Bakının mərkəzi

Gələcəyimizi təhdid edən trendlər: bayağılıq, əxlaqsızlıq, erotizm

243
(Yenilənib 21:10 29.04.2021)
Müşahidələrimə əsasən, məsuliyyətlə deyə bilərəm ki, ölkəmizdə bu sosial şəbəkə əxlaqsızlıq, erotizm, cinayətkarlığı təbliğ edir.

Ötən ilin statistikalarından məlum olur ki, dünya əhalisinin yarıdan çoxu sosial şəbəkələrdən istifadə edir. Pandemiya ilə bağlı qapanmalar zamanı məşğuliyyətsiz qalan dünya əhalisinin internetə və sosial şəbəkələrə üz tutduğunu nəzərə alsaq, "Facebook", "İnstagram", "TikTok", "Twitter", "Youtube" və digər servislərin ümumi auditoriyasının xeyli genişləndiyini deyə bilərik. Ölkəmizdə də sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Dünyada gedən proseslərdən kənarda qalmağımız mümkünsüz olduğu üçün sosial şəbəkələrə güclü axının bizdən yan keçməsi mümkün deyil. Virtuallaşan dünyada bu tendensiyadan qaçış real görünmür. Bir çox ölkələrdə sosial şəbəkələr qadağan olunsa da, bu qadağaların dünyanın “virtuallaşmağına” çox da ciddi təsiri olmadı.

Ölkəmizdə sosial şəbəkə istifadəçilərinin maraq dairələri müxtəlifdir. Ötən illərdə "Facebook" sosial platformasından istifadə edənlərin sayı digər sosial şəbəkə istifadəçilərinin sayını üstələsə də, bu ilin yanvarından "Twitter" istifadəçiləri bütün digər sosial platforma istifadəçilərini arxada qoymağı bacardılar. Müharibə dönəmində ölkə prezidentinin "Twitter" sosial şəbəkəsindən etdiyi paylaşımlar bu sosial şəbəkəni azərbaycanlılar üçün mötəbər mənbəyə çevirdi və istifadəçilərin sayında önəmli artım oldu.

***

Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasındakı səviyyə fərqlərini müşahidə etmək çox asandır. "Facebook" və "Twitter" istifadəçiləri daha ciddi, siyasi, mədəni, iqtisadi məsələləri müzakirə etdiyi halda "Instagram" və "TikTok" istifadəçiləri daha çox əyləncəyə və bayağı trendlərə meyil göstərmələri ilə seçilirlər. Xüsusilə foto, video və mesajlaşma tətbiqi olan, “Anı yaşa, yaradıcılığını paylaş” mottosu ilə fəaliyyət göstərən "TikTok" istifadəçiləri digər sosial şəbəkələrin istifadəçilərindən daha çox bayağılıq, savadsızlıq, qeyri-mədəni davranışları ilə seçilirlər.

15 saniyəlik video çəkib paylaşmaq rahatlığı "TikTok" istifadəçilərinin müxtəlif bayağı bacarıqlarını nümayiş etdirməyə, bununla da populayarlaşmalarına, izləyici toplamalarına şərait yaradır. Ölkəmizdə daha çox yeniyetmələrin və gənclərin maraq dairəsində olan "TikTok" müasir dövrün pis vərdişlərindən biri hesab olunmalıdır.

Diqqət cəlb etmək üçün mənasız videolar çəkib paylaşan yeniyetmə və gənclər fərqində olmadan bu girdabın içərisində boğulur, faydalı işlərdən uzaq qalaraq zamanlarını bu bayağılığa xərcləyirlər. Eyni zamanda bu sosial şəbəkənin də qazanc gətirmə ehtimalı, yeniyetmə və gənclərin məşhurluq həvəsi ağlasığmaz çılğınlıqlara yol açır. Redaktə və nəzarət funksiyasının olmaması, vulqar, açıq-saçıq, bəzən erotik videoların rahat şəkildə paylaşılmasına şərait yaradır.

***

"TikTok" sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin paylaşımlarını araşdırdıqda vəziyyətin dəhşətli dərəcədə vahiməli olduğunu anlamaq çətin deyil. Bu gün azərbaycanlı istifadəçilər arasında özünün və çevrəsindəkilərin sağlamlığını təhlükəyə atanlar, həqarət və təhqirə yol verənlər, soyunaraq erotizmi ön plana çıxaranlar, çığırıb-bağırmaqla, iyrənc hərəkətlərlə, cinayətkar aləmin təbliğatı ilə diqqət çəkməyə çalışanlar kifayət qədərdir. Bu sosial şəbəkədə paylaşılan videolara hər yaş təbəqəsindən insanlar baxır: yəni 14-15 yaşlı bir yeniyetmənin çəkdiyi erotik məzmunlu videoya 10-11 yaşlı uşaqların və 60 yaşlı ahılların da baxmaq imkanı var. Bunun nələrə yol açacağını isə ağlı və düşüncəsi olan hər kəs gözəl bilir.

***

Müşahidələrimə əsasən, məsuliyyətlə deyə bilərəm ki, ölkəmizdə bu sosial şəbəkə əxlaqsızlıq, erotizm, cinayətkarlığı təbliğ edir. Heç bir halda sosial şəbəkələrin qadağan olunmasının, məhdudiyyət tətbiq edilməsinin tərəfdarı olmasam da, hazırda "TikTok"un ciddi sosial fəlakətə yol açdığını və gələcəkdə vəziyyətin daha da pisləşəcəyini düşünürəm. Digər sosial şəbəkələrdə də vəziyyət ürəkaçan deyil. Şəxsi həyatın toxunulmazlığı getdikcə daha çox pozulur, əxlaqsızlıq, erotizm, bayağılıq sürətlə ön plana çıxır. Bütün bu biyabırçı maraqların qarşısını almaq üçün, çox təəssüf ki, hazır reseptim yoxdur. Dünyada məhdudlaşdırmalar və qadağalar tətbiq edilsə də, bunun uğurlu çıxış yolu olduğunu düşünmürəm. Məncə, valideynlər övladlarına ciddi alternativlər təklif etməli, şöhrət, məşhurluq və populizmə qarşı kitabı, idmanı, təhsili göstərməli, təhsil sistemindəki ciddi boşluqlar aradan qaldırılmalı, yeniyetmə və gənclərin asudə vaxtları üçün sosial şəbəkələrdən daha maraqlı vasitələr tapılmalıdır. Xüsusilə televiziyalar yeniyetmə və gəncləri stimullaşdıracaq ciddi layihələr hazırlamaqda maraqlı olmalıdır.

***

"TikTok" və digər sosial şəbəkələr vasitəsilə insanlar zəif və bayağı  bacarıqları ilə qısa zamanda məşhurlaşa bilirlər. Bunun maraq yaradacağını bu cür startapı fikirləşən kapitalist beyinlər çox yaxşı anlayır. Təhsil səviyyəsi normal olmayan ölkələrdə bu cür bayağı məşhurluq vasitələri ön plana çıxır. Məşhurlaşan bayağı, cahil, savadsız insanlar cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Sosial şəbəkələrdə fenomen olan bayağı insanların anormal davranışlarını müşahidə edəndə təhlükənin ciddiliyini anlamaq mümkündür.

Yeniyetmə və gənclərdə daxildən özünü sübut etmə, digərlərinə özünü təsdiq etmə instinkti daha güclüdür. Həmin hissin tələblərinə uyğun gələn ehtiyacların qarşılanmasına "TikTok" kimi sosial şəbəkələr onlara şərait yaradır. Biz cəmiyyət olaraq təhsilin, mütaliənin, idmanın, incəsənətin faydalarını ön plana çıxarmaqla, yeniyetmələrə ciddi alternativ təqdim etməklə onları bayağılıqdan mümkün qədər uzaqlaşdıra bilərik.

Hazırda sosial şəbəkələrdə, xüsusilə "TikTok" istfadəçiləri arasında bayağılıq, erotizm, bəzi hallarda əxlaqsızlıq ön plandadır. Buna mane ola bilməsək, övladlarımızı bu girdabdan vaxtında çəkib çıxa bilməsək, gələcəkdə çox ciddi problemlərlə üzləşəcəyimiz qaçılmazdır. Bu yazı təhlükəni ifadə etməkdə, bəlkə də yetərli deyil, ancaq həyəcan siqnalı effekti verəcəyini düşünürəm.

243
Teqlər:
video, əxlaq, Instagram, Twitter, TikTok, "Facebook" sosial şəbəkəsi, sosial şəbəkələr
Televizora baxan adam, arxiv şəkli

Kifirləşən efirlər

76
(Yenilənib 09:22 13.05.2021)
Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər.

Televiziyalarımızın vəziyyəti uzun müddətdir ki, acınacaqlıdır. Televiziya XXI əsrin ən böyük bəlalarından biri olan şou proqramların, yüngül düşüncə məhsulu olan “əyləncəli” və məzmunsuz layihələrin, darıxdırıcı, cəhalət saçan serialların əsirinə çevrilib. Keyfiyyət və peşəkarlıq baxımdan çox aşağı səviyyədə olan proqramların efirləri işğal etməsi cəmiyyətin mənə görə böyük problemlərindən biridir. Eyni zamanda elmi, maarifləndirici proqramların olmaması, ciddi mədəniyyət layihələrinə sponsorun tapılmaması ilə bağlı olsa da, bu məsələdə televiziyaların da böyük günahı var. Televiziyalar ciddi proqramları öz büdcəsi hesabına hazırlamaqda, tamaşaçının bu ehtiyacını ödəməkdə maraqlı olmalıdır. Maarifləndirici proqramlar adı ilə tamaşaçılara sıranan proqramlar isə, orta məktəb viktorinalarını, bilik yarışlarını xatırladır.

***

XXI əsrdə televiziya nə ilə məşğul olmalıdır? Bu sual televiziyada çalışan heç bir mütəxəsisi demək olar ki, düşündürmür, narahat etmir. Efirləri işğal edən tok-şoular, müzakirə və debat tipli proqramlar illərdir eyni formatda davam edir. Bütün televiziyaların bu proqramlara tətbiq etdiyi standart qəlib var. Müzakirə başlayır və heç bir nəticə əldə edilmədən, çıxış yolu göstərilmədən proqram yekunlaşır. Üstəlik bu tip proqramların qonaqları, şərhçiləri və aparıcıları da illərdir aşağı-yuxarı eyni adamlardır. Televiziya rəhbərləri yaradıcı layihələrə, yeni simalara, fərqli fikirlərə gözucu da baxmır. Heç bir kadr dəyişikliyi, islahat nəticə vermir. “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın təyinatdan 5 gün sonra, kanaldakı problemlərə görə istefa verməsi çox düşündürücü məsələdir. Mənə elə gəlir ki, vəziyyətin ümidsizliyi Ülviyyə xanımı bu addımı atmağa vadar edib. Bütün televiziya kanallarında ciddi kadr çatışmazlığı hiss olunur. Televiziyalarımız bütün yaradıcılıq məsələlərində sosial şəbəkələrə, yutuberlərə, hətta “tiktoker”lərə uduzur.

***

Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər. Reytinq xatirinə hər yola əl atır, hər şeyi müzakirə etməyi, bütün dəyərləri gözdən salmağı aparıcılıq hesab edirlər.

Uşaq proqramları yox dərəcəsindədir. Azyaşlılar üçün nəzərdə tutulan proqramların mövzuları və qruluşu o qədər qəlizdir ki, bəzən valideyinlər proqramı övladlarına şərh etməkdə çətinlik çəkir.

Televiziyalarda islahat cəhdləri olsa da, müsbət nəticə hələki gözlə görüləcək dərəcədə deyil. Ölkədə kifayət qədər televiziya şirkətləri fəaliyyət göstərir. Üstəlik son illər internet televiziyaların da sayı sürətlə artır. Bəzi internet televiziyaları ciddi layihələr həyata keçirsə də, əksər internet televiziyaları eyni ucuz yolu tutub, şou, aqressiya və qalmaqallarla gündəm yaratmağa çalışır.

Gənc nəsil, əksər ziyalılar və intellektuallar televiziyalardan küsüb. Çünki televiziya cəmiyyətin formalaşmasına, maarifçiliyə, elmə, ciddi mədəniyyətə dəstək vermir. Vətən müharibəsində televiziyaların böyük əksəriyyətinin nə qədər qeyri-peşəkar, cəsarətsiz, bəzi məqamlarda tənbəl olduğunu gördük.

***

Azərbaycan seyirçisinin siyasi və analitik proqramlara marağı demək olar ki, yoxdur. Bunun əsas səbəbi ölkədə müxalif televiziyanın və demək olar ki, müxalif mətbuatın olmamasıdır. Bu boşluğu da xaricdə yaşayan qeyri-peşəkarlar, ölkədə isə nə istədiyi bəlli olmayan internet televiziyalar doldurmağa çalışır. Telekanallar balanslı, obyektiv və qərəzsiz jurnalist araşdırması ortaya çıxara bilmir. Yerli telekanallar funksionallığını itirməsə və ciddi televiziya qaydaları ilə işləməyi bacarsaydı, Azərbaycan insanı xarici telekanallara, sosail platformalara bu qədər meyillənməzdi. Əksər proqramlarının aparıcıları özlərini həddindən artıq ağıllı, bilgili, müasir və sərbəst aparmağa çalışırlar. Aparıcıların bu cəhdləri demək olar ki, çox zaman uğursuz olur və seyircilər tərəfindən bayağılıq kimi qəbul edilir, dərhal sosial şəbəkələrdə məsxərə obyektinə çevrilir. Eyni zamanda aparıcıların bayağılığı gənclik üçün olduqca pis nümunədir. Sosial şəbəkələrdə sürətlə gənc xoşqədəmsifətlər, zaurabənzərlər, tolikxislətlilər peyda olur.

***

Bu problemləri həll etməyin yolları təbii ki, var. Nədənsə televiziya rəhbərləri bu problemlərin həllində maraqlı deyil. Özəl telekanalların inkişafı üçün xüsusilə reklam bazarında münbit, güzəştli şərait yaradılmalı, xarici ölkələrdə ixtisaslaşdırılan televiziya heyəti hazırlanmalıdır. Bu yalnız aparıcı ilə bitmir, bütün komanda peşəkar, hazırlıqlı olmalıdır. Prodüsser, rejissor, operator da bilgili, hazırlıqlı olmalıdır. Telekanallara intellektual insanlar dəvət edilməli, hər televiziyanın bazasında peşəkar insanlar yetişməlidir. Qeyri-peşəkar, sadəcə reklam büdcəsi hesabına efirə çıxan insanların monitorinqi aparılmalı, efir məkanı “təmizlənməlidir”. Belə davam etsə, məsələn Zaur Kamal kimi cahil məşhurlar, Tolik kimi qeyri-peşəkarlar və adını unutduğum və xatırlamaq istəmədiyim cahil və nadan aparıcılar dəyərlərimizi ələ salmaqda davam edəcək. Məncə papağınızı qarşınıza qoyub düşünməyin vaxtıdır.

76
Çində raket buraxılışı, arxiv şəkli

Rusun arağı, Çinin raketi, Bill Geytsin ailəsi bizim molla

703
(Yenilənib 19:11 10.05.2021)
"İşləyə bilməyən 60 yaşdan yuxarı yaşlıların hamısı qocalar üçün “Xoşbəxtlik evi”nə yerləşdirilir. Bura düşəndə onlara iynə vurulur. Onlara bu iynələrin xeyirli olduğunu deyirlər. Lakin iynələrdən sonra onlar iki həftə ərzində ölürlər”.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Çin

Dünyanın düz vaxtında Çinin ABŞ-a ən geci 2050-ci ilə qədər çatacağı proqnozlaşdırılırdı. Pandemiyadan canını tez qurtarmağa yaxın olan Çin dünya iqtisadiyyatındakı dalğalanmalardan sonra fərqi bir qədər də azaldır. Ancaq istənilən halda, şərqlilərə indi mane olan saylarının çoxluğudur: 1,5 milyard əhalini dolandırmaq zarafat deyil.

Çinin əhalinin sayını azaltmaq səyləri illərdir davam edir. Ralf Epperson “Gözəgörünməz əl” kitabında yazır: “Doğuma nəzarət Çində əhalinin sayını nizmlamaq üçün yeganə yol deyil. Hökumətin 1959-cu il 26 mart tarixli “Kommunistlərin Qırmızı Çində və Şimali Koreyada kilsəni təqib etməsi” məruzəsində bu haqda deyilir: İşləyə bilməyən 60 yaşdan yuxarı yaşlıların hamısı qocalar üçün “Xoşbəxtlik evi”nə yerləşdirilir. Bura düşəndə onlara iynə vurulur. Onlara bu iynələrin xeyirli olduğunu deyirlər. Lakin iynələrdən sonra onlar iki həftə ərzində ölürlər”".

Bu arada BBC-nin məlumatına görə, Çində yaşlı turistlər pul ödədikləri bələdçi turunun əvəzinə qəbristanlığa aparılıblar. “Mənzərəli” bir yerə gəzinti turu adı ilə qəbristanlığa gətirilən yaşlı insanlara buradan torpaq təklif olunub. Təsadüfə bax.

Bəli, dünyada turizmin başını yerə qoyduğu bu günlərdə Çində hətta yaşlı turistlər də var. Çin sakinləri may tətillərinin ilk günündə ölkə daxilində 56,4 milyondan çox səyahət reallaşdırıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 111,5 % çoxdur. Necədir sizin üçün?! Bəs onun əsas rəqibi ABŞ-da nə yenilik?

ABŞ

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı ilə görüşünün iyun ayında baş tutacağına inandığını bildirib. Bu arada ABŞ alimləri dünyada koronavirusdan real ölüm sayının ikiqat yüksək olduğunu iddia ediblər. Vaşinqton Universitetinin tədqiqatçılarının rəyinə görə, dünyada 6.9 milyon insan koronavirusun səbəb olduğu xəstəlikdən ölüb, lakin mövcud hesablamalarda təqribən 3.2 milyon qeyd edilir.

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi koronavirusa qarşı vaksin vurduranlara pivə təklif edib. Aydaho ştatında isə məktəbdə atışma nəticəsində xəsarət alanlar olub. Hadisəni törədənin Nyu-Cersiyə vaksin və pivə dalınca gedib-getmədiyi barədə məlumat yoxdur.

Amma o dəqiqdir ki, Bayden “erməni soyıqımı” deyəndə vaksin vurdurmuşdu. Vaksinin bütün yan təsirləri araşdırılmalıdır. 

Bəs ABŞ-ın digər rəqibi Rusiyada nə var, nə yox?

Rusiya

Vaksindən vurdurub, kef edirlər ruslar. Və deyirlər ki, onların vaksini ən yaxşıdır – araqları və avtomatları kimi. Ölkənin birinci şəxsi araq barədə danışmasa da vaksinlə bərabər avtomatın da PR-nı aparıb. Sitat: “Rusiya istehsalı COVID-19 peyvəndləri “Kalaşnikov” avtomatı kimi sadə və etibarlıdır”.

Bu avtomat bu həftə növbəti ildönümünü qeyd etdiyimiz faşizm üzərində qələbə günündə də özünü doğrultmuşdu. Elə araq da. Yeri gəlmişkən, Böyük Vətən Müharibəsindəki qələbədə “adama 100 vurmağ”ın rolu təsdiqlənib. Spirtli içkinin təsirinə ali rəhbərlik səviyyəsində əhəmiyyət verilib. İ.Stalinin 1941-ci il 22 avqust tarixli qərarında deyilir: “1941-ci il sentyabrın 1-dən başlayaraq döyüşən ordunun ön xəttində olan qızıl əsgərlərin və rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin”. Bu qərar müxtəlif formalarda düzəlişlərlə bir neçə dəfə təsdiqlənib.

Həmin qərarın faydasını görmüş, Hitlerin anasını ağlar qoymuş veteranlar haqlı olaraq faşist Njdenin heykəlinin sökülməsini istəyirlər. Bu həftə rus veteranlar  hökumətə müraciət ediblər ki, Njdenin heykəlini yığışdırmaq üçün Moskva İrəvana təzyiq göstərsin, “temboli” bu heykəllərdən biri sülhməramlıların xidmət ərazisində - Xocavənddədir. Bunun üçündəmi Azərbaycan PUA-larına zəhmət vermək lazımdır?!

Muğam sədaları

Erməni veteranlar da 9 mayı qeyd etdilər, əsgərlər də haradasa keçid-filan etdilər, amma aşağı sallanan çiyinlər, məğlub simalar lap Şuşadan da görünürdü. Şuşa demiş, onları ən çox pəjmürdə edən “Dağlarda toy” adı qoyduqları Şuşanın işğal gününü – 8 may tarixini bu il əzilmiş halda keçirmələridir, indi onlar üçün nə 9 may, nə Qələbə Günü axı?!

Eks-prezident, Xocalı hərbi canisi Serj Sarqsyanın ofisinin Şuşanın işğalı ilə əlaqədar yaydığı bəyanata baxın, bu adamlar üçün həyasızlığın sərhədi yoxdur. Sitat: “8-9 may 1992-ci il tarixlərində “Artsax”ın qədim mədəni və siyasi mərkəzinin – erməni qala-şəhəri Şuşinin azad edilməsi “Artsax”ın azadlıq müharibəsində dönüş nöqtəsi oldu və son dərəcə əhəmiyyətli bir hərbi-siyasi hadisə və 20-ci əsrin sonlarında “Artsax” ermənilərinin milli-azadlıq mübarizəsi tarixində parlaq hərbi bacarıq nümunəsi sayılır. “Dağlarda toy” adlı əməliyyat Serj Sarqsyan tərəfindən təsdiqlənmişdi”.

Sarqsyanın nə çərənləməsinin indi ciddi əhəmiyyəti yoxdur, Şuşa “Xarı-bülbül” festivalına hazırlaşır, qorxmasalar, bir az yaxına gəlib, muğam dinləyə bilərlər.

Amma sosial məsafəni qorumaq şərti ilə…

Bu, təkcə muğam dinləyənlərə yox, hamıya aiddir, bütün dünya belə yaşayır da, gərək anlayışla qarşılayaq.

Belə görünür ki, uzun müddət hələ bir-birimizə yaxınlaşa bilməyəcəyik. Gürcüstanda Britaniya, Polşada Hindistan ştammı aşkarlanıb, Hindistanda səkkiz şir, İsveçdə isə peyvənd olunmuş 6 min nəfər koronavirusa yoluxub və s.

ÜST-ün müdiri Gebreyesus müəllim isə peyvəndin kütləviləşməsi üçün lazım olan vəsaitin məbləğini açıqlayıb, deyib ki, 2022-ci ildə dünya əhalisinin yetkinlik yaşına çatmış hissəsinin böyük bir qisminin koronavirusa qarşı peyvənd olunması üçün 35-45 milyard dollar vəsait lazımdır.

Dünyanı koronavirus bəlasına salmaqda ittiham olunan Bil Geyts isə öz arvadı ilə məsafəni artırmaq qərarına gəlib. Ya da ola bilsin, “Nikolayı müsəlmanların Allahı yerlə yeksan elədi” – məsələ burasındadır ki, Bill Geytsin ailəsi dağılır, o, həyat yoldaşı Melinda Geytslə boşanır.

Hələ bu harasıdır…

Nikolay yaxşı qurtarıb canını. BMT deyib ki, dünya fəlakətə doğru gedir.

“Keçən il Yerin temperaturu üç milyon ildə 3 dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyətin iqlim fəlakətinə yaxınlaşmasıdır”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş ötən həftə beynəlxalq konfransda çıxışı zamanı bildirib. Hər halda, baş katib birgə səylərlə fəlakətdən qaçmağın mümkün olduğunu da dilə gətirib.

İqlim düzəlsə də, Çin dünyaya dincəlməyə imkan verməyəcək. Məsələ burasındadır ki, bu ölkənin kosmosa buraxdığı raket nəzarətdən çıxıb və qayıdıb üzü aşağı. İdarəetmədən çıxan raketin iri parçalarının yaşayış məntəqələrinə düşmə ehtimalı var idi. Nyu-York, Madrid və Pekin kimi şəhərlərin risk zonasında olduğu deyilirdi. Xoşbəxtlikdən, raketin qalıqları Hind okeanına düşüb.

“Molla” və “polis” nağılı

O raketin düşdüyü yerdə olmağa layiq olanlar az deyil. Məsələn, onlardan biri Lerikdə saxlanılan molladır. 40 yaşlı molla M.Əsgərov üç uşaq anası Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

Sumqayıtda isə özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb. Maraqlıdır ki, E.Sultanov bir neçə il əvvəl də eyni əmələ görə məhkum olunub. Amma görünür, islah olunmayıb.

Eləcə də oxuyun: 

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Paşinyan parlament planının ikinci hissəsini işə salır

"Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür

 

703
Teqlər:
dünya, Azərbaycan, həftənin icmalı
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

0
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

0