Süni intellekt, arxiv şəkli

Rəqəmsal dünyanın "möcüzələri": Bipl Mask ənənəvi sənətə qarşı

294
(Yenilənib 18:08 19.03.2021)
Pandemiyanın tüğyan etdiyi dönəmdə bu cür virtual və rəqəmsal yeniliklər daha da populyarlaşıb. Virus xofuyla virtual aləmə "çəkilən" investorlar sadəcə virtual dünyada olan, bənzərsiz koinlərə pul yatırmağa başladılar.

İnternet aləm hər keçən gün bir az da irəliləyir, rəqəmsal ideyalar vərdiş etdiyimiz anlayşları, zövqləri, dəyərləri, biznes qaydalarını, həyat şərtlərini alt-üst edir.

Kriptovalyuta, qısaca olaraq "kripto" olaraq tanıdığımız, mübadilə vasitəsi olaraq yaradılan rəqəmsal aktivlər ortaya çıxanda bəlkə də dünya bu "möczəyə" gülürdü.

Satoşi Nakamoto təxəllüslü anonim biri tərəfindən 2009-cu ildən yaradılan Bitkoinin və digər kriptoların hazırki qiyməti dodaq uçuqladan həddədir. Bir vaxtlar Bitkoin adı çəkiləndə gülüb keçənlər indi bu valyutaya zamanında sahib olmadıqları üçün peşimanlıq yaşayır.

Görünən odur ki, internet dünyasının hüdudsuz imkanlarını təsəvvür etmək belə çətindir. Ancaq bir məsələ var ki, virtual aləmdə daha çox vaxt keçirənlər, bu qeyri-adi yeniliklərə bizlər qədər təəccüblənmir. Görünür XXI əsr bəşər övladına ən böyük sürprizləri məhz virtual aləmdə edəcək. Hər gün qarşılaşdığımız yeniliklər, bu sürprizlərin müjdəçisidir.

***

11 mart 2021-ci il tarixi virtual aləmdə, xüsusilə kripto dünyasında ağlasığmaz bir yeniliklə yadda qaldı. Bipl (Beeple) təxəllüsü ilə tanınan rəqəmsal rəssam Maykl Vinkelman tamimilə rəqəmsal aləmdəki əsərini 69,3 milyon dollara sataraq, ənənəvi sənət anlayışını alt-üst etməyi bacardı. Həyatdaykən əsərini yüksək məbləğə satmağı bacarmış rəssamların ilk üçlüyünü tamamlayan Vinkelmanın yaratdığı əsər NFT yəni "non-fungible token" olaraq sertifikatlaşdırılıb. Bu hadisə son illərin ən "çılğın" trendini, koinləri bir daha gündəmə gətirdi. Bu hadisə o qədər əks-səda doğurdu ki, biznes dünyasının dühası hesab olunan, kriptolara marağı ilə tanınan İlon Mask da reaksiyasız qalmadı. 15 mart tarixində tvitter hesabından klip paylaşan Mask "NFT-lər haqqındakı bu mahnını NFT kimi satıram" – mesajını verdi.

"Tesla" ve "SpaceX" kimi şirkətlərin qurucusu olan milyarder, bundan öncə də kriptovalyutalara maraq göstərirdi. Hətta dünyanı təəəccübləndirməyi sevən milyarderin yaxın vaxtlarda yeni kriptovalyuta yaradacağı, ödənişləri kripto ilə qəbul edəcəyi də gözlənilir.

***

Bəs Maykl Vinkelmanın ağlasığmaz qiymətə satdığı NFT nədir? İngiliscə açıqlaması "non-fungible token" olan NFT – qarşılığı olmayan və ya dəyişdirilə bilməyən nominal anlamında işlədilir. NFT-lərin hər biri bənzərsiz hesab edilir. Düşünün ki, müxtəlif şəxslərin əlində cəmləşən Bitkoinlər eyni dəyərdədir. Bir də hər şəxsin sahib olduğu Bitkoinin öz qiyməti olduğunu düşünün. NFT-lər məhz bu xüsusiyyəti ilə seçilir. Qısacası sizin internetdən milyonlarla dollara aldığınız ".jpg" formatlı rəsmin dünyada heç bir nominalla qarşılığı yoxdur. Yəni Biplın 69,3 milyon dollara satdığı adi ".jpg" formatlı NFT-nin minlərlə surəti olsa da, onların hər birinin orjinallığı və sahibi dəqiq olaraq bilinir. Ən sadə şəkildə NFT-ni domein adı, İP ünvanı ilə müqayisə etmək mümkündür.

***

Pandemiyanın tüğyan etdiyi dönəmdə bu cür virtual və rəqəmsal yeniliklər daha da populyarlaşıb. Virus xofuyla virtual aləmə "çəkilən" investorlar sadəcə virtual dünyada olan, bənzərsiz koinlərə pul yatırmağa başladılar. Qısa müddətdə bu bənzərsiz sənət populyarlaşdı və Bipl ".jpg" formatlı kollajı ilə ilk rekordu elan etdi. Ardınca İlon Mask bu sahəyə investisiya yatırmağa maraqlı olduğu paylaşdığı video ilə dünyaya bəyan etdi. Düşünürəm ki, bu hələ başlanğıcdır. Əminəm ki, dünyada yeni yayılmağa başlayan bu rəqəmsal sənət ənənəvi sənət anlayışına meydan oxumağa çalışacaq.

Lakin bu bir həqiqətdir ki, eyni səma altında yaşasaq da, "virtual dünyanın sakinləri" öz fərqli zövqləri və zövq anlayışları ilə ənənəvi sənətə meyl edən bizlərdən çox fərqlənirlər. Bu baxımdan ənənəvi sənətin ömrünün uzun olacağına inamım sonsuzdur.

294
Qız, arxiv şəkli

Zorakılığın adiləşməsi: kimdir günahkar?

66
(Yenilənib 20:06 11.04.2021)
İnsan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

BAKI, 11 aprel — Sputnik. Sosial şəbəkələrdə, xəbər saytlarında cinsi istismarla, zorlanma ilə bağlı xəbərlər gündəmə gələndə utancımdan özümə yer tapa bilmirəm. Bu cür xəbərləri oxuyanda özümü gücsüz, çarəsiz, təhqir olunmuş hiss edirəm. Hər dəfə qarşıma bu məzmunlu paylaşım, xəbər çıxanda o qədər sarsılıram ki, günlərlə keyiyirəm, ruhdan düşürəm, bəzən nəfəs almaqda da çətinlik çəkirəm. İnsan övladının qəddarlığı, xüsusilə ölkəmdə yaşayan, eyni havanı udduğum, eyni səma altında yaşadığım insanların heyvani hisslərlə, vəhşi instinktlərlə yaşaması, qəddarlaşması, hissizləşməsi məni qorxudur. Əminəm ki, neçə-neçə həssas insan mən yaşayan bu ağrılı hissləri yaşayır, həmin hadisədə zərər çəkənləri, zorakılıq qurbanlarını düşünür, düşündükcə gündə min yol yanındakı övladı, əzizləri, tanıdıqları, doğmaları üçün narahat olur. Təəssüf ki, bu cür xəbərləri tükünü tərpətmədən, zərrə qədər narahatlıq keçirmədən oxuyan, tirajlayan, reytinq xatirinə bu xəbərləri gündəmdə saxlayanlar var. Manyakların, qürursuzların və ləyaqətsiz ehtiras düşkünlərinin iyrənc əməllərini, bu qorxulu cinayətləri qeyri-peşəkar şəkildə təqdim etmək, paylaşmaq bəzi hallarda zorakılığı cəmiyyət üçün adiləşdirir. Bəzilərinin baş verənlərə reaksiyasız qalmasının bir səbəbi də bu xəbərlərin adiləşməsidir. Olduqca qorxulu, təhlükəli tendensiyadır. Zorakılığın, cinsi istismarın özü qədər, cəmiyyətin bu tip hadisələrə reaksiyasız qalması təhlükəlidir.

***

Qəbul edirəm ki, bütün cəmiyyətlərdə, hətta inkişafda bizdən çox-çox öndə olan ölkələrdə də bu cür iyrənc hadisələr baş verir. Bəli, razıyam ki, dünyanın bütün inkişaf etmiş cəmiyyətlərində bu hadisələr mediada işıqlandırılır. Ancaq hansı formada? Təbii ki, bu məsələlərdə peşəkar kodekslər gödən keçirilir, cəmiyyətin psixaloji aurası nəzərə alınır. Əlbəttə, media bu cür halları işıqlandırmalıdır. Sadəcə müharibədən yenicə çıxmış, pandemiyanın hər gün can aldığı, psixaloji gərginlikdə olan bir cəmiyyətdə bu xəbərlərin tirajlanmasında bir qayda, bir üslub tapılmalıdır. Narahatlığım medianın bu xəbərləri acgözcəsinə, bəh-bəhlə, manşetə çıxarması ilə bağlıdır. Bəzən media bu xəbərləri işıqlandırmadan hüquq mühafizə orqanlarına dəstək verməklə, onları təşviq etməklə hadisələrin açılmasına, günahkarın cəzalandırılmasına nail ola bilər. Təəssüf ki, əksəriyyət qısa müddətlik populyarlığın, məşhurlaşmağın, reytinq toplamağın arxasınca qaçır. İllərdir bu media xaosu davam edir və cəmiyyət hələ də bu faciələrdən dərs çıxarmayıb.

Məncə, insan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

***

Bu günlərdə Neftçalanın kəndlərinin birində azyaşlıya qarşı törədilən cinsi istismar olayı sadəcə dəhşətdir. Xüsusilə, zərərçəkənin bəzi yaxınlarının istismarda iştirakı, bəzilərinin isə hadisəni bilərək mane olmaması, göz yumması insanı dəhşətə gətirir. Mənəviyyatını və əxlaqını itirmiş bu cür qəddar insanlarla eyni cəmiyyətdə yaşamaq sözsüz ki, qorxulu, təhlükəlidir. İnanıram ki, tezliklə bu manyaklar, mənəviyyatını itirmiş şəhvət düşkünləri tezliklə öz layiq olduqları cəzanı alacaq. Düşünürəm ki, bu cəzalar da o qədər ədalətli, qanunlara və mənəviyyata əsaslanan şəkildə verilməlidir ki, bu cür əməlləri ağlından belə keçirənlər, çəkinməlidir.

Bir məqamı da xüsusi olaraq və ağrıyla qeyd etmək yerinə düşər: Azərbaycanda zorlanma, cinsi istismar, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri, yaxınları bəzən el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət etməkdən ehtiyat edir. Nəticədə günahkarlar cəzasız qalır, zərərçəkənlərin həyatı isə məşəqqətə çevrilir.

***

Birinci növbədə media, ictimai fəallar bu məsələləri ictimailəşdirərkən müəyyən qədər diqqətli olmalı, mənfi nümunə yaranmaması üçün, bu cür hadisələrin adiləşməməsi üçün çalışmalıdırlar. Eyni zamanda hüquq-mühafizə orqanları bu hadisələrin açılmasında, günahkarın cəzalandırılmasında fəal olmalı, insanlarda özlərinə qarşı güvən yaratmalıdır. Hər birimiz əlimizdən gəldiyi qədər ətrafımızdakı hadisələrə çevik və vicdanlı reaksiya verməli, bu cür dəhşətli hadisələrin azalması, aradan qalxması üçün çalışmalıyıq. Yaxınlarımızın, doğmalarımızın qurbana çevrilməməsi üçün, bu cür hadisələrin zərərçəkmiş qurbanalarına qarşı həssas olmalıyıq…

66
Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov, arxiv şəkli

Rezervlər, dualar Muradov erməniləri niyə muradına çatdırmadı?

54
(Yenilənib 18:38 11.04.2021)
Görünən odur ki, dronların səsini tez unudanlar var. Belə olmasaydı, Arayik Arutyunyan adlı quldur Xocalı rayonunun Naxçıvanlı kəndində ağacəkmə aksiyası şousu düzəltməzdi.

BAKI, 11 aprel - Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Sivilizasiyalararası toqquşma?

Ötən həftə Pentaqon “hərbi sıçrayış” üçün yeni texnolgiyalar axtardığını elan edib. Şimali Koreyanın lideri Kim Çen isə In təhsil naziri barəsində edam qərarı verib. Vaksin müharibəsi davam edir. Varlılar rezervlərini artırır, kasıb ölkələr isə dualarını. Dualar hələlik nəticə vermir, bəlkə lazım olan anda lazım olan yerdə səsləndirilimir. Mollanın lətifəsini bilirsiniz yəqin ki – qızılı itir, axtarır, soruşurlar ki, burda itib, deyir ki, yox, sadəcə, bura işıqlıdır deyə, burda axtarıram. Bəlkə də duaları konkret işlə əvəz etmək lazımdır.

ABŞ isə koronavirusa laboratoriyada hazırlanmış “Çin virusu” deyib dayanıb. Kim bilir, bəlkə də... Pandemiya Avropa və ABŞ iqtisadiyyatlarını silkələdiyi halda, Çin 2020-ci ili 2,3% artım ilə başa vurub. “Business Insider” jurnalının məlumatı maraq doğurur: “Təxminən 22 milyon amerikalı ərzağa ehtiyac duyur. Uşaqları olan hər altıncı ailə yemək üçün pul çətinliyi ilə qarşılaşıb”. Görünür, Cozef Baydenin ABŞ-ın hərbi büdcəsini 7 milyard dollar azaltmağı təklif etməyə hazırlaşması da təsadüfi deyil.

Deyəsən Fransada da aclıqdır. Parisdə ağxalatlı oğrular COVID xəstəsini qarət ediblər.

Münaqişə ocaqları

Yəhudi, rus və ukraynalı birlikdə qızıl balıq tuturlar. Balıq onların hərəsinin bir arzusunu yerinə yetirə biləcəyini bildirir.
Rus: “İstəyirəm ki, Krımda bircə dənə də ukraynalı qalmasın”.
Ukraynalı: “İstəyirəm ki, Krımda bircə dənə də rus qalmasın”.
Yəhudi: “Onların ikisinin də arzusunu yerinə yetirəndən sonra mənə də bir fincan çay zəhmət olmasa”.

Münaqişə ocaqlarında alovlanmalar hiss olunur. 16 ildir Rusiya-Ukrayna arasında donub-açılan Donbas münaqişəsi indi aktiv fazaya keçmiş kimi görünür. Yaxın günlərdə Hindistan və Pakistan arasında da toqqşuşmalar qeydə alınmışdı. Venesuelanın hərbi təlim təyyarələri isə bu günlərdə arabir Kolumbiya sərhədçilərini narahat edib.

Biz isə Ermənistana yerini göstərdik, ancaq görünən odur ki, dronların səsini tez unudanlar var. Belə olmasaydı, Arayik Arutyunyan adlı quldur Xocalı rayonunun Naxçıvanlı kəndində ağacəkmə aksiyası şousu düzəltməzdi. Meşələrimizi qıranlar, daşı-daşı üstündə qoymayanlar, abad şəhər və kəndləri “Qafqazın Xirosiması”na çevirənlər, Gəncənin vurulması ilə fəxr edən uşaq qatili indi ağac əkir.

Paşinyanın şparqalkası

Müharibə boyu müsahibələri ilə özünü daxili və bizim auditoriyanın əyləncəli kloununa çevirmiş Paşinyan öz ampluasındadır. Moskvada Putinlə görüşdə şparqalkadan oxuyub, pencəyinin bir qanadı kreslonun qolundan asılı qalıb...  Bundan öncəki Moskva səfərində yanında gəzdirdiyi, içini eşələdiyi, ancaq heç nə çıxarmadığı çantası isə deyəsən, bu dəfə İrəvanda qalmışdı.

İrəvan demişkən, burada Ermənistanın prezident olmaq arzusu ilə alovlanan Köçəryan adlı ikinci prezidenti Paşinyanı məhkəəməyə verib. Ölkəni bugünkü səfalətə sürükləyən Robert Köçəryan hesab edir ki, onun əleyhinə başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı ona dəyən mənəvi ziyan ödənilməlidir: 4 min dollar.

Müharibənin gedişi zamanı erməni analardan biri BBC-yə müsahibəsində belə demişdi: "Onları zirzəmilərdə böyüdüb döyüşə göndəririk". Müharibəni alovlandırdığı üçün Paşinyan məsuliyyət daşıyırdısa, zirzəmilərdə yaşayan insanlara görə Köçəryan müqəssirdir.

Yataqxanalar

Köçəryanın silahdaşlarının viran qoyduğu Qarabağda əsgərlərimizin yerləşməsi üçün modul tipli yataqxanalar tikilir. Məcburuq. Çünki bu yerlərdə nəinki məskunlaşmağa, heç bayraq asmağa da bina qalmamışdı.  

Yataqxana sözü həm də 90-cı illərin ağır-acısı ilə assosiasiya olunur biz  məcburi köçkün uşaqları üçün. Bir zamanlar Qarabağdan köçkün düşmüş soydaşlarımız üçün belə yataqxanalar da qurmaq imkanı yox idi, insanlar müxtəlif müəssisələrin yataqxanalarında yerləşirdi. Mən indi də Sumqayıtda, Tibb Texnikumun yataqxanasının yanından keçəndə həmin günləri xatırlayıram. Oyuncaqlarımız, velosipedimiz, kitablarımız, şəkillərimiz – heç nəyimiz yox idi, hamısı kəndlərimizdə qalmışdı.

Roma Papası Fransis İraqda
© Vatican Media /­ Handout via REUTERS

Minalar və diversantlar

Həftənin ən çox müzakirə olunan məsələlərindən biri də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi ilə bağlı idi. Bəli, minalar “gizli qatil”lər olaraq qalır. İrəvan toxum kimi səpdiyi minaların xəritələrini verməməklə “hərbi əsirlər” adlandırdığı 62 diversantı geri almaq üçün təzyiq göstərməyə çalışır. Bunun mümkün olmadığını görən Ermənistan rəsmiləri ənənəvi silahlarına – dezinformasiyya müraciət edirlər: açıqlama verildi ki, guya Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana erməni hərbi əsirlərin növbəti qrupunu gətirir. Təyyarə İrəvana enəndə isə məlum oldu ki, R.Muradov erməniləri muradına çatdırmayıb, əliboş gəlib.

Hadrut azad edildikdən sonra qəsəbənin adı yazılmış saxta plakatın yanından video və fotolar paylaşmaqla xalqı aldadanlar üçün bu, nə böyük yalandır ki?!

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına generalın cavabı belə olub: “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu, planlaşdırılmış, adi səfər idi”.

7 il öz ata-babalarının qəbirlərini ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevi əsir saxlayanlar indi terrorçularını geri tələb edir.

“Polis”in paqonlarını sökdülər

Lənkəranda Göyşaban kənd sakini Elsevər Cəfərzadənin “polis oyunu”nu polislər yarımçıq saxlayıb.

Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib.
Allah şəfa versin!

Atom mühasirəsində

Elektrik şəbəkəsində baş verən qısa qapanma nəticəsində İranın Nətanz Atom Elektrik Stansiyasında qəza baş verib. Ötən il bu stansiyada terror aksiyasına cəhd də olmuşdu. Lakin İranın xüsusi xidmət orqanları aksiyanın qarşısını almışdılar.

Ermənistandakı AES-in qəzalı vəziyyəti də məlumdur. Bir sözlə, təhlükəli atom stansiyaları ilə mühasirə olunmuş vəziyyətdəyik.

54

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

0
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

0
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi