Ofisdə iş, arxiv şəkli

Göz skanı, barmaq kamera nəzarəti: insan əlinin hərəkəti izlənəcək

35
(Yenilənib 23:40 23.03.2021)
Belə getsə, gələcəkdə həm kommunizm, həm sosializm ideyaları yenidən güclənəcək. İstismar artdıqca, etiraz da güclənəcək.

Dünyanın ən böyük fastfud şəbəkəsindən biri olan “Makdonalds” korporasiyası öz əməkdaşlarını izləmək üçün gizli kəşfiyyat orqanı yaradıb. Mənzil qərargahı ABŞ-ın Çikaqo şəhərinin yaxınlığında yerləşən Qat Brukda olan şirkət əməkhaqqını saatda 15 dollara qədər yüksəltməyi tələb edən bəzi əməkdaşları neçə ildir izləyir.

Dünya üzrə 37 855 restoranı olan nəhəng bir qurum əməkdaşlarını izləyir

“Makdonalds”da həmkarlar ittifaqı yoxdur, amma işçilərin bir hissəsi “Fight for $15” hərəkatının üzvüdür. Bu aktiv əməkdaşlar etiraz aksiyaları və tətillər təşkil edir, ABŞ və başqa ölkələrdə fastfud satışı sistemində çalışan işçilərin minimal əməkhaqqının yüksəldilməsini tələb edirlər.

Mətbuatın diqqət mərkəzinə düşən “Makdonalds”ın analitiklərinin fəalların şəxsi görüşlərini izləməsi məlum olub. Bundan əlavə, onların sosial şəbəkələrdə fəaliyyətinin monitorinq edilməsi də aşkarlanıb. “Makdonalds” bu ittihamları rədd etsə də, şirkətin tərkibində “təhlükəsizlik üçün yarana biləcək istənilən problemi aşkarlamağa hazır olan” xüsusi komandanın olduğunu inkar etməyib. Biz sözlə, dünya üzrə 37 855 restoranı olan nəhəng bir qurumun çox böyük əminliklə əməkdaşlarını izlədiyi aşkarlanıb. Xüsusi bir komanda isə fəal əməkdaşların fəaliyyətini açıq-aşkar araşdırır.

“Amazon” əməkdaşları izləyən və total nəzarət edən bir sistem yaradıb

“Makdonalds”la müqayisədə ABŞ-ın texnoloji nəhəngi “Amazon” şirkəti daha irəli gedib, əməkdaşları izləyən və total nəzarət edən daha effektli bir sistem yaradıb. Bu barədə məlumatı “Açıq bazar institutu” (Open Markets Institute) adlı hüquq müdafiə təşkilatı yayıb. Koronavirus dövründə əmələ gələn, süni intellektin vasitəsilə idarə olunan bu sistem əməkdaşların hara hərəkət etdiyini izləyir. Videokameralar hər bir oğurluğun qarşısını almağa yönlənib, sistem həm də fasiləyə nə qədər zamanın sərf edildiyini hesablayır. Şirkət hətta xüsusi qolbaq da hazırlayıb. Onun köməyi ilə hətta insan əlinin hərəkəti də izlənəcək.

Şirkət həm də sürücülərdən 1000 bağlamadan 999-nu vaxtında çatdırmağı tələb edir. Əks halda işdən qovulma təhlükəsi yaranır. Belə tələsiklik çox zaman həm də qəza hallarının çoxalmasına gətirib çıxarır. İş bitdikdən sonra hər əməkdaşı təqribən 25-60 dəqiqə oğurluq edib-etmədiyinə görə yoxlayırlar. “Amazon” şirkəti həmkarlar ittifaqının işinə hər cür əngəl törətməyə çalışır, əməkdaşların bir yerdə toplaşmasına imkan vermir. İşçilər daim stres və qorxu altında çalışırlar. Qrafikdən geri qalan əməkdaşa sistem hətta “töhmət” də elan edə bilər. Bəzən bu yenə də işdən qovulma ilə nəticələnir. “Amazon Flex” gizli yolla əməkdaşların sosial şəbəkələrdə yaratdığı qruplardakı yazışmalarını izləyir. ABŞ Konqresində artıq ölkənin 4 texnoloji nəhəngi – “Amazon”, ”Apple”, “Facebook” və “Google” şirkətlərinin məsələsi müzakirə edilərək tənqidə məruz qalıb. Şirkətlərin bazarda apardığı siyasət rəqabət mühitinin azalmasına səbəb olub.

Panda Express əməkdaşlarına soyunmağı təklif edirmiş

Böyük şirkətlər, nəhəng monopolist qurumlar hazırda olmazın bir güc-qüvvət sahibi olublar. Bazara da, dövlətə də, hətta dünyanın daha kiçik dövlətlərinə də təzyiq etmək imkanı qazanıblar. İnsanların onlara qarşı mübarizə aparması il-ildən çətinləşir.

ABŞ-da fastfud sferasında çalışan insanlar kifayət qədər az maaş alır. Federal səviyyədə təyin olunmuş 1 saata 7,25 dollar gəliri elə bu tip şəbəkədə ödəyirlər. Ölkənin bəzi ştatlarında saatda 15-25 dollar ödəmək barədə qanun var. Amma ümumi götürəndə fastfud şəbəkəsində çalışmaq olduqca gəlirsiz bir işdir. Hələ prezident Barak Obamanın dövründə, 2014-cü ildə ABŞ-də ən böyük tətillərdən birini məhz elə fastfud restoranlarında çalışan insanlar təşkil ediblər. Onlar minimal əməkhaqqının saatda 15 dollara qaldırılmasını tələb ediblər. Bu aksiyalar ABŞ-ın 200-ə yaxın şəhərində keçirilib.

Aşağı maaşla yanaşı, bəzi fastfud şəbəkələrində ağır, insan ləyaqətini alçaldan hərəkətlər də müşahidə olunur. ABŞ-da fəaliyyət göstərən Panda Express restoran şəbəkəsində qəribə tələblər irəli sürülüb. “Etibar” təlimlərində əməkdaşlara digər əməkdaşların qarşısında soyunmaq təklif edilirmiş. Təlimi tərk etmiş şirkətin keçmiş əməkdaşı Cenifer Sparcifiore mətbuata bildirib ki, ona digər əməkdaşlar və tanımadığı insanların önündə “etibarı möhkəmləndirmək üçün” soyunmağı təklif ediblər. “Bu, olduqca qəribə idi, daha çox psixoloji zorakılığa bənzəyirdi. Amma karyera qurmaq üçün yeganə şans idi”, - deyə Sparcifiore bildirib. Hazırda şirkətin keçmiş əməkdaşı məhkəməyə müraciət edib. Panda Express-də də araşdırmalar aparılır.

Yeni texnologiya ilə birlikdə Azərbaycana da yeni münasibət formaları gəlir

Bu gün dünyanın bir çox yerində belə tip hallar artmaqdadır. Müəssisələrdə insan əməyi süni intellekt, robotlarla əvəzləndikcə, bazarda işsizlik artır, insanın getməyə yeri qalmır, istənilən ağır şərtə, dözülməz şəraitə razılaşır. Yeni texnologiya ilə birlikdə Azərbaycana da yeni münasibət formaları gəlir. İş adamları ilə əməkdaşların arasında da yeni yanaşma bucağı formalaşır.

Artıq ofisə girmək üçün işçi əvvəlcə şirkətin yerləşdiyi biznes mərkəzinin qaydalarına uyğun olaraq bir nəzarət sistemindən keçməli, daha sonra isə öz iş yerində növbəti nəzarət sistemini dəf etməli olur. Göz skanı, barmaq nəzarəti, hər yerdə quraşdırılan kameralar, hər hansı yol verilən qüsura görə cərimələnmə kimi yeni adətlər günümüzdə normaya çevrilib. Bəzi ofislərdə hətta əməkdaşın iş kompüterindən tutmuş sosial mediada fəaliyyətinə belə nəzarət edirlər. Həmkarlar İttifaqı-filan yoxdur deyə ölkədə bir çox əmək münasibətləri etiketi hələ tam formalaşmayıb. Qeyri-sağlam münasibət formalarına tez-tez rast gəlinir. Müqavilədə göstərilən şərtlərdən əlavə işə cəlb olunma, bir işçini rəsmi, digərini isə qeyri-rəsmi fəaliyyətə cəlb etmə kimi hallara çox rast gəlinir. Hətta ofisdə əməkdaşın öz masasına belə nəzarət etmək istəyi duyulur.

Belə getsə, gələcəkdə həm kommunizm, həm sosializm ideyaları yenidən güclənəcək

Əslində, dünyada şirkət-əməkdaş münasibətlərinin həm neqativ, həm də pozitiv modelləri var. Məsələn, “Google” şirkətində tətbiq edilən sistem olduqca maraqlıdır. Daha çox isti və mülayim əməkdaşlıq formaları tətbiq edilir. Düşünməyi sevən insanlar işə cəlb edilirlər, nəticədə kimin müdir, kimin işçi olması faktoru əhəmiyyətini itirir. Amma “Microsoft”un yaradıcısı Bill Geyts daha sərt yanaşmanın tərəfindədir. Şirkətinə cəlb etdiyi insanların bir çoxu olduqca varlı insanlardır, amma əvvəlki qaydada səhərdən axşama kimi iş başındadırlar. Geytsin özü də istirahətin nə olduğunu heç bir zaman bilməyib.

Nədənsə pozitiv modelləri Azərbaycanda olduqca az müşahidə edirik. Hər gələn yeni forma daha çox sərt yanaşma, nəzarətin güclənməsinə xidmət edir. Texnoloji yeniliklər də bir daha işsizliyin artmasına xidmət edir deyə yeni-yeni istismar formaları düşünülür. İşə gecikdin və ya artıq iş görmək istəmədin - cərimə, sosial mediada nəsə yazdın - işdən qovulma kimi hallarla rastlaşırıq. Belə getsə, gələcəkdə həm kommunizm, həm sosializm ideyaları yenidən güclənəcək. İstismar artdıqca, etiraz da güclənəcək. Divara sıxılan, çarəsizlikdən başını itirən insanların dağıdıcı enerjisi mağazaların vitrinlərinə, küçədəki avtomobillərə, ictimai nəqliyyatın işinə əngəl törədilməsinə yönələcək. Kimsə yolu bağlayacaq, kimsə də sosial şəbəkədə onlayn aksiya təşkil edəcək. Bu gün qaydanı sərtləşdirənlər sabah kütlənin qəzəbi ilə üz-üzə qalacaqlar.

35
Teqlər:
qaydalar, ofis, nəzarət, işçi,
Qatar gözləyən şəxslər, arxiv şəkli

Son qatar, “İskəndər”, tovuzlu qardaşlar utancaq “top ustaları”mız

53
(Yenilənib 10:11 05.04.2021)
Cəmiyyətdəki zorakılıq hadisələrinə ayrı-ayrı faktlar kimi baxmamalıyıq. Övladlarımıza sevməyi də, ayrılmağı da, istənilən kritik vəziyyətdə soyuqqanlı davranmağı da öyrətməliyik.

7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Son qatar

Qarabağın azadlığının nəticələri bölgənin sərhədlərini aşır. İqtisadi Əməkdaşlq Təşkilatından sonra bu həftə Türk Şurası ölkələri qələbə sevincimizi bölüşdü, verdikləri mesajlarla Qarabağın bərpasında iştirak edəcəklərini bəyan etdilər. Xüsusilə yeni nəqliyyat dəhlizləri Avropa və Asiyanı bağlamaqla iqtisadi fəallığa əhəmiyyətli təsir göstərəcək. Ermənistan da tarixi şans əldə edib – Rusiya və İranla daha rahat kommunikasiya yaratmaq, bokadadan çıxmaq, qonşuların getdiyi istiqamətə getmək üçün. Belə görünür ki, Paşinyan da bunu başa düşür və izah etməyə çalışır ki, Azərbaycan kosmosa uçur, at-ulaq dövrü deyil, son qatara özümüzü çatdırmalıyıq. Yoxsa...
Bu arada bu ölkədə yumurta qıtlığı yaranıb, onun qiyməti iki dəfə qalxıb. Rusiyadan yumurta idxal edən yük maşınları hava şəraitinə görə Rusiya-Gürcüstan sərhədində ilişib qalıb.
Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibət öyrənərkən BBC-nin müxbirinə İrəvan sakinlərindən biri deyir: “Lazım gəlsə, üç həftə yemək bişirmərik, amma qaz Azərbaycandan gəlməsin”. Görünür, xəstə ideologiya çox dərinə işləyib, hətta ac mədə belə emosiyaları azalda bilmir. Rasional düşünənlərin emosionalları inandırması bir az vaxt alacaq kimi görünür.

“İskəndər”

Bıçaq cərrahın əlində xilasedici, caninin əlində ölüm saçır. Ötən həftə Şuşada “İskəndər - M” raketinin qalıqları aşkarlandı. Bəli, görünən odur ki, cani qadağan olunmuş silahdan istifadə edibmiş. Bu həmin “İskəndər”dir ki, Sarqsyan siyasi rəqibi Paşinyanı küncə sıxmaq üçün onu niyə vaxtında atmadığını soruşurdu, baş nazir də cavab verdi ki, o, bu dağıdıcı silahı istifadə edib, sadəcə, onun 10 faizi partlayıb –  vaxtilə aldığınız raketlər keyfiyyətsiz olub... Sonra baş nazir raketlərin partlamadığı barədə açıqlamasını təkzib etdi. İndi isə qalıqlar üzə çıxır. İndi bu qalıqları da kimsə izah etməlidir.

Bioloji silah?!

Supergüclər isə deyəsən, artıq klassik raketlərə müraciət etmir. Dünya ölkələrinin bəzilərinin yeni qapanmaya getdiyi bu günlərdə koronavirusun Çin laboratoriyalarının istehsalı olması versiyası yenidən gündəmdədir. “Yeni növ koronavirusun yayılma xüsusiyyətləri onun böyük ehtimalla laboratoriya şəraitində yaradıldığını göstərir”. Bu fikri ABŞ-ın Xəstəliklərin Profilaktikası və İdarəetmə Mərkəzinin keçmiş rəhbəri Robert Redfild CNN-ə müsahibəsində deyib.
XIX əsrdə ABŞ-da yayılan çiçək və vəba pandemiyasının məsuliyyəti çinlilərin üzərində qalmışdı, hətta onlara yaşadıqları ərazilərdə hücumlar edilirdi. 1980-ci illərdə QİÇS yayılanda haitililər günahkar elan olundular. SARS epidemiyası da Çindən gələn bəla kimi təsnifləşdirildi. Tramp da koronavirusu “Çin virusu” adlandırmışdı. Ümid edək ki, bu viruslar Çinin bioloji silahı deyil.

Qorxuram, insanlar yaşaya...

Nə qədər radikal səslənsə də, bəlkə də elə hansısa üsulla “təmizləmə”yə lüzum var. Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar  - Əhməd və Zaur Əhmədovlar tutulublar. Sən demə, onlar şəhid valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, onlar barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək ümumilikdə 1 850 manat pul alıblar. “Qorxuram, elə bir zəmanə gələ, İnsanlar yaşaya, insanlıq ölə” (Bəxtiyar Vahabzadə).

Top ustalarımız

Qarabağdakı topçularımızdan fərqli olaraq “top ustaları”mız özünü doğrultmur. Dünya çempionatının seçmə turunun ilk oyununda Portuqaliyaya uduzduq, “Qarabağ”lı Maksim öz qapımızı dəqiq nişan aldı. Qətərlə yoldaşlıq oyununda onların da xətrinə dəymədik: 1-2. Nəhayət, ötən həftə Serbiyaya “ev”də eyni hesabla məğlub olduq. Olduqca proqnozlaşdırıla bilən komandayıq. Yoxsa makedonlar o boyda almanları məğlub edir, ermənilər 3 oyundan sonra hamını udub, qrupda liderdir, Lüksemburq İrlandiyanı məğlub edib, cırtdan Malta səfərdə slovaklara boy göstərir: 2-2. Dünya futbolunda autsayderlər yoxa çıxır, bir azdan tək qalacağıq. Bu arada millimizin baş məşqçisi, italyan De Byazi Portuqaliya ilə oyundan sonra maraqlı açıqlama vermişdi: “İlk hissədə futbolçular utancaq oynadılar”.
Həqiqətən, utanmasan, oynamağa nə var ki?!

Sülhün minalanmış yolu

Dünən Beynəlxalq Mina Xəbərdarlığı Günü idi. Mina məsələsi 5 aya yaxındır ki, bizim üçün daha artıq dərəcədə aktualdır. Düşmən işğal etdiyi bütün əraziləri sistemsiz şəkildə minalayıb, indi isə həmin ərazilərin xəritəsini verməkdən boyun qaçırır. Və bunun nəticəsidir ki, üçtərəfli bəyanatdan sonra 105 nəfər Azərbaycan vətəndaşı minaya düşüb, 20 nəfər həlak olub. Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə sülhə doğru gedən yolu da kələ-kötürləşdirir. Görünən odur ki, hələ bəlkə də uzun illər biz öz doğma torpaqlarımızda bu narahatlıqla dolaşmalı olacağıq.
Bu arada elə Mina Xəbərdarlığı Günündə Fransada səkkiz yaşlı uşaq Lion şəhəri yaxınlığında, bağlıq ərazidə Birinci Dünya Müharibəsi dövrünə aid qumbara tapıb.

Sevməyi və ayrılmağı öyrənmək...

Ötən həftə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildi. Keçmiş deputat Rafael Cəbrayılov isə dələduzluq maddəsi ilə saxlanıldı.

Gəncədə törədilmiş tükürpədici qətlin təfərrüatları da məlum olub: Sərdar adlı tələbə sevdiyi, sonradan ondan ayrılan qızı qətlə yetirib. Sonra onu “skoç”la sarıyaraq, böyük bir qutuya yerləşdirib, daha sonra isə zibilxanaya atıb. Məlum olub ki, Sərdar qızı ondan ayrıldığı üçün qətlə yetirib.

Cəmiyyətdəki zorakılıq hadisələrinə ayrı-ayrı faktlar kimi baxmamalıyıq. Hər bir bu cür olay cəmiyyəti üzərində saxlayan sütunların deqradasiyası kimi nəzərdən keçirilməlidir. Övladlarımıza sevməyi də, ayrılmağı da, istənilən kritik vəziyyətdə soyuqqanlı davranmağı da öyrətməliyik.  

53
Teqlər:
Azərbaycan, dünya, həftənin icmalı
Xırdalanda uşaqlar, arxiv şəkli

Rəqəmsal demensiya: uşaq ayları da unudur, saatdan da baş çıxara bilmir

50
(Yenilənib 09:59 02.04.2021)
Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Hər dövrün öz xəstəliyi olur. Yüz illərlə dünyanı çiçək, taun, vəba, yatalaq kimi xəstəliklər bürüyüb. Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Rəqəmsal demensiyanıi rəsmi tibb ciddi kliniki problem kimi tanıyıb

Günümüzdə texnologiya dövrünün öz xəstəlikləri yaranıb. Hazırda rəqəmsal demensiyanıi artıq inkişaf etmiş ölkələrin rəsmi tibbi ciddi kliniki problem kimi tanıyıb. Xüsusilə Yaponiyada vəziyyətin ağır olduğu qeyd edilir, çünki texnoloji inkişaf baxımından bura Kuba kimi ölkə ilə müqayisədə bir növ gələcək sayıla bilər.

Demensiya adətən yaşlı insanlarda rast gəlinən yaddaş zəifliyidir. Müəyyən yaşdan sonra bu xəstəliyə tutulan ahıl şəxslərdə beyin hüceyrələri zəifləyir, onların arasında əlaqə itir və insan hətta adını, yaşadığı yeri unudur, ailə üzvlərini belə tanıya bilmir. Sadə dillə desək, ağlını itirir, hər gün gördüyü işlər onun üçün olmazın çətinlik törədir. Mərkəzi əsəb sisteminin tənəzzülə uğraması nəticəsində belə insanlar hər hansı bir məlumatı normal qəbul etmək imkanını itirirlər. Diqqət yayılır, yaddaş pozulur, emosional vəziyyətdə qeyri-stabillik duyulur. Daha sonra əsəbilik yaranır.

Rəqəmsal demensiya isə daha ağır keçirilir, çünki adətən daha tez yaşda baş verir. Bu günün yeniyetməsində həm yaddaş zəifliyi, həm elementar məsələnin həllində duyulan acizlik müşahidə edilir. İnformasiya bolluğu, müxtəlif mənbədən gələn məlumat axını, eyni zamanda bir neçə işi görmək ehtiyacı beyini bir növ dondurur, yəni kompüterdə gördüyümüz hal insanda da əmələ gəlir.

Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir

Rəqəmsel demensiya bir sıra əlaməti ilə seçilir. Xəstəlik artıq yaş həddi tanımır, hətta ona daha çox yeniyetmələrdə rast gəlinir. Tez aşkarlandıqda, rəqəmsal demensiyanı müalicə etmək olur, amma məsələ ciddi və kompleks terapiya tələb edir. Diqqətin yayılması, yaddaşın və sadə bacarıqların itirilməsi adi hal alır. İnsan bir növ qazandığı biliyini tam itirə bilər. Rəqəmsal demensiya nəticəsində insanda Altsheymer və Parkinson xəstəlikləri də yarana bilər. Demensiyanı yaradan səbəblər sırasında mərkəzi əsəb sisteminin üzərinə rəqəmsal yükün düşməsi də göstərilir.

Müasir insanın, xüsusilə də uşaqların hansısa formada informasiyadan qaçmaq imkanı yoxdur. Televizor bütün günü fon kimi işləyir, kompüter, smartfon və planşet kimi qurğulardan dayanmadan informasiya axını gəlir, nəticədə beyinin yüklənməsi və sistemsiz məlumatların əsəb sisteminin işini əngəllənməsi müşahidə edilir. Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir. Deyək, ayların ardıcıllığını unudur, əqrəblə işləyən saatdan baş çıxarmaqda çətinlik çəkir. Diqqəti bir məsələ üzərində toplamaq mümkünsüz olur, hər bir neçə saniyədən bir sosial mediadan mesaj gəlir, yeniyetmə gördüyü işdən ayrılıb bu mənasız mesajlara diqqət ayırmalı olur. Bir platformadan başqasına sıçrayır.

Bu xəstəliyi “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar

Rəqəmsal demensiyanın əmələ gəlməsinin səbəbi məhz informasiya yükünün çox olmasıdır. Özü də insan hansısa məsələni həlli üçün beynini işə salırsa, bunda pis bir nəsə yoxdur. Sadəcə bir-biri ilə əlaqəli olmayan məlumat axını bir növ əsəb sistemini aşılayır. İstənilən proses sistemli olmalıdır. Bu halda bilik və bacarıqlar itirilmir.

Rəqəmsal demensiya insanın əqli imkanlarının azalmasına gətirib çıxarır. Bu xəstəliyi başqa cür, yəni “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar. Rəqəmsal texnologiyalar insanı bir növ düşünməkdən çəkindirir, çünki hansısa məsələni həll etməyə ehtiyac yoxdur. Hər bir sualın cavabı axtarış sistemində var, düşünmək əvəzinə cavabı axtarıb tapmaq lazımdır. İşləməyən orqan isə tədricən “ölür”, lazımsız bir elementə çevrilir. Neyronlar arasındakı əlaqə zənciri tədricən qırılır. Özü də axtarışda tapılan məlumat adətən analiz edilmir, sadəcə “copy past” yolu ilə beyinə yüklənir. Tənqidi düşüncə tərzi və yaddaş tədricən itirilir.

Televizoru fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir

Bu bəla ilə hər hansı mübarizə yolu varmı? Əlbəttə, var. Əgər proses çox dərinə işləməyibsə, bəzi sadə metodların köməyi ilə prosesi geri döndərmək olar. Müxtəlif yaş qrupları üçün müxtəlif yanaşma tələb olunur. Yeniyetmənin kompüter və ya planşet arxasında nə qədər zaman sərf etdiyinə valideyn nəzarət etməlidir, çünki rəqəmsal asılılıqdan elə-belə yaxa qurtarmaq olmur. İnternetin torunda ilişib qalmış gəncləri bu bəladan xilas etmək üçün texniki qurğularda itirilən zamana nəzarət mexanizmi yaradılmalıdır. Əgər uşaq və ya yeniyetmə günün 8-10 saatını smartfon və ya planşetdə keçirirsə, bununla kifayətlənməyib kompüterə də baş vurursa, evdə televizor fon kimi bütün günü işləyirsə, deməli problemin artıq olduğunu etiraf etməliyik.

Nədən başlamalı? Artıq qurğuları söndürməklə informasiya axınını bir qədər azaltmaq olur. Televizor və ya radionu fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir. Daha sonra gəncin smartfon və ya planşetdə zamanı 2-3 saata kimi məhdudlaşdırmaq lazımdır. Yeniyetmənin qurğusuna xüsusi valideyn nəzarəti proqramı da yükləmək olar. Bu halda gəncin hansı kontentə girdiyini, orada nə etdiyini də bilmək mümkün olacaq. Ziyanlı və mənasız kontent uşaq psixikasına olmazın zərbə endirir. İmkan daxilində valideyn ara-sıra uşağı ilə söhbət etməklə onun problemlərini araşdıra bilər.

Smartfonu adi telefonla əvəzləməklə sosial şəbəkədən uzaqlaşmaq olar

Bundan əlavə həftədə internetsiz və televizorsuz günlər təyin etmək olar. Belə terapiya nəinki gənclərə, hətta orta və yaşlı insanlara da xeyirli ola bilər. Ailəvi olaraq dəniz kənarına, təbiətin qoynuna və ya bağa getmək olar. Həmin günlər smartfonu adi düyməli telefonla əvəzləməklə bir qədər internet və sosial şəbəkədən uzaqlaşmaq olar. Rəqəmsal həyata yox deməklə, əsəb sistemini sakitləşdirmək, neyron əlaqələrini isə gücləndirmək mümkündür. Bəzi radikal sakinlər hətta elektrik enerjisindən də istifadəyə yox deyirlər, axşamçağı  şam yandırır, yeməyi isə ocaqda bişirirlər. Daha sərt qaydalar rəqəmsal demensiyanı müalicə etmək üçün daha münasibdir.

Bəzən insana bu kiçik yerdəyişmələr kömək etmir, çünki rəqəmsal asılılıq və nəticədə yaranan əsəb pozğunluğu daha kəskin forma ala bilər. Belə halda həkimə müraciət etmək, bəzi hallarda xüsusi müalicə terapiyası qəbul etmək məsləhətdir. Hazırda daxilində heç bir rəqəmsal qurğu olmayan müalicə müəssisələri də fəaliyyət göstərir. Yeri gəlsə, belə qapalı yerlərdə bir neçə ay keçirmək lazım gəlir.

Rəqəmsal demensiya olduqca təhlükəli bir xəstəlikdir. Hər bir orqanın müalicəsi var, bircə beyindən savayı. Beyin söndüsə, bütün orqanizmin fəaliyyəti dayanır. Özü də demensiyanın ilk simptomları aşkarlandıqdan sonra insan cəmi 6-11 il yaşayır. Xəstəliyə fikir vermədikdə, müalicə almadıqda 3-4 ilə insan həyatdan gedir. Rəqəmsal demensiyanı gənclərdə erkən aşkarladıqda, xəstəliyi tam müalicə etmək olur, amma etinasız yanaşmaq olmaz, çünki onun simptomları yaşlı insanlarada rast gəlinən demensiya ilə eynidir. Müalicənin də əsasında isə beyni yoran, lazımsız informasiya axınını tənzimləmək durur. Bu, əsas qaydadır, gözlənilsə, normal həyata qayıtmaq mümkün olur.

50
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda