Bakıda çimərlik, arxiv şəkli

Çimərlik həsrətində

345
(Yenilənib 18:26 27.08.2021)
Xəzərin plastik qabları sağa-sola yellədən dalğaları, qarpız qabıqları ilə bəzənmiş qumsalları, heç bir standartlara cavab verməyən zir-zibil içində itib-batan çimərlikləri məni dənizdə, çimərlikdə dincəlmək zövqündən məhrum edib.

BAKI, 27 avqust — Sputnik. Yazda dostlarla Türkana, dəniz kənarına getmişdik. Zir-zibil, çirkab, tullantı içində itib-batan sahillər, çimərlik üçün nəzərdə tutulan səliqəsiz məkanlar, sahildə qaynaşan ilanları görəndən sonra, ilk dəfə dənizdən əməlli-başlı iyrəndim. Sonra oxşar vəziyyətlə Novxanıda, Pirşağıda və başqa yerlərdə rastlaşdım. Dənizə, çimərliyə marağım yerli-dibli itdi. Çimərliklərin fəaliyyətinə icazə verilsə də, bu mövsümdə dənizə cəmi 2-3 dəfə – o da məcbiriyyətdən – yolum düşüb. Cəmi bir dəfə suya girib, bir ay xəstə yatandan sonra dənizdən əməlli başlı küsdüm.

  Hərdən xəyalımdakı, dəlicəsinə sevdiyim qırçın ləpəli dəniz üçün darıxıram...

...Reallıqda gördüyüm dəniz isə başqadır. Xəzərin plastik qabları sağa-sola yellədən dalğaları, qarpız qabıqları ilə bəzənmiş qumsalları, heç bir standartlara cavab verməyən zir-zibil içində itib-batan çimərlikləri məni dənizdə, çimərlikdə dincəlmək zövqündən məhrum edib. Təəssüf ki, dəniz həsrəti məni yandırıb-yaxır, Bakının bürkülü gecələrində Xəzərin boz-bulanıq suları yuxuma girir, məni öz qoynuna səsləyir. Bu həsrət, bu ayrılıq ikimizi də əldən salır...

Zarafat edirəm, nə həsrət?

Xəzər dənizinin sahilindəki çimərliklərin əksəriyyəti insanda yalnız ikrah yaradır. Biz yalnız xəyalımızdakı dənizin həsrətini çəkə bilərik...

***

Çimərlik yollarındakı tıxac, çimərliklərdəki keyfiyyətsiz xidmət, antisanitariya, insanlarımızın “yüksək səviyyəli davranış mədəniyyəti” həqiqətən təsvirəgəlməzdir. Deyilənə görə, bahalı çimərliklərdə vəziyyət nisbətən normaldır. İnsanlar bir balaca artıq pul xərclədikləri hər şeyin qədrini, qiymətini bilir. Bir məsələ də var ki, mənim o çimərliklərə getmək imkanım olsa, bu yazını yazıb sizi yormaz, gedib o bahalı yerlərdə istirahətin dadını çıxararam. Boynuma alıram ki, mənim o çimərliklərdə nələr baş verdiyindən dəqiq xəbərim yoxdur. Deyilənə görə, o gözəl sahillərdə gözəl adamlar “Jet Sky” sürür, qarpızı dilimləyib qabığını, suyu, pivəni içib butulkasını quma basdırmır, dənizə, hovuza tumanla yox, çimərlik paltarında girirlər.

***

Sadə xalq kütlələrinin, qara camaatın istifadə etdiyi ucuz çimərliklərdə xidmət o qədər bərbaddır ki, istirahətdən zövq almaq qəti mümkün deyil.  “Ailəvi istirahət mərkəzi” yazılmış məkanlarda tumanla dolaşan vətən övladlarını görəndə, anlayırsan ki, həyatın normala dönməsi üçün təkcə pandemiyanın bitməsi kafi deyil. Gərək beyinlər, zövqlər yenilənə, ən azından çimərlik mədəniyyəti formalaşa...

***

Girişi kifayət qədər bahalı olan çimərliklərin heç birində normal xidmət təklif edilmir, adi duşu normal işləməyən bu çimərliklərdə necə istirahət edəsən?

İctimai çimərliklər, adlı-sanlı “Ailəvi istirahət mərkəzi” adı ilə fəaliyyət göstərən çimərliklərdən qatbaqat yaxşıdır. İctimai çimərliklərin də bircə əmması var...

İnsan faktoru...

Çimərliklərdə təkcə xidmətin səviyyəsi aşağı deyil, eyni zamanda insanlarımızın da istirahət anlayışı, mədəni səviyyəsi yerlərdə sürünür.

Sonuncu dəfə dostlar səhv etmirəmsə, Pirşağıya, dəniz kənarına dəvət etmişdilər. İnanın ki, normal çimərlik geyimində insanlara rast gələndə sevincimdən onları qucaqlayıb ağlamaq, əllərini sıxıb təbrik etmək istəyirdim. Masa kirayələyənlər kəsdikləri qarpızın qabıqlarını, yedikləri yeməklərin qalıqlarını, plastik şüşələri toplamağa tənəzzül etmir, Xəzərin qumsallarında unudulmaz izlər buraxaraq çimərliyi qalib ədasıyla tərk edirdilər: “Gəldim, dincəldim, iz qoydum” – təxminən Sezarın “Veni, Vidi, Vici” söhbəti kimi bir şey. İnanmayacaqsınız, amma and içə bilərəm ki, çimərlikdə suya atılanda eşşək kimi anqıran, buğa kimi fınxıran insanlar görmüşəm. Bu gözlər yekəpər, dağ vüqarlı, bazburutlu el ağsaqqallarının təbii ehtiyacını çimərlikdə, mavi Xəzərin bir addımlığında ödədiyini görüb. Həm də kifayət qədər bahalı çimərlikdə, bahalı maşınlardan düşüb dənizə cumanlar arasında...

***

Çimərlik  insanların kütləvi istirahət edib, günəş vannası qəbul etdiyi, sərinlədiyi, dincəldiyi məkan olmalıdır. Çimərliyin qumundan, dənizin suyundan zövq almaq çox təbii, normal istirahətdir. Zir-zibil içində itib batan, xirtdəyəcən antisanitariya, natəmizlik yuvası olan məkanlarda vaxt keçirməyə istirahət demək günahdır. Bizim istirahət anlayışımız kasad, xidmət sektorumuz isə bərbaddır. Məhz buna görə də görünür illərlə dəniz həsrəti ilə yanıb qovrulan mənim kimi vasvası adamların arzusu çin olmayacaq...

Oxunmalı kitab: Orhan Pamuk, “Vəba gecələri”

Nəşriyyat: Yapı Kredi Yayınları (Türkiyə)

Janr: Tarixi roman

Dili: Türkcə

Səhifə: 544

Orhan Pamukun 5 ildir üzərində çalışdığı “Vəba gecələri” romanı ədəbiyyatsevərlər üçün gözəl hədiyyədir. Kitabın nəşrindən qısa müddət sonra onun elektron forması da internetdə geniş yayıldı. Bu o deməkdir ki, kitab Azərbaycan oxucusu üçün də əlçatandır.

“Vəba gecələri” romanında hadisələr 1901-ci ildə Osmanlı imperatorluğunun 29-cu vilayəti olan Mingər adasında, vəba pandemiyası zamanı baş verir. Əsas mövzusu siyasət və eşq olsa da, Pamukun epidemiya, karantin, dövlət və fərd məsələlərini bir nağıl atmosferində müzakirə etdiyi bu tarixi roman yaşadığımız günlərə də işıq tutur.

“Vəba gecələri” karantin yasaqlarına itaət edilməsi üçün çalşan insanların vəba ilə, adadakı adət-ənənələrlə və sonunda bir-biriylə və ölüm təhdidləriylə savaşının və yaşadığı sevginin hekayəsidir.

 

345
Teqlər:
Xəzər, çimərlik
Avtomobildən tüstü, arxiv şəkli

Avtoxuliqan: O, həyatı ilə risk edir, ölümə hazırdır

562
(Yenilənib 20:15 15.09.2021)
Əgər bu şəxs avtomobili ilə gəlir əldə etməklə məşğuldursa, ya da onun biznes fəaliyyətində avtomobilin olması vacibdirsə, bir il maşınsız qalmaq ümumilikdə xeyli maddi ziyan çəkməyə bərabər sayıla bilər.

Avtoxuliqanlıq edən şəxslər barədə mətbuatda ən azı bir iki xəbərin demək olar hər gün paylaşılmasına bir növ adət etmişik. Elə “Google” axtarış sistemində də bu sözü yazası olsaq, bir xəbər axını ilə rastlaşarıq. Özü də xarici yox, məhz Azərbaycanın öz avtoxuliqanlarından bəhs edən məlumat bolluğundan şoka düşmək olar. Avtoxuliqan sözünü rusca yazsaq belə, yenə bizim xəbərlərə rast gələcəyik. Yəni bu məsələdə axtarış sisteminin ilk bir neçə səhifəsini zəbt etmişik, lider mövqedəyik.

Avtoxuliqan kimdirsə, maşını ilə oyun çıxardır

Hətta avtoxuliqan sözünün yanına ABŞ sözü yazsaq, xeyri yoxdur, bəlkə xarici mediaya bağlı bir iki xəbər çıxar. Qalan avtoxuliqanlar elə özümüzə məxsusdur. Özü də avtoxuliqanlıq tək Bakıda yox, Azərbaycanın hər bir yerində rast gəlinən bir haldır. Bu siyahıda Beyləqan, Cəlilabad, Gədəbəy, Masallı, Zaqatala, Şəki kimi rayonların adı hallanır. 

Lənkəranda isə rayon sakini E.Mirzəyev isə lap “qəhrəmanlıq” edib. İçkili halda olan Mirzəyev idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud surətdə pozub. Nə polisin xəbərdarlığına məhəl qoyub, nə də ətrafdakı insanların həyatına təhlükə törətdiyini anlayıb.

Bu sözə yaman öyrəşmişik, bəzən mahiyyətində nə olduğunu belə dərk etmirik. Düşünürük, maşını ilə oyun çıxardan, yolda min cür hərəkət edən elə avtoxuliqandır. Qanunvericiliyə görə, avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsünün ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri nəzərdə tutulur. 

“Qonka”, “iki təkər”, “zmeyka”...

Cəzası da kifayət qədər ağırdır. Avtoxuliqanlığa yol vermiş şəxs bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 500 manatdan 750 manatadək cərimə edilir. Bəzi hallarda 15 gündən bir ayadək inzibati həbs də tətbiq edilə bilər. Əgər bu şəxs avtomobili ilə gəlir əldə etməklə məşğuldursa, ya da onun biznes fəaliyyətində avtomobilin olması vacibdirsə, bir il maşınsız qalmaq ümumilikdə xeyli maddi ziyan çəkməyə bərabər sayıla bilər. Di gəl, nə avtoxuliqanlığın sonu görünür, nə də onların sayı azalır.

Özü də bu hərəkətlərə təkrar yol verilərsə, ağırlaşdırıcı hallarda daha ağır cəza tətbiq edilə bilər. Yəni cərimənin məbləği 2000 manata, idarə etmək hüququnun müddəti 2 ilə, həbs müddəti 2 aya qədər arta bilər. Özü də qanuna yeni qəbul edilmiş dəyişiklikdə avtoxuliqanlığın dəqiq parametrləri də göstərilib.

Sürücülər arasında “qonka”, “iki təkər”, “zmeyka” kimi tanınan əməllərin açılışı verilib. Avtoxuliqanlıq deyəndə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, avtomobil və ya motosikletin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə edilməsi, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxması nəzərdə tutulur.

Toy karvanı bir təhlükə mənbəyidir

Avtoxuliqanlığın əlavə gizli formaları da var. Bu əməllərə bəzən göz yumulsa da, bunu qeyd etməyinə dəyər. Azərbaycanın toy ənənəsində gəlin gətirmə proseduru zamanı avtomobil sahibləri elə bir növ avtoxuliqanlıq edirlər. Səs-küy, yol hərəkəti qaydalarının aşkar pozulması, digər nəqliyyat vasitələri üçün yaranan təhlükə, “qonka”ya çıxma, “zmeyka” eləmə tez-tez baş verir, amma nə edəsən, polis özü də bunun qarşısını almaqda acizdir. Axı hamını belə bir gün gözləyir, hər bir şəxs evlənəndə belə səsli-küylü bir toyun olmasını arzulayır, amma nə qədər qəza baş verdiyini bir yol polisi bilir, bir də internet.

“Bəy-gəlin maşını aşdı”, “Toy karvanında qəza, gəlin xəsarət aldı”, “Qəza oldu, bəy öldü, gəlin ağır yaralandı”, “Toyuna gedən bəy və gəlin yol qəzasında öldü” başlıqlı xəbərlərin sayı-hesabı bilinmir. Toy karvanı bir təhlükə mənbəyidir.

Avtoxuliqanlıqla avtobus sürücüləri intensiv məşğul olur. Müştəri dalınca qaçan, bir-birini yolda “obqon” edən sürücüləri hər gün görürük, amma nə edəsən? Mətbuat da yazır, polis də cərimələyir, amma bu əməllərin sonu yoxdur. Həm də avtobus sürücüsünə çox zaman avtoxuliqanlıq maddəsi ilə cərimə yazılmır. Adi cərimə ilə buraxırlar. Bir neçə şəxsi idarəetmə hüququndan məhrum etməyə bəlkə də dəyərdi, başqalarına dərs olsun deyə.

Taksi fəaliyyəti ilə məşğul olanlar də avtoxuliqanlıq edirlər. Xüsusilə də yollarda işə və evinə tələsən insanları 1 manatdan daşıyan maşın sahibləri həmin bu müştəri uğrunda əsil savaşa çıxırlar. Bu tip sürücü mütləq özünü dayanacağa digər maşından tez çatdırmağa, müştərini götürməyə çalışır. Özü də bu yolu mümkün qədər tez-tez gəlib getməklə daha çox gəlir əldə etmək vacib məsələdir. Amma yolda nə qədər təhlükə yarandığını görürük.

Belə sürücü heç bir zaman tıxacda gözləmək niyyətində deyil. “Obqon”a da çıxacaq, digər zolağa da. Sürücü var, digər zolağı çıxması bir yana qalsın, avtomobili arxaya döndərərək maşını sürür. Bir növ yolun o biri hissəsindəki tıxacı arxada qoymaqla hərəkət edir, imkan tapan kimi də bir yerdən növbəyə soxulur. Eləsi var, hətta 1 manat artıq qazanmaq üçün öz yerinə də birini oturdub maşını təhlükəli formada idarə edir.

“Jiquli”də “iki təkər” əməliyyatını etmək asandır

Amma əsl avtoxuliqlar bunu ehtiyacdan etmirlər. İnsan var, passionarlığı yüksək, amma bunu idarə etmək üçün imkanı aşağıdır. Belə tip insana daim adrenalin tələb olunur, çatmadıqda xəstə kimi olur. Adam var dağa çıxır, adam var hündürmərtəbəli binanı “fəth” edir. Kimsə ekstremal idman növünü seçir. Hərə bir yolla özünü göstərməyə, hansısa tələbatını ödəməyə cəhd edir. Kimisi bir müddət sonra müalicə olunur, normal həyata dönür. Eləsi də var, son gününəcən həyatı ilə risk edir, ya şikəst olur, ya də ölüb gedir.

Avtoxuliqanlar da bu tip insan qrupuna aid edilə bilərlər. Motosikletlə avtoxuliqanlıq edənlər həyatla vidalaşmağa daha yaxın olanlardır. Bu nəqliyyat vasitəsinin özü yolda min cür oyun çıxartmaq üçün olduqca əlverişlidir, amma çox risklidir. Avtomobildən sağ çıxmaq şansı daha yüksəkdir. Özü də hər maşınla avtoxuliqanlıq etmək də olmur.

Avtoxuliqanların ən sevdiyi maşın “Jiquli” modelidir. Bu avtomobillə hər cür avtoxiliqanlıq etmək mümkündür. Xüsusilə də “iki təkər” əməliyyatını etmək asandır. Almanın maşınında xuliqanlıq etmək çətindir, hər bir təhlükəsizlik məqamı nəzərdə tutulub. “Jiquli” isə bu işə çox yarayır. Elə avtomobil satıcıları da məsələnin bu tərəfini gözəl bilirlər, bəlkə də su qiymətinə satılmalı olan maşını baha satırlar. Bəzən lap ağır vəziyyətdə olan bu növ avtomobili maşın ustası alır, üstünü-başını düzəldir, ikiqat bahasına potensial avtoxuliqana satır.

Bahalı maşını, əməlli-başlı işi, biliyi, savadı olmayan, amma təbiətən aktiv fəaliyyətə meyilli olan bir çox insanın özünü realizə etmək şansı məhz avtoxuliqanlıq vasitəsilə reallaşır. Nəticəsi də heç yaxşı olmur, yol qəzalarında elə daha çox bu tip avtomobildə xeyli insan ölür, şikəst olur.

“Avtoxuliqanlıq” etmək üçün xüsusi məkanlar ayrılmalıdır?

Problemdən çıxış yolu var. Dünya təcrübəsində bu bəladan yaxa qurtarmaq üçün təkcə ciddi cəza sistemi tətbiq edilmir. “Avtoxuliqanlıq” etmək üçün xüsusi məkan ayrılır, yerlər inşa edilir. İnkişaf etmiş ölkələrdə yolda qəzanın sayını azaltmaq üçün həyatı ilə risk edənlərə mütləq yer ayrılır, meydançalar inşa edilir. Ən azı zədə alanda belə yerindəcə yardım etmək mümkün olur, həm də başqalarının həyatı üçün təhlükə olmur.

Sakit həyat passionar insan üçün olduqca darıxdırıcıdır, beləsi adrenalinin səviyyəsini artırmaq üçün hər oyundan çıxmağa hazırdır. Deməli, bu prosesi yönləndirmək, idarə etmək üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Necə ki, velosipedçilərə xüsusi yerlər ayrılır, baykerlərə də belə yerlər ayrılmalıdır. Avtoxuliqanların da meydançaları inşa edilməlidir. Bu yolla məsələnin həllinə nail ola, bu bəlanın kökünü kəsə bilərik.  

562
Nizami Gəncəvi

"Nizami Gəncəvi İli"nin nizamı

278
(Yenilənib 22:25 14.09.2021)
Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin.

BAKI, 14 sentyabr — Sputnik. Yavaş-yavaş yola salmaqda olduğumuz il, "Nizami Gəncəvi İli"dir. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Heç şübhəsiz ki, dahi Nizami bu xalqın övladıdır və ona sahib çıxmaq hər bir Vətən övladının borcudur.

Qüdrətli söz və fikir ustadının yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib. Dövlət başçısının Sərəncamına əsasən, il ərizində Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nizami Gəncəvi İli" ilə bağlı tədbirlər planı hazırlayıb. Pandemiya və postmüharibə dönəmində müəyyən tədbirlər keçirilsə də, əsas tədbirlər ilin sonuna planlaşdırılıb.

Sevindirici haldır ki, "Nizami Gəncəvi İli"nin sonuna doğru, böyük söz ustadının şəninə layiq bir neçə mötəbər və möhtəşəm tədbir planlaşdırılır. Könül istərdi ki, bu tədbirlərə elə ilin əvvəlindən start verilsin, ancaq ölkənin və dünyanın vəziyyəti məlumdur. Ancaq biz yenə də gözəl işlərə ümidimizi itirməyək.

Məsələn, çox sevindirici haldır ki, kitabsevərlərin həsrətlə gözlədiyi VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

Şəxsən bu mənim üçün olduqca xoş xəbərdir. Çünki "Baku International Book Fair 2021" Nizami Gəncəvinin yüksək səviyyəli təqdimatı və təbliği üçün ən münasib tədbirlərdən biridir.

***

Təəssüf ki, bu günə qədər keçirilən tədbirlərin böyük qismi ürəkaçan deyil. Bu günə qədər ölkəmizdə böyük mütəfəkkirin şanına layiq olmasa da, xırda işbazların güzəranına normal təsir edən böyüklü-kiçikli tədbirlər keçirilib. Bütün bunların Nizami Gəncəvinin mahiyyəti üzrə tanıdılmasına, yenidən və daha düzgün şəkildə mənimsənilməsinə heç bir faydası olmadı. Çox təəssüf ki, Nizami ilə bağlı tədbirləri də fürsətə çevirmək istəyən, onun adından istifadə edib qazanc əldə etmək istəyənlər var.

Növcavan kəmfürsətlər, bir-birini təkrarlamaqdan usanmayan qocaman alimi-biəməllər monoqrafiyalar yazdı, qəzetləri, jurnalları, saytları Nizami haqqında yazılan yazılar bəzədi. Amma nə illah elədilərsə, Nizami sözünü, Nizami dühasını mahiyyətinə uyğun şəkildə düzgün təqdim etmədilər. Yəni, ulu Şeyxin yazdıqlarını sosrealizm işığında tərcümə edənlər sayəsində, ustadın fikir dünyasına sovet təfəkkürü ilə boylanmağa məhkum olan xalq, Nizamini "babat aforizmlər" müəllifi kimi tanımağa davam edir.

Ümid edirəm ki, Nizaminin doğru təbliği və bundan sonra görüləcək işlər onun adına da layiq olacaq.

Nizaminin təkrar tərcüməsi, yaradıcılığının, irsinin orijinallığını qorumaqla tanıdılması təklifimizlə bağlı müjdəli xəbərlər gəlir. Bu təkliflə çıxış edən qələm adamlarına nə qədər istehza edilsə də, təklifə qarşı çıxan qocaman söz adamları, alimlər tapıb çıxarsalar da, dövlət Nizaminin yenidən tərcüməsində maraqlıdır və artıq prosesin başladığını demək olar. İlin sonuna doğru Nizami ilə bağlı planlanan tədbirləri arzulanan və layiqli şəkildə baş tutmasına ümidimiz sonsuzdur.

Və ümid edirəm ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan nəşriyyatlarının hər bir Nizami Gəncəvi yaradıcılığına işıq tutan heç olmasa bir kitabla təmsil olunacaq.

Oxunmalı kitab: İmmanuel Kant , "Təhsil haqqında"

Nəşriyyat: "Mücrü" Nəşriyyatı

Janr: Esse

Dili: Azərbaycan dili

Səhifə: 75

Kitabda təhsil, fiziki tərbiyə, mədəniyyət, ruhun tərbiyəsi, əxlaqi tərbiyə və praktik tərbiyə haqqında Alman fəlsəfəsinin qurucularından İmmanuel Kantın elmi-fəlsəfi esseləri yer alıb. Bu esselərin yazılmasından təxminən iki əsr keçsə də, Kantın düşüncələri, təklifləri və fikirləri faydalı və aktualdır.

Həmçinin oxuyun:

Mədəniyyətimizin intibahı, ədəbiyyatımızın triumfu

Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”

278
Teqlər:
Nizami

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər