Şantaj, arxiv şəkli

Ehtirasın toruna düşənlər ya Ramiz müəllim dünyadakı trendin Azərbaycan təmsilçisi kimi

103
(Yenilənib 14:08 14.09.2021)
Yeni texnologiyalar da həmişə xeyir gətirmir. Bəziləri şeytan əməlidir. Budur, ADNSU-nun kafedra müdiri Hüseynbala müəllimin yaratdığı trend davam etdi. Bu həftə bir neçə tanınmış sima da yeni texnologiyaların zibilinə düşdü, el içrə biabır oldu.

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

Tarixi bölənlər

20 il öncə ABŞ-da baş verən terror hadisəsi ən azı ABŞ üçün tarixi iki yerə böldü - terrordan əvvəlki və sonrakı dövr. 3 minə yaxın insanın həlak olduğu hadisəni törədən "Əl-Qaidə" yaraqlılarını Əfqanıstanda hakimiyyətdə olan Taliban Vaşinqtona təhvil verməkdən imtina etdi və Əfqanıstanda qan su yerinə axmağa başladı…

İndi taliblər yenidən tarixi bölür: terror təşkilatı kimi qəbul edilən "Taliban" Əfqanıstanda hakimiyyətə gəldi və indi onunla döyüşən böyük güclər onunla dialoqa başlayır. ABŞ prezidenti Co Bayden bəyan edib ki, Əfqanıstanda "Taliban" hökumətinin tanınmasına hələ çox vaxt var. "Hələ çox vaxt"! Yəni istisna deyil…

Laçından mesaj

Əfqanıstandan çıxmayan Türkiyə Cənubi Qafqazda da fəallığını qoruyur. Azərbaycan və Türkiyə ordusunun Laçında keçirdiyi birgə hərbi təlimlər yalnız taktiki-texniki hazırlıq məsələsi deyil, həm də siyasi ismarıcdır…

Bu arada Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil etmək üçün Xüsusi Komandanlıq Qrupu yaradılıb, qrupa dörd yüksək rütbəli türk generalı daxildir.

İranın tövbəsi

İrandan Xankəndiyə naməlum yüklərin daşınması isə davam edir. Bir müddət öncə bununla bağlı cənub qonşumuza nota da verildi, ancaq Tehran təxminən and-aman etdi ki, onlar Xankəndiyə heç nə daşımır.

Məlumata görə, son bir ayda İrana məxsus 58 yük maşını qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olub, onlardan 55-i geri qayıdıb. İyulun 11-dən avqustun 8-nə qədər olan müddətdə isə İrana məxsus 35 yük maşını Xankəndiyə 70 səfər həyata keçirmişdi.

Budur, bunların haqqa fətvası?!

Biz də Qafqaz tarixini iki yerə bölmüşük: İkinci Qarabağ müharibəsindən öncəki və sonrakı tarix. Tehran da bu reallığı qəbul etməlidir. Bakı dövlətlərin tanınan ərazi bütövlüyünə hörmətlə yanaşır. Deməli, eyni münasibəti də gözləmək və tələb etmək haqqı var.

Cənub qonşumuz unutmamalıdır ki, bir vaxtlar ərazimizdən İrana qarşı platsdarm kimi istifadə olunmasına icazə verməmişdik. Və tarix yenə təkrarlana bilər.

"İran, demək olar, nüvə silahına sahib olmağın bir addımlığındadır. Lakin Tehran anlamalıdır ki, bu cür fəaliyyətlər cavabsız qalmayacaq".

Bir neçə gün öncə İsrail XİN başçısı səsləndirib bu fikri.

Bu arada Britaniyanın keçmiş Baş naziri Toni Bler islam fundamentalizmini ölkəsi və bütövlükdə Qərb üçün başlıca təhlükə mənbəyi adlandırıb.

SOS!

Cənubi Qafqazda isə erməni vandalizmi, erməni terrorizmi təhlükə mənbəyidir. Bütün tarixi-dini abidələri yerlə bir edən toplum Azərbaycanı indi Qarabağda erməni abidələrini dağıtmaqda ittiham edir.

Bəzilərimiz azad olunmuş ərazilərə getmək imkanı əldə etmişik, hamımız isə bunu videogörüntülərdə izləmişik. Oradakı mənzərələr filmlərdə gördüklərimizin canlı inikasıdır.

Bu yaxınlarda Laçına getdik. Qubadlıya qədər, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl ərazilərində salamat bina görmək mümkün deyil. Qubadlı və Laçında isə bəzi yerlərdə yaşayış olduğundan köhnə evlərdən salamat qalanlar, eləcə də yeni evlər var idi. Bəzi yerlərdə onların burada əbədi yaşamağa hazırlaşdıqları hiss olunurdu, məsələn, doğulduğum Güləbird kəndində. Elektrik stansiyası tikiblər, yeni su xətti çəkiblər, bəzi evlərə əl gəzdiriblər. Əvəzində Sarı Aşığın abidəsini, kəndin kitabxanasını, məktəbini dağıdıblar, yaxınlıqdakı Cicimli kəndində - Səlcuqlar dövründə - XII əsrdə inşa edildiyi ehtimal edilən Malik Əjdər türbəsini tövləyə çeviriblər və s.

İndi Xankəndi boşalır, orada insanlar susuzluqdan, səfalətdən əziyyət çəkir, iş yoxdur, ən gəlirli iş əsgərlərə xidmət edən masaj salonlarıdır.

Paşinyan da sülhün alternativinin olmadığını deməyə qorxur.

Bu arada Nikol Gürcüstana səfəri çərçivəsində Tiflisin Qəhrəmanlar meydanında 2008-ci ildə Rusiya ilə müharibədə həlak olanların şərəfinə qoyulmuş abidəni ziyarət edib.

Paradoksa baxın. İrəvan Kremlə demarş edir, əhali isə şimala üz tutur: 2018-2020-ci illərdə və bu ilin yanvar-iyun aylarında isə 103.6 min erməni Rusiya vətəndaşlığını qəbul edib. Daha çox isə bu ilin yanvar-iyun aylarında: 21.9 min nəfər. Belə getsə, bütün Ermənistan Rusiyaya köçüb qurtaracaq.

Bu ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı isə cəmi 1252 nəfər təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 dəfə, 2019-cu illə müqayisədə isə 2.9 dəfə azdır.

Üç günlük dünyadır, bunlar hələ də qonşularından torpaq qoparmaq sevdası, xəstə ideologiyanın məhsulu olan "Böyük Ermənistan" xülyası ilə nəfəs alırlar.

Üç günlük dünya

Dünya alimləri dünyanın ömrünü uzatmağa çalışırlar. Karbohidrogen ehtiyatlarının 48-50 ilə bitəcəyi proqnozlaşdırılır. Bəs sonra nə olacaq? Alternativ enerji mənbələrinin axtarışı bu suala cavab verir.

2020-ci ildə bərpa olunan mənbələrdən enerji istehsalı ucuzlaşıb və həcmi rekord dərəcədə artıb, qaz, neft və kömür istehlakı isə azalıb. Dünya alimləri süni intellekt və alternativ enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi üzərində baş sındırırlar.

Yeni texnologiyalar da həmişə xeyir gətirmir. Bəziləri şeytan əməlidir. Budur, ADNSU-nun kafedra müdiri Hüseynbala müəllimin yaratdığı trend davam etdi. Bu həftə bir neçə tanınmış sima da yeni texnologiyaların zibilinə düşdü, el içrə biabır oldu.

Dünyanı bürüyən trend

Belə görünür ki, intim videolar və mövzular həftənin trendləri sırasında idi.

Braziliyada populyar bloger Elian Ferreyra Siolin qətlə yetirilib. O, açıq-saçıq görüntülərini "Tik-Tok"a yerləşdirdiyi üçün həyat yoldaşı tərəfindən öldürülüb.

Meksikada isə ərinin telefonunda intim şəkillər tapan qadın qısqanclıqdan onu bıçaqlayıb. Halbuki şəkillərdəki qadın onun özü imiş.

"Çelsi" futbol klubunun keçmiş hücumçusu Droqba isə etiraf edib ki, intim xarakterli videosu yayıldıqdan sonra həyat yoldaşından boşanıb. Başqa bir top ustası Benzema isə intim video qalmaqalına görə yenidən məhkəmə qarşısına çıxıb. Sinqapurda isə tələbə yataqxanasında çimən qızların videosunu çəkən gənc saxlanılıb. Hələ buna baxın: məşhur "Cheer" filmində rol alan aktyor Cerri Harris yetkinlik yaşına çatmayan şəxslərdən ədəbsiz video çəkiliş tələb etmək ittihamı ilə həbs edilib.

Millilər

Milli komandamız da el içində biabır olub, internetdə çox sayda məğlubiyyət videolarımız populyardır. Vəziyyət o həddə çatıb ki, UEFA da öz saytında bizi məsxərəyə qoyub. Portuqallara məğlub olduğumuz oyunda oyunçularımızın ayaqlarının arasından atılan topların videosunu "Not one, but TWO nutmegs", yəni "Bir yox, iki Hindistan qozu" başlığı ilə paylaşıb.

Cırtdan ölkə Lüksemburqa məğlubiyyətin ardından səfərdə irlandlardan qoparılan 1 xal ümidlər yaratsa da, meydandakı oyun göstərirdi ki, hətta Ronaldusuz Bakıya gələn Portuqaliyaya 22 il öncəki bərabərlik sürprizini belə yaştmaq mümkün olmayacaq. Oyun 0-3 hesabı ilə portuqalların xeyrinə bitdi. Həmin gün gənclərdən ibarət yığmamız isə Avstriyaya 6-0 uduzdu və əmin olduq ki, gələcəyimiz etibarlı əllərdədir.

103

Çörək yeməli olsa, basılmaz Vətən!

31
(Yenilənib 21:59 23.09.2021)
Bu gün ən kasıb ailənin belə tam ac qalmaq şansı azdır. Yaşamağa evi olmaz, kommunal xərci ödəyə bilməz, əyninə geyim tapmaz, amma ac qalmaz. Ramazan bayramında fitrə çıxartmağa, kiməsə yardım etməyə bəzən adam tapılmır. Məcbur olub peşəkar dilənçiyə yardım edirsən.

BAKI, 24 sentyabr - Sputnik. Hər dəfə çörəyin və unun qiyməti ilə bağlı hər hansı bir proses baş qaldırdıqda, yaxud növbəti bahalanma baş verdikdə cəmiyyətdə bir gərginlik yaşanır. Sosial şəbəkə istifadəçiləri bir tərəfdən yazır, mətbuat da digər tərəfdən. Hamı kasıbın halına acıyır, gündə 5-6 çörək yeyən ailənin problemini qabardır. Dövlət orqanları da o dəqiqə məsələni diqqətə alır, hansısa tədbir görülür, subsidiya ayrılır.

Çörək bir qədər bahalaşdı

Bir müddət öncə çörəyin və unun bahalaşmasına reaksiya olaraq baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzaladı. Bir sözlə, qiyməti eyni səviyyədə saxlamaq üçün un istehsalçılarına subsidiya ayrılması mexanizmi hazırlanacaq.

Çörək bir qədər bahalaşdı, amma qiymət artımı müəyyən çörək növlərinə aid oldu, "zavod çörəyi"nin quiymətində artım olmadı. Həmin çörək çəkidən asılı olaraq yenə də 40-50 qəpiyə satılır.

Niyə hər dəfə un məhsulları və çörəyə hətta cüzi artım olanda ölkə bir-birinə dəyir? Bəyəm yağ, ət, süd məhsulları bahalanmır? Marketdə 1 litr südün qiyməti 2 manatı ötüb. Niyə cəmiyyət buna heç reaksiya vermir?

Kimi görsən, əlində qiyməti ən azı 300-500 manat olan smartfon gəzdirir, ayda da mobil internet və mobil əlaqəyə rahatca 15-20 manat xərcləyir. Nədən bu bahalığa etiraz edən yoxdur? Amma çörək söhbəti gündəmə gəldisə, anındaca ajiotaj yaranır.

Bəzən çörəkdən maşın yağının iyi gəlir

Bu gün ən kasıb ailənin belə tam ac qalmaq şansı azdır. Yaşamağa evi olmaz, kommunal xərci ödəyə bilməz, əyninə geyim tapmaz, amma ac qalmaz. Hətta Ramazan bayramında fitrə çıxartmağa, kiməsə yardım etməyə bəzən adam tapılmır. Məcbur olub peşəkar dilənçiyə yardım edirsən. Qonşular da bir-birindən maraqlanır, kimə yardım edək? Qonşunun dükana olan borcunu silən, kəsdiyi qurban qoyundan pay verən, ehtiyacı olan şəxsə özündə artıq olan əşyalardan bölüşən nə qədər insan var. Çörək də tapılır.

Azərbaycanda çörək və metroda gediş haqqı bir etalondur, psixoloji amildir

Hətta qiyməti artırmağa maraqlı olmayan qurumlar da bu iki faktora görə bahalanmaya getməyə hazırdırlar. Bu səbəbdən dövlət həm çörəyə, həm də metroya kifayət qədər subsidiya ayırmağa hazırdır. Olmasa, daxili stabilliyi qorumaq mümkün olmur.

Çörək məsələsində isə tək qiymət əhəmiyyətli deyil. Problem başdan yuxarıdır. İstehsalı elə də ürəkaçan deyil, tələbatdan artıq bişirilən çörəyin taleyi heç kimi maraqlandırmır.

"Zavod çörəyi" kimi tanıdığımız məhsulu böyük müəssisələrdən əlavə bir çox kiçik sexlər də bişirir. Bəzən çörəkdən maşın yağının iyi gəlir desək, yanılmarıq. Bir gün sonra isə həmin bu yağ çörəyin üzərinə çıxır, pis qoxudan yaxın durmaq olmur.

Həmin gün yeyilmədisə, sabah mütləq kiflənməyə başlayır. Bəzən haradasa unudularsa, çörək başdan ayağa qara kiflə örtülür. Əvvəl çörək xüsusi qaba yığılardı, toyuq-cücə saxlayan insanlar da evinə aparardı. Bu gün tam yararsız hala düşür, nə toyuğa, nə mal-qaraya yaramır. Başdan-ayağa xəstəlikdir.

Azərbaycanda atılan qidanın başında məhz çörək durur

Nə qədər çörək tullandığını bircə heyvan üçün yem satan obyekt yiyələri bilir. Zabrat-Bilgəh yolunda belə yerlər çoxdur, tonlarla işə yaramayan çörəyi burada qəpik-quruşa satırlar. Heyvan üçün bəlkə də keçərlidir. Özü də marketdə onlarla növ çörək satılır, amma bu obyektlərə ötürülən çörək məhz zavod çörəyidir, başqa çörək burada tapılmaz. Hamı bu növ çörəkdən istehsal edir deyə, yararsız hala düşdükdə mal-qara üçün yem satılan yerlərə verilir.

Bakının böyük biznes mərkəzlərində yerləşən ofislərdə də xeyli çörək istifadəsiz qalır. Bunları adətən xadimələr toplayır, ya ümumi bir yerə ötürür, ya da heyvan saxlayan insanlara verirlər. Yəni hər gün bu şəhərdə nə qədər çörək faktiki olaraq zibilə atılır.

Qəribə bir vəziyyət alınır: dövlət büdcəsindən subsidiya ayrılır, unun və çörəyin qiymətinin stabil saxlanılması üçün ƏDV yığışdırılır, başqa mexanizmlər işə salınır, amma istehsal edilən məhsulun böyük bir hissəsi atılır.

Dünyanın bir çox ölkəsində qida məhsullarının atılma göstəricisi var. İnkişaf etmiş ölkələrdə də adambaşına ildə tonlarla qida atılır, amma Azərbaycanda atılan qidanın başında məhz çörək durur, çünki bunun hesabını aparan yoxdur. Hərə bir tərəfdən çörək buraxır, xeyli hissəsi də istifadə edilmədən tullanır.

Çörək yeməli olsa, basılmaz vətən...

Qiyməti bazar mexanizmləri ilə tənzimlənməyən bir məhsulu bu qədər istehsal etmək nəyə yarar? 1941-1945-ci illər arxada qalıb, 1990-ci illərin də çətinliyi ortadan götürülüb. Əvvəlki kimi çörək də yeyilmir, qida rasionu xeyli zənginləşib, çörək istehsalı isə dayanmadan artır. Lavaş, təndir, kəpəkli çörək, qara çörək, qarğıdalı çörəyi kimi müxtəlif növ məhsul bişirilir. Bəlkə bazarın bir araşdırılmasına ehtiyac var? Ölkənin tələbatını araşdırmaq, daha kiçik formalı çörək növləri buraxmaq, zavod çörəyini keyfiyyətsiz formada istehsal edən kiçik sexlərin istiqamətini dəyişdirmək da olardı. Yəni bu sex bu gündən sabaha qalmayan yararsız çörəyi mütləq bişirməlidir? Bəlkə təndir buraxsa, daha yaxşı satılar malı?

Bakıda bir ədədi 5 manata satılan "alman çörəyi" də var. Xüsusi texnologiya ilə istehsal edilir, həm faydalıdır, həm də xarab olma şansı aşağıdır. Bəlkə bu cür yeni avadanlıqla daha keyfiyyətli çörək bişirmək barədə düşünməliyik? Bişirən çox olsa, qiyməti də yenər. Əslində, Azərbaycanın özünəməxsus çörək növləri də az deyil. Lavaş, Təndir, Xəndək, Ləzgi, Səndək, Xərək kimi çörək növlərinə həm tələbat var, həm də keyfiyyət baxımından daha məsləhətlidir. Dünya praktikasında başqa yanaşma var. Məsələn, Fransanın paytaxtı Parisdə hər gün on minlərlə "fransız bageti" adlanan bir çörək növü istehsal edilir. Yəni hər fransız bu çörəkdən yalnız səhər yeməyində yararlanır, çəkisi az, özü də uzunsovdur. Saxlamaq da olmur, aldın yeməlisən. Bir növ, isti təndir çörəyi kimi.

Çörək məsələsinə diqqəti artırmaq, keyfiyyət standartı təyin etmək, tələbatı dərindən araşdırmaq gərəkdir. Dövlət büdcəsi hesabına yararsız çörək istehsalı dayandırılmalı, tonlarla məhsulun zibilə atılmasının qarşısı alınmalıdır. Həm Kənd təsərrüfatı, həm Maliyyə, həm də İqtisadiyyat nazirliklərinin vəziyyətə təsir etmək imkanı var. Çörək bazarında vəziyyəti qaydasına salmaq, məhsulun keyfiyyətin yüksəltmək üçün xeyli iş görülməlidir. "Çörək bol olsa basılmaz Vətən" fikrini "Çörək yeməli olsa, basılmaz Vətən" ideyasına dəyişməliyik.

Həmçinin oxuyun:

Çörəyin qiyməti ucuzlaşacaqmı? Qiymət niyə qalxıb

31
Teqlər:
çörək, fətir, yuxa, çörək bişirmə sexi
Xankəndi şəhəri

“Xankəndiyə” ya “Xankəndinə”: tərəflər təslim olmaq niyyətində deyillər

636
(Yenilənib 20:47 22.09.2021)
Azərbaycanın “Xankəndi şəhərinin adı yönlük halda “Xankəndiyə” ya “Xankəndinə”, çıxışlıq halda isə “Xankəndidən” ya “Xankəndindən” kimi yazılmalıdır?" sualının birmənalı cavabının olmadığı aşkarlandı.

“Xankəndiyə” və ya “Xankəndinə” mövzusunda bir müddət öncə sosial şəbəkədə başlayan polemika sözün əsl mənasında qısamüddətli savaşa çevrildi. Özü də bu mövzu əvvəl də bir neçə dəfə mübahisə predmeti olsa da, tərəflər təslim olmaq niyyətində deyillər.

Sualın birmənalı cavabı yoxdur

Azərbaycanın "Xankəndi şəhərinin adı yönlük halda “Xankəndiyə” ya “Xankəndinə”, çıxışlıq halda isə “Xankəndidən” ya “Xankəndindən” kimi yazılmalıdır?" sualının birmənalı cavabının olmadığı aşkarlandı.

Qızğın mübahisələrdə top-tüfəngdən başqa hər bir vasitəyə əl atıldı. Neçə müddətdir, Xankəndi sözünü necə hallandırmaq sualının cavabı axtarılır, amma tapılmır. Erməninin sıx məskunlaşdığı, üstəlik də Stepanakert adlandırdığı Xankəndi şəhərinə rahat gedib-gələcəyi günü səbirsizliklə gözləyən Azərbaycan vətəndaşı bəri başdan onu doğru-düzgün hallandırmaq barədə düşünməyə bilməz. Yəqin, elə bu kiçik döyüş meydanında gedən savaşın gərginliyi də buna bağlıdır.

Nəsimi adına Dilçilik İnstitutu: “Xankəndinə” , “Xankəndindən”

Xankəndi sözünün hallanması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Hələ 3 il öncə Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü mətbuata verdiyi açıqlamada toponimlərin yazılışında fərq olduğunu bildirib. Təranə Şükürlü Xankəndi sözünün ikinci növ ismi birləşmədə olan toponim olduğunu, ona görə də burada hallanmanın başqa cür baş verdiyini qeyd edib. Şöbə müdirinin fikrincə, doğru şəkildə söz hallandıqda “n” bitişdirici samiti əlavə edilir, daha sonra hal şəkilçisi sözə qoşulur, yönlük halda artıq olur Xankəndinə.

Şükürlü çıxışlıq halda da eyni qaydanın keçərli olduğunu vurğulayıb. Yəni  bitişdirici samit əlavə edilir və ardınca -dan şəkilçisi - Xankəndindən.

Elə bu günlərdə yaranan mübahisə prosesində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu da “Xankəndinə” , “Xankəndindən” yazılış formalarının doğru olduğunu bildirib. Alimin fikrincə, vahid söz kimi hallanan toponimlər olsa da, “Xankəndi” başqa cür hallanır, çünki burada ənənəvi deyiliş forması rol oynayır.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi: “Xankəndiyə”, “Xankəndidə”

Fərqli fikirləri Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva səsləndirib. Əliyevanın fikrincə, Xankəndi elə “Xankənidiyə” kimi hallanmalıdır. Bunun ardınca mətbuata açıqlama verən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk də eyni fikri səsləndirib. Şahlar Göytürk bu barədə qəti qərarın “Xankəndiyə” formasının düzgün variant olduğunu qeyd edib. Alimin fikrincə, bu bütöv bir söz, mürəkkəb isimdir, bir vurğu altında deyilir, tələffüz olunur. Göytürk saitlə bitən sözlərə ismin hal şəkilçisini əlavə etdikdə -ya, -yə şəkilçisindən istifadə edilməli olduğunu qeyd edib. 

Dili yaxşı mənada duyan insan “Xanbağıya” deməz, yəqin

Bir sözlə, Dilçilik İnstitutu ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin arasında fikir ayrılığı var. Həm müzakirə zamanı, həm də müxtəlif dilçilərin internetdə bildirdiyi fikirlərin hər birində bir məntiq var. “Xankəndiyə” tərəfdarları daha çox gənclərin arasında yer alıb. Sadə bir yanaşmadır: əgər söz Şəkiyə, Bakıya, Qubadlıya kimi hallanırsa, mürəkkəb söz olan Xankəndi də bu qaydada hallanmalıdır. Əgər Xanın kəndi olsaydı, onda Xanın kəndinə kimi hallanardı. Bəli, burada mənsubiyyət forması qalmaqdadır, amma bir çox toponim və adlar da elə – ya, -yə əlavə edilməklə hallanır. Məsələn, Pirallahıya, Koroğluya. Burada heç bir sual yaranmır.

Amma fərqli sözlər də var. Məsələn, Xanbağı, Xanşəhəri, Xanevi, Şahkəndi, Əlikəndi, Vəlikəndi kimi. Dili yaxşı mənada duyan insan “Xanbağıya” deməz, yəqin. Heç yaxşı səslənmir də. Mənsubiyyət forması daha dəqiq duyulan sözlər də var.  “Quşəppəyi”, “Dağkeçisi”, “Dünyagörüşü”, “Əminəvəsi”, “Xalaqızı”, “Bibioğlu” kimi sözlərin hallanması elə “n” əlavə edilməklə baş verir.

Dilimiz itməyib, onu qoruyub saxlayan da az deyil

Soyadlarla bağlı da problem duyulur. Azərbaycan soyadlarında - soy, - zədə, -oğlu formalarından istifadə edilir. Hər biri kiminsə nəslinə aid olduğunu ifadə edir.

Əgər  Çingizzadəyə və ya Əlisoya kimi hallanmaq sual doğurmursa, Fərəməzoğlu sözündə artıq problem duyulur. Fərəməzoğluya deyilişi o qədər də xoş gəlmir, üstəlik də bəzən başqa problem yaranır. Bəzi ictimai fiqurlar, ya da jurnalistlər bir soyadında olmasına baxmayaraq, adətən atasının adından imza kimi yararlanırlar. Məsələn, Adil Əlioğlu imzasını götürək. Əlioğlu soyad deyil, birbaşa mənsubiyyət ifadə edir. Yəni Adil Əlinin oğludur, deməli, Adil Əlioğluna kimi hallanmalıdır.

Sosial şəbəkədə gedən bu kiçik “müharibə”də bir çox maraqlı fikrə, əsaslı arqumentə rast gəlinir. Bir-birini təhqir edən də olur, söyən də, amma Azərbaycan dilinə bu cür möhtəşəm yanaşma, qaydaların dərindən araşdırılması öz-özlüyündə yaxşı göstəricidir. Yəni dilimiz itməyib, onu qoruyub saxlayan da az deyil.

Fonetik birikmə tam başa çatmayıb

“Xankəndinə” və ya “Xankəndiyə” kimi hallanmalıdır? Ən maraqlı fikrə filologiya elmləri doktoru, professor, dilçi-alim Yusif Seyidovun “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kitabında rast gəlinir.

Yusif Seyidovun fikrincə, mürəkkəb sözlərin işlədilməsində belə ikili məqam çoxdur: külqabına - külqabıya, qəndqabına - qəndqabıya, kəklikotuna - kəklikotuya, itburnuna - itburnuya... Belə dil vahidləri içərisində konkretləşən sözlər də var. Məsələn, ayaqqabıya deyirik, ayaqqabına yox. Bu nə ilə əlaqədardır? Bəzi dil vahidləri mürəkkəb söz kimi tam formalaşıb, yəni mürəkkəb sözün komponentləri fonetik baxımdan tam birikdiyi üçün onlarda sadə sözlərdəki kimi –ya, yə şəkilçisi işlənir.

Yəni bəzi mürəkkəb sözlərdə fonetik birikmə tam başa çatmadığı üçün (kəklik otu – kəklikotu, Xan kəndi – Xankəndi və s.) belə ikili standarta rast gəlinməsi təbiidir.

Olduqca maraqlı fikirdir, Xankəndi sözü hələ də tam olaraq mürəkkəb söz kimi formalaşmayıb, fonetik birikmə başa çatmayıb, deməli, sözün ikili qaydada işlədilməsi yolveriləndir. Özü də ikili formalar tək Azərbaycan dilində deyil, bir sıra başqa dillərdə də mövcuddur. Deyək, rus dilində kəsmik sözü, yəni “tvoroq” iki cür vurğu ilə işlədilir. Bu, qaydalarda da öz əksini tapıb. Son illərdə rus dilində “kofe” sözü ilə bağlı ikili standartın olduğu rəsmi qəbul edilib. Ədəbi normada söz kişi, danışıqda isə həm kişi, həm də orta cinsdə işlədilə bilər.

Deyiliş formasında elə Xankəndinə, Xankəndindən olub

Dil qaydaları, ədəbi norma Quran kəlamı deyil, dayanmadan yenilənmə prosesi gedir. Alimlər də qayda fikirləşmirlər. Xalqın dilində nə varsa, o da normaya çevrilir. 15 il öncə “kompyuter” kimi yazılan söz bu gün “kompüterə” çevrilib, çünki nə mətbuat, nə də insanlar ilk yazılışı qəbul etmədilər. Nəticədə norma dəyişdi. Dildə gedən prosesləri araşdırmaq üçün təşkil edilən ekspedisiyalarda müxtəlif bölgələrdə hələ də saxlanılan formalar araşdırılır, folklor nümunələri toplanılır. Deyək, bizim oxuduğumuz “Koroğlu” dastanı ədəbi normaya uyğunlaşdırlıb, amma ilkin versiyada nə qədər maraqlı ifadə, forma var.

Möhsün Nağısoylu bir məsələdə haqlıdır: ənənəvi deyiliş formasında elə Xankəndinə, Xankəndindən olub. Yəni yaşlı nəslin insanları bunu yaxşı xatırlayarlar. Amma bu dövrdə artıq sözün də formalaşmasında bir proses gedib. Özü də əgər 50 il öncə televiziya və radioda eyni qayda, eyni forma vardısa, hazırda müxtəliflik duyulur. Hərə bir istədiyi qaydanı ortaya qoyur. Hətta məktəb dərslikləri də bəzən qarışıq formada dərc olunur. Bu gün hamı “gələcəm”, “gedəcəm” deyir və yazır. Orta məktəb dərsliyində də bu sözlərə rast gəlmək olur. Amma ədəbi normada belə bir forma yoxdur. “Gələcəyəm”, “gedəcəyəm” olmalıdır. Zaman tələsdirir deyə, ixtisar qaçılmaz olur bəzən. İndiki gənc nəsil daha sadə formaya üstünlük verir. Çoxu deyir, heç sözə görə televizora baxmırıq, elə sosial şəbəkədə nə tutduq, elə odur.

***

Hələ Rostov Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığım dövrdə rus dilində bəzi sözlərin yazılışı barədə müəllimə müraciət etdikdə deyirdi, nə edək, belə yazılır, belə qəbul edilib, başınızı yormayın, bunu sadəcə qəbul edin.

***

Xankəndi sözünün ikili qaydada hallanmasını istəsək də, istəməsək də qəbul etməliyik. Zaman ötər, söz oturuşar, Xankəndi şəhərində bir elmi konfrans qurub sözü necə hallandırmaq barədə qərar verərik.

Eləcə də oxuyun:

636
Teqlər:
Xankəndi, dilçilik, problem
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq