ABŞ-da epidemioloji vəziyyət

Üç şəhər, səkkiz lider 24 yeni koronavirus növü

1177
(Yenilənib 08:31 14.06.2021)
Ənənəvi olaraq, Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

“Yeddilər”

Dissident Bukovski dünyanın hələ düz vaxtında deyirdi ki, Qərbdə insanları öz soyuducularının içi daha çox maraqlandırır, nəinki Sovetlərdə insan haqları. Ötən həftə G-7 ölkələri Londonda bir araya gələrək, dünyanın gələcəyi ilə bağlı müzakirələr apardılar. Bukovskinin fikri indi də aktualdır, dünya nəhənglərini öz maraqları qayğılandırır, nəinki susuzluqdan, peyvəndsizlikdən əziyyət çəkən Afrika, uyğurlar, koronavirusun Hindistanı canbəsər etməsi və s.

Hər halda, sağ olsunlar, əllərini ciblərinə atıblar – “yeddilər” iqlim dəyişikliyi ilə mübariz üçün 100 milyard dollar ayıracaq, vaksinlərin isə gələn ilin sonuna qədər bir milyard dozasını varlı olmayan ölkələrə verəcəklər, Avropa İttifaqı isə həmin ölkələrə bir milyard avro ayıracaq. Amma gələn ilin sonuna qədər! O vaxta qədər sağ qalsalar, vaksin qablarını dünyanın humanizm rəmzi kimi saxlayarlar kasıblar. Bu arada “Wall Street Journal”nın məlumatına görə ABŞ vaxtı keçməkdə olan vaksinləri nə edəcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkir.

Ədalətin bumu dünya?

ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkəyə qanunsuz yollarla gələn qaçqınların geri qaytarılacaqlarını deyib. Kanadada isə Hayd Park ərazisində gənc sürücü avtomobilini qəsdən müsəlman ailənin üzərinə sürüb. Nəticədə bir nəfər yerindəcə, üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həlak olub.

Təbiətin ədaləti isə daha mütləqdir. ABŞ-ın Yuta ştatında görünməmiş quraqlıq yaşanır, ştatın qubernatoru vətəndaşlara müraciət edərək yağış üçün dua etmələrini istəyib. İbtidai inanclar belə yaranıb, insanlar yağış üçün dua edib, yağanda ilahi qüvvələrin qüdrətinə inanıblar, yağmayanda isə qəzəbə gəldiklərini düşünüblər. Amma insanlar bu ibtidai inanclardan uzaqlaşdıqca, daha az yağış yağmağa başlayıb.

Koliforniyalılar isə tovuzquşuların hücumuna məruz qalıblar.

Bu arada Çin alimləri yarasalarda 24 yeni koronavirus növü aşkar ediblər.

Kosmosa doğru

Deyəsən, kosmosa və digər planetlərə uçuş aktuallığını artıracaq. Bu arada “Amazon” şirkətinin yaradıcısı Ceff Bezosla bir kosmik aparatda kosmosa uçuş üçün sonuncu yer hərracda 28 milyon dollara satılıb.  Uçuş iyul ayının 20-də həyata keçiriləcək.

Gələcəyin xəritəsi

Qayıdaq Yerə. Bu günlərdə kürənin nəbzi 3 koordinatdan asılıdır – Brüssel, Cenevrə, London. NATO sammiti, ABŞ-Rusiya liderlərinin görüşü və G7-nin toplantısı.

Dünyanı elm və dialoq xilas edəcək. İki insan arasında məsafə bir təbəssüm qədərdir. Ümid edək ki, Putin- Bayden görüşü səmimi təbəssüm və anlaşma ilə bitəcək, görüş dünyanın gələcəyinə müsbət impuls verəcək. 

Ermənistan isə…

Cəngəllik  qanunları ilə yaşayanları xilas etmək üçün isə xeyli vaxt lazım olacaq. Məsələn, Ermənistanı. Bu həftə İrəvan təzyiqlər qarşısında, nəhayət, Ağdamın xəritələrini təqdim etdi – 15 erməni qarşılığında. Xəritəyə əsasən düşmən bu rayonda 97 mina basdırıb. Təxminən elə Ağdamın əhalisi qədər. Xəritələrin alınması, bir çox aspektdən mühüm hadisədir: xeyli insan həyatı bu təhlükədən xilas olur, vaxt və xərclər azalır, bərpa prosesini sürətləndirmək üçün imkan yaranır və s.

Və Paşinyan…

Seçkiöncəsi Ermənistanda hamı hamını ittiham edir, ara qarışıb məzhəb itib. XİN-in müavinləri istefa verib, mətbuat katibi də həmçinin. Həftənin ən maraqlı açıqlamalarından birini isə Paşinyan verib. O deyib ki, “ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrləri Azərbaycana tərəfdar mövqe tutublar”.

Sabiq president Ter-Petrosyan isə deyib ki, “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bunu nəzərə almaq lazımdır”.

Görünür, unudurlar ki, 30 ildir işğala görə ermənilərə “gözün üstündə qaşın var” deyən olmayıb, torpaqları güc hesabına geri almışıq.

Futbol paytaxtı

Qarabağ zəfəri ölkəmizi dünyada gündəm etdi. Hazırda isə ölkəmiz bir neçə gün öncə başlanmış futbol bayramı – AVRO-2020-nin bir parçasıdır. Qitənin əsas turnirinin 4 oyunu Bakıda keçiriləcək. Bir oyun artıq geridə qalıb. Türkiyənin iki görüşü Bakıda olacaq. Türkiyənin ev sahibi İtaliyaya məğlubiyyəti mütəəssir etsə də, “ay ulduzluların” hazırkı heyəti onların qrupun ən şanslı komandalarından biri olduğunu deməyə əsas verir. Hazırda komandanın bel sütununu Avropanın aparıcı klublarında çıxış edən top ustaları təşkil edir. Bizi maraqlı oyunlar gözləyir!

1177
Noutbuk arxasında pizza yeyən adam, arxiv şəkli

Sosial media həyatı: təhrif edilmiş, uydurulmuş virtual dünyada yaşayırıq

3
(Yenilənib 16:55 25.07.2021)
Sosial mediada hər şəbəkə lideri, başqa sözlə desək, netokratın ətrafında onlarla, yüzlərlə həmfikir sahibi olan insan cəmlənir.

BAKI, 25 iyul — Sputnik. İnternet və sosial media dövrü bəşəriyyət üçün nə qədər çox imkan yaratsa da, bəzən heç özümüz də bilmədən elə köhnə qaydalar, beyində oturuşmuş stereotip və təsəvvürlə yaşayırıq. Yeni bir texnologiya gəlir, əvvəlkini sıxışdırıb sıradan çıxarır, biz də bir daha mükəmməl tərzdə yaşadığımızı düşünürük.

Baxırsan, nəsə yazdı, o dəqiqə mexanizm işə düşür, o yazır, bu yazır

Bir çox sosial şəbəkə istifadəçisi özünün dünyaya açıq olduğunu, patriarxal düşüncə tərzini bəyənmədiyini, müasir texnologiyanın köməyi ilə daha yaxşı həyatın qurulacığını iddia edir. Bəzən özünü mütərəqqi adlandıran birisi sosial media profilində nəyi və ya kimisə qətiyyətlə pisləyir, yenilik tərəfdarı olaraq hansısa adətlərdən yaxa qurtarmağı təklif edir. Birdən-birə onlarla insan da bu fikir axınına qoşularaq deyilənləri dəstəkləyir.

Sosial mediada hər şəbəkə lideri, başqa sözlə desək, netokratın ətrafında onlarla, yüzlərlə həmfikir sahibi olan insan cəmlənir. Baxırsan, nəsə bir söz yazdı, o dəqiqə mexanizm işə düşür, o yazır, bu yazır, hansısa yolla nüfuz sahibini dəstəkləyirlər. Nə qədər özümüzü mütərəqqi saysaq da, ətrafımızda məhz bizim fikirləri bəyənən, yəni daim “layk” edən insanlar cəmlənir. Bir foto paylaşırıq, yüzlərlə “layk” gəlir. “Layk” həsrətilə yaşayan nə qədər insan var şəbəkədə.

Əcaib formada çəkilən fotolar, qeyri-münasib pozalar, uyğunsuz hərəkətlər yalnız bir məqsədə xidmət edir: ətraf çevrənin daim gündəm mərkəzində olmaq. İnsanları diqqətini cəlb etmək üçün heç də ağıllı, savadlı və ya maraqlı olmaq gərək deyil. Bəzən sadəcə gözəgörümlü xanım olmaq da yetərlidir. Bir az yaxanı, ya da ayaqları açmaqla yüzlərlə “layk”ı qazanmaq mümkün olacaq.

Bizi əhatə edənlər daha çox tərif yağdıran, bəyənən, xoş söz deyənlərdir

Hər bir sosial media istifadəçisinin öz çevrəsi, öz əhatəsi ona lazım olan auranı yaradır. Məsələn, kimsə jurnalistdirsə, onda dostluğunda olanların da bir çoxu media əhlindən olanlardır. Bir-birinin yazısını paylaşmaq da olar, videonu “layk”lamaq da. Şərh yazanda tərif bildirmək daha məsləhətdir, çünki sabah o da sənə tərif yağdıracaq. Deyək, bir dəstə jurnalist xanım hansısa bir kafedən foto paylaşıb. Mütləq fotonun altında “Var olun həmişə”, “Hamınızı təbrik edirəm, şirin qızlar”, “Nə gözəl xanımlar var burada” kimi yazılara rast gələcəyik.

Bu vəziyyət bir çoxunu qane edir, axı real həyatda sən tərəfə baxan, elçi daşında oturan elə də çox olmur. Belə isə 50 fotodan birini seçib paylaşmaq, özünü kiməsə bəyəndirmək olar. Həyatda olmasa da, virtual məkanda populyarlıq qazana bilərsən. Bir sözlə, internet heç də bəşəriyyəti birləşdirən bir yer deyil, çünki o da maraq klublarına bölünüb. Bizi əhatə edənlər heç də dünyanın ən yaxşı, ya da ağıllı insanları deyil, sadəcə bizə daha çox tərif yağdıran, bəyənən, xoş söz deyənlərdir. Adətən mübahisə etməyi sevən, sözü üzə deyənlərin dostluğunda çox az adam olur. Belə istifadəçini qara siyahıya salırlar.

Məsələn, kimsə it-pişik sevirsə, heyvanlara qarşı hər hansı bir zorakılığı pisləyirsə, beləsinin profilində hansısa həqiqəti yazmaq elə bloklanmaq üçün əsas ola bilər. Deyək, ABŞ-da hər il 5 milyon insanı it dişləyir, bu, həm ev, həm də küçə itlərinə aiddir. Bu faktı yazmaqla həmin itsevərin qəzəbinə tuş gəlmək olar. Bir az mübahisə isə bloklanmağa gətirib çıxardacaq.

Hər düşərgənin öz qaydası, hər klubun öz düşüncə tərzi var

Ya da qadın hüquqları üzrə bir xeyli müdafiəçi var, adətən qadına qarşı baş verən hər hansı bir zorakılıq barədə mütləq paylaşım ediləcək. Əgər birdən kimsə bunu səbəbini araşdırmaq, günahkarı tapmaq cəhdi etsə, heç bir xəbərdarlıq edilmədən bloklanacaq. Səbəb heç kimi maraqlandırmır, əsas zorakılıq aktıdır. Əksinə də olur, qadın zorakılığa yol verir, yaşadığı insana qarşı zor tətbiq edir. Bu nümunəni harasa yazsaq, mütləq cavabında “gör bu kişi qadına nə qədər zülm edib ki, o, bu hərəkətə əl atıb” kimi yazılacaq.

Hər düşərgənin öz qaydası, hər klubun öz düşüncə tərzi var. Ateizmi təbliğ edirsinizsə, dindarları, dini təbliğ edirsinizsə, ateistləri siyahıdan siləcəksiniz.

Kimsə deyə bilər: axı özünə uyğun insanlarla dostluq etməkdə nə bir pis şey var? Həm rahatdır, həm də maraqlı. Bəlkə də belədir, amma Hindistanda yüz illərlə mövcud olmuş kasta sistemindən nə fərqi oldu bu yeni texnologiyanın? Ya orta əsrlərdə zadəgan zadəganla, kəndli ilə, usta da usta ilə ünsiyyət qurardı. Hətta hazırda dünyanı altdan-altdan idarə etdikləri iddia edilən masonlar da vaxtilə peşəkar sənətçilərin qurduğu gizli və qapalı cəmiyyətlərdən çıxıblar. Sosial mediada müşahidə edilən kasta birliyi, ideoloji və siyasi yaxınlıq elə həmişə mövcud olmuş düşüncə tərzinin internetə inteqrasiyasından başqa bir şey deyil. Guya dünyaya açılmışıq deyirik, amma əslində ətrafımıza bizə yaxın olan insanları toplayıb onlardan tərif və ya dəstək gözləyirik. Bir növ totalitar düşüncəni sosial mediaya inteqrasiya edirik.

Bir növ uydurulmuş virtual dünyada yaşayırıq

Belə yaşamaq olduqca əlverişlidir, amma həm də problemlidir. Çünki dünya və ətrafımız barədə təhrif edilmiş, yanlış təsəvvür əldə edirik. Həqiqətin nə olduğunu bilmirik, elə qapalı, özümüzün qurduğumuz kiçicik qılafın içində yaşayırıq. Kimsə bizim kimi düşünmürsə, deməli düşmənimiz olur. Onu ya dostluqdan silirik, ya da hamılıqla üstünə düşüb əzməyə çalışırıq. Bir növ uydurulmuş virtual dünyada yaşayırıq. Əlbəttə bu, hamıya aid deyil, amma bir çoxumuz elə məhz belə yaşayır. Hətta öz çevrəmizdən çıxıb başqa çevrə ilə yaxınlaşsaq belə, yenə də dostluğumuzda yeni düşüncə tərzini daşıyan insanlar yer alacaq. Köhnələri silib yeniləri qəbul edəcəyik.

Qapalı olmaq, yeniliyi qəbul etməmək çox zaman öz işini görür: mənasız bir labirintdə nəyisə axtarırıq, amma hər hansı məlumatı adekvat qarşılaya bilmirik. Yəni beynimizdə uçan xalça barədə məlumat yoxdursa, biz heç bir halda o xalçanı görə bilmirik, hətta yanımızda uçsa belə. İnsanların azadlığını məhdudlaşdırmağa bir çox halda ehtiyac yoxdur, biz elə öz-özümüzü sıxmışıq, çərçivəyə salmışıq. Həqiqət isə birdir, onu görmək üçün beyində olan bir çox təsəvvürə yox demək kifayət edər. Yalnız və yalnız məsələyə müxtəlif bucaq altında baxmağı bacaran insan nəyin doğru, nəyin isə yalan olduğunu dəqiq anlamağa qadirdir. Belə insanın düşüncəsində “mən səhv edə bilərəm, həqiqət mənim düşündüyümdən daha yüksəkdir” anlayışı hökm sürür.

Bir sözlə, dünyanı anlamaq istəyiriksə, deməli bir məkanda qapanıb ətrafını özünəbənzər şəxslərlə doldurmaq, bir sərhəd yaratmaqla yaşamaq olmaz. Qarşı tərəfin fikrini qəbul etməmək olar, amma ən azı onu sakitcə dinləməyi öyrənməli, çevrəmizdə də bizdən fərqli insanlara yer ayırmalıyıq. Bu halda həyatımız daha maraqlı, daha dolğun olar.

3
Qadın Tokioda Olimpiya Oyunları yazısı olan dispelyin qarşısından keçir, arxiv şəkli

Olimpiada Tokio həmişəki böyük problemlər