Qadın kitab oxuyur, arxiv şəkli

Gənc yazarlar niyə narazıdır?

23
(Yenilənib 23:48 22.04.2021)
Tələbə əhlinin kürəyində gəzdirdiyi torbaların çoxunda ən azı bir neçə kitab olur. Harada daha rahat şərait var, orada kitab oxuyan da çoxdur.

Azərbaycanda hansı gənc yazarı dindirsən, oxucu kütləsinin azlığından, kitab oxumaq vərdişinin itirilməsindən, ümumi zövqün pozulmasından şikayətlənəcək. Deyəcək "Kitab yazmaq mənasısızdır, çünki nə alan var, nə oxuyan". "Müasir gənclər kitab oxumur" deyən yazarların digər şikayəti "Youtube" videolarından, sosial şəbəkə, mətbuatın diqqətsizliyindən olacaq.

Harada daha rahat şərait var, orada kitab oxuyan da çoxdur

Gənclər kitab oxumur? Kitab alan yoxdur? İndiki gənclik daha çox sosial mediada vaxt öldürür? Bu sualların birmənalı cavabı yoxdur. Bunu yoxlamaq da asandır, elə bir neçə dəfə Bakı şəhərinin ictimai nəqliyyatında reyd eləmək kifayət edər. Tələbə əhlinin kürəyində gəzdirdiyi torbaların çoxunda ən azı bir neçə kitab olur. Harada daha rahat şərait var, orada kitab oxuyan da çoxdur. Metro işləyəndə, kitab oxuyanların çoxunu orada görərdik. Hazırda Bakı-Pirşağı-Sumqayıt sürət qatarında xeyli kitab oxuyan var. Özü də nə qədər paradoksal olsa da, yaşlı nəsildən kimisə kitabla görmərik, çox nadir halda rast gələrik. Elə kitab oxuyan gənclərdir. Özü də Azərbaycan, türk, rus və ingilis dillərində ən tanınan müəlliflərin əsərlərini oxuyurlar. Markes, Kafka, Elif Şafak, Murakamidən tutmuş İlqar Fəhmi, Şərif Ağayar, Elxan Elatlı, Çingiz Abdullayev kimi tanınmışların kitabları əllərdə gəzir. Hətta ara-sıra gənc yazar Sahilə Yayanın də kitabını oxuyan gənclərə də rast gəlmək olur.

Bədii ədəbiyyat bir yana qalsın, tələbələr xarici dil dərsliklərinə külli miqdarda vəsait sərf edirlər. Xarici dili öyrənmək üçün istər-istəməz mütaliə ədəbiyyatına da diqqət yetirməli olurlar. Şekspir, Qolsuorsi, Oskar Uayld, Artur Konan Doyl ingilis, Tolstoy, Dostoyevski, Çexov və Turgenev isə rus dilindəki orijinal versiyadan oxunur. Xarici dil öyrənmə arzusu istər-istəməz gəncləri bədii ədəbiyyatla maraqlanmağa vadar edir. Nəqliyyatda hətta əlində tutduğu karandaşla səhifə kənarında qeyd edənlər də var. Görünür, insanlarda hələ də dədə-baba qaydası ilə kitabdan seçim etmək, hansısa fikri dəftərə köçürmək həvəsi var. 

Kitab alan olmasaydı, bu qədər obyektin işləməsində bir məna olardımı?

İnsanların zövqünü təmin etmək üçün kifayət qədər kitab mağazası varmı? Bunu bilmək elə də çətin deyil. Elə “28 May”, “Elmlər Akademiyası” metro stansiyası ətrafında onlarla kitab satışı ilə məşğul olan böyük mazağa var. Hələ yarızirzəmilərdə kitab satan kiçik obyektləri nəzərə alsaq, bu kitab mağazalarının 100-dən artıq olduğunu asanlıqla görərik. İstənilən dəftərxana ləvazimatı mağazasında kifayət qədər həm bədii, həm də dərs ədəbiyyatı satılır. Bir növ dəftər-qələm satış nöqtələrində həm də Orxan Pamuk, Den Braun, Paolo Koelyo kimi məşhur yazarların əsərləri əlçatandır. Əgər kitab alan olmasaydı, bu qədər obyektin işləməsində bir məna olardımı? Bu dükanlarda demək olar həmişə alıcı kütləsi müşahidə edilir. Bəzi iri dükanlarda hətta daxili kafe də fəaliyyət göstərir. Kitabı götürüb bir fincan çayla oxumaq da olar. Bəyənsən, alarsan. Bəzən elə böyük seçim olur, bilmirsən nədən yapışasan, nəyi alasan.

Sovet dövrü ilə müqayisə edənlər də olur. Kimsə yada salır Əlibala Hacızadənin əsərlərinin 150 min tirajla dərc edilməsini. Bəli, “İtkin gəlin” o dövrün bestselleri idi, başqa nəsə tapmaq da olmurdu deyə hamı maraqla oxuyub bir-birinə məsləhət bilirdi. Məhdud imkanı olan bir neçə kanal və radiostansiyadan başqa media resurs yox idi. Kitab və çap ədəbiyyatı bilik əldə etməyin əsas yolu idi. Sovet sistemi elə uşağı məktəb partasından mütləq kitab oxumağa sövq edirdi, bəzən də məcburi. Hətta məktəblərə tapşırıq gəlirdi, mütləq şagirdlər müəyyən qəzetlərə abunə olmalı idilər. Qəzeti də hər səhər poçtalyon gətirərdi. Həm qəzet oxuyurdun, həm də kitab.

Kitab almaqdansa, internetdən yükləyib oxumaq olar, özü də havayı

İndi alternativ informasiya mənbələri 100 min dəfələrlə çoxalıb. İnternetdə mövcud olan informasiyanın həcmini insan beyni dərk edə bilmir. Adi onlayn kitabxanalarda milyonlarla kitab açıq istifadədə var. Kitab almaqdansa, internetdən yükləyib oxumaq olar, özü də havayı. Xarici dili bildinsə, problemsiz ən maraqlı, ən tanınan müəllifləri telefonuna və ya bukriderə ötürüb rahatlıqla mütaliədən zövq ala bilərsən. Elə nəqliyyatda telefonunda kitab oxuyan nə qədər gənci görürük. Sadəcə kitaba pul sərf etmək istəmirlər. Bizim tərcümə ədəbiyyat da bir o qədər də uğurlu deyil, əgər xarici müəllifləri ingilis və ya rus dilində oxumaq imkanı varsa, gənclər elə o dildə oxuyacaqlar.

Sosial şəbəkələr, "Youtube" və digər nəhəng platformalar insanların vaxtını alır, amma məlumat axtaran məlumatını alır, vaxtını öldürən də zamanını itirir. Kitab oxuyan oxuyur, oxumayan da oyun oynayır. Məgər sovet dövründə gününü domino və nərd oynamaqla keçirən insan az idi? İndi də çay evlərində hər gün domino vurmaqla vaxtını öldürən nə qədər insanı görürük. Eləsi var, “Ok” və ya bilyarda üstünlük verir, eləsi var stolüstü tennisi bəyənir, eləsi də var şahmat və kart həvəskarıdır. İnternetdə oyun sənayesi çox inkişaf edib deyə, bəzi sevimli oyunlar da virtual platformaya keçib. İnternetin sərhədi bilinmir, oyunların da, kitabların da sayı-hesabı yoxdur, kim nəyi bəyənsə, onu da seçir.

Kiril əlifbasında yazılmış yüzlərlə kitabın heç müəllifini belə xatırlayan yoxdur

Belə bir vəziyyət kimə problem törədir? Məhz elə orta səviyyəli istedad sahiblərinə. Dünyanın tanınmış yazıçıları ilə rəqabət aparmaq mümkünsüzdür. Elə də böyük istedadı olmayan, hansısa xarici ədəbiyyatın təsiri ilə ədəbiyyat yaratmağa çalışan gənc Azərbaycan yazarları təbii mövcud durumdan narazıdırlar. Axı, nədən yazasan, hansı yeni süjeti düşünəsən? Hər bir süjet artıq düşünülüb. Uzaqbaşı Kafkadan, Kamyudan götürülmüş ideyalardan yararlanaraq nəsə bir əsər yaradarlar. Sovet dövrünün də belə orta istedadları vardı. Yəni bu gün kiril əlifbasında yazılmış yüzlərlə kitabın heç müəllifini belə xatırlayan yoxdur. Halbuki müəllif vaxtilə Yazıçılar Birliyinin üzvü olub, dövlətdən böyük qonorarlar alıb, kitabları dərc olunub, amma unudulub.

Ədəbiyyatda kiçik istedad sahibi olmaq olduqca ağır bir yükdür, çünki istəsən də, istəməsən də, unudulmağa məhkumsan. Ola bilər, istiqaməti dəyişib böyük ədəbiyyat yox, korrektə və redaktə işi, köşə yazarlığı, publisistika, jurnalistikaya üz tutmaq olar. Tərcümə işinin özündə çox böyük imkanlar var, çünki təkcə xarici dil biliyi kifayət etmir, həm də tərcüməçinin ədəbiyyat sahəsində biliyi, yaradıcılıq potensialı olmalıdır.

Bu günün gəncliyi bilik və savad baxımından heç də əvvəlki nəsillərdən zəif sayıla bilməz. Çünki hər ortalığa çıxan yeniliyi məhz onlar yaradır. Kitab da oxuyurlar, internetdən özlərinə tələb olunan digər məlumatı da asanlıqla tapırlar. Sadəcə, yeni dönəmdə kağız formatda buraxılan kitabların bazarı tədricən ölür, bu da bir qaçılmaz reallıqdır. Deməli, ədəbiyyatı özünə peşə seçənlər də bunu nəzərə almalıdırlar.

23
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Həyatı mənasızlaşdıran, dünyanı qara rəngdə göstərən xəstəlik

32
(Yenilənib 23:12 04.05.2021)
Koronavirus xəstəsi olmaq nə deməkdir? Virusa tutulan insan nə kimi hisslər keçirir, harası ağrıyır, nəyi arzulayır?

Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır

İlkin mərhələdə xəstəliyin başlanması adi soyuqdəyməyə bənzədi. Bir az nasazlıq vardı, bir az sümüklər ağrıdı. Uzun müddət özümü müayinə etmək istəyirdim, tibb müəssissələrinin birinda “check-up” elan etdilər. Getdim müayinəyə, amma elan edilən qiymətdən xeyli artıq xərcim çıxdı. Əlavə analizlər götürdülər, nəsə ciddi patologiya tapılmadı. Ona da şükür. Amma xəstəxananın aşağı mərtəbəsi çox soyuq idi, lap sümüyə işləyirdi. Ola bilər, koronanı də həmin mərkəzdə tutmuşam, tibb ocaqlarında virusa yoluxma şansı daha çoxdur, belə ki, virus, bakteriya və müxtəlif mikroorqanizmlərin yaşadığı yer elə tibb ocaqlarıdır. Patoloji orqanizmlər burada olduqca rahat yaşayırlar. Heç bir vasitə ilə onları təmizləmək mümkün deyil.

Nasaz vəziyyətdə neçə gün elə ayaqüstü gəzdim, düşünürdüm tezliklə ötüb keçəcək. Nə ağırlaşırdı, nə də düzəlirdi. Belə anlaşılmaz, qəribə bir trans vəziyyətində idim. Görünür, inkubasiya dövründə elə belə də olmalıdır. Amma günlərin bir günü səhər özümdə dəhşətli zəiflik duydum. Qripin ağır formalarında belə olur. Həyatımda bir neçə dəfə həmin formada qrip olmuşam, elə bil, həyat qüvvəsi səni tərk edir, yaşamaq istəmirsən, hər şeyə maraq itir, nə yemək, nə içmək sənə ləzzət vermir. Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır. Elə yerində uzanıb bir nöqtəyə baxırsan. 2000-ci illərin əvvəllərində belə bir vəziyyətdə olmuşdum. Bəlkə də 2 həftə xəstəliklə çarpışmışdım. Bir xeyli də bərpa dövrü oldu.

Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən?

Bu dəfə də eyni cür oldu, halsızlıq, yüksək qızdırma davamlı oldu. Elə bil hansısa bir bataqlığa düşmüsən, əlindən heç nə gəlmir. Birtəhər hava axınını təmin edirsən, amma özünü çıxarda bilmirsən. Nə baş verdiyini anlamaq da çətindir. Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən? Hara müraciət edəsən? O da aydın deyil. Əgər gündüz təcili tibbi yardımı çağırsan, qızdırman aşağıdırsa, test götürülməyəcək. Tibbi yardım yalnız qızdırma 39 dərəcə olduqda koronavirus testi götürür. Gündüz qızdırman 37,7 dərəcədirsə, elə belə oturmalısan. Test olunmaq üçün bir xeyli telefonda ora-bura zəng etməlisən, şəhərdə yaşayırsansa, daha tez gələcəklər. Əgər Məmmədli və ya Mehdiabad sakinisənsə, test üçün gələn tapılmaz, amma gedib Xırdalan xəstəxanasında test oluna bilərsən.

Nə bilim, bir qədər ora-bura edilən zənglərin hər halda nəticəsi oldu. Gəlib test götürdülər, cavabı da tez gəldi, artıq səhər bilirdim: pozitiv çıxıb. Müxtəlif yerlərdən, yerli xəstəxanadan zəng edildi, axşamçağı hətta vitamin və mikroelementlərdən ibarət bir paket də yolladılar. Sink, selen, vitamin C, D kimi bir qədər həb və yağ formasında dərman vardı. Telefonuma da xəbərdarlıq gəldi: 15 gün evi tərk etmək olmaz, əks halda məsuliyyətə cəlb oluna bilərəm.

Yatmağa belə nifrət yaranır

Nəyləsə müalicə olundunmu? İlk növbədə orucumu pozmadım, yemək qəbulu mümkünsüz idi deyə, elə axşamlar iftar süfrəsində cüzi qida qəbul etdim. Həm də istəsən belə nəsə yeyə bilmirsən. Amma suyu həm axşam, həm də obaşdan qəbul edirdim. Bunun xeyri var. Qızdırma və ilkin zəiflik təqribən 1 həftə davam etdi. 5 gün davamlı olaraq "sistem" vurdurdum, bax bu, bəlkə də ən effektiv müalicə növüdür, çünki elə ilk iki-üç qəbuldan sonra xeyli yaxşılaşdım. "Sistem"i də orucu pozmadan axşam çağı vurdurdum. Tədricən bədən ağrıları azaldı, qızdırma çəkilib getdi.

Həm xəstə olduğumdan, həm də oruc tutduğumdan çəkidə haradasa 5-6 kilo itirdim, amma ümumən pis deyildim. Sadəcə bu xəstəliyin bir depressiv etapı da var, sevinc hissini itirirsən, dünya sənə qara rəngdə görünür. Başqa bir zaman doyunca yatmağı arzu edirsən, amma indi yatmağa belə nifrət yaranır, nə sevimli filmlər, nə komediya, nə triller səni cəlb etmir, kitab oxumaq istəmirsən, xəbər maraqlandırmır, nəyə əl atsan, elə qıcıq doğurur. Bircə balkona çıxıb gün şüalarından bəhrələnə bilərsən.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir

COVID-19-a tutuldunsa, deməli nə sən, nə də ailə üzvləri evi tərk edə bilməz. Eləcə 15 gün oturmalısan ac-yalavac, özü də zibil-filan da ata bilməzsən, yığmalısan evin çıxacağına. Nə meyvə ala bilməzsən, nə də çörək. Qanun bunu deyir. Pulun yoxdursa, lap pis, yəni günəmuzd işləyən bir adam koronavirusa tutulubsa, deməli elə 3-4 gün zorla davam gətirər, sonra mütləq qanunu pozmalıdır. Ən azı çörək pulunu haradan əldə etmək barədə düşünməlidir. Yenə evdə beş-üç manat ehtiyat pulun varsa, yaxınından, qonşudan dükana getmək barədə xahiş edə bilərsən, amma gərək yaxın duran ola.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir, sonra tədricən yaxşılaşma başlayır. Bir az öskürək və zəiflik olur. Bir də yuxunun bir az pozulması baş verir, çünki gündüz zəif olursan, başını atıb yatsan, sonra gecə yata bilmirsən. “Sirab” və ya “Badamlı” kimi mineral su içmək də faydalıdır, bədəndə mineral duz balansını bərpa edir.

Koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır

Məncə, koronavirusu Ramazan ayında keçirtmək özü bir xoşbəxtlikdir. Ramazan gəlir, bizim həm ruhumuzu təmizləyir, həm bədənimizi. Beyində olun bir çox lazımsız fikirlər harasa yox olur. Bəzi köhnə xəstəliklərimiz də elə bil, itir. Bu günlərdə sol ayağımda olan ağrılar birdən-birə itdi. Köhnə travma heç ayağı tam qatlamağa imkan vermirdi, indi elə bil dizə yığılmış su yoxa çıxıb, ayaq rahatca qatlanır, ağrı da yoxdur.

Ruhumuz da dincəlir, sağalır tədricən, koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır. Bilirsən, az qalıb, sabah-birigün ayağa durub gəzəcəksən. Başqa bir dövrdə xəstəliyə də, ruhun problemlərinə də qalib gəlmək çətindir, amma Ramazanda elə bil bir başqa aura olur.

Koronavirus tədricən çəkilib gedəcək, yenidən həyat eşqi qaynayacaq, Günəş, dəniz, hava özü ilə sevinc gətirəcək. Təmizlənmiş ruhla yaşamaq da rahat olacaq.

32
Qadın dişlərini müalicə etdirir, arxiv şəkli

Diş həkimləri, Alimpaşanın maralları, qapqara nikbinlik strategiyası

90
(Yenilənib 18:55 03.05.2021)
Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var.

- Həyatda ən çox nədən qorxursan?

- Qaranlıq otaqdan və diş həkimindən.

- Diş həkimini başa düşdüm, bəs qaranlıq otaqdan niyə qorxursan?

- Allah bilir, orda nə qədər diş həkimi var.

Bu, hansısa filmdən bir dialoqdur. Koronavirusla dünyanı silkələyən Çinin alimləri bu həftə müəyyən ediblər ki, son onilliklər ərzində Yerdə müşahidə olunan iqlim dəyişiklikləri onun oxunun əyilmə bucağını dəyişib. Başqa bir alim qrupu isə açıqlayıb ki, Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var. Səbəb kimi isə Marsda, məsələn, torpaqda mikroorqanizmlərin ola bilmə ehtimalı göstərilir.

Yaponiyadakı Sakurajima dağında isə vulkan püskürüb.

Bunlar hamısı qaranlıqdakı diş həkimləridir.

Orta Asiyada burulğan

Hələ Marsdan gətirilən torpaq yerə çatmasa da Orta Asiyada burulğan başlayıb. Amma bunda təbiətin günahı yoxdur. Qırğızlarla taciklər öz aralarında nəyisə bölüşdürə bilmirlər. Türk birliyinə nail olmaq arzusunun cuşa gəldiyi bu günlərdə iki türk ölkəsi bir-birinin qanını töküb: ölənlərin sayı 30-u ötüb, yaralıların sayı yüzlərlədir. Bölgədə münaqişə ocağını kimin yaratmağa çalışmasını müzakirə etmədən, qeyd edək ki, ekspertlər dünyada su hövzələri uğrunda savaşların yeni fazaya keçdiyi qənaətindədirlər və bunu da o qəbildən hesab edirlər.

Əlbəttə, Yer kürəsinin resursları 8 milyard əhali üçün yetərli deyil. Bu arada əhalisinin sayı ilə başı ağrıyan Çində kafe və restoranların müştəriləri qida qalıqlarına görə cərimə olunacaq. Qeyd edək ki, hər il bu ölkədə 18 milyard ton qida qalıqları toplanır. Bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.

Alimpaşa müəllimin maralları

Həmin qida qalıqlarını israf etməmək üçün heç olmasa Şəmkirdə - Alimpaşa müəllimin maral fermasında istifadə etmək olardı, amma gəl ki, bu həftə DTX kişini tutub Bakıya gətirdi. Maralları saxladığı dəmir barmaqlılqlar arasına, ola bilsin ki, indi onun özünü göndərəcəklər. Xeyli yeyintiyə yol veribmiş, yenidən sadalayıb, başınızı ağrıtmaq istəmirik.

Hüseynbala müəllimin öz işçilərinə "maral" münasibəti isə 2 həftə öncənin "tema"sı olsa da, o, bu həftə də manşet olmağı bacardı – müəllim dedi ki, "o qız mənim qızım yerindədir, ayıbdır, belə söhbətlər etməyin". Orucluq ayında "üzürü ayıbından betər" olan bu ayıb söhbəti çox uzatmadan, deyək ki, həftənin ən üzücü hadisələrindən biri dini bayramda qeydə alındı: İsraildə Laq ba-Omer bayramının keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində 44 nəfər öldü.

İrəvanın göz yaşları

Həftənin əvvəlində öz "qırğının" bayramını (Baydenin açıqlamasını bayram kimi qavradılar) qeyd edən ermənilər üçün həftənin sonu bir az nəsh gəldi. ABŞ Dövlət Departamenti onların kefinə soğan doğradı. Baydenin qondarma soyqırımla bağlı açıqlamasına Departamentin şərhi belə oldu: "ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb".

Hansı ki, İrəvanda "tarixi torpaqların" geri alınması ilə bağlı ümidlər cücərmişdi, Departament cücərtiləri çiçəkləməmiş dəfn etdi.

Eh, nə Moskva, nə də Vaşinqton göz yaşlarına inanmırmış. İllah da ki, o göz yaşları saxta ola.

Minasız gələcək

İki rus zabitinin anasının göz yaşları isə saxta deyil: Ötən həftə iki rus sülhməramlı avtomobilin minaya düşməsi nəticəsində yaralandı. Tank əleyhinə minadan yaxşı qurtulublar – yəqin anaları kilsədə şam yandırırmış.

Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə faktiki olaraq müharibəni davam etdirir. Artıq 100-dən çox azərbaycanlı bu "gizli qatillər"in qurbanı olub – ya yaralanıb, ya da həyatını itirib.

Avropa İttifaqı bu həftə bəyanat yaydı, üçtərəfli bəyanatdan məmnunluğunu ifadə etdi, eyni zamanda İrəvanı xəritələri verməyə çağırdı. Amma çi fayda. BMT qətnamələrinə 30 ildir məhəl qoymayan Avropa İttifaqının bir bəyanatını vecinə alacaq?!

Bu arada Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının "Google"da axtarışı ilə bağlı maraqlı məlumat açıqlandı. Sizcə, bu aparat barədə ən çox axtarış aparan kimlərdir? Bəli, ermənilər. Müasir insanın da bir bəlası var: xəstəliklərinin müalicəsini internetdə axtarır.

Bu arada qırğızlar da "Bayraktar" almaq üçün Türkiyəyə müraciət edib.

Qandinin heykəli

İrəvanda Hindistan Azadlıq Hərəkatının lideri M.Qandinin heykəlini yandırıblar. Əslində, Qarabağda islam və Azərbaycana aid abidələri yerlə bir edən toplumun hansısa liderin heykəlini yandırması təəccüb yaratmasa da, hərəkətin hind xalqına qarşı təhqir olduğu faktdır. Baxmayaraq ki, Dehli-İrəvan əlaqələri yaxşıdır, ancaq bud a yeni reallıqdır, ermənilər üçünmənəvi dəyərlər yoxdur.

İrəvandan söz düşmüşkən, bu həftə irəvanlılar şəhrdə torpaq sahəsinin azərbaycanlıya satılmasına etiraz ediblər, ancaq polis onları dəyənəklə qarşılayıb və bildirib ki, torpağı alan İran vətəndaşıdır.

Bilirsiniz də, Cənubi Azərbaycan hüquqi cəhətdən tanınan ifadə deyil, bütün cənubi azərbaycanlılar da İran vətəndaşıdır.

Qapqara və ağappaq

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qaldı.

Başqa bir zorakılıq faktı isə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qaynananın gəlinini döyməsi ilə bağlı idi – social şəbəkələrdə yayılan görüntülərə qaynananın reaksiyası birmənalı olub: "Zarafat edirdik". Gəlin də zarafatlaşmanı təsdiq edib.

Avtobus sürücüsünə yumruq atan növbəti "qəhrəman"ı da yəqin ki, görmüsünüz. O oğlan avtobus sürücüsünə ona görə yumruq atır ki, muskulu üçün sərf olunan vaxt və investisiya beyni və tərbiyəsi üçün də sərf olunmayıb.

Yazının əvvəlindəki qaranlıqdakı diş həkimləri barədə dialoq bədbinliyə əsas verməməlidir. Hər şeyin yaxı olacağına inanmaq lazımdır. "Nikbinlik strategiyadır. Əgər siz gələcəyin yaxşı olacağına inanmırsınızsa, gələcəyin yaxşı olması üçün heç vaxt addım atmayacaqsınız. Əgər ümidiniz yoxdur deyirsinizsə, onda ümidiniz olmayacaq. Seçim sizindir". Naum Çomski adında məşhur alimin belə bir tezisi var.

Dünyanın gələcəyi ilə bağlı xeyli pozitiv əsaslar da var axı. Bu həftəyə düşən bir neçə fakt bu qəbildəndir: Çində pilotsuz dron taksinin ilk sınağı keçirilib (Çinin təkcə dünya iqtisadiyyatında yox, yazılarımızdakı payı da artıb), Niderlandlı cütlük tamamilə 3D printerdə çap olunmuş evə köçüb, Avstraliyanın Monaş Universiteti alimləri alma yığımı üçün robot hazırlayıblar, rus alimlər süni dəri yaradıblar və s.

90

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0