Laçının Güləbird kəndinə mənzərə

Müharibə uşaqlarının yuxuları kəndləri... GÜLƏBİRD QEYDLƏRİ

248
(Yenilənib 15:12 22.05.2021)
Nə gizlədim, atam "Google Map"də kəndi metr-metr “gəzəndə”, düşünürdüm ki, biz ora ancaq elə bu cür gedə bilərik, nə vaxt itirdiyimizi geri ala bilmişik ki...

Elə hiss-həyəcanlar var ki, onların xüsusi tamı var. Doğulduğun kəndə getmək, bu, xüsusi həyəcanı doğurmamalıdır. Amma əgər o kənd 28 il işğalda deyildisə...

İçində, əminəm ki, ağlayırdı...

Laçını, Güləbirdi çox xatırlaya bilmərəm, çıxanda yalnız 6 yaşım tamam olmuşdu. Amma məsələn, rus əsgərlərinin döydüyü rus əsgərinin qaçıb kəndimizdə gizlənməsini və rus komandirin öz dəstəsi, texnikası ilə əsgərini tapmaq üçün kəndə gəlişini, qəribə də olsa, dayımın ilk dəfə toxunduğum avtomat silahı, əmim Gəray Məmmədovun şəhid olduğu günləri illər keçsə də bugünkü gün kimi xatılayacaqdım...

Atam çox tez-tez “Google map”də Laçına, Güləbirdə “gedirdi” bu illər ərzində. Ermənilərin nəyisə dağıtdığını, nəyisə tikdiyini görəndə narahat olurdu, gileylənir, təəssüflənirdi, bəzən dərin köks ötürürdü, nə bilim, bəlkə, hərdən ağlayırdı da... Amma içində, əminəm ki, ağlayırdı...

Bu il mayın 18-də Laçının işğalının 29 ili tamam olmadı.

Laçın azad olunan gün bizim evimizdə bayram idi. Bax, xüsusi tamı var idi bu günün.

© Photo : Vusal Mammadov
Laçının Güləbird kəndinə mənzərə

Srağagün rəhbərliyin “Laçında çəkiliş olacaq. Səni də göndərəkmi?” sualını yarıritorik hesab etdim, bu sual cavab tələb etmirdi, formal verilmişdi... Xəyalən kəndimizdə idim artıq... Bax, bu da o fərqli tama malik həyəcan idi.

Azərbaycan əsgərinin döyüşərək azad etdiyi sonuncu kəndimiz

Güləbirdin müasir Azərbaycan tarixində xüsusi yeri olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram, yəqin ki. Bu həmin kənddir ki, I Qarabağ müharibəsində 1992-ci ilin mayında Laçının işğalından sonra 1993-cü ilin sentyabrınadək düşmənə müqavimət göstərib - kəndin 12 mərd oğlu öz el-obasını müdafiə edərkən şəhidlik zirvəsinə yüksəlib, onlarla igid oğlanlar qazi olub. Güləbird eyni zamanda İkinci Qarabağ savaşında Azərbaycan əsgərinin döyüşərək azad etdiyi sonuncu kəndimizdir. Nəhayət, bu kənd Böyük Qayıdışın başlanğıcının rəmzi sayıla bilər – Azərbaycan Prezidentinin azad olunmuş ərazilərdə açılışını etdiyi ilk infrastruktur layihəsi məhz bu kənddə idi: Güləbird SES.

Həkərinin səsi muğam kimidir

Kəndə yaxınlaşdıqca dərk edirdim ki, tarixi gün yaşayıram. Nə gizlədim, atam "Google Map"də kəndi metr-metr “gəzəndə”, düşünürdüm ki, biz ora ancaq elə bu cür gedə bilərik, nə vaxt itirdiyimizi geri ala bilmişik ki...

Kəndin girişində, Laçına doğru uzanan yolda sürətli iş gedir, deyilənə görə, 30 metr enində yol çəkilir. Güləbirdə girən körpünü ermənilər “dabanlarına tüpürüb qaçanda” dağıdıblar, - çıxhaçıxda evlərimizi yandırdıqları kimi.

Körpü müvəqqəti olaraq yenidən bərpa olunub.

© Photo : Vusal Mammadov
Laçının Güləbird kəndinə mənzərə

Həkərinin səsi muğam kimidir. Suyu isə daşqın-filan olmayanda o qədər safdır ki, içmək üçün istifadə olunur. Deyirlər, dağlardan bu çaya o qədər zəngin bulaqlar tökülür ki, heç bir bulaq, çay Həkəri qədər zəngin deyil. Həkərinin balığının məşhurluğu da bəlkə də bundandır. Maşınında getdiyimiz Güləbirdin sonuncu kolxoz sədri Hacı Tahir Salahovun təbirincə desək, Həkərinin suyu “Zəmzəm”dir, Güləbirdə gəlmək Məkkəyə getmək kimi bir şeydir.

Yarı Xirosima

Güləbird böyük kənddir – hələ dünyanın düz vaxtında burada 300-dən çox ev olub.

Ermənilər kənddə yaşayıblar, amma yaşamadıqları evlər xarabalığa dönüb. Bir sözlə, kəndin yarısı salamatdır, yarısı isə “Xirosima”. 

Kənddəki Mədəniyyət klubu heç olmamış kimi yoxdur, məktəb binası, kitabxana, ictimai tövlələr, kənd sovetinin və kolxozun inzibati binası, 2 çörəkbişirmə sexi, mağazalar dağıdılıb, Sarı Aşığın abidəsi, üstündəki gümbəz yerlə bir edilib və s.

Evimizi tapmaq üçün Tahir Salahovun maşını ilə kəndin yuxarısına doğru hərəkət edirik, evə yaxınlaşanda hərbçilər bizi geri qaytarırlar. “Bu ərazi təhlükəlidir, maşınla getmək isə ümumiyyətlə olmaz”, - deyirlər.

Hərbçilərdən biri söz verir ki, bir azdan piyada bizi müşayiət edə bilər. Təxminən 3 saat sonra həmin hərbçi ilə evimizə doğru yol alırıq. Bir neçə dəfə səhv istiqamətə gedirik, doğulduğun evi tapa bilməmək də fərqli tama malikdir - məyusedici bir hissdir.

© Photo : Vusal Mammadov
Laçının Güləbird kəndinə mənzərə

Nəhayət, atamla telefonla danışa-danışa evimizi tapıram.

Hərə öz xatirəsini axtarır

Kim üçünsə bu, üst-üstə qoyulmuş daşlardır, kim üçünsə xatirələr, min bir əziyyətin nəticəsi... Evdən əsər-əlamət yoxdur. Birinci Qarabağ müharibəsində burada döyüşçülərimiz məskunlaşmışdılar. Kim bilir, bəlkə, ermənilər hərbçilərin qaldığı evlərdən xüsusi olaraq qisas alıblar.

Düşünürəm, həyətdə oyuncaqlarımı axtarım, amma buna imkan yoxdur, insan ayağı dəymədiyindən həyəti keçilməz ot, qanqal basıb. Həyətdə bircə ağac da qalmayıb. Əvəzində iki erməni qəbri var. Ermənilərin bu iki nəfəri niyə məhz burada basdırdığı anlaşılmazdır.

Uçuq-sökük divarlara, xatirələrə toxunub geri  - kəndin mərkəzinə qayıdırıq.

Hərə öz xatirəsini axtarır. Həmkəndlim Vüqar İmranovun tapıntısı isə unikaldır. 32 il əvvəl Sarı Aşığın məqbərəsində yerləşdirilmək üçün daş üzərində işlədiyi əl işini tapır. Ermənilər abidəni öz vandal xislətlərinə uyğun olaraq darmadağın etsələr də, bu daş parçası salamat qalıb.

© Photo : Vusal Mammadov
Laçının Güləbird kəndinə mənzərə

Babamgilin həyətində gəzişirəm, ağaclar qalır, hətta sahibsiz evin içindən də yabanı şəkildə ağaclar qol-budaq atıb. Ətrafda sahibsiz it dolaşır, “erməni iti”dir – sözə bax, “erməni iti”.

Getmək vaxtıdır.

Körpünü keçib kənddən aralananda gözüm kəndin cənubundakı mağaraya sataşır: ermənilərin kəndi “Qrad” atəşinə tutmasını, qadınların, uşaqların, qocaların bu mağaralara yığışmasını yuxu kimi də olsa, xatırlayıram. Və onda başa düşürəm ki, niyə bütün yuxularımın ssenarisi müharibə, döyüş epizodları ilə bağlı olur. Müharibə uşaqlarının yuxuları da sakit olmur, demək ki. Gör, “Google Map”də kəndini, evini axtaranlar nələr çəkib, nə yuxular görüblər...

Güləbirddən qayıdırıq, yenidən getmək üçün – bu artıq yuxu deyil.

Eləcə də oxuyun:
* Gözəllik qoynunda tələlər: rusiyalı jurnalistin Füzuli təəssüratları - FOTO

* Ordumuzun yarıb keçdiyi “Ohanyan səddi”ndən - REPORTAJ

Qaragöl ermənilərin əlinə necə keçdi? Kənd sakini uşaqlıq xatirələrini danışır

* Azadlıq üçün qızlıq arzularıyla vidalaşan "Qəqəni" - İndi o, xilaskardır

248
Teqlər:
Zəngəzur, Azərbaycan, Qarabağ, səfər, müharibə, Laçın
NATO hərbçiləri, arxiv şəkli

NATO-nun yeni anti-Rusiya "manifesti" bütün MDB ölkələrini təhdid edir

40
(Yenilənib 18:40 16.06.2021)
20-ci əsrin son bir rübü ərzində İranı, Əfqanıstanı, Liviyanı, keçmiş Yuqoslaviya və Suriyanı aktiv şəkildə bombalayan Şimali Atlantika Alyansının çətin ki, bu tip bəyanatlara haqqı çatsın.

BAKI, 16 iyun — Sputnik. Şimali Atlantika Alyansının iyun sammiti digər bütün prioritet və uydurma təhlükəsizlik təhdidlərindən xüsusi şəkildə tənzimlənməsi ilə fərqlənir. NATO-nun son bildirişindəki təhrif olunmuş koordinat sistemində Rusiya əvvəlcədən də proqnozlaşdırıldığı kimi "sülhə əsas təhlükə" olaraq təqdim edildi. İkinci yerə – böyük bir fərqlə – Şimali Koreya və İran, üçüncü yerə isə sülhsevər Belarus Respublikası "qoyuldu". Maraqlıdır ki, Çinin adı yalnız dördüncü yerdə qeyd olunur.

NATO-ya heç kim bərabərhüquqlu, müstəqil dövlətləri bu şəkildə "növlərə" bölmək haqqı verməyib. Üstəlik, alyansın planetin cəmi on faiz əhalisinin maraqlarına xidmət edən "ittihamedici" arqumentləri qeyri-adekvat təsir bağışlayır.

14 iyun Brüssel sammitinin kommünikesi mahiyyət etibarilə uzunçu, ağlasığmaz, MDB ölkələri və bütövlükdə bəşəriyyət üçün təhlükəli anti-Rusiya "manifestidir". Sənəddə "Rusiya təhdidinə" ondan artıq "ittihamedici mahiyyətdə" (9–15, 25, 46, 50, 54) maddə həsr olunub. Müqayisə üçün bildirək ki, "Çin təhdidi" cəmi iki (55–56) müddəada öz əksini tapıb. Sənəd paradoksal xarakter daşıyır.

20-ci əsrin son bir rübü ərzində İranı, Əfqanıstanı, Liviyanı, keçmiş Yuqoslaviya və Suriyanı aktiv şəkildə bombalayan alyansın çətin ki, bu tip bəyanatlara haqqı çatsın: "Rusiyanın təcavüzkar hərəkətləri Avro-Atlantik təhlükəsizlik üçün təhdiddir". Bununla belə, kommünikedə qeyd olunur ki, blok 25 ildən artıqdır Rusiya ilə əməkdaşlıq qurur, özünün beynəlxalq öhdəliklərini yerinə yetrir, Rusiya isə dəyərləri, prinsipləri, ona olan etibarı və öhdəlikləri pozmaqla məşğuldur".

Əsassız ittihamlar

Rusiyanın müxtəlif sahələrdə hərbi gücünü artırması Şimali Atlantika Alyansını narahat edir: yeni hərbi potensial, "NATO sərhədlərinin yaxınlığındakı ərazilər də daxil olmaqla, təxribat xarakterli fəaliyyətlər", xəbərdarlıq edilmədən aparılan geniş miqyaslı təlimlər, Kalininqrad vilayətində müasir ikili istifadə raketlərinin yerləşdirilməsi, Belarusla hərbi inteqrasiya. Buradaca xatırlatmağa ehtiyac var: Rusiya alyansın sərhədlərinə yaxınlaşmayıb, əksinə, NATO Rusiyanın sərhədlərinə doğru genişlənib. Və artıq çoxdan MDB məkanında "rəngli inqilablar" formatında hibrid müharibələri təcrübədən keçirir. NATO – humanitar təşkilat deyil və Rusiya Federasiyasına potensial təhlükəsizlik təhdidi hesab olunur. Odur ki Moskva və Minskin reaksiyası tamamilə qanunauyğundur. Çünki Rusiya və Belarus alyansın Avropada (keçmiş Yuqoslaviya), Yaxın Şərqdə (İraq, Əfqanıstan, Suriya), Afrikada (Liviya) və digər başqa yerlərdə geosiyasi "korreksiyalarını" unutmayıb.

Ortada real dəlillər olmadığından, NATO "müttəfiq ölkələrdə seçkilərə və demokratik proseslərə müdaxilə cəhdləri", "geniş miqyaslı dezinformasiya kampaniyaları", "Rusiya xüsusi xidmət orqanlarının qanunsuz və dağıdıcı hərəkətləri"ni vurğulayaraq Rusiyanı Çex Respublikası və ABŞ-ı "dost olmayan ölkələr"in siyahısından çıxarmağa çağırır.

Guya Rusiya "NATO-nu vadar etmək" üçün bir sıra orta və qısamənzilli raket kompleksləri yerləşdirməklə nüvə arsenalını şaxələndirir. Nəyə vadar etmək üçün? Əgər NATO ölkələri Beynəlxaql Məsələlər üzrə Rusiya Şurasının Avropada raketlərin yerləşdirilməsinə moratorium qoyulması ilə bağlı Moskvanın konkret təklifini dəstəkləmirsə, "strateji hədə-qorxunun təcavüzkar siyasəti" kimi boş ifadələr nə deməkdir?

"Rusiya silahlı qüvvələrin hərbi təlimlərinə daha çox diqqət ayırmağa və məsuliyyətsiz nüvə ritorikasından istifadəyə davam edir" – əfv edin, amma dünyanın bütün ölkələri öz ərazilərində hərbi manevrlər edirlər və yalnız NATO üzvü olan dövlətlər belə təlimlərin əksəriyyətini xarici ərazilərdə məsuliyyətsiz və aqressiv şəkildə həyata keçirirlər. Məgər Rusiya kimisə birbaşa nüvə silahından istifadə ilə təhdid edib və ya açıq şəkildə Meksikanın şimalında, Kanadanın cənubunda hərbi manevrlər aparmaq üçün qoşunlarını okeanın o tayına ötürüb? Eynilə Pentaqonun Avropada etdiyi kimi. Rusiyanın həyata keçirdiyi təlimlər "həddən artıq" genişmiqyaslıdır? Axı Rusiya Federasiyasının ərazisinin də (ABŞ-dan iki dəfə böyükdür) dünyada analoqu yoxdur və belə böyük ölkənin müdafiəsini təmin etmək üçün müəyyən alətlər tələb olunur. Aydın məsələdir ki, Rusiyanın ünvanına səsləndirilən bütün bu uzun-uzadı ittihamlar ABŞ və NATO-nun Rusiya və onun müttəfiqlərinə qarşı hərbi hərəkətlərə real hazırlığını ört-basdır etmək və haqq qazandırmaq üçündür.

Rumıniya və Baltikyanı ölkələrdə hərbi infrastrukturun və alyansın xarici birliklərinin artan "mövcudluğu" dinc bölgələrin və dənizlərin tədricən silahlı qarşıdurma bölgəsinə çevrilməsinə parlaq nümunədir. Postsovet məkanının şərqini demontaj və talan etmək üçün. Biz burada amerikalılar tərəfindən İran, İraq və ya Suriya neftinin hasilatı (oğurlanması) məsələsinə toxunmuruq, ancaq Orta Asiyadakı Sibir karbohidrogenləri və faydalı qazıntı yataqları da kiçik "qənimət" deyil.

Dinc MDB-nin demontajı

NATO-nun kommünikesində bəyan edilir: "Hazırkı şəraitdə Ukrayna və onun ətrafındakı münaqişə bizim gündəmimizdə birinci mövzudur". Daha sonra Rusiyanın "günahları" sadalanır. Ancaq Rusiya Ukraynadakı vətəndaş müharibəsində özünü tərəf kimi görmür. Faktlar inkar edilə bilər və ya başqa formada şərh oluna bilər, amma onları dəyişdirmək mümkün deyil.

Alyans "beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində" Ukrayna, Gürcüstan və Moldova respublikalarının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini dəfələrlə təkrarlayır və Rusiyanı "hər üç ölkədə onların razılığı olmadan yerləşdirdiyi qoşunları geri çəkməyə" çağırır. Amma dünya dəyişib. Artıq xəritədə nə SSRİ var, nə də ADR. Yuqoslaviya da NATO-nun aktiv şəkildə iştirakı ilə xəritədən silinib. 

Kommünikenin daha bir diqqət çəkən maqamı: NATO-ya üzv dövlətlər 2020-ci ilin avqust ayından etibarən Belarusda baş verən hadisələrə görə əvvəlki kimi dərin narahatlıq hissi keçirir". Bu, qeyri-adi siyasi ikiüzlülük nümunəsidir. Nədənsə Fransada "sarı jiletlilər"in daha geniş miqyaslı etiraz aksiyaları və Kapitoli basqını zamanı ABŞ vətəndaşlarının etirazları (400 nəfərin həbsi ilə nəticələnən) alyansı narahat etmir. Bu başqa bir şeydir?

NATO-nun 14 iyun tarixli kommünikesinin tam və geniş mətni qurumun rəsmi internet saytına üç dildə yerləşdirilib və arzu edənlər orada reallığa uyğun gəlməyən bir çox məqamları tuta bilərlər.

Sonda bir məsələni də qeyd etmək istərdim: 20 illik müharibədən, ABŞ və NATO-nun Taliban terrorçuları ilə utancverici barışıq sazişi imzalamasından sonra Əfqanıstandan xarici qoşunların faktiki qaçışı şəraitində "tərəfdaşlar"ın Avropada və Arktikada dəyənəklərini bu qədər fəal şəkildə oynatmalarına ehtiyac yoxdur.

Yüksək texnologiyalı və ən böyük nüvə gücü ilə hipotetik qarşıdurmaya məhkum olduqları üçün bəlkə də vaz keçdilər. Bərabərhüquqlu tərəflər arasındakı danışıqlar prosesində ağlabatan kompromislər və bundan sonra dinc yanaşı yaşamağın yolları tapıla bilər.

40
İnsan kölgəsi, arxiv şəkli

Neqativi başqasına ötürənlər: onlardan adi halda ağır söz, təhqir eşidə bilərsən

1847
(Yenilənib 19:28 14.06.2021)
Sputnik Azərbaycan-ın köşə yazarı hesab edir ki, zibilini qonşunun qapısına tökən insanla, nəqliyyatda daxildə yığılan neqativi başqalarına ötürən insan arasında heç bir fərq yoxdur.

Azərbaycan insanı hər yerdə narazılıq etməyə bir bəhanə axtarır. Razılıq edən, işlərinin qaydasında olduğunu bildirən kimisə tapmaq qəliz məsələdir. Təsadüfən küçədə birinə toxundunsa, gözləmədyin halda ağır söz, təhqir eşidə bilərsən. Hərənin bir dərdi var, özündə nə qədər çox gəzdirirsə, təsadüfi münaqişə zamanı mütləq üzə çıxa bilər. Həll edə bilmədiyi problemin acığını gərək başqasından çıxa.

Dözə-dözə səbir kasamız dolur, bir bəhanə axtarırıq kimisə acılamağa

Bir tərəfdən bir xalq olaraq çox dözümlüyük, işdə danışmırıq, çünki ayıbdır, sabah-birigün bu adamla üz-üzə gələcəksən. Müdir haqqına girir, artıq iş tapşırır, istirahət günü ofisə çağırır, deyirsən, əşi bir təhər yola verək, yoxsa əlinə bəhanə düşən kimi işdən qovar. İsti plov sifariş verirsən, 1 saat sonra soyumuş dolma gətirirlər, deyirsən, acam, birtəhər yeyim, görüm nə olar. Ustaya iş deyirsən, evin təmirini tapşırırsan, 3-4 gündən sonra rayonda rəhmətə gedən var adı ilə aradan çıxır, günlərlə toz udmalı olursan, deyirsən, eybi yox, yaxşı ustadır, bir az dözüm, gəlib düzəldər.

Dözə-dözə səbir kasamız dolur, bir bəhanə axtarırıq kimisə acılamağa. Amma problemin həlli başqa yerdədir, işə girəndə müqavilə imzalamaq, bütün şərtləri əvvəlcədən danışmaq lazımdır, əgər müdir səni anlayırsa, isti münasibət göstərirsə, bu halda həm kompromisə getmək olar, yeri gəlsə, artıq işləmək də. Yox, əgər müdir kollektivdə birini qaralayıb işlədirsə, öz qohumlarına isə komfort şərait yaradırsa, belə halda problemi məhz yerində çözmək lazımdır, kənarda yox. Sifarişi vaxtında çatdırmayan şirkəti sadəcə “qara siyahıya” salaraq həyatdan silmək gərəkdir. Hələ sosial şəbəkədə teqləyib ətrafınızı məlumatlandırmaq da olar. İşləyə bilmirsənsə, bu yeri tərk elə, qoy başqası işləsin. Pis ustanı isə sosial mediada hər gün qaralamaq lazımdır, gərək adı qara siyahıdan çıxmasın. Bir əldə neçə qarpız tutmaq olar axı? 5-6 obyekt götürüb bir az orada, bir az burada işləməklə nə qədər insanı aldadan usta var. Bu gün bir qohumunu öldürür rayonda, sabah başqa birisini. Obyektlərin də hamısı yarımçıq.

Mahiyyətcə xırda alverçidir, özünə ev tikib zibilini də sənin qapına atacaq

Dükana girirsən, sahibi başlayır ağlamağa: alver filan yoxdur, batıram, nisyə dəftərində salamat yer qalmayıb, vergi imkan vermir işləyək. Di gəl, sadə bir məsələ üçün müraciət edirsən, deyək pul xırdalamaq üçün. O dəqiqə sifətinin ifadəsi də dəyişir, 5 dəqiqə öncə olan yazıq sifət çönür. And-aman edərək xırdanın olmadığını deyir. Uşağı yollayırsan təndir dalınca, zavod çörəyindən verib yola salır, tofita konfeti istəyirsən, karamel verir. Beynində bir fikri var, nə yollasa aldatsın, qabağa düşsün. Sən də ürəyində düşünürsən, yaxşı deyil, dava salmayım, qonşudur, ayıbdır. Sən ayıb bilirsən, o bilmir.

Baxırsan, təzə bağ qonşun gəlib, özünə çox bahalı ev tikdirir. Ürəyində düşünürsən, nə yaxşı, ziyalı bir adamdır. Sosial şəbəkədə istifadəçisi, Strasburq universitetinin məzunu, möhtərəm bir bankın əməkdaşıdır. Amma nə olsun? Mahiyyətcə xırda alverçidir, özünə ev tikib zibilini də sənin qapına atacaq. 5-10 manat qabağa düşmək üçün. Özü də o tək deyil, küçədən ötən digər qonşuların da çəkdiyi siqaretin qutusunu, içdiyi pivənin bankasını sənin qapına atacaq, çünki xətri belə istəyir. Onlardan gərək birini tutub nə ki var əzişdirəsən, onda düzələr bəlkə. Amma yerində tuta bilmədinsə, acığını ya evdəkilərin, ya da tanımadığın bilmədiyin birisinin üzərinə tökəcəksən.

Adətən dava-qırğının çox hissəsi yolda olur. Ya ictimai nəqliyyatda deyişirik, ya da sükan arxasında oturduğun maşının pəncərəsindən Kainatın efirinə pis sözlər buraxırıq. İctimai nəqliyyatda baş verən davaları gərək mətbuat hər gün çəkə, bir hissəsi komediyadır, bir hissəsi drama. Hər cür faciəvi və gülməli halla rastlaşırıq. Biri səsini çıxardısa, digərinin də əsəbi gərilir. Kiçik bir məsələ şişib böyüyür.

Fikir vermişəm, hər gün sürücünü bax belə təhqir edirlər

46 saylı avtobusun sürücüsü:

- Dayanacaqda düşən olacaq?

- Hə, hə.

Avtobus dayanır, düşən düşür, qapı bağlanır. Uşaqla olan bir gənc xanım çox pis bir tonla:

- Saxla daaa, düşək də. Elə gedir aaaa.

Sürücü:

- Düşəydin də.

Davamını yazmağa utanıram. Qadın ağzından çıxanı sürücüyə deyib avtobusu tərk edir. Mexanizm işə düşdü, salon çalxalanır.

Qadınlardan biri:

- Belə danışıq tərzi olar? Niyə bu qadın belə tonda danışır? Sürücünün nə günahı var? Fikir vermişəm, hər gün sürücünü bax belə təhqir edirlər.

Sürücü artıq danışmır, susur.

Kişilərdən biri:

- Özü ləng tərpəndi.

Qadın:

- Lap başım ağrıdı

Digər qadını:

- Bu sürücü elə tələsir, bizi minəndə də, düşəndə də tələsdirir. O neyləsin? Düşə bilmir də.

Salonda artıq başqa söhbət qızışır. Kimsə öz qızından danışır. Ailə qurub, iki uşağı var, əri atıb gedib. İndi o məcburdur nəvələrinə baxmağa. Başqa qadın söhbətə qoşulur. Qonşuluqda qızı evsiz birinə veriblər, sonra həyətdə yeni qurulan ailə üçün ev tikiblər, uşaq da olub, sonda kürəkən nədənsə dözməyib qoyub çıxıb aradan.

Sürücü:

- Dayanacaqda düşən olacaq?

Salonda söhbət davam edir. Bir qadının halı dəyişir, ürəyi bulanır deyəsən. Sürücü avtobusu dayandırıb onu çölə buraxır. Avtobus çalxalanır yenə də. Sürücü, deyəsən, tələsir. “28 May” metro stansiyasında, nəhayət, dayanırıq, amma sonda birdən əyləci basır. Hərə bir tərəfə dəyir. Salondan kimsə deyir:

-  Elə bil kartof-soğan daşıyır.

Biri maddi zibil tökür, digəri mənəvi

Bax, beləcə psixoloqsuz filan öz dərdimizi başqalarının üzərinə tökməklə yaşayırıq. Zibilini qonşunun qapısına tökən insanla, nəqliyyatda daxildə yığılan neqativi başqalarına ötürən insan arasında heç bir fərq yoxdur. Biri maddi zibil tökür, digəri mənəvi. Zibili aparıb zibil qutusuna tökmək lazımdır, problemi isə yiyəsi ilə həll etmək, çünki kökü oradadır. İşi birdəfəlik həll edəndə əziyyəti də az olur sonradan. Həyətdə əmələ gələn alağı biçmək də olar, kökündən qopartmaq da. Biçmək asan yoldur, kökündən qopartmaq çətin. Amma nəticədə daha düzgünü alağı tam təmizləməkdir, sonradan az çıxacaq.

Hər bir işi vaxtında görməklə həyatımıza bir sakitlik bəxş etmək, mənəvi zibili isə vaxtı-vaxtında təmizləməklə daxili harmoniyanı nizamlamaq olar. Aqressiyasını başqa insana yönləndirmək çıxış yolu deyil, müvəqqəti haldır. Həllini tapmayan problem sabah daha ağır prosesə təkan verə bilər. Həm də bu, bir mədəniyyətdir. İctimai yerdə özünü aparmaq mədəniyyətini də gərək uşaq dövründən aşılayasan, yoxsa yeni nəsil gözü ilə hər gün gördüyü davranış metodunu əldə əsas tutacaq. Elə belə də yaşayacaq. Kiminsə ortaya atdığı neqativdən yayınmaq özü bir qəhrəmanlıqdır. Dedi, çıxdı getdi, bir avtobus insan yarım saat danışdı. Hər öz dərdindən, amma başqasının neqativindən nə qədər uzaq dursaq, bir o qədər sağlam yaşayarıq.

Necə deyərlər, dəyirman öz işini görər, çak-çak baş ağrıdar.

1847

Bu dünyanı dəyişməliyik