Taksi nişanı, arxiv şəkli

Ağanatiq robota qarşı: Bakının atributlarından biri yox olacaq?

98
(Yenilənib 10:28 15.03.2021)
Gələcəkdə Ağanatiq kimi maraqlı personajlar sıramızdan çıxacaq, taksi sürücülərinin duzlu-məzəli söhbətlərini eşitməyəcəyik bir daha.

Deyirlər, ilk taksi Qədim Romada yaranıb. O dövrdə romalılar adətən şəhərdə piyada gəzərmişlər, amma yükü ağır olan şəhər əhli xüsusi xidmət göstərən arabalarda hərəkət edərmiş. Qədim taksilərin hətta maraqlı sayğacı da olarmış. Təkərə bərkidilmiş xüsusi tunc qaba hərəkət boyu kiçik daşlar düşərmiş. Sonda taksi sürücüsü daşları sayıb məsafəni təyin edərmiş. Buna uyğun da müştəri məbləğ ödəyərmiş. Romanın yolları çox mükəmməl idi deyə məbləğin hesablanmasında problem yaranmazmış.

Taksi sürücüsü Ağanatiq sözü üzə deyəndir...

Müasir şəhəri taksisiz təsəvvür etmək çətindir. Hərə bir tərəfə tələsir, kimi işə, kimi dərsə, kimi də aeroporta. Ailəsi ilə bağa gedən, dəniz kənarında istirahət etmək istəyən, yükünün nəqliyyatın başqa növləri ilə daşınması mümkün olmayan insanların bir çoxu məhz taksi sifariş etməklə vəziyyətdən çıxış yolu tapır. Ailə var, heç taksiyə də imkanı çatmır, amma evindəki yaşlı adamı həkimə ictimai nəqliyyatla apara bilmir, çünki marşrutun basırığında gediləsi halı yoxdur. Məcbur olub taksi çağırır, xəstəsini lazım olan yerə çatdırır.

Bakıda taksi sürücüsü olmaq həmişə şərəfli bir iş sayılıb. Köhnə bakılıların bir çoxu imkan daxilində elə “taksovatlıq” etməyi sevərdi. Hətta köhnə Azərbaycan filmlərinə baxdıqda xeyli maraqlı taksi sürücüsü obrazı ilə rastlaşırıq. Məsələn, “O qızı tapın” filmində Xalq artisti Muxtar Maniyevin canlandırdığı Hacıbala obrazı elə o dövrün taksi sürücüsünü dəqiq təsəvvür etməyə imkan yaradır.

Azərbaycan kinosunda belə obrazlar kifayət qədərdir. Hətta Azərbaycanın ən məşhur şən və hazırcavablar komandası olan “Bakılı oğlanlar”ın ən koloritli və cəlbedici personajlarından biri elə taksi sürücüsü Ağanatiqdir. Onunla bağlı hər tamaşada və çıxışlarda mütləq bir səhnəcik olub. Hətta sonralar elə “Ağanatiq” adlı film də çəkilib. Taksi sürücüsü Ağanatiq sözü üzə deyəndir, dünyanın hər üzünü görüb, hər cür adamla rastlaşıb, onun məzəli replikaları çox cəlbedicidir.

Sayğaca da baxan yox idi, sürücü nə dedi, gərək ödəyəsən

Elə indi də Bakının köhnə məhəllələrində vaxtilə taksi sürmüş bir çox insana rast gəlmək olar. Onların duzlu hekayələrini dinləmək insana bir zövq verir. Sovet dövrünün taksi sürücüləri indikilərdən xeyli fərqli idi. Özü də hər şəhərin bir qaydası vardı, yəni deyək, Moskvada taksi sürücüsünə “şef” deyə müraciət edirdilər, bir növ hörmət əlaməti olaraq. Elə SSRİ-nin paytaxtında taksidə işləmək, bəlkə də ən gəlirli və ən sayılan peşələrdən biri idi. O boyda şəhərdə cəmi 2000 taksi vardı, bəs eləmirdi. Sayğaca da baxan yox idi, sürücü nə dedi, gərək ödəyəsən. Taksi sürücüsü bir ayda adi vətəndaşın bir illik maaşını qazana bilərdi. Doğrudur, xərci də az deyildi. Həm özü dolanmalıydı, həm də rəhbərliyin haqqını verməliydi. Maşın xarab olanda da oturub 2-3 ay hansısa detalın gəlməsini gözləməzdi, elə öz cibindən təmirin pulunu ödəyib reysə çıxardı.

İttifaqın kiçik şəhərlərində də taksi çatışmazlığı duyulardı. Məsələn, Rostov-Don şəhərində taksi hansısa istiqamətdə hərəkət edirdisə, mütləq yolüstü müştəri götürərdi. Şəhərdə nəqliyyat qıtlığı vardı deyə heç kəs buna etiraz etməzdi, birtəhər sıxlaşıb gedərdilər. Rostovda taksi və ictimai nəqliyyat çatışmazlığı səbəbindən öz şəxsi avtomobilində taksi xidməti təklif edən minlərlə insan vardı. Şəhər rəhbərliyi buna göz yumardı, çünki nəqliyyat hamını evinə çatdırmaqda aciz idi, metro da yox idi.

“Atanşik”lərin sırasında qadınlar da olur

Taksi sürücüsünün həyatı heç də göründüyü kimi asan olmayıb. Moskva taksisində olan qaydalar elə Bakıda da var idi. Burada da qazancının böyük hissəsini paylamalı idin, yoxsa əməlli-başlı işləyə bilməzdin. Aeroport və ya vağzaldan müştəri daşımaq bütün günü şəhərdə qəpik-qəpik pul toplamaqdan xeyli gəlirli idi. Amma o yerdə durmaq üçün əlavə pul ödəməli olurdun. Özü də taksidə çalışmaq bəzən həm təhlükəli olurdu, həm də gəlirsiz. Gün boyu taksini bütün günü şəhərdə gəzdirib sonra sürücünü əlində olan son pulu alan cinayətkarlardan tutmuş xırda “atanşiklərə” qədər hər cür adama rast gəlmək olurdu. Elə olur, bir istiqamətdə taksi 4 adam götürür, hərə bir yerdə yolboyu düşür, birdən biri haradasa saxlatdırır, deyir, bir dəqiqə dükandan nəsə alacağam, sonra da yoxa çıxır. Baxırsan, müştəri deyir, saxla burada, indi pulu verirəm. Taksi sürücüsü lap bir saat belə gözləsə, xeyri yoxdur, aradan çıxıb artıq.

Taksi sürücülərini dinləsən, belə əhvalatlardan çox eşitmək olar. “Atanşik”lərin sırasında qadınlar da olur. Deyək, geyimli-keçimli bir xanım əyləşir maşina, deyir, qardaş, anam xəstədir, gedib onu gərək aparaq xəstəxanaya, yolda bir-iki dükanda saxlatdırıb bazarlıq edir, taksidən pul da götürür, sonda şəhərin o başına sürdürür. Son mənzildə isə xanım deyir, qardaş, gözlə, anamı düşürdüm aşağı. Elə o gedən gedir. Taksi sürücüsü şərlənməkdən də çox qorxur, elə qadın olur, polis bölməsinin önündə yaxasını cırır, guya ona təcavüz edirlər. Köhnə sürücülərin danışmağa çox sözü olur, belə macəraları görə-görə gəlirlər.

Hər müştəriyə görə belə sürücünün şirkətdəki hesabından müəyyən faiz tutulur

Yeni dövr taksi fəaliyyətində çox məsələni dəyişib. Böyük bir imperiyanın dağılması özü ilə yüzlərlə problem gətirdi, köhnə taksi parkları tədricən dağıldı, sıradan çıxdı. Köhnə Bakı taksiləri də tədricən aşılandı, kim bacardısa, bir qədər pul ödəyib öz sürdüyü maşını şəxsiləşdirdi, bacarmayan da işini tam itirdi. Benzinin qiyməti qalxdıqca köhnə “volqa”larda taksilik etmək də mümkünsüz oldu. Azərbaycana xaricdən gələn maşınların sayı artdıqca köhnə “Jiquli” və “Moskviç”lərdə müştəri daşıyanların da sayı azaldı. Şəhəri beş barmağı kimi tanıyan köhnə sürücüləri indi başqaları əvəzlədi. Rayonlardan iş dalınca gələnlərin bir çoxu elə taksi işinə qoşuldu. Kimi tədricən şəhəri tanıdı, kimi elə bu günə kimi tanımır, GPS sisteminə qoşulmaqla müştəri daşıyır.

Tıxaclarda itirilən zaman - Necə edək ki, ömrümüz yollarda keçməsin>>

Köhnə taksi sistemi o zaman dağıldı, ondan sonra tam mənada yenisini yaratmaq mümkün olmadı. Yəni bu gün paytaxtda daha çox taksi çalışır, onlarla taksi servisi xidmət təklif edir. İnternetlə olduğun və gedəcəyin yeri göstərə bilərsən. Qiymət də əvvəlcədən bilinir, taksi də gəlib çıxır. Amma bu xidməti təklif edənlər nə taksi sürücüləridir, nə də onların xüsusi avtomobilləri var. Sadəcə, öz maşını ilə çörək dalınca çıxanlardır. Bir sözlə, başıpozuq bir ordudur, yaxşısı da çıxa bilər qarşına, pisi də. Ağıllısı da ola bilər, dəlisi də. Taksi xidməti təklif edən şirkətlərin öz sürücüsünün psixoloji durumunu nə yoxlamağa, nə onun maşınının texniki vəziyyətini araşdırmağa imkanı yoxdur. Sadəcə sistem belə qurulub: taksi xidmətinə ehtiyacı olan insanlar bura zəng edir, dispetçer məsafəni dəqiqləşdirib qiyməti razılaşdırır, sonra isə yaxınlıqda yerləşən sürücülərdən birini lazım olan yerə yönləndirir. Hər müştəriyə görə belə sürücünün şirkətdəki hesabından müəyyən faiz tutulur.

Texnologiyanın inkişafı taksi xidmətinə ciddi təsir edir

Müştəri bəzən belə bir taksini xeyli müddət gözləməli də olur. Xidmət yönləndirir, taksi isə gəlib çıxmaq bilmir. Xüsusilə belə hallar pik saatda, axşam çağı ola bilər. Maşın az, tələbat isə çoxdur. Bəzən taksi tıxaca görə gələ bilmir, yəni ilişib qalır hansısa döngədə. Belə bir xidmət növünün yaranması, əslində, taksi sisteminə ciddi təsir edib. 30-40 il öncə taksilər bazarda qiyməti diktə edirdilərsə, hazırda bazar özü qiyməti tənzimləyir. Yəni insan maşın üçün yox, maşın insan üçün çalışır. Adambaşı 1-2 manata müştəri daşıyan taksilərin mövcudluğu isə qiymət artımının qarşısını alan əsas amilə çevrilib. Dünyada tətbiq olunan bir çox praktika elə Azərbaycanda da öz yerini tapıb. Məsələn, Cənubi Koreyada ictimai nəqliyyat kifayət qədər bahadır. 4 nəfər birləşib bir taksini bir istiqamətdə sifariş verəndə, elə avtobusa ödədiyini taksiyə verə bilər. Elə bizim 1 manatlıq taksilər kimi. 4 adam toplaşdısa, 1 manata 25-30 km yolu rahatca gedə bilərsən.

Bakının taksi sistemində yenilik etmək, nəsə bir qayda-qanun yaratmaq cəhdi çox olub. Hər dəfə dövlət xətti ilə xaricdən yeni avtomobillər alınır, sonra müəyyən taksi xidməti yaradılır, amma ümumilikdə qeyri-rəsmi məlumata görə, paytaxtda haradasa 30 min nəfər taksi fəaliyyəti ilə məşğul olur. Daimi işi olmayan, ya qazancı ailəni dolandırmağa kifayət etməyən bir çox insan məhz müştəri daşımaqla vəziyyətdən çıxış yolu tapır. Bu faktoru da nəzərə almamaq olmur.

Texnologiyanın inkişafı taksi xidmətinə ciddi təsir edir. Yeni mobil əlavələr yaranır, bir istiqamətdə hərəkət edən insanlar şəbəkədə qruplar yaradaraq bir-birinə dəstək olmaqla taksi bazarına təsir edir, internetdə öz yerini dəqiq göstərməklə taksini düz qapıya çağırmaq imkanı qazanılır. Gələcəkdə hətta sürücü peşəsinin sıradan çıxacağı da gözlənilir, çünki artıq bir sıra inkişaf etmiş ölkədə süni intellektin idarə etdiyi avtomobillər özünü doğruldub. Həm qayda gözlənilir, həm yollarda qəzanın sayı az olur. Robot nə alkoqollu içki qəbul edir, nə psixoloji durumu pis olur, nə də mənfi emosiyaya məruz qalır. Hər bir vəziyyətdə optimal qərar qəbul edir.

Taksi sürücüsünün süni intellektlə əvəzlənməsinin cəmi bir mənfi tərəfi var: o da emosional boşluğun yaranmasıdır. Gələcəkdə Ağanatiq kimi maraqlı personajlar sıramızdan çıxacaq, taksi sürücülərinin duzlu-məzəli söhbətlərini eşitməyəcəyik bir daha. Amma yəqin, buna da bir çarə taparlar.

98
Teqlər:
süni intellekt, robot, Bakı, taksi
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Həyatı mənasızlaşdıran, dünyanı qara rəngdə göstərən xəstəlik

31
(Yenilənib 23:12 04.05.2021)
Koronavirus xəstəsi olmaq nə deməkdir? Virusa tutulan insan nə kimi hisslər keçirir, harası ağrıyır, nəyi arzulayır?

Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır

İlkin mərhələdə xəstəliyin başlanması adi soyuqdəyməyə bənzədi. Bir az nasazlıq vardı, bir az sümüklər ağrıdı. Uzun müddət özümü müayinə etmək istəyirdim, tibb müəssissələrinin birinda “check-up” elan etdilər. Getdim müayinəyə, amma elan edilən qiymətdən xeyli artıq xərcim çıxdı. Əlavə analizlər götürdülər, nəsə ciddi patologiya tapılmadı. Ona da şükür. Amma xəstəxananın aşağı mərtəbəsi çox soyuq idi, lap sümüyə işləyirdi. Ola bilər, koronanı də həmin mərkəzdə tutmuşam, tibb ocaqlarında virusa yoluxma şansı daha çoxdur, belə ki, virus, bakteriya və müxtəlif mikroorqanizmlərin yaşadığı yer elə tibb ocaqlarıdır. Patoloji orqanizmlər burada olduqca rahat yaşayırlar. Heç bir vasitə ilə onları təmizləmək mümkün deyil.

Nasaz vəziyyətdə neçə gün elə ayaqüstü gəzdim, düşünürdüm tezliklə ötüb keçəcək. Nə ağırlaşırdı, nə də düzəlirdi. Belə anlaşılmaz, qəribə bir trans vəziyyətində idim. Görünür, inkubasiya dövründə elə belə də olmalıdır. Amma günlərin bir günü səhər özümdə dəhşətli zəiflik duydum. Qripin ağır formalarında belə olur. Həyatımda bir neçə dəfə həmin formada qrip olmuşam, elə bil, həyat qüvvəsi səni tərk edir, yaşamaq istəmirsən, hər şeyə maraq itir, nə yemək, nə içmək sənə ləzzət vermir. Nə bədənin, nə də ruhun hər hansı bir qidanı arzulayır. Elə yerində uzanıb bir nöqtəyə baxırsan. 2000-ci illərin əvvəllərində belə bir vəziyyətdə olmuşdum. Bəlkə də 2 həftə xəstəliklə çarpışmışdım. Bir xeyli də bərpa dövrü oldu.

Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən?

Bu dəfə də eyni cür oldu, halsızlıq, yüksək qızdırma davamlı oldu. Elə bil hansısa bir bataqlığa düşmüsən, əlindən heç nə gəlmir. Birtəhər hava axınını təmin edirsən, amma özünü çıxarda bilmirsən. Nə baş verdiyini anlamaq da çətindir. Bilmirsən, koronavirusa tutulmusan, yoxsa bərk qripsən? Hara müraciət edəsən? O da aydın deyil. Əgər gündüz təcili tibbi yardımı çağırsan, qızdırman aşağıdırsa, test götürülməyəcək. Tibbi yardım yalnız qızdırma 39 dərəcə olduqda koronavirus testi götürür. Gündüz qızdırman 37,7 dərəcədirsə, elə belə oturmalısan. Test olunmaq üçün bir xeyli telefonda ora-bura zəng etməlisən, şəhərdə yaşayırsansa, daha tez gələcəklər. Əgər Məmmədli və ya Mehdiabad sakinisənsə, test üçün gələn tapılmaz, amma gedib Xırdalan xəstəxanasında test oluna bilərsən.

Nə bilim, bir qədər ora-bura edilən zənglərin hər halda nəticəsi oldu. Gəlib test götürdülər, cavabı da tez gəldi, artıq səhər bilirdim: pozitiv çıxıb. Müxtəlif yerlərdən, yerli xəstəxanadan zəng edildi, axşamçağı hətta vitamin və mikroelementlərdən ibarət bir paket də yolladılar. Sink, selen, vitamin C, D kimi bir qədər həb və yağ formasında dərman vardı. Telefonuma da xəbərdarlıq gəldi: 15 gün evi tərk etmək olmaz, əks halda məsuliyyətə cəlb oluna bilərəm.

Yatmağa belə nifrət yaranır

Nəyləsə müalicə olundunmu? İlk növbədə orucumu pozmadım, yemək qəbulu mümkünsüz idi deyə, elə axşamlar iftar süfrəsində cüzi qida qəbul etdim. Həm də istəsən belə nəsə yeyə bilmirsən. Amma suyu həm axşam, həm də obaşdan qəbul edirdim. Bunun xeyri var. Qızdırma və ilkin zəiflik təqribən 1 həftə davam etdi. 5 gün davamlı olaraq "sistem" vurdurdum, bax bu, bəlkə də ən effektiv müalicə növüdür, çünki elə ilk iki-üç qəbuldan sonra xeyli yaxşılaşdım. "Sistem"i də orucu pozmadan axşam çağı vurdurdum. Tədricən bədən ağrıları azaldı, qızdırma çəkilib getdi.

Həm xəstə olduğumdan, həm də oruc tutduğumdan çəkidə haradasa 5-6 kilo itirdim, amma ümumən pis deyildim. Sadəcə bu xəstəliyin bir depressiv etapı da var, sevinc hissini itirirsən, dünya sənə qara rəngdə görünür. Başqa bir zaman doyunca yatmağı arzu edirsən, amma indi yatmağa belə nifrət yaranır, nə sevimli filmlər, nə komediya, nə triller səni cəlb etmir, kitab oxumaq istəmirsən, xəbər maraqlandırmır, nəyə əl atsan, elə qıcıq doğurur. Bircə balkona çıxıb gün şüalarından bəhrələnə bilərsən.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir

COVID-19-a tutuldunsa, deməli nə sən, nə də ailə üzvləri evi tərk edə bilməz. Eləcə 15 gün oturmalısan ac-yalavac, özü də zibil-filan da ata bilməzsən, yığmalısan evin çıxacağına. Nə meyvə ala bilməzsən, nə də çörək. Qanun bunu deyir. Pulun yoxdursa, lap pis, yəni günəmuzd işləyən bir adam koronavirusa tutulubsa, deməli elə 3-4 gün zorla davam gətirər, sonra mütləq qanunu pozmalıdır. Ən azı çörək pulunu haradan əldə etmək barədə düşünməlidir. Yenə evdə beş-üç manat ehtiyat pulun varsa, yaxınından, qonşudan dükana getmək barədə xahiş edə bilərsən, amma gərək yaxın duran ola.

Koronavirusun böhran dövrü 6-9 gün davam edir, sonra tədricən yaxşılaşma başlayır. Bir az öskürək və zəiflik olur. Bir də yuxunun bir az pozulması baş verir, çünki gündüz zəif olursan, başını atıb yatsan, sonra gecə yata bilmirsən. “Sirab” və ya “Badamlı” kimi mineral su içmək də faydalıdır, bədəndə mineral duz balansını bərpa edir.

Koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır

Məncə, koronavirusu Ramazan ayında keçirtmək özü bir xoşbəxtlikdir. Ramazan gəlir, bizim həm ruhumuzu təmizləyir, həm bədənimizi. Beyində olun bir çox lazımsız fikirlər harasa yox olur. Bəzi köhnə xəstəliklərimiz də elə bil, itir. Bu günlərdə sol ayağımda olan ağrılar birdən-birə itdi. Köhnə travma heç ayağı tam qatlamağa imkan vermirdi, indi elə bil dizə yığılmış su yoxa çıxıb, ayaq rahatca qatlanır, ağrı da yoxdur.

Ruhumuz da dincəlir, sağalır tədricən, koronavirusla birgə gələn qorxular, ağır fikirlər tədricən sıradan çıxır. Bilirsən, az qalıb, sabah-birigün ayağa durub gəzəcəksən. Başqa bir dövrdə xəstəliyə də, ruhun problemlərinə də qalib gəlmək çətindir, amma Ramazanda elə bil bir başqa aura olur.

Koronavirus tədricən çəkilib gedəcək, yenidən həyat eşqi qaynayacaq, Günəş, dəniz, hava özü ilə sevinc gətirəcək. Təmizlənmiş ruhla yaşamaq da rahat olacaq.

31
Qadın dişlərini müalicə etdirir, arxiv şəkli

Diş həkimləri, Alimpaşanın maralları, qapqara nikbinlik strategiyası

78
(Yenilənib 18:55 03.05.2021)
Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var.

- Həyatda ən çox nədən qorxursan?

- Qaranlıq otaqdan və diş həkimindən.

- Diş həkimini başa düşdüm, bəs qaranlıq otaqdan niyə qorxursan?

- Allah bilir, orda nə qədər diş həkimi var.

Bu, hansısa filmdən bir dialoqdur. Koronavirusla dünyanı silkələyən Çinin alimləri bu həftə müəyyən ediblər ki, son onilliklər ərzində Yerdə müşahidə olunan iqlim dəyişiklikləri onun oxunun əyilmə bucağını dəyişib. Başqa bir alim qrupu isə açıqlayıb ki, Marsa ezam olunmuş tədqiqat qrupunun yerə göndərəcəyi torpaq kapsullarının "Mars taunu"na səbəb ola bilmə təhlükəsi var. Səbəb kimi isə Marsda, məsələn, torpaqda mikroorqanizmlərin ola bilmə ehtimalı göstərilir.

Yaponiyadakı Sakurajima dağında isə vulkan püskürüb.

Bunlar hamısı qaranlıqdakı diş həkimləridir.

Orta Asiyada burulğan

Hələ Marsdan gətirilən torpaq yerə çatmasa da Orta Asiyada burulğan başlayıb. Amma bunda təbiətin günahı yoxdur. Qırğızlarla taciklər öz aralarında nəyisə bölüşdürə bilmirlər. Türk birliyinə nail olmaq arzusunun cuşa gəldiyi bu günlərdə iki türk ölkəsi bir-birinin qanını töküb: ölənlərin sayı 30-u ötüb, yaralıların sayı yüzlərlədir. Bölgədə münaqişə ocağını kimin yaratmağa çalışmasını müzakirə etmədən, qeyd edək ki, ekspertlər dünyada su hövzələri uğrunda savaşların yeni fazaya keçdiyi qənaətindədirlər və bunu da o qəbildən hesab edirlər.

Əlbəttə, Yer kürəsinin resursları 8 milyard əhali üçün yetərli deyil. Bu arada əhalisinin sayı ilə başı ağrıyan Çində kafe və restoranların müştəriləri qida qalıqlarına görə cərimə olunacaq. Qeyd edək ki, hər il bu ölkədə 18 milyard ton qida qalıqları toplanır. Bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.

Alimpaşa müəllimin maralları

Həmin qida qalıqlarını israf etməmək üçün heç olmasa Şəmkirdə - Alimpaşa müəllimin maral fermasında istifadə etmək olardı, amma gəl ki, bu həftə DTX kişini tutub Bakıya gətirdi. Maralları saxladığı dəmir barmaqlılqlar arasına, ola bilsin ki, indi onun özünü göndərəcəklər. Xeyli yeyintiyə yol veribmiş, yenidən sadalayıb, başınızı ağrıtmaq istəmirik.

Hüseynbala müəllimin öz işçilərinə "maral" münasibəti isə 2 həftə öncənin "tema"sı olsa da, o, bu həftə də manşet olmağı bacardı – müəllim dedi ki, "o qız mənim qızım yerindədir, ayıbdır, belə söhbətlər etməyin". Orucluq ayında "üzürü ayıbından betər" olan bu ayıb söhbəti çox uzatmadan, deyək ki, həftənin ən üzücü hadisələrindən biri dini bayramda qeydə alındı: İsraildə Laq ba-Omer bayramının keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində 44 nəfər öldü.

İrəvanın göz yaşları

Həftənin əvvəlində öz "qırğının" bayramını (Baydenin açıqlamasını bayram kimi qavradılar) qeyd edən ermənilər üçün həftənin sonu bir az nəsh gəldi. ABŞ Dövlət Departamenti onların kefinə soğan doğradı. Baydenin qondarma soyqırımla bağlı açıqlamasına Departamentin şərhi belə oldu: "ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb".

Hansı ki, İrəvanda "tarixi torpaqların" geri alınması ilə bağlı ümidlər cücərmişdi, Departament cücərtiləri çiçəkləməmiş dəfn etdi.

Eh, nə Moskva, nə də Vaşinqton göz yaşlarına inanmırmış. İllah da ki, o göz yaşları saxta ola.

Minasız gələcək

İki rus zabitinin anasının göz yaşları isə saxta deyil: Ötən həftə iki rus sülhməramlı avtomobilin minaya düşməsi nəticəsində yaralandı. Tank əleyhinə minadan yaxşı qurtulublar – yəqin anaları kilsədə şam yandırırmış.

Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə faktiki olaraq müharibəni davam etdirir. Artıq 100-dən çox azərbaycanlı bu "gizli qatillər"in qurbanı olub – ya yaralanıb, ya da həyatını itirib.

Avropa İttifaqı bu həftə bəyanat yaydı, üçtərəfli bəyanatdan məmnunluğunu ifadə etdi, eyni zamanda İrəvanı xəritələri verməyə çağırdı. Amma çi fayda. BMT qətnamələrinə 30 ildir məhəl qoymayan Avropa İttifaqının bir bəyanatını vecinə alacaq?!

Bu arada Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının "Google"da axtarışı ilə bağlı maraqlı məlumat açıqlandı. Sizcə, bu aparat barədə ən çox axtarış aparan kimlərdir? Bəli, ermənilər. Müasir insanın da bir bəlası var: xəstəliklərinin müalicəsini internetdə axtarır.

Bu arada qırğızlar da "Bayraktar" almaq üçün Türkiyəyə müraciət edib.

Qandinin heykəli

İrəvanda Hindistan Azadlıq Hərəkatının lideri M.Qandinin heykəlini yandırıblar. Əslində, Qarabağda islam və Azərbaycana aid abidələri yerlə bir edən toplumun hansısa liderin heykəlini yandırması təəccüb yaratmasa da, hərəkətin hind xalqına qarşı təhqir olduğu faktdır. Baxmayaraq ki, Dehli-İrəvan əlaqələri yaxşıdır, ancaq bud a yeni reallıqdır, ermənilər üçünmənəvi dəyərlər yoxdur.

İrəvandan söz düşmüşkən, bu həftə irəvanlılar şəhrdə torpaq sahəsinin azərbaycanlıya satılmasına etiraz ediblər, ancaq polis onları dəyənəklə qarşılayıb və bildirib ki, torpağı alan İran vətəndaşıdır.

Bilirsiniz də, Cənubi Azərbaycan hüquqi cəhətdən tanınan ifadə deyil, bütün cənubi azərbaycanlılar da İran vətəndaşıdır.

Qapqara və ağappaq

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qaldı.

Başqa bir zorakılıq faktı isə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qaynananın gəlinini döyməsi ilə bağlı idi – social şəbəkələrdə yayılan görüntülərə qaynananın reaksiyası birmənalı olub: "Zarafat edirdik". Gəlin də zarafatlaşmanı təsdiq edib.

Avtobus sürücüsünə yumruq atan növbəti "qəhrəman"ı da yəqin ki, görmüsünüz. O oğlan avtobus sürücüsünə ona görə yumruq atır ki, muskulu üçün sərf olunan vaxt və investisiya beyni və tərbiyəsi üçün də sərf olunmayıb.

Yazının əvvəlindəki qaranlıqdakı diş həkimləri barədə dialoq bədbinliyə əsas verməməlidir. Hər şeyin yaxı olacağına inanmaq lazımdır. "Nikbinlik strategiyadır. Əgər siz gələcəyin yaxşı olacağına inanmırsınızsa, gələcəyin yaxşı olması üçün heç vaxt addım atmayacaqsınız. Əgər ümidiniz yoxdur deyirsinizsə, onda ümidiniz olmayacaq. Seçim sizindir". Naum Çomski adında məşhur alimin belə bir tezisi var.

Dünyanın gələcəyi ilə bağlı xeyli pozitiv əsaslar da var axı. Bu həftəyə düşən bir neçə fakt bu qəbildəndir: Çində pilotsuz dron taksinin ilk sınağı keçirilib (Çinin təkcə dünya iqtisadiyyatında yox, yazılarımızdakı payı da artıb), Niderlandlı cütlük tamamilə 3D printerdə çap olunmuş evə köçüb, Avstraliyanın Monaş Universiteti alimləri alma yığımı üçün robot hazırlayıblar, rus alimlər süni dəri yaradıblar və s.

78
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

0
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər