Lionel Messi

Fransa səfiri, Hitler, Messi sevgi

992
(Yenilənib 00:11 19.04.2021)
Taclı bəla"nın uşaqlar üçün təhlükəli olmadığı barədə indiyə qədər qəbul edilən streotip deyəsən, keçmişdə qalır.

"7x7" həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Gizli qatillər, laqeyd dünya

BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Şoyqu təşkilatdan gileylənib: "BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi?"

Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsinə dünya soyuqqanlıdır. 30 illik işğala göz yumanlar minalara səsini çıxartsalar, təəccüblü olardı, zatən. 100-dən artıq azərbaycanlının bu gizli qatillərin hədəfinə çevrildiyi halda, kimlərinsə dini abidələrin narahatlıq ifadə etməsi isə absurd tamaşasını xatırladır.

Bu arada bu həftə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri minaya düşdü. Hansı ki, ermənilər azərbaycanlıları məhv etmək üçün basdırmışdılar. Ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərdilər.

...Qalib barışıq üçün əl uzadır, İrəvanda isə revanş pafosu hökm sürür. Amma hansı güclə bilinmir? Bu həftə Azərbaycan Prezidenti ADA Universitetində keçirilən konfransda regionun gələcək inkişafı ilə bağlı Rəsmi Bakının mövqeyini şərh edərkən, daha çox sülh mesajları verdi, indi seçim Ermənistanın siyasi elitasınındır – nəzərə alsınlar ki, diplomatlar susanda toplar danışır. Biz topları PUA-larla əvəz etmişik, onlar iti daha yaxşı qovur.

"Günah keçisi" axtarışında

Bədbəxt cəmiyyətlərin psixoloji sarsıntısını azaltmaq üçün sınaqdan çıxarılmış üsullardan biri kənarda düşmən obrazını yaratmaq və bütün məsuliyyəti onun üzərinə atmaqdır. Ermənistan indi həmin illuziyanın canlandırılması ilə məşğuldur: bütün fiaskoların günahkarı Türkiyə və Azərbaycandır. Amma arabir xırda günahkarlar da lazım gəlir. Məsələn, erməni mediasında diversantları (ermənilərin təbirincə 62 hərbi əsiri) geri ala bilməməyin "günah keçisi" axtarışında Rusiya sülhməramlıların komandanı Rüstəm Muradov da hədəflər sırasındadır.

Fransanın Ermənistandakı səfiri isə Ermənistanın məğlubiyyətini "Ləyaqətli məğlubiyyət" adlandırıb. Kiçik bacını ovsunlamaq lazımdır axı. Səfiri anlamaq olar, İkinci Dünya Müharibəsində Fransa bir ay tamam olmamış təslim olmuşdu, müqavimət göstərə bilmədiyi üçün həzz almaq qərarını vermişdi Paris... Odur ki, Fransa səfiri üçün 44 günə uduzmaq "ləyaqətli məğlubiyyət" kimi görünür, yoxsa ləyaqətin Ermənistana nə dəxli?!

Bu arada Fransa parlamenti 15 yaşınadək uşaqla cinsi əlaqənin birbaşa təcavüz kimi qəbul ediləcəyi haqda qanun qəbul edib. İndiyədək belə deyilmiş yəni. Və bir də: yeni qanunda "Romeo və Cülyetta" maddəsi əlavə olunub. Bu maddə yaşıdlar arasında cinsi əlaqəni mümkün edir. Bunun cinayət sayılması üçün cinsi əlaqə iştirakçılarından biri digərindən beş yaş böyük olmalıdır.

"Əgər dünya bir dövlətdən ibarət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi". Səfir inciməsin, bunu biz demirik, Adolf Hitler deyib.

İngilislər isə

Qərbi Avropaya keçmişkən, koronavirus dünyadan əl çəkəcək, Britaniya yeni mutasiyalardan əl çəkməyəcək kimi görünür. Gözünüz aydın, infeksiyanın daha bir mutasiyası aşkarlanıb. Yeni Britaniya mutasiyası Cənubi Afrika və Braziliya variantlarından daha yoluxucu ola bilər. Bu həftə Hindistanda da koronavirusla bağlı vəziyyət ağırlaşdı, yoluxma və ölüm sayında antirekord qeydə alındı. ABŞ əczaçılıq şirkəti "Pfizer" isə koronavirus peyvəndinin üçüncü dozasına ehtiyac ola biləcəyini açıqlayıb. Təəccüblənmərik, pis biznes deyil. Görünür, ÜST-ün bu həftə verdiyi bu açıqlama da təsadüfi deyil: "Yer kürəsinin əhalisi tezliklə bütün pandemiya dövründən bəri yoluxmanın pik dövrünə yaxınlaşacaq".

"Taclı bəla"nın uşaqlar üçün təhlükəli olmadığı barədə indiyə qədər qəbul edilən streotip isə deyəsən, keçmişdə qalır: ABŞ və Böyük Britaniyadan olan alimlər o qənaətə gəliblər ki, koronavirus uşaqlarda insult riskini artırır. Bu arada Putin növbəti dəfə vaksinasiya olunub. Hə bir də maraqlıdır, görəsən, ABŞ-ın anbarlarında bərk-bərk saxladığı vaksinlərin axırı nə oldu?! Qurd düşüb xarab olar, demək lazımdır arasına naftalin filan qoysunlar...

832 milyon peyvəndləmənin 82 faizdən çoxu yüksək və orta gəlirli ölkələrdə, yalnız 0.2 faizi isə az gəlirli ölkələrdə həyata keçirilib.

Messi isə Cənubi Amerika futbolçuları üçün koronavirus peyvəndinin alınmasında köməklik göstərib – o, bir formasının əvəzinə 50 min doza "Sinovac" alıb.

Bəs Ronaldo?

Digər ulduz Ronaldodan da xəbər var. O, İtaliya çempionatının növbəti oyununda formasını yerə çırpıb. Bundan öncə Portuqaliya millisinin heyətində Serbiya ilə oyunda kapitan sarğısını yerə tullamışdı. Sonra həmin sarğı hərraca çıxarıldı. İndi formanın da eyni cür satışa buraxıldığını eşidə bilərik.

Məlumdur ki, azarkeşsiz oyunlar futbol sənayesində pul dövriyyəsini əməlli-başlı aşağı salıb. Ronaldo marketoloqların sifarişləri ilə komandasına pul qazandırmış ola bilər.

İran televiziyası isə şortikli qadın hakimə görə "Tottenhem" – "Mançester Yunayted" matçının yayımını 100 dəfədən çox kəsib.

Nüvə təhlükəsi

Meksikada ölümcül təhlükəli radioaktiv qurğu oğurlanıb. Xatırlayırsınızsa, bu günlərdə İranda AES-i partlatmağa cəhd olmuşdu. Ardınca bu ölkə uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağı barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırdı. Bayden isə dedi ki, bu qərar nüvə razılaşmasıyla bağlı danışıqlara ziddir.

Bağışlayın, bəlkə də bir az sadəlövh suala görə, görəsən, olmazmı ki, dünya nüvədən ümumiyyətlə imtina etsin?!

Sülh üçün

ABŞ qoşunları Əfqanıstanı tərk edir. "Əfqanıstana birlikdə getdik, çıxma məsələsində də birlikdəyik" NATO-nun Pentaqonun qərarına reaksiyası belə olub. ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planını da təxirə salıb. Görünür, Baydenin hərbi xərcləri azaltmaq qərarı öz nəticələrini göstərir. Britaniya qoşunları da Əfqanıstanı tərk edir, eyni zamanda ingilislər Qara dənizə eskadriya gəmisi və sualtı freqat gəmisi göndərmək qərarı veriblər. Bu, Rusiya ilə gərginlik fonunda Ukraynaya dəstək məqsədi ilə edilir.

Dünya sülh axtarışındadırmı? Fikir vermisinizmi, müasir siyasi ritorikada "sülh və təhlükəsizlik" frazasından çox istifadə olunur? Görünür, ritorika əsl mahiyyətə pərdə tutmaq üçündür.

Dünyanı sevgisiz böyüyən insanların savaşları məhv edir, kimsə deyib.

Sevgi demişkən...

Sevgi demişkən, Rusiyanın Həştərxan vilayətində yenidoğulmuşu onu öldürmək istəyən anasının əlindən xilas ediblər. Qadın xəstəxananın vanna otağında uşaq dünyaya gətirdikdən sonra onu boğmaq istəyib. İspaniya polisi isə Rumıniya vətəndaşı olan valideynlərin satdığı 12 yaşlı qızı xilas ediblər. Qızın valideynləri tərəfindən təxminən 4 000 avroya satıldığı deyilir.

50 min nəfərdən çox yapon hazırda 100 yaşını keçib, gözlənilir ki, 15 ildən sonr artıq bu göstərici 1 milyona yaxınlaşacaq. Bəli, dəniz məhsulları sağlamlıq və uzun ömür üçün şərtdir, ancaq yaponların rekordu daha ciddi amilə söykənir: bir-birini başa düşmək. Bizim cəmiyyətin ən ciddi problemlərindən biri məhz bir-birini dinləmək, başa düşməkdən ibarətdir. Bu məzmunda möhür sayıla biləcək bir dialoq var: "Bilirsən, problem nədədir, dostum? Biz bir-birimizi anlamaq üçün yox, cavab vermək üçün dinləyirik".

992
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Həyatı mənasızlaşdıran, dünyanı qara rəngdə göstərən xəstəlik

32
(Yenilənib 23:12 04.05.2021)
Koronavirus xəstəsi olmaq nə deməkdir? Virusa tutulan insan nə kimi hisslər keçirir, harası ağrıyır, nəyi arzulayır?

Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır

İlkin mərhələdə xəstəliyin başlanması adi soyuqdəyməyə bənzədi. Bir az nasazlıq vardı, bir az sümüklər ağrıdı. Uzun müddət özümü müayinə etmək istəyirdim, tibb müəssissələrinin birinda “check-up” elan etdilər. Getdim müayinəyə, amma elan edilən qiymətdən xeyli artıq xərcim çıxdı. Əlavə analizlər götürdülər, nəsə ciddi patologiya tapılmadı. Ona da şükür. Amma xəstəxananın aşağı mərtəbəsi çox soyuq idi, lap sümüyə işləyirdi. Ola bilər, koronanı də həmin mərkəzdə tutmuşam, tibb ocaqlarında virusa yoluxma şansı daha çoxdur, belə ki, virus, bakteriya və müxtəlif mikroorqanizmlərin yaşadığı yer elə tibb ocaqlarıdır. Patoloji orqanizmlər burada olduqca rahat yaşayırlar. Heç bir vasitə ilə onları təmizləmək mümkün deyil.

Nasaz vəziyyətdə neçə gün elə ayaqüstü gəzdim, düşünürdüm tezliklə ötüb keçəcək. Nə ağırlaşırdı, nə də düzəlirdi. Belə anlaşılmaz, qəribə bir trans vəziyyətində idim. Görünür, inkubasiya dövründə elə belə də olmalıdır. Amma günlərin bir günü səhər özümdə dəhşətli zəiflik duydum. Qripin ağır formalarında belə olur. Həyatımda bir neçə dəfə həmin formada qrip olmuşam, elə bil, həyat qüvvəsi səni tərk edir, yaşamaq istəmirsən, hər şeyə maraq itir, nə yemək, nə içmək sənə ləzzət vermir. Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır. Elə yerində uzanıb bir nöqtəyə baxırsan. 2000-ci illərin əvvəllərində belə bir vəziyyətdə olmuşdum. Bəlkə də 2 həftə xəstəliklə çarpışmışdım. Bir xeyli də bərpa dövrü oldu.

Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən?

Bu dəfə də eyni cür oldu, halsızlıq, yüksək qızdırma davamlı oldu. Elə bil hansısa bir bataqlığa düşmüsən, əlindən heç nə gəlmir. Birtəhər hava axınını təmin edirsən, amma özünü çıxarda bilmirsən. Nə baş verdiyini anlamaq da çətindir. Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən? Hara müraciət edəsən? O da aydın deyil. Əgər gündüz təcili tibbi yardımı çağırsan, qızdırman aşağıdırsa, test götürülməyəcək. Tibbi yardım yalnız qızdırma 39 dərəcə olduqda koronavirus testi götürür. Gündüz qızdırman 37,7 dərəcədirsə, elə belə oturmalısan. Test olunmaq üçün bir xeyli telefonda ora-bura zəng etməlisən, şəhərdə yaşayırsansa, daha tez gələcəklər. Əgər Məmmədli və ya Mehdiabad sakinisənsə, test üçün gələn tapılmaz, amma gedib Xırdalan xəstəxanasında test oluna bilərsən.

Nə bilim, bir qədər ora-bura edilən zənglərin hər halda nəticəsi oldu. Gəlib test götürdülər, cavabı da tez gəldi, artıq səhər bilirdim: pozitiv çıxıb. Müxtəlif yerlərdən, yerli xəstəxanadan zəng edildi, axşamçağı hətta vitamin və mikroelementlərdən ibarət bir paket də yolladılar. Sink, selen, vitamin C, D kimi bir qədər həb və yağ formasında dərman vardı. Telefonuma da xəbərdarlıq gəldi: 15 gün evi tərk etmək olmaz, əks halda məsuliyyətə cəlb oluna bilərəm.

Yatmağa belə nifrət yaranır

Nəyləsə müalicə olundunmu? İlk növbədə orucumu pozmadım, yemək qəbulu mümkünsüz idi deyə, elə axşamlar iftar süfrəsində cüzi qida qəbul etdim. Həm də istəsən belə nəsə yeyə bilmirsən. Amma suyu həm axşam, həm də obaşdan qəbul edirdim. Bunun xeyri var. Qızdırma və ilkin zəiflik təqribən 1 həftə davam etdi. 5 gün davamlı olaraq "sistem" vurdurdum, bax bu, bəlkə də ən effektiv müalicə növüdür, çünki elə ilk iki-üç qəbuldan sonra xeyli yaxşılaşdım. "Sistem"i də orucu pozmadan axşam çağı vurdurdum. Tədricən bədən ağrıları azaldı, qızdırma çəkilib getdi.

Həm xəstə olduğumdan, həm də oruc tutduğumdan çəkidə haradasa 5-6 kilo itirdim, amma ümumən pis deyildim. Sadəcə bu xəstəliyin bir depressiv etapı da var, sevinc hissini itirirsən, dünya sənə qara rəngdə görünür. Başqa bir zaman doyunca yatmağı arzu edirsən, amma indi yatmağa belə nifrət yaranır, nə sevimli filmlər, nə komediya, nə triller səni cəlb etmir, kitab oxumaq istəmirsən, xəbər maraqlandırmır, nəyə əl atsan, elə qıcıq doğurur. Bircə balkona çıxıb gün şüalarından bəhrələnə bilərsən.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir

COVID-19-a tutuldunsa, deməli nə sən, nə də ailə üzvləri evi tərk edə bilməz. Eləcə 15 gün oturmalısan ac-yalavac, özü də zibil-filan da ata bilməzsən, yığmalısan evin çıxacağına. Nə meyvə ala bilməzsən, nə də çörək. Qanun bunu deyir. Pulun yoxdursa, lap pis, yəni günəmuzd işləyən bir adam koronavirusa tutulubsa, deməli elə 3-4 gün zorla davam gətirər, sonra mütləq qanunu pozmalıdır. Ən azı çörək pulunu haradan əldə etmək barədə düşünməlidir. Yenə evdə beş-üç manat ehtiyat pulun varsa, yaxınından, qonşudan dükana getmək barədə xahiş edə bilərsən, amma gərək yaxın duran ola.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir, sonra tədricən yaxşılaşma başlayır. Bir az öskürək və zəiflik olur. Bir də yuxunun bir az pozulması baş verir, çünki gündüz zəif olursan, başını atıb yatsan, sonra gecə yata bilmirsən. “Sirab” və ya “Badamlı” kimi mineral su içmək də faydalıdır, bədəndə mineral duz balansını bərpa edir.

Koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır

Məncə, koronavirusu Ramazan ayında keçirtmək özü bir xoşbəxtlikdir. Ramazan gəlir, bizim həm ruhumuzu təmizləyir, həm bədənimizi. Beyində olun bir çox lazımsız fikirlər harasa yox olur. Bəzi köhnə xəstəliklərimiz də elə bil, itir. Bu günlərdə sol ayağımda olan ağrılar birdən-birə itdi. Köhnə travma heç ayağı tam qatlamağa imkan vermirdi, indi elə bil dizə yığılmış su yoxa çıxıb, ayaq rahatca qatlanır, ağrı da yoxdur.

Ruhumuz da dincəlir, sağalır tədricən, koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır. Bilirsən, az qalıb, sabah-birigün ayağa durub gəzəcəksən. Başqa bir dövrdə xəstəliyə də, ruhun problemlərinə də qalib gəlmək çətindir, amma Ramazanda elə bil bir başqa aura olur.

Koronavirus tədricən çəkilib gedəcək, yenidən həyat eşqi qaynayacaq, Günəş, dəniz, hava özü ilə sevinc gətirəcək. Təmizlənmiş ruhla yaşamaq da rahat olacaq.

32
Qadın dişlərini müalicə etdirir, arxiv şəkli

Diş həkimləri, Alimpaşanın maralları, qapqara nikbinlik strategiyası

91
(Yenilənib 18:55 03.05.2021)
Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var.

- Həyatda ən çox nədən qorxursan?

- Qaranlıq otaqdan və diş həkimindən.

- Diş həkimini başa düşdüm, bəs qaranlıq otaqdan niyə qorxursan?

- Allah bilir, orda nə qədər diş həkimi var.

Bu, hansısa filmdən bir dialoqdur. Koronavirusla dünyanı silkələyən Çinin alimləri bu həftə müəyyən ediblər ki, son onilliklər ərzində Yerdə müşahidə olunan iqlim dəyişiklikləri onun oxunun əyilmə bucağını dəyişib. Başqa bir alim qrupu isə açıqlayıb ki, Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var. Səbəb kimi isə Marsda, məsələn, torpaqda mikroorqanizmlərin ola bilmə ehtimalı göstərilir.

Yaponiyadakı Sakurajima dağında isə vulkan püskürüb.

Bunlar hamısı qaranlıqdakı diş həkimləridir.

Orta Asiyada burulğan

Hələ Marsdan gətirilən torpaq yerə çatmasa da Orta Asiyada burulğan başlayıb. Amma bunda təbiətin günahı yoxdur. Qırğızlarla taciklər öz aralarında nəyisə bölüşdürə bilmirlər. Türk birliyinə nail olmaq arzusunun cuşa gəldiyi bu günlərdə iki türk ölkəsi bir-birinin qanını töküb: ölənlərin sayı 30-u ötüb, yaralıların sayı yüzlərlədir. Bölgədə münaqişə ocağını kimin yaratmağa çalışmasını müzakirə etmədən, qeyd edək ki, ekspertlər dünyada su hövzələri uğrunda savaşların yeni fazaya keçdiyi qənaətindədirlər və bunu da o qəbildən hesab edirlər.

Əlbəttə, Yer kürəsinin resursları 8 milyard əhali üçün yetərli deyil. Bu arada əhalisinin sayı ilə başı ağrıyan Çində kafe və restoranların müştəriləri qida qalıqlarına görə cərimə olunacaq. Qeyd edək ki, hər il bu ölkədə 18 milyard ton qida qalıqları toplanır. Bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.

Alimpaşa müəllimin maralları

Həmin qida qalıqlarını israf etməmək üçün heç olmasa Şəmkirdə - Alimpaşa müəllimin maral fermasında istifadə etmək olardı, amma gəl ki, bu həftə DTX kişini tutub Bakıya gətirdi. Maralları saxladığı dəmir barmaqlılqlar arasına, ola bilsin ki, indi onun özünü göndərəcəklər. Xeyli yeyintiyə yol veribmiş, yenidən sadalayıb, başınızı ağrıtmaq istəmirik.

Hüseynbala müəllimin öz işçilərinə "maral" münasibəti isə 2 həftə öncənin "tema"sı olsa da, o, bu həftə də manşet olmağı bacardı – müəllim dedi ki, "o qız mənim qızım yerindədir, ayıbdır, belə söhbətlər etməyin". Orucluq ayında "üzürü ayıbından betər" olan bu ayıb söhbəti çox uzatmadan, deyək ki, həftənin ən üzücü hadisələrindən biri dini bayramda qeydə alındı: İsraildə Laq ba-Omer bayramının keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində 44 nəfər öldü.

İrəvanın göz yaşları

Həftənin əvvəlində öz "qırğının" bayramını (Baydenin açıqlamasını bayram kimi qavradılar) qeyd edən ermənilər üçün həftənin sonu bir az nəsh gəldi. ABŞ Dövlət Departamenti onların kefinə soğan doğradı. Baydenin qondarma soyqırımla bağlı açıqlamasına Departamentin şərhi belə oldu: "ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb".

Hansı ki, İrəvanda "tarixi torpaqların" geri alınması ilə bağlı ümidlər cücərmişdi, Departament cücərtiləri çiçəkləməmiş dəfn etdi.

Eh, nə Moskva, nə də Vaşinqton göz yaşlarına inanmırmış. İllah da ki, o göz yaşları saxta ola.

Minasız gələcək

İki rus zabitinin anasının göz yaşları isə saxta deyil: Ötən həftə iki rus sülhməramlı avtomobilin minaya düşməsi nəticəsində yaralandı. Tank əleyhinə minadan yaxşı qurtulublar – yəqin anaları kilsədə şam yandırırmış.

Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə faktiki olaraq müharibəni davam etdirir. Artıq 100-dən çox azərbaycanlı bu "gizli qatillər"in qurbanı olub – ya yaralanıb, ya da həyatını itirib.

Avropa İttifaqı bu həftə bəyanat yaydı, üçtərəfli bəyanatdan məmnunluğunu ifadə etdi, eyni zamanda İrəvanı xəritələri verməyə çağırdı. Amma çi fayda. BMT qətnamələrinə 30 ildir məhəl qoymayan Avropa İttifaqının bir bəyanatını vecinə alacaq?!

Bu arada Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının "Google"da axtarışı ilə bağlı maraqlı məlumat açıqlandı. Sizcə, bu aparat barədə ən çox axtarış aparan kimlərdir? Bəli, ermənilər. Müasir insanın da bir bəlası var: xəstəliklərinin müalicəsini internetdə axtarır.

Bu arada qırğızlar da "Bayraktar" almaq üçün Türkiyəyə müraciət edib.

Qandinin heykəli

İrəvanda Hindistan Azadlıq Hərəkatının lideri M.Qandinin heykəlini yandırıblar. Əslində, Qarabağda islam və Azərbaycana aid abidələri yerlə bir edən toplumun hansısa liderin heykəlini yandırması təəccüb yaratmasa da, hərəkətin hind xalqına qarşı təhqir olduğu faktdır. Baxmayaraq ki, Dehli-İrəvan əlaqələri yaxşıdır, ancaq bud a yeni reallıqdır, ermənilər üçünmənəvi dəyərlər yoxdur.

İrəvandan söz düşmüşkən, bu həftə irəvanlılar şəhrdə torpaq sahəsinin azərbaycanlıya satılmasına etiraz ediblər, ancaq polis onları dəyənəklə qarşılayıb və bildirib ki, torpağı alan İran vətəndaşıdır.

Bilirsiniz də, Cənubi Azərbaycan hüquqi cəhətdən tanınan ifadə deyil, bütün cənubi azərbaycanlılar da İran vətəndaşıdır.

Qapqara və ağappaq

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qaldı.

Başqa bir zorakılıq faktı isə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qaynananın gəlinini döyməsi ilə bağlı idi – social şəbəkələrdə yayılan görüntülərə qaynananın reaksiyası birmənalı olub: "Zarafat edirdik". Gəlin də zarafatlaşmanı təsdiq edib.

Avtobus sürücüsünə yumruq atan növbəti "qəhrəman"ı da yəqin ki, görmüsünüz. O oğlan avtobus sürücüsünə ona görə yumruq atır ki, muskulu üçün sərf olunan vaxt və investisiya beyni və tərbiyəsi üçün də sərf olunmayıb.

Yazının əvvəlindəki qaranlıqdakı diş həkimləri barədə dialoq bədbinliyə əsas verməməlidir. Hər şeyin yaxı olacağına inanmaq lazımdır. "Nikbinlik strategiyadır. Əgər siz gələcəyin yaxşı olacağına inanmırsınızsa, gələcəyin yaxşı olması üçün heç vaxt addım atmayacaqsınız. Əgər ümidiniz yoxdur deyirsinizsə, onda ümidiniz olmayacaq. Seçim sizindir". Naum Çomski adında məşhur alimin belə bir tezisi var.

Dünyanın gələcəyi ilə bağlı xeyli pozitiv əsaslar da var axı. Bu həftəyə düşən bir neçə fakt bu qəbildəndir: Çində pilotsuz dron taksinin ilk sınağı keçirilib (Çinin təkcə dünya iqtisadiyyatında yox, yazılarımızdakı payı da artıb), Niderlandlı cütlük tamamilə 3D printerdə çap olunmuş evə köçüb, Avstraliyanın Monaş Universiteti alimləri alma yığımı üçün robot hazırlayıblar, rus alimlər süni dəri yaradıblar və s.

91

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0