Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi

"Yeni poetik ərazilər" axtarışı - Əli Çağla yazır?

78
(Yenilənib 00:21 29.04.2021)
Güney Azərbaycanda yaradıcılıqla məşğul olan gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Əli Çağla bu rəngarəngliyin içərisində öz fərqliliyini göstərmək istəyində olanlardandır.

Ədəbiyyata könül verəndən Arazın o tayında – Güney Azərbaycanda yaşayıb-yaradan qələm adamlarının yaradıcılığı, fəaliyyəti mənim diqqətimi çəkib. Bəxtim gətirib ki, bir qələm adamı olaraq Arazın o tayında da qələm dostlarım, oxucularım var. Bunu dost məclislərində hər zaman qürurla dilə gətirirəm. Təbriz, Ərdəbil, Urmiya, Zəncan və başqa şəhərlər haqqında kitablardan oxuyanda ağlıma da gəlməzdi ki, günlərin birində Arazın o tayındakı həmvtənlərim, qan qardaşlarım mənim yaradıcılığımı izləyəcək, onlarla dostluq əlaqələri qurmaq imkanım olacaq. Bu gün Güney Azərbaycanda yaşayan oxucularımla, qələm dostlarımla qurduğum əlaqələr məni yaradıcı insan kimi xoşbəxt edən xüsuslardandır. Bu vəsiləylə sərhədlərin bizə əngəl olmadığını, dostluğun, doğmalığın gücünü hiss edirik. Bir-birimizin yaradıcılığına göstərdiyimiz diqqət bizə birliyimizi, bütövlüyümüzü, ruhumuzun, dilimizin bütünlüyünü xatırladır.

Güney Azərbaycanda yaşayan, yaradıcılığını maraqla izlədiyim peşəkar qələm adamları, eyni zamanda ədəbiyyatda kövrək addımlarını atan gənclər kifayət qədərdir. Arazın o tayındakı ədəbiyyat sevdası bütün məhdudiyyətlərə baxmayaraq sərhədləri aşmaq gücündədir. Güney Azərbaycandakı oxucularıma, yazar dostlarıma kitab sovqatı göndərmək, onlara kitablarımın elektron nüsxələrini çatdırmaq məni hər zaman sevindirir. Beləliklə bu münasibətlər yavaş-yavaş ədəbi əlaqələrimizi dərinləşdirir, bir-birimizin yazdıqlarından, dünya görüşündən, ədəbiyyata münasibətindən xəbər tuturuq. Güney Azərbaycan ədəbiyyatını Ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Həmid Nitqi kimi böyük ədəbiyyat adamları sayəsində tanıyıb, sevmişik. Bu gün ustad imzaların yolunu uğurla davam etdirən yüzlərlə qələm adamı, öz ana dilində yazıb-yaratmaqla dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına öz töhfələrini verir. Çağdaş Güney Azərbaycan ədəbiyyatının onlarla parlaq nümayəndəsi ilə şəxsi münasibətlərim, onların yaradıcılığı ilə yaxından tanışlığım məni bir ədəbiyyat adamı, bir oxucu, bir azərbaycanlı olaraq ümidləndirir, ədəbiyyatımızın gələcəyinə inamla baxmağa sövq edir.

Bu gün Güney Azərbaycan ədəbiyyatının yükünü çiyinlərində daşıyan, öz ana dilində yazdığı şeirlərin ovsunu ilə bizləri sevindirən, eyni zamanda Arazın bu tayında yaşayan qələm adamlarının Güney Azərbaycanda tanınması üçün çalışan parlaq və ümidverici onlarla gənc imzalardan biri də gənc yazar, tərcüməçi və naşir Əli Nurvəşdir.

Əli Nurvəş (Çağla) 2002-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Tərcüməçilik və naşirlik fəaliyyəti ilə məşğuldur. "Dəlilərin sevgisi" və "Niyar karvanı" romanlarının müəllifidir. Baba Vəziroğlu, Qənirə Paşayeva, İntiqam Yaşar, Əjdər Ol, Musa Yaqub kimi qələm adamlarının kitablarının Güney Azərbaycanda çapını və yayılmasını gerçəkləşdirib.

Əlinin ədəbiyyatımızın təbliğatı, tanıdılması üçün gördüyü işləri, tərcüməçi və naşir kimi fəaliyyətini, nəsr yaradıcılığını təqdir edirəm. Onu mənim üçün doğmalaşdıran əsas səbəblərdən biri şeirə könül verməsidir. Azərbaycan dilinin şirinliyini, doyumsuzluğunu və bu dilin daşıdığı həsrəti, ağrını, nisgili ifadə edə bilməsi Əli Çağlanın yaradıcılığını mənim üçün doğmalaşdırır. Onun çox sadə cümlələrlə, böyük mətləbləri ifadə etməyə çalışması, ənənəvi üslublu şeirlərindəki müasirlik çalarları onun parlaq gələcəyinin müjdəçisidir. Onu şair kimi narahat edən problemlər getdikcə əhatəsini genişləndirir, qloballaşır, bəşəri əhəmiyyət kəsb edir.

Ənənəvi üslubda qələmə aldığı ilkin yaradıcılıq nümunələrində bir qədər sadə mətləblərə toxunan şairi narahat edən poetik problemlər oxucuya ilk tanışlıqda adi görünür:

Söz ilə oynamaqdan,

Xoşum gəlmədi, şair.

Söz, gözümün yaşını,

Heç vaxt silmədi şair.

Ancaq diqqətlə izlədikdə bu gəncin şeirə olan sevgisi, müxtəlif üslublara müraciəti, ədəbiyyata kompleks yanaşması fərqli və ümidli təəssürat yaradır.

Əli Çağlanın yaradıcılığı ilə ilk tanışlıq sadə mətləblərin yaratdığı nigaranlıq və yeni deyim tərzi axtarışları ilə müşayət olunur. Aşıq şeirinin müxtəlif növlərinə müraciət etməsi, ənənəvi şeir nümunələrində daha rahat ifadə imkanları tapması təqdirəlayiq olsa da, gənc şairin müasir dünya poeziyası ilə daha əhatəli və dərindən tanış olması arzulanandır. Şeirdən şeirə onun yaradıcılıq potensialının "açılması", gənc şairin "yeni poetik ərazilər"də axtarışa çıxmasını görürük. Artıq onu narahat edən mətləblərin mahiyyəti kifayət qədər qəlizləşir, bəşəri müstəvidə özünü göstərir:

Siyasət,

Yoxsulluq əlindən milyonerlərin qucağında

Yatan fağır qızlar,

Siz onlara fahişə deyirsiniz.

Ümumiyyətlə Güney Azərbaycanda yaradıcılıqla məşğul olan gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Əli Çağla bu rəngarəngliyin içərisində öz fərqliliyini göstərmək istəyində olanlardandır. Onun yaradıcılığı yeni mövzu, ənənəvi formaya müasir çalarlar qatmaq cəhdləri ilə diqqət çəkir.

Uzunmüddətli müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Güney Azərbaycan poeziyasında özünəməxsus xüsusiyyətlərlə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin təsiri özünü göstərir. Mən bunu təbii və müsbət tendensiya kimi xarakterizə edirəm. Eyni dilin daşıyıcıları üçün coğrafi sərhədlər maneə ola bilməz. Əli Çağlanın da ənənəvi şeir üslubu ilə, modern poeziya arasındakı axtarışları, Quzey Azərbaycan və Türkiyə poeziyasının sərhədləri çərçivəsində özünü göstərir. Onun hələki yekunlaşmamış axtarışlarının üfüqlərində böyük poeziyanın işartıları görünür.

Əli Çağla Güney Azərbaycanda yaşayıb-yaradan digər ədəbiyyat nümayəndələri kimi, dil və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq öz milli kimliyini, öz ədəbiyyatını tanıtdırmağa çalışır. Çıxdığı bu çətin yolda gənc dostumuza uğurlar arzulayır, davasında, inandığı yolda müvəffəqiyyət qazanmasını arzu edirəm.

78
Televizora baxan adam, arxiv şəkli

Kifirləşən efirlər

76
(Yenilənib 09:22 13.05.2021)
Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər.

Televiziyalarımızın vəziyyəti uzun müddətdir ki, acınacaqlıdır. Televiziya XXI əsrin ən böyük bəlalarından biri olan şou proqramların, yüngül düşüncə məhsulu olan “əyləncəli” və məzmunsuz layihələrin, darıxdırıcı, cəhalət saçan serialların əsirinə çevrilib. Keyfiyyət və peşəkarlıq baxımdan çox aşağı səviyyədə olan proqramların efirləri işğal etməsi cəmiyyətin mənə görə böyük problemlərindən biridir. Eyni zamanda elmi, maarifləndirici proqramların olmaması, ciddi mədəniyyət layihələrinə sponsorun tapılmaması ilə bağlı olsa da, bu məsələdə televiziyaların da böyük günahı var. Televiziyalar ciddi proqramları öz büdcəsi hesabına hazırlamaqda, tamaşaçının bu ehtiyacını ödəməkdə maraqlı olmalıdır. Maarifləndirici proqramlar adı ilə tamaşaçılara sıranan proqramlar isə, orta məktəb viktorinalarını, bilik yarışlarını xatırladır.

***

XXI əsrdə televiziya nə ilə məşğul olmalıdır? Bu sual televiziyada çalışan heç bir mütəxəsisi demək olar ki, düşündürmür, narahat etmir. Efirləri işğal edən tok-şoular, müzakirə və debat tipli proqramlar illərdir eyni formatda davam edir. Bütün televiziyaların bu proqramlara tətbiq etdiyi standart qəlib var. Müzakirə başlayır və heç bir nəticə əldə edilmədən, çıxış yolu göstərilmədən proqram yekunlaşır. Üstəlik bu tip proqramların qonaqları, şərhçiləri və aparıcıları da illərdir aşağı-yuxarı eyni adamlardır. Televiziya rəhbərləri yaradıcı layihələrə, yeni simalara, fərqli fikirlərə gözucu da baxmır. Heç bir kadr dəyişikliyi, islahat nəticə vermir. “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın təyinatdan 5 gün sonra, kanaldakı problemlərə görə istefa verməsi çox düşündürücü məsələdir. Mənə elə gəlir ki, vəziyyətin ümidsizliyi Ülviyyə xanımı bu addımı atmağa vadar edib. Bütün televiziya kanallarında ciddi kadr çatışmazlığı hiss olunur. Televiziyalarımız bütün yaradıcılıq məsələlərində sosial şəbəkələrə, yutuberlərə, hətta “tiktoker”lərə uduzur.

***

Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər. Reytinq xatirinə hər yola əl atır, hər şeyi müzakirə etməyi, bütün dəyərləri gözdən salmağı aparıcılıq hesab edirlər.

Uşaq proqramları yox dərəcəsindədir. Azyaşlılar üçün nəzərdə tutulan proqramların mövzuları və qruluşu o qədər qəlizdir ki, bəzən valideyinlər proqramı övladlarına şərh etməkdə çətinlik çəkir.

Televiziyalarda islahat cəhdləri olsa da, müsbət nəticə hələki gözlə görüləcək dərəcədə deyil. Ölkədə kifayət qədər televiziya şirkətləri fəaliyyət göstərir. Üstəlik son illər internet televiziyaların da sayı sürətlə artır. Bəzi internet televiziyaları ciddi layihələr həyata keçirsə də, əksər internet televiziyaları eyni ucuz yolu tutub, şou, aqressiya və qalmaqallarla gündəm yaratmağa çalışır.

Gənc nəsil, əksər ziyalılar və intellektuallar televiziyalardan küsüb. Çünki televiziya cəmiyyətin formalaşmasına, maarifçiliyə, elmə, ciddi mədəniyyətə dəstək vermir. Vətən müharibəsində televiziyaların böyük əksəriyyətinin nə qədər qeyri-peşəkar, cəsarətsiz, bəzi məqamlarda tənbəl olduğunu gördük.

***

Azərbaycan seyirçisinin siyasi və analitik proqramlara marağı demək olar ki, yoxdur. Bunun əsas səbəbi ölkədə müxalif televiziyanın və demək olar ki, müxalif mətbuatın olmamasıdır. Bu boşluğu da xaricdə yaşayan qeyri-peşəkarlar, ölkədə isə nə istədiyi bəlli olmayan internet televiziyalar doldurmağa çalışır. Telekanallar balanslı, obyektiv və qərəzsiz jurnalist araşdırması ortaya çıxara bilmir. Yerli telekanallar funksionallığını itirməsə və ciddi televiziya qaydaları ilə işləməyi bacarsaydı, Azərbaycan insanı xarici telekanallara, sosail platformalara bu qədər meyillənməzdi. Əksər proqramlarının aparıcıları özlərini həddindən artıq ağıllı, bilgili, müasir və sərbəst aparmağa çalışırlar. Aparıcıların bu cəhdləri demək olar ki, çox zaman uğursuz olur və seyircilər tərəfindən bayağılıq kimi qəbul edilir, dərhal sosial şəbəkələrdə məsxərə obyektinə çevrilir. Eyni zamanda aparıcıların bayağılığı gənclik üçün olduqca pis nümunədir. Sosial şəbəkələrdə sürətlə gənc xoşqədəmsifətlər, zaurabənzərlər, tolikxislətlilər peyda olur.

***

Bu problemləri həll etməyin yolları təbii ki, var. Nədənsə televiziya rəhbərləri bu problemlərin həllində maraqlı deyil. Özəl telekanalların inkişafı üçün xüsusilə reklam bazarında münbit, güzəştli şərait yaradılmalı, xarici ölkələrdə ixtisaslaşdırılan televiziya heyəti hazırlanmalıdır. Bu yalnız aparıcı ilə bitmir, bütün komanda peşəkar, hazırlıqlı olmalıdır. Prodüsser, rejissor, operator da bilgili, hazırlıqlı olmalıdır. Telekanallara intellektual insanlar dəvət edilməli, hər televiziyanın bazasında peşəkar insanlar yetişməlidir. Qeyri-peşəkar, sadəcə reklam büdcəsi hesabına efirə çıxan insanların monitorinqi aparılmalı, efir məkanı “təmizlənməlidir”. Belə davam etsə, məsələn Zaur Kamal kimi cahil məşhurlar, Tolik kimi qeyri-peşəkarlar və adını unutduğum və xatırlamaq istəmədiyim cahil və nadan aparıcılar dəyərlərimizi ələ salmaqda davam edəcək. Məncə papağınızı qarşınıza qoyub düşünməyin vaxtıdır.

76
Çində raket buraxılışı, arxiv şəkli

Rusun arağı, Çinin raketi, Bill Geytsin ailəsi bizim molla

704
(Yenilənib 19:11 10.05.2021)
"İşləyə bilməyən 60 yaşdan yuxarı yaşlıların hamısı qocalar üçün “Xoşbəxtlik evi”nə yerləşdirilir. Bura düşəndə onlara iynə vurulur. Onlara bu iynələrin xeyirli olduğunu deyirlər. Lakin iynələrdən sonra onlar iki həftə ərzində ölürlər”.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Çin

Dünyanın düz vaxtında Çinin ABŞ-a ən geci 2050-ci ilə qədər çatacağı proqnozlaşdırılırdı. Pandemiyadan canını tez qurtarmağa yaxın olan Çin dünya iqtisadiyyatındakı dalğalanmalardan sonra fərqi bir qədər də azaldır. Ancaq istənilən halda, şərqlilərə indi mane olan saylarının çoxluğudur: 1,5 milyard əhalini dolandırmaq zarafat deyil.

Çinin əhalinin sayını azaltmaq səyləri illərdir davam edir. Ralf Epperson “Gözəgörünməz əl” kitabında yazır: “Doğuma nəzarət Çində əhalinin sayını nizmlamaq üçün yeganə yol deyil. Hökumətin 1959-cu il 26 mart tarixli “Kommunistlərin Qırmızı Çində və Şimali Koreyada kilsəni təqib etməsi” məruzəsində bu haqda deyilir: İşləyə bilməyən 60 yaşdan yuxarı yaşlıların hamısı qocalar üçün “Xoşbəxtlik evi”nə yerləşdirilir. Bura düşəndə onlara iynə vurulur. Onlara bu iynələrin xeyirli olduğunu deyirlər. Lakin iynələrdən sonra onlar iki həftə ərzində ölürlər”".

Bu arada BBC-nin məlumatına görə, Çində yaşlı turistlər pul ödədikləri bələdçi turunun əvəzinə qəbristanlığa aparılıblar. “Mənzərəli” bir yerə gəzinti turu adı ilə qəbristanlığa gətirilən yaşlı insanlara buradan torpaq təklif olunub. Təsadüfə bax.

Bəli, dünyada turizmin başını yerə qoyduğu bu günlərdə Çində hətta yaşlı turistlər də var. Çin sakinləri may tətillərinin ilk günündə ölkə daxilində 56,4 milyondan çox səyahət reallaşdırıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 111,5 % çoxdur. Necədir sizin üçün?! Bəs onun əsas rəqibi ABŞ-da nə yenilik?

ABŞ

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı ilə görüşünün iyun ayında baş tutacağına inandığını bildirib. Bu arada ABŞ alimləri dünyada koronavirusdan real ölüm sayının ikiqat yüksək olduğunu iddia ediblər. Vaşinqton Universitetinin tədqiqatçılarının rəyinə görə, dünyada 6.9 milyon insan koronavirusun səbəb olduğu xəstəlikdən ölüb, lakin mövcud hesablamalarda təqribən 3.2 milyon qeyd edilir.

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi koronavirusa qarşı vaksin vurduranlara pivə təklif edib. Aydaho ştatında isə məktəbdə atışma nəticəsində xəsarət alanlar olub. Hadisəni törədənin Nyu-Cersiyə vaksin və pivə dalınca gedib-getmədiyi barədə məlumat yoxdur.

Amma o dəqiqdir ki, Bayden “erməni soyıqımı” deyəndə vaksin vurdurmuşdu. Vaksinin bütün yan təsirləri araşdırılmalıdır. 

Bəs ABŞ-ın digər rəqibi Rusiyada nə var, nə yox?

Rusiya

Vaksindən vurdurub, kef edirlər ruslar. Və deyirlər ki, onların vaksini ən yaxşıdır – araqları və avtomatları kimi. Ölkənin birinci şəxsi araq barədə danışmasa da vaksinlə bərabər avtomatın da PR-nı aparıb. Sitat: “Rusiya istehsalı COVID-19 peyvəndləri “Kalaşnikov” avtomatı kimi sadə və etibarlıdır”.

Bu avtomat bu həftə növbəti ildönümünü qeyd etdiyimiz faşizm üzərində qələbə günündə də özünü doğrultmuşdu. Elə araq da. Yeri gəlmişkən, Böyük Vətən Müharibəsindəki qələbədə “adama 100 vurmağ”ın rolu təsdiqlənib. Spirtli içkinin təsirinə ali rəhbərlik səviyyəsində əhəmiyyət verilib. İ.Stalinin 1941-ci il 22 avqust tarixli qərarında deyilir: “1941-ci il sentyabrın 1-dən başlayaraq döyüşən ordunun ön xəttində olan qızıl əsgərlərin və rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin”. Bu qərar müxtəlif formalarda düzəlişlərlə bir neçə dəfə təsdiqlənib.

Həmin qərarın faydasını görmüş, Hitlerin anasını ağlar qoymuş veteranlar haqlı olaraq faşist Njdenin heykəlinin sökülməsini istəyirlər. Bu həftə rus veteranlar  hökumətə müraciət ediblər ki, Njdenin heykəlini yığışdırmaq üçün Moskva İrəvana təzyiq göstərsin, “temboli” bu heykəllərdən biri sülhməramlıların xidmət ərazisində - Xocavənddədir. Bunun üçündəmi Azərbaycan PUA-larına zəhmət vermək lazımdır?!

Muğam sədaları

Erməni veteranlar da 9 mayı qeyd etdilər, əsgərlər də haradasa keçid-filan etdilər, amma aşağı sallanan çiyinlər, məğlub simalar lap Şuşadan da görünürdü. Şuşa demiş, onları ən çox pəjmürdə edən “Dağlarda toy” adı qoyduqları Şuşanın işğal gününü – 8 may tarixini bu il əzilmiş halda keçirmələridir, indi onlar üçün nə 9 may, nə Qələbə Günü axı?!

Eks-prezident, Xocalı hərbi canisi Serj Sarqsyanın ofisinin Şuşanın işğalı ilə əlaqədar yaydığı bəyanata baxın, bu adamlar üçün həyasızlığın sərhədi yoxdur. Sitat: “8-9 may 1992-ci il tarixlərində “Artsax”ın qədim mədəni və siyasi mərkəzinin – erməni qala-şəhəri Şuşinin azad edilməsi “Artsax”ın azadlıq müharibəsində dönüş nöqtəsi oldu və son dərəcə əhəmiyyətli bir hərbi-siyasi hadisə və 20-ci əsrin sonlarında “Artsax” ermənilərinin milli-azadlıq mübarizəsi tarixində parlaq hərbi bacarıq nümunəsi sayılır. “Dağlarda toy” adlı əməliyyat Serj Sarqsyan tərəfindən təsdiqlənmişdi”.

Sarqsyanın nə çərənləməsinin indi ciddi əhəmiyyəti yoxdur, Şuşa “Xarı-bülbül” festivalına hazırlaşır, qorxmasalar, bir az yaxına gəlib, muğam dinləyə bilərlər.

Amma sosial məsafəni qorumaq şərti ilə…

Bu, təkcə muğam dinləyənlərə yox, hamıya aiddir, bütün dünya belə yaşayır da, gərək anlayışla qarşılayaq.

Belə görünür ki, uzun müddət hələ bir-birimizə yaxınlaşa bilməyəcəyik. Gürcüstanda Britaniya, Polşada Hindistan ştammı aşkarlanıb, Hindistanda səkkiz şir, İsveçdə isə peyvənd olunmuş 6 min nəfər koronavirusa yoluxub və s.

ÜST-ün müdiri Gebreyesus müəllim isə peyvəndin kütləviləşməsi üçün lazım olan vəsaitin məbləğini açıqlayıb, deyib ki, 2022-ci ildə dünya əhalisinin yetkinlik yaşına çatmış hissəsinin böyük bir qisminin koronavirusa qarşı peyvənd olunması üçün 35-45 milyard dollar vəsait lazımdır.

Dünyanı koronavirus bəlasına salmaqda ittiham olunan Bil Geyts isə öz arvadı ilə məsafəni artırmaq qərarına gəlib. Ya da ola bilsin, “Nikolayı müsəlmanların Allahı yerlə yeksan elədi” – məsələ burasındadır ki, Bill Geytsin ailəsi dağılır, o, həyat yoldaşı Melinda Geytslə boşanır.

Hələ bu harasıdır…

Nikolay yaxşı qurtarıb canını. BMT deyib ki, dünya fəlakətə doğru gedir.

“Keçən il Yerin temperaturu üç milyon ildə 3 dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyətin iqlim fəlakətinə yaxınlaşmasıdır”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş ötən həftə beynəlxalq konfransda çıxışı zamanı bildirib. Hər halda, baş katib birgə səylərlə fəlakətdən qaçmağın mümkün olduğunu da dilə gətirib.

İqlim düzəlsə də, Çin dünyaya dincəlməyə imkan verməyəcək. Məsələ burasındadır ki, bu ölkənin kosmosa buraxdığı raket nəzarətdən çıxıb və qayıdıb üzü aşağı. İdarəetmədən çıxan raketin iri parçalarının yaşayış məntəqələrinə düşmə ehtimalı var idi. Nyu-York, Madrid və Pekin kimi şəhərlərin risk zonasında olduğu deyilirdi. Xoşbəxtlikdən, raketin qalıqları Hind okeanına düşüb.

“Molla” və “polis” nağılı

O raketin düşdüyü yerdə olmağa layiq olanlar az deyil. Məsələn, onlardan biri Lerikdə saxlanılan molladır. 40 yaşlı molla M.Əsgərov üç uşaq anası Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

Sumqayıtda isə özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb. Maraqlıdır ki, E.Sultanov bir neçə il əvvəl də eyni əmələ görə məhkum olunub. Amma görünür, islah olunmayıb.

Eləcə də oxuyun: 

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Paşinyan parlament planının ikinci hissəsini işə salır

"Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür

 

704
Teqlər:
dünya, Azərbaycan, həftənin icmalı

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava