Əl formasında taqqılbab, arxiv şəkli

Alətin tutacağı, erməni fotoqraf dramaturq Hüseynbala müəllimin dramatik sonluğu

989
(Yenilənib 17:28 26.04.2021)
Hətta o, ABŞ prezidentidirsə də, ədalət tərəzisi, beynəlxalq məhkəmə, mötəbər tarixi sənəd-mənbə deyil. Türkiyənin arxivləri açmaq təklifinə bərk-bərk susan Ermənistan isə aydındır ki, burada tərəf deyil, alətin tutacağıdır.

7x7 həftənin ən yaddaqalan hadisəsini şərh edir

Alətin tutacağı

Bayden “soyqırım” ifadəsini işlədərək özünün və ölkəsinin reputasiyasına xələl gətirməklə yanaşı, Türkiyəni psixoloji və siyasi təzyiqdən xilas etdi. Bu vaxta qədər Qərb uydurma soyqırım iddiası ilə Ankaranı küncə sıxırdısa, artıq bu alət itirildi. Conun seçdiyi ifadənin hansı hüquqi əhəmiyyəti var?! Hətta o, ABŞ prezidentidirsə də, ədalət tərəzisi, beynəlxalq məhkəmə, mötəbər tarixi sənəd-mənbə deyil. Türkiyənin arxivləri açmaq təklifinə bərk-bərk susan Ermənistan isə aydındır ki, burada tərəf deyil, alətin tutacağıdır.

Bu arada ABŞ-da marixuananın leqallaşması üçün mübarizə aparan qeyri-hökumət təşkilatı DCMJ bu günlərdə Nyu-Yorkun mərkəzində koronavirus peyvəndi vurulanlara narkotik maddə paylayıb.

Hə, bir də Baydenə vaksin vurulmuşdumu?!

Həftənin ifşaları!

QHT marixuana paylayarkən Baydenin orada olması ehtimalını müzakirə etmədən, həftənin digər xəbərindən narahatlığımızı bölüşək: ABŞ-ın “Pfizer” şirkətinin istehsal etdiyi koronavirus peyvəndinin Meksika və Polşada saxta versiyası aşkar olunub. Bakıda “Yeni klinika”nın rəhbəri isə saxta dərman istehsal etməsə də xəstəxanada yerləri  pulla satırmış, müvafiq qurumlar kişinin bazarını dağıdıblar. Oqtay Şirəliyevin vəzifəsindən azad olunması da indi təsadüfi görünmür. Yasamalada isə bir evdən 110 min oğurlayanları polis saxlayıb.

"Həkimlər sadəcə xəstələrin necə əzabla öldüklərini müşahidə edirdilər" - şok iddialar>>

Hüseynbala müəllimi isə polis yox, özü ifşa edib: artıq onun soyadını iki “l” hərfi ilə yazmaq olar. Müəllimi YAP-dan da, az qala yarım əsrdir işlədiyi ADNSU-nun kafedra müdirliyindən də qovublar. Yəqin, indi əliuzun dramaturqun əsərlərini səhnələrdən də yığışdırarlar. Dramatik sonluqdur. Fransa Futbol Federasiyası isə “Nitsa”da çıxış edən iki futbolçunu - Vilyam Saliba və Ulrik Eneme-Ellanı intim videoya görə cəzalandırıb.

İnternetə çıxışı olan kompüter

Ermənilərin Xankəndidə öz xəyal dünyaları yaranıb, amma onların ilhamlanmasında sülhməramlıların da “xidmət”ləri az deyil. Yoxsa erməni əsilli Azərbaycan vətəndaşı hansı cəsarətlə üçrəngli bayrağa od vura bilərdi? Rəsmi Bakının təmkinini yanlış qavramaq PUA-ların pərvazlanmasına səbəb ola bilər. Səbrli adamlarla, elə paytaxtlarla da ehtiyatlı olmaq lazımdır, qırmızı xətti keçəndə onlar gəmiləri yandırmaz, limanlara od vurarlar. Ermənistanda liman olsa da, olmasa da... Hansı ki, Azərbaycan dalana çevrilmiş bu ölkəyə böyük limanlara çıxış imkanı yaradır. Onlar isə deyəsən, çətin başa düşürlər. Təsadüfi deyil ki, Qafqaz Tədqiqat Resurs Mərkəzinin Ermənistan Fondunun sorğusunun nəticələrinə əsasən, Ermənistanda yetkin əhalinin 72 faizi ermənilərin və azərbaycanlıların birlikdə yaşaya biləcəyinə inanmır, 3 faiz isə bunu mümkün hesab edir.

Müharibənin gedişini və nəticələrini daha aydın dərk edən Paşinyan “qara camaat”a da başa salmağa çalışır ki, tullanıb-düşməklə deyil, Ermənistanın revanş üçün taqəti yoxdur. Bu həftə Zəngəzura səfər edən Paşinyanı ermənilər “xain”, “türk”, “kapitulyator” qışqırıqları ilə qarşılayıblar. Ancaq baş nazir də susmayıb: “Ara, kapitulyant özünüzsünüz!”

Revanş həvəsinə düşənlər, yəqin, müharibədə nələrin olduğunu bilmirlər. Döyüşlərdə iştirak etmiş 23 yaşlı Tiqran Danielyan isə səmimidir, görün nə deyir: “Sonuncu bazaya bir top və 25 hərbçi ilə çatdıq. 21 oktyabrda son topa vurulan zərbə nəticəsində daha 7 nəfər öldü, 9 nəfər yaralandı”.

Sünikdə isə yerli sakinin yaşadığı bir daxmada Paşinyan “internetə çıxış olan kompüter”lə qürrələnib. İndi Ermənistan seçim etməlidir: ya axına qoşulmalı, ya da ona qarşı üzərək “internetə çıxışı olan kompüter”dən o tərəfə getməməlidir.

Biz istəmirik, bizi görsünlər?

Amma gəl ki, bu kompüterlərlə dünyaya çıxırlar. “Erməni iztirabları” fotosu dünyada birinci oldu - “World Press Photo” beynəlxalq fotojurnalistika müsabiqəsində.

Hansı ki, Laçında tərk etdiyi “evini” yandıran erməninin ailəsi ilə fotosu Gəncədə dinc əhalinin bombalanması nəticəsində yaranmış dəhşətli mənzərələr qarşısında heç nə ifadə etmir. Məhz bu müharibədə 100-dək azərbaycanlı dinc sakin həyatını itirib, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi nəticəsində isə 100-dən artıq azərbaycanlı ya həlak olub, ya da yaralanıb. Laçın həmin erməninin vətəni idimi?! Hər halda, erməni fotoqraf müsabiqəyə öz “əzab”larını sırıya bilib.
Bəs bizim fotoqraflar  haradadırlar? TƏBİB-in toyları bərpa etməsini gözləyirlər ki, “love story”lərə start versinlər?!

Şuşanın işığı

Hər halda, erməni fotoqrafın canfəşanlığı Böyük Qayıdışa mane olmur. Bölgənin infrastrukturu tədricən bərpa olunur, Füzulidə beynəlxalq hava limanının tikintisi davam edir, Şuşa və Kəlbəcərdə isə aeroprtun tikintisi tezliklə başlayacaq. Eyni zamanda, yollar və elektrik enerjisi xətləri, stansiyaları tikilir. Şuşada artıq yarımstansiya hazırdır, şəhər işıqlanıb.

İrəvanın ağlı olsa, bu nur Ermənistanı da işıqlandıra bilər.

Superliqa

Ötən həftə UEFA və FİFA-nın işığı isə sönəcəkdi az qala. Nəhəng klublar birləşib Superliqa yaratmaq qərarını rəsmiləşdirdilər. Bu qərar ənənəvi liqaların gəlirlərinin “nəhəngləri” qane etməməsindən doğmuşdu. Məsələn, İngiltərə Premyer Liqasının qalibi 174 milyon avro qazanırdı, Çempionlar Liqasının qalibi isə ən yaxşı halda 82,4 milyon avro. Avropa Superliqasında isə hər iştirakçı 350 milyon, qalib 500 milyon avro qazanacaqdı. Belədə, klub sahiblərini ÇL niyə cəlb etməli idi ki?!

Hər halda, administrativ rıçaqlarla hələlik UEFA klubları böyük miqyasda geri addım atmağa məcbur edə bildi, amma hələlik...

Soyqırım budur!

Ötən həftə “Anadolu” Agentliyinin yaydığı məlumat tükürpədici idi: 2018-ci ildən etibarən Avropaya gələn 18 292 nəfər azyaşlı miqrantdan xəbər yoxdur. İtkin uşaqlar əsasən Mərakeş, Əlcəzair, Eritreya, Qana və Əfqanıstan kimi ölkələrdən olan miqrant ailələrindəndir.

Bu ölkələri bəzi Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın imperialist siyasətləri bədbəxt etdi. Soyqırım bax, budur!

989
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Həyatı mənasızlaşdıran, dünyanı qara rəngdə göstərən xəstəlik

31
(Yenilənib 23:12 04.05.2021)
Koronavirus xəstəsi olmaq nə deməkdir? Virusa tutulan insan nə kimi hisslər keçirir, harası ağrıyır, nəyi arzulayır?

Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır

İlkin mərhələdə xəstəliyin başlanması adi soyuqdəyməyə bənzədi. Bir az nasazlıq vardı, bir az sümüklər ağrıdı. Uzun müddət özümü müayinə etmək istəyirdim, tibb müəssissələrinin birinda “check-up” elan etdilər. Getdim müayinəyə, amma elan edilən qiymətdən xeyli artıq xərcim çıxdı. Əlavə analizlər götürdülər, nəsə ciddi patologiya tapılmadı. Ona da şükür. Amma xəstəxananın aşağı mərtəbəsi çox soyuq idi, lap sümüyə işləyirdi. Ola bilər, koronanı də həmin mərkəzdə tutmuşam, tibb ocaqlarında virusa yoluxma şansı daha çoxdur, belə ki, virus, bakteriya və müxtəlif mikroorqanizmlərin yaşadığı yer elə tibb ocaqlarıdır. Patoloji orqanizmlər burada olduqca rahat yaşayırlar. Heç bir vasitə ilə onları təmizləmək mümkün deyil.

Nasaz vəziyyətdə neçə gün elə ayaqüstü gəzdim, düşünürdüm tezliklə ötüb keçəcək. Nə ağırlaşırdı, nə də düzəlirdi. Belə anlaşılmaz, qəribə bir trans vəziyyətində idim. Görünür, inkubasiya dövründə elə belə də olmalıdır. Amma günlərin bir günü səhər özümdə dəhşətli zəiflik duydum. Qripin ağır formalarında belə olur. Həyatımda bir neçə dəfə həmin formada qrip olmuşam, elə bil, həyat qüvvəsi səni tərk edir, yaşamaq istəmirsən, hər şeyə maraq itir, nə yemək, nə içmək sənə ləzzət vermir. Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır. Elə yerində uzanıb bir nöqtəyə baxırsan. 2000-ci illərin əvvəllərində belə bir vəziyyətdə olmuşdum. Bəlkə də 2 həftə xəstəliklə çarpışmışdım. Bir xeyli də bərpa dövrü oldu.

Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən?

Bu dəfə də eyni cür oldu, halsızlıq, yüksək qızdırma davamlı oldu. Elə bil hansısa bir bataqlığa düşmüsən, əlindən heç nə gəlmir. Birtəhər hava axınını təmin edirsən, amma özünü çıxarda bilmirsən. Nə baş verdiyini anlamaq da çətindir. Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən? Hara müraciət edəsən? O da aydın deyil. Əgər gündüz təcili tibbi yardımı çağırsan, qızdırman aşağıdırsa, test götürülməyəcək. Tibbi yardım yalnız qızdırma 39 dərəcə olduqda koronavirus testi götürür. Gündüz qızdırman 37,7 dərəcədirsə, elə belə oturmalısan. Test olunmaq üçün bir xeyli telefonda ora-bura zəng etməlisən, şəhərdə yaşayırsansa, daha tez gələcəklər. Əgər Məmmədli və ya Mehdiabad sakinisənsə, test üçün gələn tapılmaz, amma gedib Xırdalan xəstəxanasında test oluna bilərsən.

Nə bilim, bir qədər ora-bura edilən zənglərin hər halda nəticəsi oldu. Gəlib test götürdülər, cavabı da tez gəldi, artıq səhər bilirdim: pozitiv çıxıb. Müxtəlif yerlərdən, yerli xəstəxanadan zəng edildi, axşamçağı hətta vitamin və mikroelementlərdən ibarət bir paket də yolladılar. Sink, selen, vitamin C, D kimi bir qədər həb və yağ formasında dərman vardı. Telefonuma da xəbərdarlıq gəldi: 15 gün evi tərk etmək olmaz, əks halda məsuliyyətə cəlb oluna bilərəm.

Yatmağa belə nifrət yaranır

Nəyləsə müalicə olundunmu? İlk növbədə orucumu pozmadım, yemək qəbulu mümkünsüz idi deyə, elə axşamlar iftar süfrəsində cüzi qida qəbul etdim. Həm də istəsən belə nəsə yeyə bilmirsən. Amma suyu həm axşam, həm də obaşdan qəbul edirdim. Bunun xeyri var. Qızdırma və ilkin zəiflik təqribən 1 həftə davam etdi. 5 gün davamlı olaraq "sistem" vurdurdum, bax bu, bəlkə də ən effektiv müalicə növüdür, çünki elə ilk iki-üç qəbuldan sonra xeyli yaxşılaşdım. "Sistem"i də orucu pozmadan axşam çağı vurdurdum. Tədricən bədən ağrıları azaldı, qızdırma çəkilib getdi.

Həm xəstə olduğumdan, həm də oruc tutduğumdan çəkidə haradasa 5-6 kilo itirdim, amma ümumən pis deyildim. Sadəcə bu xəstəliyin bir depressiv etapı da var, sevinc hissini itirirsən, dünya sənə qara rəngdə görünür. Başqa bir zaman doyunca yatmağı arzu edirsən, amma indi yatmağa belə nifrət yaranır, nə sevimli filmlər, nə komediya, nə triller səni cəlb etmir, kitab oxumaq istəmirsən, xəbər maraqlandırmır, nəyə əl atsan, elə qıcıq doğurur. Bircə balkona çıxıb gün şüalarından bəhrələnə bilərsən.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir

COVID-19-a tutuldunsa, deməli nə sən, nə də ailə üzvləri evi tərk edə bilməz. Eləcə 15 gün oturmalısan ac-yalavac, özü də zibil-filan da ata bilməzsən, yığmalısan evin çıxacağına. Nə meyvə ala bilməzsən, nə də çörək. Qanun bunu deyir. Pulun yoxdursa, lap pis, yəni günəmuzd işləyən bir adam koronavirusa tutulubsa, deməli elə 3-4 gün zorla davam gətirər, sonra mütləq qanunu pozmalıdır. Ən azı çörək pulunu haradan əldə etmək barədə düşünməlidir. Yenə evdə beş-üç manat ehtiyat pulun varsa, yaxınından, qonşudan dükana getmək barədə xahiş edə bilərsən, amma gərək yaxın duran ola.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir, sonra tədricən yaxşılaşma başlayır. Bir az öskürək və zəiflik olur. Bir də yuxunun bir az pozulması baş verir, çünki gündüz zəif olursan, başını atıb yatsan, sonra gecə yata bilmirsən. “Sirab” və ya “Badamlı” kimi mineral su içmək də faydalıdır, bədəndə mineral duz balansını bərpa edir.

Koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır

Məncə, koronavirusu Ramazan ayında keçirtmək özü bir xoşbəxtlikdir. Ramazan gəlir, bizim həm ruhumuzu təmizləyir, həm bədənimizi. Beyində olun bir çox lazımsız fikirlər harasa yox olur. Bəzi köhnə xəstəliklərimiz də elə bil, itir. Bu günlərdə sol ayağımda olan ağrılar birdən-birə itdi. Köhnə travma heç ayağı tam qatlamağa imkan vermirdi, indi elə bil dizə yığılmış su yoxa çıxıb, ayaq rahatca qatlanır, ağrı da yoxdur.

Ruhumuz da dincəlir, sağalır tədricən, koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır. Bilirsən, az qalıb, sabah-birigün ayağa durub gəzəcəksən. Başqa bir dövrdə xəstəliyə də, ruhun problemlərinə də qalib gəlmək çətindir, amma Ramazanda elə bil bir başqa aura olur.

Koronavirus tədricən çəkilib gedəcək, yenidən həyat eşqi qaynayacaq, Günəş, dəniz, hava özü ilə sevinc gətirəcək. Təmizlənmiş ruhla yaşamaq da rahat olacaq.

31
Qadın dişlərini müalicə etdirir, arxiv şəkli

Diş həkimləri, Alimpaşanın maralları, qapqara nikbinlik strategiyası

82
(Yenilənib 18:55 03.05.2021)
Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var.

- Həyatda ən çox nədən qorxursan?

- Qaranlıq otaqdan və diş həkimindən.

- Diş həkimini başa düşdüm, bəs qaranlıq otaqdan niyə qorxursan?

- Allah bilir, orda nə qədər diş həkimi var.

Bu, hansısa filmdən bir dialoqdur. Koronavirusla dünyanı silkələyən Çinin alimləri bu həftə müəyyən ediblər ki, son onilliklər ərzində Yerdə müşahidə olunan iqlim dəyişiklikləri onun oxunun əyilmə bucağını dəyişib. Başqa bir alim qrupu isə açıqlayıb ki, Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var. Səbəb kimi isə Marsda, məsələn, torpaqda mikroorqanizmlərin ola bilmə ehtimalı göstərilir.

Yaponiyadakı Sakurajima dağında isə vulkan püskürüb.

Bunlar hamısı qaranlıqdakı diş həkimləridir.

Orta Asiyada burulğan

Hələ Marsdan gətirilən torpaq yerə çatmasa da Orta Asiyada burulğan başlayıb. Amma bunda təbiətin günahı yoxdur. Qırğızlarla taciklər öz aralarında nəyisə bölüşdürə bilmirlər. Türk birliyinə nail olmaq arzusunun cuşa gəldiyi bu günlərdə iki türk ölkəsi bir-birinin qanını töküb: ölənlərin sayı 30-u ötüb, yaralıların sayı yüzlərlədir. Bölgədə münaqişə ocağını kimin yaratmağa çalışmasını müzakirə etmədən, qeyd edək ki, ekspertlər dünyada su hövzələri uğrunda savaşların yeni fazaya keçdiyi qənaətindədirlər və bunu da o qəbildən hesab edirlər.

Əlbəttə, Yer kürəsinin resursları 8 milyard əhali üçün yetərli deyil. Bu arada əhalisinin sayı ilə başı ağrıyan Çində kafe və restoranların müştəriləri qida qalıqlarına görə cərimə olunacaq. Qeyd edək ki, hər il bu ölkədə 18 milyard ton qida qalıqları toplanır. Bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.

Alimpaşa müəllimin maralları

Həmin qida qalıqlarını israf etməmək üçün heç olmasa Şəmkirdə - Alimpaşa müəllimin maral fermasında istifadə etmək olardı, amma gəl ki, bu həftə DTX kişini tutub Bakıya gətirdi. Maralları saxladığı dəmir barmaqlılqlar arasına, ola bilsin ki, indi onun özünü göndərəcəklər. Xeyli yeyintiyə yol veribmiş, yenidən sadalayıb, başınızı ağrıtmaq istəmirik.

Hüseynbala müəllimin öz işçilərinə "maral" münasibəti isə 2 həftə öncənin "tema"sı olsa da, o, bu həftə də manşet olmağı bacardı – müəllim dedi ki, "o qız mənim qızım yerindədir, ayıbdır, belə söhbətlər etməyin". Orucluq ayında "üzürü ayıbından betər" olan bu ayıb söhbəti çox uzatmadan, deyək ki, həftənin ən üzücü hadisələrindən biri dini bayramda qeydə alındı: İsraildə Laq ba-Omer bayramının keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində 44 nəfər öldü.

İrəvanın göz yaşları

Həftənin əvvəlində öz "qırğının" bayramını (Baydenin açıqlamasını bayram kimi qavradılar) qeyd edən ermənilər üçün həftənin sonu bir az nəsh gəldi. ABŞ Dövlət Departamenti onların kefinə soğan doğradı. Baydenin qondarma soyqırımla bağlı açıqlamasına Departamentin şərhi belə oldu: "ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb".

Hansı ki, İrəvanda "tarixi torpaqların" geri alınması ilə bağlı ümidlər cücərmişdi, Departament cücərtiləri çiçəkləməmiş dəfn etdi.

Eh, nə Moskva, nə də Vaşinqton göz yaşlarına inanmırmış. İllah da ki, o göz yaşları saxta ola.

Minasız gələcək

İki rus zabitinin anasının göz yaşları isə saxta deyil: Ötən həftə iki rus sülhməramlı avtomobilin minaya düşməsi nəticəsində yaralandı. Tank əleyhinə minadan yaxşı qurtulublar – yəqin anaları kilsədə şam yandırırmış.

Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə faktiki olaraq müharibəni davam etdirir. Artıq 100-dən çox azərbaycanlı bu "gizli qatillər"in qurbanı olub – ya yaralanıb, ya da həyatını itirib.

Avropa İttifaqı bu həftə bəyanat yaydı, üçtərəfli bəyanatdan məmnunluğunu ifadə etdi, eyni zamanda İrəvanı xəritələri verməyə çağırdı. Amma çi fayda. BMT qətnamələrinə 30 ildir məhəl qoymayan Avropa İttifaqının bir bəyanatını vecinə alacaq?!

Bu arada Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının "Google"da axtarışı ilə bağlı maraqlı məlumat açıqlandı. Sizcə, bu aparat barədə ən çox axtarış aparan kimlərdir? Bəli, ermənilər. Müasir insanın da bir bəlası var: xəstəliklərinin müalicəsini internetdə axtarır.

Bu arada qırğızlar da "Bayraktar" almaq üçün Türkiyəyə müraciət edib.

Qandinin heykəli

İrəvanda Hindistan Azadlıq Hərəkatının lideri M.Qandinin heykəlini yandırıblar. Əslində, Qarabağda islam və Azərbaycana aid abidələri yerlə bir edən toplumun hansısa liderin heykəlini yandırması təəccüb yaratmasa da, hərəkətin hind xalqına qarşı təhqir olduğu faktdır. Baxmayaraq ki, Dehli-İrəvan əlaqələri yaxşıdır, ancaq bud a yeni reallıqdır, ermənilər üçünmənəvi dəyərlər yoxdur.

İrəvandan söz düşmüşkən, bu həftə irəvanlılar şəhrdə torpaq sahəsinin azərbaycanlıya satılmasına etiraz ediblər, ancaq polis onları dəyənəklə qarşılayıb və bildirib ki, torpağı alan İran vətəndaşıdır.

Bilirsiniz də, Cənubi Azərbaycan hüquqi cəhətdən tanınan ifadə deyil, bütün cənubi azərbaycanlılar da İran vətəndaşıdır.

Qapqara və ağappaq

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qaldı.

Başqa bir zorakılıq faktı isə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qaynananın gəlinini döyməsi ilə bağlı idi – social şəbəkələrdə yayılan görüntülərə qaynananın reaksiyası birmənalı olub: "Zarafat edirdik". Gəlin də zarafatlaşmanı təsdiq edib.

Avtobus sürücüsünə yumruq atan növbəti "qəhrəman"ı da yəqin ki, görmüsünüz. O oğlan avtobus sürücüsünə ona görə yumruq atır ki, muskulu üçün sərf olunan vaxt və investisiya beyni və tərbiyəsi üçün də sərf olunmayıb.

Yazının əvvəlindəki qaranlıqdakı diş həkimləri barədə dialoq bədbinliyə əsas verməməlidir. Hər şeyin yaxı olacağına inanmaq lazımdır. "Nikbinlik strategiyadır. Əgər siz gələcəyin yaxşı olacağına inanmırsınızsa, gələcəyin yaxşı olması üçün heç vaxt addım atmayacaqsınız. Əgər ümidiniz yoxdur deyirsinizsə, onda ümidiniz olmayacaq. Seçim sizindir". Naum Çomski adında məşhur alimin belə bir tezisi var.

Dünyanın gələcəyi ilə bağlı xeyli pozitiv əsaslar da var axı. Bu həftəyə düşən bir neçə fakt bu qəbildəndir: Çində pilotsuz dron taksinin ilk sınağı keçirilib (Çinin təkcə dünya iqtisadiyyatında yox, yazılarımızdakı payı da artıb), Niderlandlı cütlük tamamilə 3D printerdə çap olunmuş evə köçüb, Avstraliyanın Monaş Universiteti alimləri alma yığımı üçün robot hazırlayıblar, rus alimlər süni dəri yaradıblar və s.

82
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0