Dəniz sagilində kişilər, arxiv şəkli

Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

82
Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır.

BAKI, 9 may — Sputnik. Cəmiyyətimizin istənilən problemi həm də bizim – fərdlərin problemidir. Bu gün qarşılaşdığımız problemlər övladlarımızın gələcəyi üçün ciddi təhdid və narahatlıqdır. Cəmiyyəti qoruyan, onu inkişaf etdirən, gələcəyini müəyyən edən bəlli dəyərlər sistemi olmalıdır və cəmiyyətlər dəyərlər üzərində bərqərar olur. Bəzi dəyərlər ildən ilə dəyişə, bəziləri zamanın tələbi ilə “dəyərsizləşə” bilər. Qloballaşan dünyada assimilyasiyanı haradasa normal qəbul etmək olar (Şübhəsiz bu məqam ciddi müzakirə mövzusudur. Yəni, polemikaya açıq məsələdir - C.C.) İnternetin və texnologiyanın inkişafı müəyyən sərhədlərin aradan qalxmasına səbəb olur. Ancaq elə dəyərlər var ki,  assimilyasiyası qətiyyən qəbul edilə bilməz və bu dəyərlərin zorakı assimilyasiyasına mane olmağımız qaçılmazdır. Xalq, cəmiyyət qorunmalı olan dəyərlərinə sahib çıxmasa yaranan xaos, qarışıqlıq qarşısıalınmaz olacaq. Cəmiyyətdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin gələcəyi üçün əndişə keçirən fərdləri narahat etməlidir.

***

Cəmiyyətdə müəyyən bir qrupun laqeyidləşməsinin, biganəliyin və insani münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, cəmiyyəti var edən dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir. Son vaxtlar diqqətimi çəkən müəyyən polemikalarda məhz bu xaosun şahidi olduq. Feminizmdən danışanların yarımçıq bilgilərlə “silahlanıb” bu anlayışı lağ hədəfinə çevirməsi, müharibə əleyhidarlarının ölkədə işğalçılara qarşı aparılan mübarizə dönəmində aktivləşib əslində müharibə əleyhidarlığını mahiyyətindən uzaqlaşdırmaları, liberal düşüncə tərəfdarlarının şəhidlərə qarşı sayğısız davranışları ilə cəmiyyətdə qəzəb yaratmaları pis nümunələrdir. Liber dəyərlərin mühafizəkarlığı bu şəkildə assimilyasiyaya məruz qoyması qəbuledilməzdir.

***

Cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənməlidir. Təbii ki, bu dəyərlərə qarşı çıxanlar, müxalif olanlar da olmalıdır. Hər bir dəyərə qarşı alternativ təklif etmək və ya bu alternativlərlə yaşamaq mümkündür, qəbulediləndir. Yetər ki, cəmiyyət üçün “həssas nöqtələrə” yersiz hücum etməyək. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları qeyri-müəyyənliyə sürükləyir. Gözümüzün qarşısında assimilyasiyaya uğrayan dəyərlər bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər.

***

Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır. Cəmiyyətin bir qismi ümumiyyətlə bu xəbərləri soyuqqanlı şəkildə qulaqardına vurur, çox az bir qisim insan isə əndişə, narahatlıq keçirir. Bu yaxınlarda xəbər saytlarında qarşılaşdığım “Molla əsgər anasını qətlə yetirdi” başlıqlı xəbərin vahiməsi məni əməlli başlı diksindirdi. Cəmiyyətimizdəki bu cür eybəcərliklərin gələcəyimizə böyük təhlükə yaratdığını düşünürəm. Eyni zamanda din adamının cinayətkar olmasının qabardılması, müzakirə olunması məni daha çox narahat etdi. Dinə və dindarlara qarşı loyal yanaşsam da, dini dəyərlərin cəmiyyətimizdə önəmli yerə sahib olduğunun fərqindəyəm. Məhz cinayət xəbərinin bu şəkildə tirajlanması, dinə qarşı aqressiyanın yaranmasına rəvac verir. Sosial şəbəkələrdə cinayət, cinayətin motivi bir kənarda qalır, din, din xadimi, molla müzakirə olunur. Halbuki cinayətkarın dini mənsubiyyətini vurğulamaq üçün heç bir səbəbimiz  yoxdur. Çünki islam dini əsgər anasını zorlamağa, ümumiyyətlə cinsi zorakılığa haqq qazandıran din deyil. Deməli küyə gedib islamı tənqid etmək üçün də səbəbimiz yoxdur. Çünki cinayətkarın milli, irqi və dini mənsubiyyəti müzakirə mövzusu olmamalıdır. Hansısa din xadiminin cinayətinə görə onun dinini qınamaq  ədalətsizlikdir. Təəssüf ki, din xadiminin əməli olun təmsil və təbliğ etdiyi dinə başucalığı gətirmir. Eyni zamanda cəmiyyətin dini dəyərlərini də gözdən salır. Bunu anlayırıq. Bizi narahat edən gələcəyimizdir. Dəyərlərindən uzaq düşmüş cəmiyyətin gələcəyi hamımızı narahat etməlidir.

İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

82
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi

7
(Yenilənib 20:39 01.08.2021)
Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Təbiətə qarşı

Türkiyədə səmaya yüksələn alovlar ürəyimizi dağladı. Düzdür, bir millət-iki dövlət olduğumuzdan belə hadisələr bizdə xüsusi emosiyalar yaradır. Ancaq bu, həm də insani hissdir. Bütün dünya bu vəziyyətlə bağlı dərin təəssüf hissini ifadə edir, kədərlənir. Yalnız ermənilər istisnadır, sosial şəbəkələrin Ermənistan seqmentində toy-bayramdır... Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Qardaş ölkə nə sınaqlar gördü, bunu da geridə qoyacaq. “Ağacsız torpaq vətən deyildir” – deyirdi böyük Atatürk.  Bu cür düşünən xalq nə baş versə də, cənnəti bərpa edəcək.

Təbii fəlakətlərə sevinən toplum isə görünür, anlamır ki, dünyanın bir küncündə məhv olan bir ağac digər küncündə də oksigeni azaldır.

Hadisənin təbii fəlakət olması ehtimalları isə getdikcə öləziyir.

Ermənilər və koreyalılar

Revaş ümidləri öləzimiş Paşinyan isə müttəfiqləri arasında tərəddüdlərini davam etdirir. Bəlkə də manipulyasiyalarını.

Gah Qərbə, gah da Moskvaya yönələn Paşiki daxildə daha çox Qərbin adamı kimi xarakterizə edir, yerli media onun rus kadrlarını təmizlədiyini vurğulayır. Paşikin ritorikası da Rusiyanın tezisi ilə ziddiyyət təşkil edir: şimal nəhəngi bölgədə kommunikasiyaların açılmasının vacibliyini, bunun 10 noyabr bəyanatının tələbi olduğunu deyir, Nikol isə hökumətin son iclasında bu məsələnin müzakirə edilmədiyini söyləyir.

Şimali Koreya kimi arxaik ruhlu dövlət Cənubi Koreya ilə sərhədini açdı, bizim qonşumuz isə...

Şimali Koreyanı xatırlamışkən, Kim Çen İn ordusuna döyüş hazırlığını artırmağı tapşırıb. Kim Cənubi Koreya və ABŞ-ın avqustun ortalarında keçirilməsi palanlaşdırılan illik hərbi təlimləri şimaldakı koreyalılar üçün təhdid kimi qiymətləndirib.

Ümumiyyətlə, Koreya dünyanın ən unikal ölkəsi olaraq qalır (Ermənistan da faşizm ənənələrini yaşadan ölkə kimi bu unikallığa aiddir). Şimali Koreya ilə Ermənistanın fərqi ondadır ki, birincilər bədbəxtliklərindən xəbərdar deyil, ermənilər isə artıq bunu anlayırlar. Təsadüfi deyil ki, hələ rəsmi statistikaya görə, bu ilin əvvəlindən Ermənistanı tərk edənlərlə ölkəyə qayıdanlar arasında nə az, nə çox, 30 min nəfər fərq var. 

Müqayisə üçün deyək ki, son 60 ildə Şimali Koreyadan Cənubi Koreyaya 23000 insan mühacirətə gedib, Cənubi Koreyadan Şimali Koreyaya isə 2 nəfər. Bu yazını Şimali Koreyalılar heç google translate-lə də oxuya bilməyəcəklər, çünki orda internet açıq deyil, ölkədə internet istifadəçilərinin sayı 605 nəfərdir.

Bu arada BMT dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edib. Məsələn, Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi proqnozlaşdırılır.

Bugünkü avantura erməniləri də aclıq çəkən ölkələrin siyahısına doğru aparır.

Belarus idmançılar hara getsin?

Həftənin ən maraqlı açıqlamalarından biri Belarus prezidenti Lukaşenkoya aiddir. Belarus prezident Tokio-2020-yə gedən idmançılara Şimali Koreya liderinin ritorikasında müraciət edib: “Əgər oraya turist kimi gedirsinizsə və əliboş qayıdacaqsınızsa, yaxşı olar ki, qayıtmayasınız. Bunu sizə hansısa ictimai təşkilat rəhbəri kimi yox, ölkə prezidenti kimi deyirəm. Məni necə istəyirsiniz, elə də başa düşün”.

Hələlik, Belarusun 1 qızılı var.

Bu arada Belarus dövlət başçısının nəvəsinin toyu olub. Məclis karantin qaydalarına uyğun olaraq, 70 nəfərlə keçib.

Prezident mandatı olan adamdır, istəsə 7000 adamla da keçirə bilərdi, etməyib.

Deputat adamdır...

Mandat demişkən, bu həftənin ən yaddaqalan hadisələrindən biri deputat mandatlı Elbrus Səlimovun polisi döyməsi idi. Belə ki, Xaçmazda restoranda yeyib-içmək məclisində olan E.Səlimov polisin gecə saat 12 olduğundan restoranın qapadılmalı olduğu tələbinə şillə-təpiklə cavab verib. İndi parlament onun mandatına baxacaq.

E.Səlimov Dağıstan Dövlət Universitetində təhsil alıb. Necə?! Yox, ağlınıza başqa şey gəlməsin, sadəcə, xatırlatdım.

…və təsadüfi deyil ki, bu günlərdə parlamentin payızda buraxılacağı, yeni tərkibin formalaşdırılacağı barədə söz-söhbətlər dolaşır.

Şəhid puluna göz dikənlər

Bu yaxınlarda şəhid ailəsinin evindən oğurluq edən dələduzları polis saxlamışdı. Canını vətən üçün qurban verənlərin malına göz dikməyə dələduzluq demək, yəqin, çox yumşaq səslənir… Ötən həftə isə Göyçay rayon sakini Ş.Qafarova oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun oğurlandığını bildirib. Polis bu şərəfsiz əməlin sahibini də saxlayıb. Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Bu hərəkətə də, bu cür addımı atanlara da içəridə nəsə ad tapıb qoyacaqlar, biz başımızı çox yormayaq.

 “Delta” və “Patı”

Koronavirusun “Delta” ştammı sürətlə yayılmağa davam edir. Payızda onun 4-cü dalğa şəklində ciddi qapanmalara səbəb olacağı da istisna deyil.

Yaponiya kimi intizamlı insanların yaşadığı ölkədə ştamm tüğyan edir: Yay Olimpiya Oyunlarının keçirildiyi gündoğar ölkədə bazar günü 12 342 yoluxma hadisəsi təsdiqlənib.

Ştammın görmə, eşitmə zəifliyinə səbəb olduğu deyilir.

Ən azı “Delta” qədər bizim üçün təhlükəyə çevrilmiş daha bir bəla var: Patı. Hər gün onun dəstə-dəstə istifadəçi və satıcıları polis bölmələrinə gətirilir.

Ötən həftə bu bəlanın yayılması ilə bağlı tükürpədici məlumat yayıldı. Belə ki, onun Xankəndidə istehsal olunduğu, məqsədli şəkildə İran vasitəsilə Azərbaycana ötürüldüyü bildirildi. Həm də Almaniya kəşfiyyatına istinadən. Mediada yayılan məlumatlarda qeyd edilir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, ermənilər əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

İslahatlara qarşı

Narkotikin bu qədər tüğyan etməsinə görə təhsil ocaqları da məsuliyyət daşıyır. Amma görünür, əvvəlcə bu ocaqların özünü təmizləmək lazımdır.

Ötən həftə Bakı Dövlət Universitetində universitet rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirildi. Hadisəni universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin törətdiyi bildirilir. Ki, onun müqaviləsini uzatmayıblar və İsmixan müəllim də bu cür haqq-hesab çürütməyə qərar verib.

İslahatlara qarşı gedənlər, hətta əli bıçaqlı gedənlər həmişə olur.

İslahalar demişkən, biz BDU-da oxuyanda  (2003-2007) həm də bizim ixtisas - Nəşriyyat işi və redaktəetmə ixtisasının tələbələri üçün nəzərdə tutulmuş komputer otağından istifadəyə icazə verilmirdi, 4 ildə o otağı 2-3 dəfə gördük. Görəsən, islahatlar o otağın qapısındakı qıfılı da qıra bilibmi?!

7
Bakı sakinləri

Məşhur olmaq üçün etməli?

1171
(Yenilənib 00:14 31.07.2021)
Dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.

Dünyada çox qəribə proseslər gedir. Elə bizim yaşadığımız regionda da vəziyyət stabil deyil. Dünyadakı və regiondakı vəziyyəti şərh etmək, qanınızı daha da qaraltmaq istəməzdim. Onsuz da beynəlxalq şərhçilər, politoloqlar, regionşünaslar lazımı şərhləri, açıqlamaları verir. Başa düşürəm ki, cəmiyyət olaraq dünyadan bixəbər yaşamaq, baş verən prosesləri müzakirə etmədən, dərk etmədən, düşünmədən yaşamaq çətindir. Ancaq arada insan özünə, öz ölkəsinə, öz balaca dünyasına vaxt ayırmalıdır. Çünki dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.

***

Dünyadan yorulunda boş vaxtımdan istifadə edib, çağdaş ədəbiyyatımızın ən tanınan siması ilə, çağdaş siyasətimizin bir o qədər populyar olan gənc ulduzunun (adlarını özüm çəkmirəm, çünki hamınız tanıyırsınız) debatına baxdım. Və həmin boş vaxt ərzində anladım ki, dünyada gedən proseslərdən xəbərsiz, reallıqdan qopub, sosial şəbəkələrdə yaradılmış gündəmə uyğun yaşamaq olduqca asan və rahatmış. Təəssüf ki, bizim cəmiyyət sosial şəbəkələrə qarşı çox laqeyiddir. Hara baxırsan insanlar kitab oxuyur: avtobusda, metroda, parkda, bulvarda, çimərlikdə... Gənclər dünyada yeni yaranan sənət cərəyanlarını, müasir texnalogiyanı, elmi yenilikləri, siyasi prosesləri, iqtisadi sıçrayışları və çöküşləri izləyir, kütləvi şəkildə elmə-irfana yuvarlanır. İnsanların bu vəziyyəti məni olduqca narahat edir. Məncə müasir insan oxumaqdan, araşdırmaqdan, özünü inkişaf etdirməkdən macal tapıb, sosial şəbəkələrə də vaxt ayırmalıdır.

***

Bir də görürsən ki, hansısa ağzıgöyçək deyir ki, sənət adamının, ədəbiyyatçının, jurnalistin, siyasətçinin, ictimai xadimin bəşəri düşüncələri, dərin mütaliəsi, dünyagörüşü, özünəməxsus yanaşması, erudisiyası olmalıdır. Boş söhbətdir! Müasir dünyada bütün bunlar bicadır! Gül kimi sosial şəbəkələr var ki, bu irfani yeni kəşflər yazmağa, araşdırmağa, bilgi sahibi olmağa hər cür şərait yaradır. Siyasətçisən? Çıx ürəyin istəyəni yaz, sözünü de. Bəyənən "like" edəcək, "share" edəcək, bəyənməyən də gəlib söyüşünü-təhqirini yazıb, etirazını bildirəcək.

Sənə böyük kütlələrə xitab etmək lazımdırsa, bundan gözəl şərait ola bilməz. Üstəlik yazdıqlarını şərh edənlərlə çəkişə-çəkişə bilgilərin, məlumatın da artacaq, istənilən yutub verlişində, feysbuk debatında çıxıb sözünü deyə biləcəksən. Bu baxımdan çağdaş siyasətimizin populyar gənc ulduzunun – hansı ki, ümummilli lideri Məhəmməd peyğəmbərdir – siyasi karyerası hər bir gənc siyasətçi üçün örnək ola bilər.

Şairin, yazıçının işi daha asandır. Ağlına gələni bəzəkli-düzəkli cümlələrlə ifadə edib, ağlına gəlməyənləri kiminsə ağzından qapıb, kitablardan seçmə cümlələr tapıb çıxışlarında gözünü süzdürüb, səsinə bəlağət qatıb kütləyə sevinc bəxş edə bilərsən. Lap sənin şəxsi keyfiyyətlərin aşağı, dünyagörüşün qıt olsun, əsas "like" sayı, mesaj qutuna gələn heyranlıq mesajlarıdır. Dünyanın qəmini bu qədər asan şəkildə çiynindən atıb, ədəbiyyat yaratmaq mümkündür, nümunələri vardır, təcrübəylə də isbat edilmişdir.

***

Kim nə deyir desin, əsas hay-küy salıb, həyasızlıq edib, çığırıb-bağırıb gündəmdə qalmaq, daha çox adama xitab etməkdir. Dünya kiçikləşib, cılızlaşıb, sıxılıb-sıxlaşıb bir ağıllı telefonun ekranına sığışıb. Dünyada telefonla kitab yazanlar, kino çəkənlər, musiqi bəstələyənlər, ali təhsil alanlar, ölkə gündəmini dəyişənlər, biznes quranlar, ev-eşik sahibi olanlar, ov ovlayıb, quş quşlayanlar var. Bizdə isə bütün bunların hamısını ümumiləşdirib, sadəcə "quşlayanlar" var.

Ümid edirəm ki, bizim gənclərimiz də dünyanın oxumaqdan, araşdırmaqdan, müşahidə etməkdən, təhsildən, elmdən ibarət olmadığını anlayacaq. Çünki, sosial şəbəkələrdə çox sayda örnəklər var ki, onların həyat və fəaliyyəti sizlərə örnək ola bilər. Əziyyət çəkmədən, mübarizə aparmadan da qəhrəman olmağın, layiq olmadan şöhrət qazanmağın asan yolları vardır. Ümumiyyətlə sadəlövh kütlənin qəhrəmanı olmaq, sevgisini qazanmaq, məşhurlaşmaq çox asandır. Və bir gün o kütlənin qurbanı olmaq ehtimalı olsa belə, Varholun dediyi 15 dəqiqəlik məşhurluğa dəyər. Beyninizi çox yükləməyin, çünki beyninizi nə qədər çox yorsanız bir o qədər yaradıcı imkanları artacaq. Qanlı-qadalı dünyada bu zülmə nə gərək var?

1171