Yazı yazan şəxs, arxiv şəkli

Sonrakı peşmanlıq: Təəssüf etməyə vicdanım yol vermir, şükür etməyə isə səbəb tapmıram

206
(Yenilənib 23:04 04.06.2021)
O öyüdlərə qulaq asıb nəticə çıxarsaydım, mən indi Rusiya bazarlarına TIR-larla meyvə-tərəvəz “vuran” ciddi biznesmen olmalı idim. Dinləmədim rəhmətlik Qiyam müəllimi...

Son vaxtlar yaradıcılığıma, ümumiyyətlə ədəbiyyata və mədəniyyətə olan laqeydlik məni depressiyaya salır. Həyatımın sonuna doğru yaxamdan yapışan yazmaq, yaratmaq sevdasından xilas olub, “normal” insanlar kimi yaşaya bilmədiyim üçün hər gün özümü qınayıram. Ancaq dəqiq bilirəm ki, olduğum yerdən geriyə qayıtmağa yol yoxdur. Bundan sonrası “qozbeli qəbir düzəldər” məsəlindəki kimi cərəyan edəcək. Zamanında böyüklərimi dinləsəydim, indi insanların kitaba, ədəbiyyata, mədəniyyətə laqeyd yanaşmasından, yazdığım yazıların diqqətdən kənarda qalmasından narahat olub depressiyaya düşməzdim. Bütün bunlar sadəcə bir ehtimaldır və bu ehtimal belə adamı kövrəldir...

***

Dördüncü sinifdə, dəftərin tapılmayan vaxtında, ana dili dəftərimin vərəqlərini “korlayıb” Nadir şahın oğlunun gözlərini çıxarmasıyla bağlı hekayə yazmışdım. Dəqiq yadımdadır, Mustafa Çəmənlinin “Xallı gürzə” romanını oxumuşdum və ilk təəssüratım məni yazmağa həvəsləndirmişdi. Sinif müəllimim “hekayəmi” oxudu, əlini çiynimə qoyub xırıltılı səslə dedi ki, bala, get dərslərini oxu. Sonra xeyli öyüd-nəsihət verdi, aradan illər keçib, unutmuşam. O öyüdlərə qulaq asıb nəticə çıxarsaydım, mən indi Rusiya bazarlarına TIR-larla meyvə-tərəvəz “vuran” ciddi biznesmen olmalı idim. Dinləmədim rəhmətlik Qiyam müəllimi. Beşinci sinifdə Süleyman Rüstəmin şeir kitabını oxuyanda hiss etdim ki, belə şeirlərin günə 10-15 dənəsini yaza bilərəm. Elə kitabın vərəqlərinə ilk şeirimi yazdım. Bu dəfə də kitabı yazdığım üçün anam məni danladı. Anam filoloq olduğu, ara-sıra şeirlər yazdığı üçün bu yolun çətinliyini duyub, məni yolumdan çəkindirmək istədi. Hər dəfə kitab götürüb neft lampasının yanında özümə yer edəndə ürkə-ürkə başını buladı, “oxuyub başımı xarab etməməyim” üçün dil tökdü. Anamın nəsihətlərinə qulaq assam, indi xəstəxanalardan birində təqaüd vaxtını gözləyən həkimlərdən biri idim.

***

Rəhmətlik nənəm yazıb-oxumağı bacarmasa da, mənim kitablara olan sevgimi təqdir edən yeganə ailə üzvüm o idi. Atama görə, kənd yerində doğulub-böyüyən oğlan həyət-bacada işləməli, odun yarmalı, ot biçməli, qoyun güdməli, yer belləməli idi. Atam sadəcə belə düşünmürdü, həm də bütün bu işləri görməyə məni məcbur edirdi. Kaş ki onu dinləyib bir peşə, sənət seçəydim. Ən azından, kənd müəllimi olsam, atam məni daha çox təqdir edərdi.

***

Altıncı sinifdən sonra özümə şeir dəftəri tutdum, yavaş-yavaş məktəbdə şeir yazdığımı öyrənirdilər. Müəllimlərim narahat olmağa başladılar. Mən isə bütün qəlbimlə şeirlərimi çap etdirmək üçün çabalayır, qəzetlərə, jurnallara məktublar yazır, şeirlərimi çap olunmaq arzusu ilə müxtəlif redaksiyalara göndərirdim. Vaxtında müəllimlərimi dinləsəm, indi hansısa rayonun prokuroru idim. Çünki buna potensialım vardı. Bir müddət bu təbliğatın təsiri ilə həkim, sonra hüquqşünas olmaq istədim. Ancaq ədəbiyyat bir kabus kimi məni qarabaqara izlədi, yaxamı buraxmadı. Beləcə, ədəbiyyat yolçuluğum başladı. Hər şey plansız, xaotik, qarışıq şəkildə baş verdi. Tələbəlik illərində jurnalistika və tərcüməçiliklə yanaşı, meyxanaçı kimi toylara da getmişəm. Öz üzərimdə işləsəm, bir-iki mahnı yazsam, indi şou-biznesə qoşulub, hansısa xalq artisti ilə duet oxuyurdum. Təəssüf ki, bütün sadaladıqlarım baş vermədi.

***

Sonrası məlum məsələdir. Bir də ayıldım ki, yaşım qırxa yaxınlaşır, həyatımda ədəbiyyatdan, yazı-pozudan başqa heç nə yoxdur. Nə ailə, nə ev, nə iş, nə normal qazanc... Sağım-solum ədəbiyyat, kitablar, obrazlar,  xəyal dünyası... Yaşıdlarım dünyanı gəzib-dolaşır, biznesini böyüdür, ildə bir dəfə avtomobilini, beş ildən bir evini dəyişir, bağ evi alır,  karyerada yüksəlir, yaxasından orden-medal asır, mən oturub 100-150 nəfərin alıb oxuduğu kitablar, 50-60 nəfərin oxuduğu yazılar yazıram, kitablar tərcümə edirəm.

***

Taleyimdən də, qədərimdən də küsmüşəm. Yorğunam. İndiki ovqatımı, psixoloji vəziyyətimi heç bir kəlmə “yorğunluq” kəlməsi kimi ifadə etmir... Arxaya boylananda təəssüf etməyə vicdanım yol vermir, şükür etməyə isə səbəb tapmıram...

Eləcə də oxuyun:

  • Cəsarət, yoxsa ədalət: Növbəni necə pozmalı?

  •  Zirəklər və maymaqlar: Cəmiyyətin iç üzü

  •  Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

206
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden-in Cenevrədəki Villa La Grangedəki görüşü, 16 iyun 2021-ci il

Şuşadan düşən daş, Bayden, Putin bizim quda

376
Baxmayaraq ki, Çin iqtisadi göstəriciləri ilə artıq ABŞ-ın dabanlarını tapdalayır və siyasi mövqeyi ilə əks qütbdə dayanmaqla Ağ Evin gözündə Rusiyadan daha artıq rəqibdir,

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

Brüssel və Cenevrə

Dünyanın gözü bu həftə Brüsseldə və Cenevrədə idi. Brüsseldə NATO ailəsi karantin qaydalarına nisbətən əməl edərək toplaşdı, Cenevrədə isə Bayden və Putin maskasız bir araya gəldi.

Ehtimal olunur ki, NATO sammitində ölkələr Çin və Rusiyanın qiybətini edib, bu iki ölkəyə qarşı gələcək yol xəritəsi üzərində baş sındırıblar.

Baxmayaraq ki, Çin iqtisadi göstəriciləri ilə artıq ABŞ-ın dabanlarını tapdalayır və siyasi mövqeyi ilə əks qütbdə dayanmaqla Ağ Evin gözündə Rusiyadan daha artıq rəqibdir, ancaq hər halda, faktiki olaraq Kremlin qlobal siyasi məsələlərdəki çəkisi və funksionallığı daha çoxdur. Odur ki, ABŞ və Rusiya prezidentlərinin görüşü əzəli rəqiblərin Çempionlar Liqasının finalında üz-üzə gəlməsi kimi bir hadisə kimi gözlənilirdi.

Liderlər hər ikisi görüşün pozitiv keçdiyini dedilər. Ancaq bir görüşlə ABŞ və Rusiyanın öz strateji hədəflərində rahatca kompramisə gedəcəyini gözləməyə dəyməz.

Və Şuşa

Dünya nəhənglərinin görüşündə Cənubi Qafqazın da müzakirə olunduğu şübhəsizdir. NATO-nun bölgədəki vəziyyəti soyuqqanlı münasibəti, susması razılıq əlamətidir. Hələ 44 günlük müharibənin gedişində Ermənistan Prezidenti Brüsselə qaçanda, ona nəzakətlə, "qapını çöldən örtməyi" tövsiyə etdilər, o da əli ətəyindən uzun İrəvana qayıdıb, Paşinayana Fransadan yapışmalı olduqlarını dedi.

Bizim üçün bu həftə dünyanın mərkəzi Şuşa idi. Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa bəyannaməsi regionda maraqlı olanlar və Şuşanı hələ də "Şuşi" kimi görən tarix saxtakarları üçün "soyuq duş" effekti verdi. Amma həyəcanlanmasınlar, su aydınlıqdır – artıq bölgənin gələcəyi aydın və proqnozlaşdırılan biləndir, əsas budur.

Sükan əldən çıxıb

Amma keçmiş işğalçı qonşularımız apatiyadadır, müharibənin şokundan ayılmamış sərhədlər dəqiqləşdirilir, məlum olur ki, özlərinə aid bildikləri ərazilər də heç bunların deyilmiş. Şuşanın itirilməsi ermənilər üçün nə qədər tragedik hadisə idisə, Şuşa bəyannaməsi də ən azı onun qədər ağır daşdır. Düşdü başlarına sanki.

Daş düşmüş başları ilə olsa da başa düşürlər ki, sükan əldən çıxıb.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın avtomobili ilə bir neçə gün öncə törətdiyi ağır yol qəzası da bu mənada rəmzi görünür. Sükan əldən çıxıb.

Bəli, qatar gedib, artıq gələcəyə ayıq başla baxmaq lazımdır. Məsələn, eks-prezident Ter-Petrosyan deyir ki, "Dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi".

Ola bilsin, Ter-Petrosyan Ermənistan ideologiyasının əsaslarını dağıdır. Ancaq reallığı deyir, praqmatiklik göstərir.

Bu arada Ermənistanın "Joxovurd" qəzeti yazır ki, təkcə son günlərdə 50 hərbi qulluqçu işdən çıxmaq barədə ərizə yazıb.

Və bu gün Pakistan Quru Qoşunları komandanı Azərbaycana gəlir.

İnsan faktoru

Bir müddət əvvəl ABŞ hökümətinin vaxtı keçməyə yaxınlaşan peyvəndlərlə bağlı qərar verə bilməməsi məlumatı yayılmışdı. Yeni məlumat da var: Nyu-Yorkda 1000-ə yaxın sakinə vaxtı keçmiş peyvənd vurulub.

Bax, belə edirsiniz ki, İlon Mask da ABŞ-da sahibi olduğu son evi də satır. Milyarder ümumiyyətlə, ötən ilin may ayından ABŞ-dakı malikanələrini satmağa başlayıb.

O, 100 faiz Çinə köçməyəcək

BMT ekspertləri Çin həbsxanalarında etnik və dini azlıqlara mənsub olan məhkumların orqanların çıxarılması barədə etibarlı məlumatlara sahib olduqlarını bildiriblər.

Bu arada BMT-nin başqa bir məlumatı da tükürpədicidir: dünyada son bir ildə qaçqınların ümumi sayı 82,4 milyona yüksəlib, bu rəqəm Almaniya əhalisinin sayına bərabərdir.

İnsan sağlamlığının qayğısına qalan Ronaldo Avro-2020-dəki mətbuat konfransında masanın üzərindən "Coca-Cola"nı, Poqba isə pivə şüşəsini yığışdırıb. UEFA isə deyib ki, öz işinizlə məşğul olun – qurum ümumiyyətlə, oyunçulara masa üzərindəki sulara toxunmaq qadağası qoyub.

Seçki dramı

Ermənistanda qarşılıqlı söyüş-təhqir, ifşalarla müşayiət olunan parlament seçkisi marafonu sona çatdı. Seçkiöncəsi xaos bitdi – indi yeni dövr başlayır: seçkisonrası xaos.

Özləri də etiraf edirlər ki, seçkidən sonra ölkədə it yiyəsini tanımayacaq. Məsələn, Köçəryan deyib ki, seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir.

Yaxın və uzaq keçmişi yadımıza salıb, "onlar dalaşa, biz tamaşa" deyə bilərdik, ancaq Azərbaycan bütün bölgədə sülhün, firəvanlığın bərqərar olunmasında maraqlıdır. Hətta Ermənistanda da... qarşıdurmalar seçilməyəcəyi təqdirdə Köçəryanın arzusudur.

Erməni biznesmenlər

Köçəryan yenidən hakimiyyətə gəlib, öz dəstəsinin başı ilə canı üstə olan ölkəni süni nəfəs aparatından da ayırmaq istəyir. Onun vaxtında əli milyardlara çatan iş adamları indi İnterpol xətti ilə axtarışdadır. Ötən həftə "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və "Royalsys Engineering" şirkətinin sahibi David Qalustyan, "KOMEX" şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç Qarabağ silah daşıdıqları üçün Azərbaycan tərəfindən axtarışa verildi.

Onları tutub, taladıqları torpaqlarımızdan qazandıqlarını burunlarından gətirmək, əllərindəkini də alıb Qarabağın bərpasına yönəltmək savab iş olar.

Qudam, ay Qudam!

Vandamın oğlunun Azərbaycanlı xanımla ailə qurması da həftənin ən çox müzakirə olunan hadisələrindən idi. Operativ Qərargahın toyların qadağan olunması ilə bağlı qərarı ləğv etsə, Bakıda ya da Qəbələnin Vəndam kəndində qız toyunda amerikan qudamızın "Qudam, ay Qudam" mahnısına qol qaldıracağını da görə bilərik.

Düzdür, qızlarımızın yad ellərə gəlin köçməsinə görə Operativ Qərargahı qınayanlar da tapılır, ancaq nəyi pisdir ki, Vandam da oldu bizim adam, diasporumuzun bir üzvü.

376
Bakının mərkəzi

Yad dildə danışanlar

706
(Yenilənib 21:36 20.06.2021)
Öz dilini doğru-dürüst bilməyən toplumda ədəbiyyatdan, mədəniyyətdən, təhsildən danışmaq, hətta ədəbiyyat və mədəniyyət yaratmaq cəhdi, təhsilin inkişafından danışmaq çox çətindir. Sənin dilini bilməyən və sevməyən adamlar üçün yazmaq, yaratmaq Sizif əməyidir.

Öz dilini doğru-dürüst bilməyən toplumda ədəbiyyatdan, mədəniyyətdən, təhsildən danışmaq, hətta ədəbiyyat və mədəniyyət yaratmaq cəhdi, təhsilin inkişafından danışmaq çox çətindir. Sənin dilini bilməyən və sevməyən adamlar üçün yazmaq, yaratmaq Sizif əməyidir.

Nə efirdəki aparıcı, nə yeraltı keçidlərdəki meyvəsatan, nə də trendləri alt-üst edən müğənni mənim dilimdə danışır.  Hazırda cəmiyyətimizin danşdığı dili belə ümumiləşdirmək olar: sınıq-salxaq ingiliscə, yarımçıq rusca, bir çimdik serial türkcəsi, azacıq meyxana farscası, dua ərəbcəsi sayəsində yaranan azərbaycanca.

Dilimizdəki sözlərin mənasını başa düşməyən, başa düşmədiyi üçün də səhv istifadə edib dəqiqəbaşı “türkün məsəli” deyən, kitab oxumadığı üçün düzgün danışa və yaza bilməyən insanlardan bizi anlamağını gözləməyimiz, karantin dövründə həftəsonları dayanacaqda oturub “BakuBus” avtobuslarının gəlişini gözləməyə bənzəyir. Dildən doğru istifadə etmək sadəcə əlaqə üçün deyil, həm də mədəniyyətin formalaşması və oturuşması üçün önəmlidir. İstifadə etdiyiniz dil əslində bizim kimliyimizin, mədəni səviyyəmizin göstəricisidir.

Danışarkən seçdiyimiz sözlər və ifadələr bizim düşüncə tərzimizi, həyata münasibətimizi aydınlaşdırır. Ana dilində düzgün danışa bilməyən insanların içində özümü daim narahat hiss edirəm. Öz dilində danışa bilməyən, nitqinə ərəb-fars tərkibləri, ingiliscə ifadələr, rusca replikalar əlavə edən insanlar mənə uzaq, yad gəlir. Bu tip insanlar bizim dərdimizə, əzabımıza, sevincimizə, xoş günümüzə də yeddi köynək yaddır, özgədir. Ana dilində düzgün danışmaq, yaşadığımız toplum, mənsub olduğumuz xalq və ölkə qarşısında bizim borcumuzdur.

Kitab oxumaq məhz buna görə önəmlidir. Kitab oxuyan, xüsusilə öz ana dilində kitab oxuyan insanın nitqi də, düşüncəsi də aydın olur. Dili düzgün bilmək və doğru istifadə edə bilmək üçün kitab oxumaq vacibdir. Ana dilində danışa bilməyənlərin necə gülməli vəziyyətə düşdüyünü dəfələrlə görmüşük. Nitqinə anlaşılmaz terminlər, ingilis sözləri qatıb ağıllı görünməyə çalışan “yad adamlar” hər addımbaşı qarşımıza çıxır. Televiziya proqramlarında, sosial şəbəkələrdə bu cür yarımçıq adamlara daha çox rast gəlirik. Xaricdə təhsil aldığını mümkün olduğu qədər gözə soxmağa çalışan, çoxbilmişlik edən bu yarımçıqlar anlamırlar ki, bu xalqla dil tapmaq, ona nəyisə izah etmək üçün toplumun ana dilində danışmaq vacib şərtdir.

Öz ana dilini bilməyənlərin cəmiyyətə, xalqa və ölkəyə faydası olacağına əsla inanmıram. Çünki, danışdığın dil həm də yaşadığın topluma olan münasibətin göstəricisidir. İnsan övladı sevdiyi ilə eyni dildə danışmadıqca, onu anlaya, duya bilməz.

Xaricdə təhsil almaq, bir neçə xarici dildə oxumaq, yazmaq, danışmaq, müəyyən maddi imkanlara sahib olmaq bu xalqdan, toplumdan uzaq düşməyə rəvac verməməlidir. Nədənsə, ölkədən kənarda təhsil alan, biznesi və ya ticarəti olan böyük əksəriyyət xalqı xor görməyə, ölkəsinə yuxarıdan aşağı baxmağa başlayır. Çox təəssüf ki, toplum müəyyən məqamlarda öz qürurunu bu cür yad ünsürlərin ayağı altına atmağı seçir. Xarici dildə danışanlara heyranlıq, işə götürüləndə, vəzifədə irəli çəkiləndə xarici dil biliklərinə hədsiz önəm verilməsi dediklərimin sübutudur. Bir xalqın ziyalısı, biznesmeni, məmuru toplumun ana dilində danışmağı bacarmır, xalqını və dilini xor görərək özünü elit təbəqə sayırsa, deməli xəyalını qurduğumuz o gözəl günlər hələ çox uzaqdadır.

Düşünürəm ki, bu ölkəyə, xalqa xidmət etməyi seçənlərin, efirlərə çıxanların, teviziyada və radioda aparıcılıq edənlərin, eyni zamanda müəyyən vəzifələrə, önəmli postlara təyin olunan xaricdə təhsil almışlarımızın qarşısına ana dilimizi öyrənmək və bu dildə doğru-düzgün danışmaq şərti qoyulmalıdır. Ya da heç olmasa ana dilində ayda bir kitab oxumaq tövsiyəsi verilə bilər.

Başqa yol yoxdur. Toplumun dərdinə dərman olmaq istəyən hər kəs, bu toplumun ana dilini sevməli və hörmət etməli və bu dildə düşünüb, bu dildə danışmalıdır.

706

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər