Cütlük, arxiv şəkli

Gizli toy mərasimləri: kimisi batır, kimisi sevincdən papağını göyə atır

21
(Yenilənib 23:41 25.04.2021)
İnsan var, əlində dəftəri, deyir, ömür boyu 300-500 toya getmişəm, pul salmışam, indi necə oğluma toy eləməyim, qız köçürməyim? Bəs mənim bu qədər pulum batmalıdır?

Koronavirusun ilk dalğasının ötən il Azərbaycanda peyda olması ilə son illərin ən gəlirli biznes sahəsi – toyların keçirilməsi dayandı. Daha toy keçirmək olmaz. Uzaqbaşı 5-6 nəfər yaxın ailə üzvü ilə kiçik bir toplantı təşkil edə bilərsən. Digər hallarda həm toy keçirilən şadlıq sarayı, həm də toya gələn insanlar cərimələnəcəklər. Demək olar, hər gün mətbuatda bu və ya digər şadlıq sarayında gizli toy etməyə cəhd edən insanların saxlanıldığı və cərimələndiyi barədə xəbərlər yayılır.

Polis hər gün gizli toy aşkarlayır

Bu yaxınlarda Xırdalan şəhərində gizli yolla təşkil edilən toy mərasimi aşkarlanıb. Karantin qaydalarının pozulması səbəbindən 38 nəfər iştirakçı 200 manat, obyektin sahibi isə 5000 manat miqdarında cərimələnib. Özü də obyektin icarədarı Ceyran Məmmədova və restoran inzibatçısı Nazir Cəlilova dəfələrlə xəbərdarlıq edilibmiş, amma onlar qanun pozuntusuna yol veriblər. Hər belə tədbir keçiriləndə, cərimələnən vətəndaşların hər biri ilə mütləq profilaktik söhbət də keçirilir. Amma toy mərasimlərinin keçirilməsi hələ də davam edir.

Son günlərin statistikasına diqqət yetirsək, Goranboy, Yevlax, Şəmkir, Göyçay, Hacıqabul, İmişli, Tovuz, Kürdəmir, Cəlilabad, Şamaxı, Sabirabad kimi rayonlarda gizli toy mərasimlərinin aşkarlandığı və insanların cərimələndiyi barədə xəbərlərin yayıldığını görərik. Bakı, Samux, Naftalan da diqqətdən kənarda qalmayıb. Bir sözlə, polis hər gün gizli toy aşkarlayır, ardınca yenə başqa yerdə toy edilir.

Açığı, insanların bu qədər davamlı olaraq qayda-qanunu pozması, gizli yolla da olsa, bir toy məclisi yaratmaq cəhdi olduqca qəribə görünür. Çünki başqa statistika da var: aşkarlanan bir neçə toydan, yas mərasimindən sonra məhz hansısa birində koronavirusa kütləvi yoluxmanın olduğu üzə çıxır. Toyun nəticəsi uzun müddətli müalicə və karantin rejimi olur. Amma heç bir qadağa bu prosesin qarşısını almaq iqtidarında deyil.

Toy olmasa, elə bil, evlənməyin özü də yoxdur

Toy eləmək, oğul evləndirib, qız köçürmək Azərbaycan insanı üçün olduqca vacib və əhəmiyyətli bir prosesdir. Analar hələ kiçik yaşlı oğulları üçün qız axtarışına çıxır, ona bir deyikli tapırlar. Qız böyüdən ailə də cehizini uşaq yaşından toplayır. Toy isə bu uzun hazırlıqlı prosesin zirvəsidir, nəticəsidir.

Toy olmasa, elə bil evlənməyin özü də yoxdur. Toy hazırlığı özü bir uzun prosesdir, gəlinin qızılı, geyimi alınmalı, maşınından tutmuş ayağı altında qırılacaq saxsı qaba kimi hər bir detalı düşünülməlidir. Böyük nişanı, kiçik nişanı, xınayaxdısı, bayramlarda qız evinə pay aparmaq kimi işləri var toyun. Şəhər yerində şadlıq sarayı danışmalısan, kənd yerində isə "palatka" toyu da işə yarayar, amma hər ikisinin həm xərci var, həm də işi.

Uzun illər Azərbaycan kanallarında kənd toylarını işıqlandıran layihələr də az olmayıb. Müxbir əlinə bir mikrofon alıb düşür bu qohum-əqrəbanın arasına, ondan bir söz soruşur, bundan bir söz soruşur, oranı çəkir, buranı çəkir, bu da bir veriliş olur. Belə layihələr heç bir zaman tükənməyib, davamlı olaraq nümayiş etdirilib bizim efirdə. Özü də reytinqinə görə kifayət qədər gəlirli sayılıblar. Başqasının toyuna baxmaqda nə gözəllik var? Amma baxan baxır.

Toy biznesinin dayanması bir çox insanı işsiz qoyub

Bizim insanlar 6 saatlıq toy kasetinə elə maraqla baxarlar, elə bil Hindistanın ən baxımlı serialıdır. İnsan var, əlində dəftəri, deyir, ömür boyu 300-500 toya getmişəm, pul salmışam, indi necə oğluma toy eləməyim, qız köçürməyim? Bəs mənim bu qədər pulum batmalıdır?

Koronavirusun ilk dövründə hələ şadlıq saraylarının tezliklə açılacağına ümid edənlər vardı. Pandemiya genişləndikcə, fəsadı artdıqca bu ümidlər puç oldu. Gözləyəsən, ya yox? Qərar vermək də çətindir. Kimsə hələ də gözləyir, kimsə qaydanı pozur, elə kiçik məclislə məsələni həll etməyi düşünür, amma elə də asan deyil, çünki polis də izləyir, toya gəlmək həvəsi də yoxdur insanlarda, nəticəsi də bəzən kütləvi yoluxma olur.

Deyirlər ki, toy olacaq: Azərbaycanda mərasimlərə icazə verilməsi gözlənilir>>

Toy biznesinin dayanması bir çox insanı işsiz qoyub. Musiqiçilər, müğənnilər, ofisiantlar, maşın kirayə verənlər, qızıl satanlar üçün ağır günlər başlayıb. Obyekt sahiblərinin də çətinliyi az deyil. O boyda qiyməti olan şadlıq sarayını boş-boşuna da qoya bilməzsən, vaxtı-vaxtında təmir işləri görülməli, təmizlik edilməlidir. Kondisioneri, soyuducusu və digər avadanlığı da qulluq tələb edir. Bir sözlə, əgər şadlıq sarayı işləmirsə, yiyəsi üçün ağır bir yükdür. Hətta bir neçə işçiyə də maaş verməlidir.

Yaxasını mənasız toylardan qurtaranlar bu gün çox sevinirlər

Amma toylara qoyulan qadağanın müsbət tərəfi də var. Cəmiyyətdə bizim toylardan narazı olan nə qədər insanın olduğunu təsəvvür etmək çətindir. Qohumdur, çağırır, getməlisən. İş yoldaşındır, yaxın dostundur, qapı qonşundur, dəvətnamə yollayır, getməlisən.

Ailə büdcəsini bir növ məhv edən bir prosesdir. Bunun taksisi var, toyda şəkli var, həyat yoldaşı və uşaqlar üçün geyim almağı var. Hər toy ortabab insan üçün bir stresdir. Üstəlik, yeməyi zəhərlənmə verir, musiqisindən iki-üç gün baş ağrıyır, siqaret qoxusu üstündən çəkilmək bilmir, bəzən isə tanımadığın adamların arasında neçə saat oturmalı olursan. Dindar insan üçün isə bir imtahandır toy, çünki oturduğun yerdə ofisiant gəlib arağı mütləq üstünə və yeməyinə səpəcək, neçə saat içkili insanların mənasız söhbətinə qulaq asmalı olacaqsan.

Yaxasını mənasız toylardan qurtaranlar bu gün çox sevinirlər.

Azərbaycanda toyu ürəyin istədiyin kimi keçirmək olduqca çətin bir proses idi. Şadlıq sarayı bir paket təklif edir, istəyirsən, qəbul elə, istəyirsən, yox.

Yemək budur, musiqiçi və müğənni də bu. Zal da 200 nəfərlik. 300-500 nəfərlik də ola bilər, amma 50 nəfərlik toy onlara əl vermir, çünki şadlıq sarayı insanlara xidmət etmək üçün yox, onların cibini soymaq üçün inşa edilib. Alternativ-filan da yoxdur.

Gənclər pandemiyanın sonunu, toyların bərpasını gözləmək istəmirlər

Bu günün prizmasından daha geriyə yolun olmadığı aydındır. Bazar insanların tələbatını ödəməyə xidmət etməlidir, onlara nəyisə diktə etməyə yox. Özü də 200 nəfərlik zal heç də 200 nəfərlik deyil, sadəcə stolları yan-yana doldurub birtəhər insanları dar çərçivədə saxlayırlar. Bir müddət sonra baxırsan, kondisioner də işləyir, amma zalda kiminsə nəfəs alası halı yoxdur. Hava çatışmazlığından qonaqların yarısı elə vaxtını foyedə və ya həyətdə keçirir.

Hazırda gənclərin arasında belə toy mərasimlərinə qarşı bir müqavimət hərəkatı yaranıb. Daha oturub pandemiyanın sonunu, toyların bərpasını gözləmək istəmirlər. Sadə bir məclislə, ailədaxili bir prosedurla evlənirlər. Ən yaxın ailə üzvlərindən 7-8 nəfər yığılıb gəlini bəy evinə yola salır. ASAN xidmətin nikahı qeydiyyata alan pəncərəsinə isə yaxın durmaq mümkün deyil. Növbədə daim 20-25 nəfər gözləyir.

Baxırsan, gəncdirlər, gələcəyə ümidlə baxırlar, plan düşünürlər, heç toy barədə danışmırlar belə. Nikah oldu, qurtardı getdi. Bu pəncərə də elə-belə pəncərə deyil. Ölüm kağızını da burada verirlər, uşağın doğum haqqında şəhadətnaməsini də. Bir müddət sonra baxırsan, həmin gənc artıq uşağının sənədini almaq üçün gəlib, çox xoşbəxtdir.

Hər bir bəla bir gün başlayıb, bir gün də bitir. Pandemiya da gəldiyi kimi gedəcək. Amma biz gərək köhnə formatdakı toylara qayıtmayaq, daha sakit, daha maraqlı toy planları düşünək. Daha sadə, daha yaddaqalan. Normal qida, qaydasında olan musiqi səsi ilə. Yoxsa növbəti pandemiyanın gəlişi qaçılmaz olacaq.

21
Teqlər:
adət-ənənə, cəmiyyət, qadağa, toy
Televizora baxan adam, arxiv şəkli

Kifirləşən efirlər

84
(Yenilənib 09:22 13.05.2021)
Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər.

Televiziyalarımızın vəziyyəti uzun müddətdir ki, acınacaqlıdır. Televiziya XXI əsrin ən böyük bəlalarından biri olan şou proqramların, yüngül düşüncə məhsulu olan “əyləncəli” və məzmunsuz layihələrin, darıxdırıcı, cəhalət saçan serialların əsirinə çevrilib. Keyfiyyət və peşəkarlıq baxımdan çox aşağı səviyyədə olan proqramların efirləri işğal etməsi cəmiyyətin mənə görə böyük problemlərindən biridir. Eyni zamanda elmi, maarifləndirici proqramların olmaması, ciddi mədəniyyət layihələrinə sponsorun tapılmaması ilə bağlı olsa da, bu məsələdə televiziyaların da böyük günahı var. Televiziyalar ciddi proqramları öz büdcəsi hesabına hazırlamaqda, tamaşaçının bu ehtiyacını ödəməkdə maraqlı olmalıdır. Maarifləndirici proqramlar adı ilə tamaşaçılara sıranan proqramlar isə, orta məktəb viktorinalarını, bilik yarışlarını xatırladır.

***

XXI əsrdə televiziya nə ilə məşğul olmalıdır? Bu sual televiziyada çalışan heç bir mütəxəsisi demək olar ki, düşündürmür, narahat etmir. Efirləri işğal edən tok-şoular, müzakirə və debat tipli proqramlar illərdir eyni formatda davam edir. Bütün televiziyaların bu proqramlara tətbiq etdiyi standart qəlib var. Müzakirə başlayır və heç bir nəticə əldə edilmədən, çıxış yolu göstərilmədən proqram yekunlaşır. Üstəlik bu tip proqramların qonaqları, şərhçiləri və aparıcıları da illərdir aşağı-yuxarı eyni adamlardır. Televiziya rəhbərləri yaradıcı layihələrə, yeni simalara, fərqli fikirlərə gözucu da baxmır. Heç bir kadr dəyişikliyi, islahat nəticə vermir. “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın təyinatdan 5 gün sonra, kanaldakı problemlərə görə istefa verməsi çox düşündürücü məsələdir. Mənə elə gəlir ki, vəziyyətin ümidsizliyi Ülviyyə xanımı bu addımı atmağa vadar edib. Bütün televiziya kanallarında ciddi kadr çatışmazlığı hiss olunur. Televiziyalarımız bütün yaradıcılıq məsələlərində sosial şəbəkələrə, yutuberlərə, hətta “tiktoker”lərə uduzur.

***

Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər. Reytinq xatirinə hər yola əl atır, hər şeyi müzakirə etməyi, bütün dəyərləri gözdən salmağı aparıcılıq hesab edirlər.

Uşaq proqramları yox dərəcəsindədir. Azyaşlılar üçün nəzərdə tutulan proqramların mövzuları və qruluşu o qədər qəlizdir ki, bəzən valideyinlər proqramı övladlarına şərh etməkdə çətinlik çəkir.

Televiziyalarda islahat cəhdləri olsa da, müsbət nəticə hələki gözlə görüləcək dərəcədə deyil. Ölkədə kifayət qədər televiziya şirkətləri fəaliyyət göstərir. Üstəlik son illər internet televiziyaların da sayı sürətlə artır. Bəzi internet televiziyaları ciddi layihələr həyata keçirsə də, əksər internet televiziyaları eyni ucuz yolu tutub, şou, aqressiya və qalmaqallarla gündəm yaratmağa çalışır.

Gənc nəsil, əksər ziyalılar və intellektuallar televiziyalardan küsüb. Çünki televiziya cəmiyyətin formalaşmasına, maarifçiliyə, elmə, ciddi mədəniyyətə dəstək vermir. Vətən müharibəsində televiziyaların böyük əksəriyyətinin nə qədər qeyri-peşəkar, cəsarətsiz, bəzi məqamlarda tənbəl olduğunu gördük.

***

Azərbaycan seyirçisinin siyasi və analitik proqramlara marağı demək olar ki, yoxdur. Bunun əsas səbəbi ölkədə müxalif televiziyanın və demək olar ki, müxalif mətbuatın olmamasıdır. Bu boşluğu da xaricdə yaşayan qeyri-peşəkarlar, ölkədə isə nə istədiyi bəlli olmayan internet televiziyalar doldurmağa çalışır. Telekanallar balanslı, obyektiv və qərəzsiz jurnalist araşdırması ortaya çıxara bilmir. Yerli telekanallar funksionallığını itirməsə və ciddi televiziya qaydaları ilə işləməyi bacarsaydı, Azərbaycan insanı xarici telekanallara, sosail platformalara bu qədər meyillənməzdi. Əksər proqramlarının aparıcıları özlərini həddindən artıq ağıllı, bilgili, müasir və sərbəst aparmağa çalışırlar. Aparıcıların bu cəhdləri demək olar ki, çox zaman uğursuz olur və seyircilər tərəfindən bayağılıq kimi qəbul edilir, dərhal sosial şəbəkələrdə məsxərə obyektinə çevrilir. Eyni zamanda aparıcıların bayağılığı gənclik üçün olduqca pis nümunədir. Sosial şəbəkələrdə sürətlə gənc xoşqədəmsifətlər, zaurabənzərlər, tolikxislətlilər peyda olur.

***

Bu problemləri həll etməyin yolları təbii ki, var. Nədənsə televiziya rəhbərləri bu problemlərin həllində maraqlı deyil. Özəl telekanalların inkişafı üçün xüsusilə reklam bazarında münbit, güzəştli şərait yaradılmalı, xarici ölkələrdə ixtisaslaşdırılan televiziya heyəti hazırlanmalıdır. Bu yalnız aparıcı ilə bitmir, bütün komanda peşəkar, hazırlıqlı olmalıdır. Prodüsser, rejissor, operator da bilgili, hazırlıqlı olmalıdır. Telekanallara intellektual insanlar dəvət edilməli, hər televiziyanın bazasında peşəkar insanlar yetişməlidir. Qeyri-peşəkar, sadəcə reklam büdcəsi hesabına efirə çıxan insanların monitorinqi aparılmalı, efir məkanı “təmizlənməlidir”. Belə davam etsə, məsələn Zaur Kamal kimi cahil məşhurlar, Tolik kimi qeyri-peşəkarlar və adını unutduğum və xatırlamaq istəmədiyim cahil və nadan aparıcılar dəyərlərimizi ələ salmaqda davam edəcək. Məncə papağınızı qarşınıza qoyub düşünməyin vaxtıdır.

84
Çində raket buraxılışı, arxiv şəkli

Rusun arağı, Çinin raketi, Bill Geytsin ailəsi bizim molla

713
(Yenilənib 19:11 10.05.2021)
"İşləyə bilməyən 60 yaşdan yuxarı yaşlıların hamısı qocalar üçün “Xoşbəxtlik evi”nə yerləşdirilir. Bura düşəndə onlara iynə vurulur. Onlara bu iynələrin xeyirli olduğunu deyirlər. Lakin iynələrdən sonra onlar iki həftə ərzində ölürlər”.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Çin

Dünyanın düz vaxtında Çinin ABŞ-a ən geci 2050-ci ilə qədər çatacağı proqnozlaşdırılırdı. Pandemiyadan canını tez qurtarmağa yaxın olan Çin dünya iqtisadiyyatındakı dalğalanmalardan sonra fərqi bir qədər də azaldır. Ancaq istənilən halda, şərqlilərə indi mane olan saylarının çoxluğudur: 1,5 milyard əhalini dolandırmaq zarafat deyil.

Çinin əhalinin sayını azaltmaq səyləri illərdir davam edir. Ralf Epperson “Gözəgörünməz əl” kitabında yazır: “Doğuma nəzarət Çində əhalinin sayını nizmlamaq üçün yeganə yol deyil. Hökumətin 1959-cu il 26 mart tarixli “Kommunistlərin Qırmızı Çində və Şimali Koreyada kilsəni təqib etməsi” məruzəsində bu haqda deyilir: İşləyə bilməyən 60 yaşdan yuxarı yaşlıların hamısı qocalar üçün “Xoşbəxtlik evi”nə yerləşdirilir. Bura düşəndə onlara iynə vurulur. Onlara bu iynələrin xeyirli olduğunu deyirlər. Lakin iynələrdən sonra onlar iki həftə ərzində ölürlər”".

Bu arada BBC-nin məlumatına görə, Çində yaşlı turistlər pul ödədikləri bələdçi turunun əvəzinə qəbristanlığa aparılıblar. “Mənzərəli” bir yerə gəzinti turu adı ilə qəbristanlığa gətirilən yaşlı insanlara buradan torpaq təklif olunub. Təsadüfə bax.

Bəli, dünyada turizmin başını yerə qoyduğu bu günlərdə Çində hətta yaşlı turistlər də var. Çin sakinləri may tətillərinin ilk günündə ölkə daxilində 56,4 milyondan çox səyahət reallaşdırıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 111,5 % çoxdur. Necədir sizin üçün?! Bəs onun əsas rəqibi ABŞ-da nə yenilik?

ABŞ

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı ilə görüşünün iyun ayında baş tutacağına inandığını bildirib. Bu arada ABŞ alimləri dünyada koronavirusdan real ölüm sayının ikiqat yüksək olduğunu iddia ediblər. Vaşinqton Universitetinin tədqiqatçılarının rəyinə görə, dünyada 6.9 milyon insan koronavirusun səbəb olduğu xəstəlikdən ölüb, lakin mövcud hesablamalarda təqribən 3.2 milyon qeyd edilir.

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi koronavirusa qarşı vaksin vurduranlara pivə təklif edib. Aydaho ştatında isə məktəbdə atışma nəticəsində xəsarət alanlar olub. Hadisəni törədənin Nyu-Cersiyə vaksin və pivə dalınca gedib-getmədiyi barədə məlumat yoxdur.

Amma o dəqiqdir ki, Bayden “erməni soyıqımı” deyəndə vaksin vurdurmuşdu. Vaksinin bütün yan təsirləri araşdırılmalıdır. 

Bəs ABŞ-ın digər rəqibi Rusiyada nə var, nə yox?

Rusiya

Vaksindən vurdurub, kef edirlər ruslar. Və deyirlər ki, onların vaksini ən yaxşıdır – araqları və avtomatları kimi. Ölkənin birinci şəxsi araq barədə danışmasa da vaksinlə bərabər avtomatın da PR-nı aparıb. Sitat: “Rusiya istehsalı COVID-19 peyvəndləri “Kalaşnikov” avtomatı kimi sadə və etibarlıdır”.

Bu avtomat bu həftə növbəti ildönümünü qeyd etdiyimiz faşizm üzərində qələbə günündə də özünü doğrultmuşdu. Elə araq da. Yeri gəlmişkən, Böyük Vətən Müharibəsindəki qələbədə “adama 100 vurmağ”ın rolu təsdiqlənib. Spirtli içkinin təsirinə ali rəhbərlik səviyyəsində əhəmiyyət verilib. İ.Stalinin 1941-ci il 22 avqust tarixli qərarında deyilir: “1941-ci il sentyabrın 1-dən başlayaraq döyüşən ordunun ön xəttində olan qızıl əsgərlərin və rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin”. Bu qərar müxtəlif formalarda düzəlişlərlə bir neçə dəfə təsdiqlənib.

Həmin qərarın faydasını görmüş, Hitlerin anasını ağlar qoymuş veteranlar haqlı olaraq faşist Njdenin heykəlinin sökülməsini istəyirlər. Bu həftə rus veteranlar  hökumətə müraciət ediblər ki, Njdenin heykəlini yığışdırmaq üçün Moskva İrəvana təzyiq göstərsin, “temboli” bu heykəllərdən biri sülhməramlıların xidmət ərazisində - Xocavənddədir. Bunun üçündəmi Azərbaycan PUA-larına zəhmət vermək lazımdır?!

Muğam sədaları

Erməni veteranlar da 9 mayı qeyd etdilər, əsgərlər də haradasa keçid-filan etdilər, amma aşağı sallanan çiyinlər, məğlub simalar lap Şuşadan da görünürdü. Şuşa demiş, onları ən çox pəjmürdə edən “Dağlarda toy” adı qoyduqları Şuşanın işğal gününü – 8 may tarixini bu il əzilmiş halda keçirmələridir, indi onlar üçün nə 9 may, nə Qələbə Günü axı?!

Eks-prezident, Xocalı hərbi canisi Serj Sarqsyanın ofisinin Şuşanın işğalı ilə əlaqədar yaydığı bəyanata baxın, bu adamlar üçün həyasızlığın sərhədi yoxdur. Sitat: “8-9 may 1992-ci il tarixlərində “Artsax”ın qədim mədəni və siyasi mərkəzinin – erməni qala-şəhəri Şuşinin azad edilməsi “Artsax”ın azadlıq müharibəsində dönüş nöqtəsi oldu və son dərəcə əhəmiyyətli bir hərbi-siyasi hadisə və 20-ci əsrin sonlarında “Artsax” ermənilərinin milli-azadlıq mübarizəsi tarixində parlaq hərbi bacarıq nümunəsi sayılır. “Dağlarda toy” adlı əməliyyat Serj Sarqsyan tərəfindən təsdiqlənmişdi”.

Sarqsyanın nə çərənləməsinin indi ciddi əhəmiyyəti yoxdur, Şuşa “Xarı-bülbül” festivalına hazırlaşır, qorxmasalar, bir az yaxına gəlib, muğam dinləyə bilərlər.

Amma sosial məsafəni qorumaq şərti ilə…

Bu, təkcə muğam dinləyənlərə yox, hamıya aiddir, bütün dünya belə yaşayır da, gərək anlayışla qarşılayaq.

Belə görünür ki, uzun müddət hələ bir-birimizə yaxınlaşa bilməyəcəyik. Gürcüstanda Britaniya, Polşada Hindistan ştammı aşkarlanıb, Hindistanda səkkiz şir, İsveçdə isə peyvənd olunmuş 6 min nəfər koronavirusa yoluxub və s.

ÜST-ün müdiri Gebreyesus müəllim isə peyvəndin kütləviləşməsi üçün lazım olan vəsaitin məbləğini açıqlayıb, deyib ki, 2022-ci ildə dünya əhalisinin yetkinlik yaşına çatmış hissəsinin böyük bir qisminin koronavirusa qarşı peyvənd olunması üçün 35-45 milyard dollar vəsait lazımdır.

Dünyanı koronavirus bəlasına salmaqda ittiham olunan Bil Geyts isə öz arvadı ilə məsafəni artırmaq qərarına gəlib. Ya da ola bilsin, “Nikolayı müsəlmanların Allahı yerlə yeksan elədi” – məsələ burasındadır ki, Bill Geytsin ailəsi dağılır, o, həyat yoldaşı Melinda Geytslə boşanır.

Hələ bu harasıdır…

Nikolay yaxşı qurtarıb canını. BMT deyib ki, dünya fəlakətə doğru gedir.

“Keçən il Yerin temperaturu üç milyon ildə 3 dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyətin iqlim fəlakətinə yaxınlaşmasıdır”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş ötən həftə beynəlxalq konfransda çıxışı zamanı bildirib. Hər halda, baş katib birgə səylərlə fəlakətdən qaçmağın mümkün olduğunu da dilə gətirib.

İqlim düzəlsə də, Çin dünyaya dincəlməyə imkan verməyəcək. Məsələ burasındadır ki, bu ölkənin kosmosa buraxdığı raket nəzarətdən çıxıb və qayıdıb üzü aşağı. İdarəetmədən çıxan raketin iri parçalarının yaşayış məntəqələrinə düşmə ehtimalı var idi. Nyu-York, Madrid və Pekin kimi şəhərlərin risk zonasında olduğu deyilirdi. Xoşbəxtlikdən, raketin qalıqları Hind okeanına düşüb.

“Molla” və “polis” nağılı

O raketin düşdüyü yerdə olmağa layiq olanlar az deyil. Məsələn, onlardan biri Lerikdə saxlanılan molladır. 40 yaşlı molla M.Əsgərov üç uşaq anası Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

Sumqayıtda isə özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb. Maraqlıdır ki, E.Sultanov bir neçə il əvvəl də eyni əmələ görə məhkum olunub. Amma görünür, islah olunmayıb.

Eləcə də oxuyun: 

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Paşinyan parlament planının ikinci hissəsini işə salır

"Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür

 

713
Teqlər:
dünya, Azərbaycan, həftənin icmalı
Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

0
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

0
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba