmələr unutmayacaqlar – onun tərzi, geyimi, özgüvəni bir fenomen yaratdı.

Yolun və qolun gücü

Azərbaycan "Dəmir yumruq"la qolunun gücünü 44 günlük müharibədə göstərdi. İndi növbə yolun gücündədir. Strateji yollar, nəqliyyat dəhlizləri ölkələrin inkişafı, xalqların rifahı üçün həlledici amil olub həmişə. Baxsaq, tarixi İpək Yolu üzərində yerləşən ərazilərdə inkişaf həmişə daha sürətlə gedib.

Adicə rayon mərkəzinə gedən yollarun üstündə yerləşən kəndlərin inkişaf səviyyəsi daha ucqarlarla müqayisədə fərqlənib.

İndi Ermənistan üçün əhəmiyyətli yolun bir hissəsi ərazimizdən keçir. İrandan nəfəs alırlar axı həm də. Gorus-Qafan yolunun ərazimizdən keçən bu hissəsində yoxlamalar aparmaq təbii haqqımızdır. Ermənilər indi bu yolu həyəcanla keçir – ömürlərindən il gedir bu yolda keçən dəqiqələrdə.

Elə iranlı sürücülüər üçün də rahat deyil. Rüsumu ödə, apar malını sat – daha əvvəlki nəzarətsiz ərazi – dərə xəlvət, tülkü bəy deyil.

O gün Azadlıq Radiosunun Ermənistan müxbirinin reportajında müəllimlərini məktəbə aparan sürücü-direktor bir cümlə işlətmişdi: "Bu vəziyyətdə adam özünü alçalmış hiss edir".

Səbr edək..

Əcnəbi seyrə balonlarla çıxır...

Yeri gəlmişkən, kosmosa ilk dəfə peşəkar kosmonavtın olmadığı səfər baş tutub. 38 yaşlı iş adamı Cared Ayzekmanın maliyyələşdirdiyi səyahətə onunla birgə 29 yaşlı səhiyyə işçisi Heyli Arseno, 42 yaşlı xanım hərbi pilot Sian Proktor və 51 yaşlı mühəndis Kristofer Semborski qatılıb.

Yer kürəsinin cənubunun əksər əraziləri isə başqa eradadır.

Əfqanıstanda Taliban* zamanın ipini var gücü ilə geri dartır: Kabildə Qadınların İşləri üzrə Nazirliyin əvəzinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb. Bu orqan Talibanın* 20-25 il öncəki hakimiyyəti vaxtında da olub, milləti şallaqlamaqla ad çıxarıb. İdarənin adı isə nəinki 20-25 il, 2500 il əvvəli xatırladır.

Peyvənd nələrdən qoruyur?

Deyirlər, pul xoşbəxtlik gətirmir, ancaq bədbəxtlik gələndə kömək edə bilir. Vaksinasiya olunmamaq üçün bəhanə axtaranlar da nəzərə almalıdır ki, peyvənd onların düşündüyü kimi hətta xəstəlikdən qorumasa da, işi qorumağa kömək edir - Fransada təxminən 3 min həkim, tibb bacısı və digər tibb işçisi COVID-19 əleyhinə peyvənddən imtina etdiyi üçün müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Yeni qanun belə tələb edir, vəssalam. İnsan hüquqlarının ixracı ilə məşğul olan ABŞ-da isə peyvənd olunmayanlar işdən çıxarılmaqla hədələnirlər. Ağ Ev rəhbəri 100-dən çox işçisi olan şirkətləri məcburi peyvənd tələblərini tətbiq etməyə çağırıb.

Almaniyada isə türk əsilli iş adamı peyvənd olunanlara pulsuz dönər paylamağa başlayıb.

Və bu arada İsraildə koronavirusa qarşı peyvəndləmə hərəkatının lideri Hay Şaulyan koronavirusdan ölüb.

G20 üçün vaksin

Peyvənd millətçiliyini davam etdirən "böyük"lər qlobal istiləşməyə səbəb olmaqla da dünyanı risk altında qoyublar. BMT qlobal istiləşmənin 2 dərəcədən aşağı saxlanmasına çalışsa da, faktiki rəqəm 2,7-dir. Və ən maraqlısı odur ki, hazırda dünya üzrə atmosferə zərərli tullantıların 80%-i Böyük 20-lik ölkələrinin payına düşür.

Belə görünür ki, koronavirusdan əlavə bu ölkələrin əlavə peyvəndlənməyə də ehtiyacı var – qlobal problemləri həll etmək üçün daha çox alətlərə və gücə malik olan ölkələrin özləri planeti hər il uçuruma yaxınlaşdırırlar.

Ax qocalıq...

Çex Respublikasının Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib. Almaniya kansleri Angela Merkelin də özünü pis hiss etdiyi deyilir. O, Ukrayna prezidenti ilə görüşdə, bundan öncə isə ədliyyə nazirini qəbul edərkən qəflətən əsməyə başlayıb.

Eh, Merkel xanım, sizin taylarınız, baxın nələr edir: ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloger qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb.

Cenninin hekayəsi bir lətifəni yada salır:

Çox yaşlı kişi arvadının hamiləliyi ilə bağlı həkimə müraciət edir. Həkim deyir ki, "bir dəfə dostum meşədən keçərkən şir ona hücum edir, dostum əlindəki çətiri şirə tuşlayır, atəş açılır və dostum xilas olur".

Yaşlı kişi cavab verir: Axı bu, mümkün deyil, çətir necə atəş açıb? Görünür, kimsə qıraqdan atəş açıb.

Həkim: Elə mən də bunu demək istəyirdim...

Qapqara

Həftənin krimxronikasında da yaddaqalan hadisələr var: Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs tutulub. Bir neçə binada "uğurlu" əməliyyat həyata keçirən Elvin bəzi yerlərdə kameraları unudub və ələ keçib.

Xırdalanda isə dostlar "köşəyi dönməyin yolunu" "Mercedes" sahibini döyüb maşınını əlindən almaqda görüblər, ancaq polis idarəsi barədə fikirləşməyiblər – elə həmin gün polis onları saxlayıb. Suraxanı rayonunda isə taksi sürücülərinə qənim kəsilmiş dəstə ələ keçib.

Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini bıçaqlayaraq qətlə yetirib. Yardımlıda isə 33 yaşlı kişi 22 yaşlı gənci ov tüfəngi ilə öldürüb.

Kürdəmirin Yenikənd kəndində isə 86 yaşlı qadını döyərək evdən oğurluq etmək istəyən R.Bəşirov qadının səs-küy salmasından sonra qaçıb, ancaq uzağa gedə bilməyib, polislər onu saxlayıblar.

Qubada isə 28 yaşlı Şöhrət adlı gənc qolunun gücünü 55 yaşlı ağsaqqala göstərib – onu döyərək qətlə yetirib.

* Rusiya və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

241
Avtomobildən tüstü, arxiv şəkli

Avtoxuliqan: O, həyatı ilə risk edir, ölümə hazırdır

573
(Yenilənib 20:15 15.09.2021)
Əgər bu şəxs avtomobili ilə gəlir əldə etməklə məşğuldursa, ya da onun biznes fəaliyyətində avtomobilin olması vacibdirsə, bir il maşınsız qalmaq ümumilikdə xeyli maddi ziyan çəkməyə bərabər sayıla bilər.

Avtoxuliqanlıq edən şəxslər barədə mətbuatda ən azı bir iki xəbərin demək olar hər gün paylaşılmasına bir növ adət etmişik. Elə “Google” axtarış sistemində də bu sözü yazası olsaq, bir xəbər axını ilə rastlaşarıq. Özü də xarici yox, məhz Azərbaycanın öz avtoxuliqanlarından bəhs edən məlumat bolluğundan şoka düşmək olar. Avtoxuliqan sözünü rusca yazsaq belə, yenə bizim xəbərlərə rast gələcəyik. Yəni bu məsələdə axtarış sisteminin ilk bir neçə səhifəsini zəbt etmişik, lider mövqedəyik.

Avtoxuliqan kimdirsə, maşını ilə oyun çıxardır

Hətta avtoxuliqan sözünün yanına ABŞ sözü yazsaq, xeyri yoxdur, bəlkə xarici mediaya bağlı bir iki xəbər çıxar. Qalan avtoxuliqanlar elə özümüzə məxsusdur. Özü də avtoxuliqanlıq tək Bakıda yox, Azərbaycanın hər bir yerində rast gəlinən bir haldır. Bu siyahıda Beyləqan, Cəlilabad, Gədəbəy, Masallı, Zaqatala, Şəki kimi rayonların adı hallanır. 

Lənkəranda isə rayon sakini E.Mirzəyev isə lap “qəhrəmanlıq” edib. İçkili halda olan Mirzəyev idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud surətdə pozub. Nə polisin xəbərdarlığına məhəl qoyub, nə də ətrafdakı insanların həyatına təhlükə törətdiyini anlayıb.

Bu sözə yaman öyrəşmişik, bəzən mahiyyətində nə olduğunu belə dərk etmirik. Düşünürük, maşını ilə oyun çıxardan, yolda min cür hərəkət edən elə avtoxuliqandır. Qanunvericiliyə görə, avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsünün ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri nəzərdə tutulur. 

“Qonka”, “iki təkər”, “zmeyka”...

Cəzası da kifayət qədər ağırdır. Avtoxuliqanlığa yol vermiş şəxs bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 500 manatdan 750 manatadək cərimə edilir. Bəzi hallarda 15 gündən bir ayadək inzibati həbs də tətbiq edilə bilər. Əgər bu şəxs avtomobili ilə gəlir əldə etməklə məşğuldursa, ya da onun biznes fəaliyyətində avtomobilin olması vacibdirsə, bir il maşınsız qalmaq ümumilikdə xeyli maddi ziyan çəkməyə bərabər sayıla bilər. Di gəl, nə avtoxuliqanlığın sonu görünür, nə də onların sayı azalır.

Özü də bu hərəkətlərə təkrar yol verilərsə, ağırlaşdırıcı hallarda daha ağır cəza tətbiq edilə bilər. Yəni cərimənin məbləği 2000 manata, idarə etmək hüququnun müddəti 2 ilə, həbs müddəti 2 aya qədər arta bilər. Özü də qanuna yeni qəbul edilmiş dəyişiklikdə avtoxuliqanlığın dəqiq parametrləri də göstərilib.

Sürücülər arasında “qonka”, “iki təkər”, “zmeyka” kimi tanınan əməllərin açılışı verilib. Avtoxuliqanlıq deyəndə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, avtomobil və ya motosikletin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə edilməsi, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxması nəzərdə tutulur.

Toy karvanı bir təhlükə mənbəyidir

Avtoxuliqanlığın əlavə gizli formaları da var. Bu əməllərə bəzən göz yumulsa da, bunu qeyd etməyinə dəyər. Azərbaycanın toy ənənəsində gəlin gətirmə proseduru zamanı avtomobil sahibləri elə bir növ avtoxuliqanlıq edirlər. Səs-küy, yol hərəkəti qaydalarının aşkar pozulması, digər nəqliyyat vasitələri üçün yaranan təhlükə, “qonka”ya çıxma, “zmeyka” eləmə tez-tez baş verir, amma nə edəsən, polis özü də bunun qarşısını almaqda acizdir. Axı hamını belə bir gün gözləyir, hər bir şəxs evlənəndə belə səsli-küylü bir toyun olmasını arzulayır, amma nə qədər qəza baş verdiyini bir yol polisi bilir, bir də internet.

“Bəy-gəlin maşını aşdı”, “Toy karvanında qəza, gəlin xəsarət aldı”, “Qəza oldu, bəy öldü, gəlin ağır yaralandı”, “Toyuna gedən bəy və gəlin yol qəzasında öldü” başlıqlı xəbərlərin sayı-hesabı bilinmir. Toy karvanı bir təhlükə mənbəyidir.

Avtoxuliqanlıqla avtobus sürücüləri intensiv məşğul olur. Müştəri dalınca qaçan, bir-birini yolda “obqon” edən sürücüləri hər gün görürük, amma nə edəsən? Mətbuat da yazır, polis də cərimələyir, amma bu əməllərin sonu yoxdur. Həm də avtobus sürücüsünə çox zaman avtoxuliqanlıq maddəsi ilə cərimə yazılmır. Adi cərimə ilə buraxırlar. Bir neçə şəxsi idarəetmə hüququndan məhrum etməyə bəlkə də dəyərdi, başqalarına dərs olsun deyə.

Taksi fəaliyyəti ilə məşğul olanlar də avtoxuliqanlıq edirlər. Xüsusilə də yollarda işə və evinə tələsən insanları 1 manatdan daşıyan maşın sahibləri həmin bu müştəri uğrunda əsil savaşa çıxırlar. Bu tip sürücü mütləq özünü dayanacağa digər maşından tez çatdırmağa, müştərini götürməyə çalışır. Özü də bu yolu mümkün qədər tez-tez gəlib getməklə daha çox gəlir əldə etmək vacib məsələdir. Amma yolda nə qədər təhlükə yarandığını görürük.

Belə sürücü heç bir zaman tıxacda gözləmək niyyətində deyil. “Obqon”a da çıxacaq, digər zolağa da. Sürücü var, digər zolağı çıxması bir yana qalsın, avtomobili arxaya döndərərək maşını sürür. Bir növ yolun o biri hissəsindəki tıxacı arxada qoymaqla hərəkət edir, imkan tapan kimi də bir yerdən növbəyə soxulur. Eləsi var, hətta 1 manat artıq qazanmaq üçün öz yerinə də birini oturdub maşını təhlükəli formada idarə edir.

“Jiquli”də “iki təkər” əməliyyatını etmək asandır

Amma əsl avtoxuliqlar bunu ehtiyacdan etmirlər. İnsan var, passionarlığı yüksək, amma bunu idarə etmək üçün imkanı aşağıdır. Belə tip insana daim adrenalin tələb olunur, çatmadıqda xəstə kimi olur. Adam var dağa çıxır, adam var hündürmərtəbəli binanı “fəth” edir. Kimsə ekstremal idman növünü seçir. Hərə bir yolla özünü göstərməyə, hansısa tələbatını ödəməyə cəhd edir. Kimisi bir müddət sonra müalicə olunur, normal həyata dönür. Eləsi də var, son gününəcən həyatı ilə risk edir, ya şikəst olur, ya də ölüb gedir.

Avtoxuliqanlar da bu tip insan qrupuna aid edilə bilərlər. Motosikletlə avtoxuliqanlıq edənlər həyatla vidalaşmağa daha yaxın olanlardır. Bu nəqliyyat vasitəsinin özü yolda min cür oyun çıxartmaq üçün olduqca əlverişlidir, amma çox risklidir. Avtomobildən sağ çıxmaq şansı daha yüksəkdir. Özü də hər maşınla avtoxuliqanlıq etmək də olmur.

Avtoxuliqanların ən sevdiyi maşın “Jiquli” modelidir. Bu avtomobillə hər cür avtoxiliqanlıq etmək mümkündür. Xüsusilə də “iki təkər” əməliyyatını etmək asandır. Almanın maşınında xuliqanlıq etmək çətindir, hər bir təhlükəsizlik məqamı nəzərdə tutulub. “Jiquli” isə bu işə çox yarayır. Elə avtomobil satıcıları da məsələnin bu tərəfini gözəl bilirlər, bəlkə də su qiymətinə satılmalı olan maşını baha satırlar. Bəzən lap ağır vəziyyətdə olan bu növ avtomobili maşın ustası alır, üstünü-başını düzəldir, ikiqat bahasına potensial avtoxuliqana satır.

Bahalı maşını, əməlli-başlı işi, biliyi, savadı olmayan, amma təbiətən aktiv fəaliyyətə meyilli olan bir çox insanın özünü realizə etmək şansı məhz avtoxuliqanlıq vasitəsilə reallaşır. Nəticəsi də heç yaxşı olmur, yol qəzalarında elə daha çox bu tip avtomobildə xeyli insan ölür, şikəst olur.

“Avtoxuliqanlıq” etmək üçün xüsusi məkanlar ayrılmalıdır?

Problemdən çıxış yolu var. Dünya təcrübəsində bu bəladan yaxa qurtarmaq üçün təkcə ciddi cəza sistemi tətbiq edilmir. “Avtoxuliqanlıq” etmək üçün xüsusi məkan ayrılır, yerlər inşa edilir. İnkişaf etmiş ölkələrdə yolda qəzanın sayını azaltmaq üçün həyatı ilə risk edənlərə mütləq yer ayrılır, meydançalar inşa edilir. Ən azı zədə alanda belə yerindəcə yardım etmək mümkün olur, həm də başqalarının həyatı üçün təhlükə olmur.

Sakit həyat passionar insan üçün olduqca darıxdırıcıdır, beləsi adrenalinin səviyyəsini artırmaq üçün hər oyundan çıxmağa hazırdır. Deməli, bu prosesi yönləndirmək, idarə etmək üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Necə ki, velosipedçilərə xüsusi yerlər ayrılır, baykerlərə də belə yerlər ayrılmalıdır. Avtoxuliqanların da meydançaları inşa edilməlidir. Bu yolla məsələnin həllinə nail ola, bu bəlanın kökünü kəsə bilərik.  

573
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu