Qadın iti ilə sahildə, arxiv şəkli

Zəhmətkeş qadınların bayramı, yoxsa...

558
(Yenilənib 00:31 08.03.2021)
Tarixçəsi nə qədər qarışıq və mübahisəli olsa da, 8 mart Beynəlxalq Qadınlar Günü əslində zəhmətkeş, qadın hüquqları və insan haqları uğrunda mübarizə aparmış inqilabçı qadınların xatirəsinin yada düşdüyü gündür.

8 mart 1857-ci il. Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində tekstil sektorunda çalışan 40 000 qadın aşağı məvacibə, 12 saatlıq iş rejiminə və pis iş şəraitinə etiraz olaraq tətilə başladı. Lakin ABŞ polisi aksiyaya amansızcasına müdaxilə etdi. Qadınlar fabriklərdə və fabriklərin qarşısında qurulan barrikadalarda çarəsiz və köməksiz qaldı. Polisin qəddar və amansız müdaxiləsinin ardınca başlayan yanğınlarda 129 qadın həlak oldu. Həlak olan qadınların dəfni olduqca izdihamlı keçdi...

8 mart 1908-ci il. Amerika sosial-demokratlarının çağırışı ilə Nyu-Yorkda etiraz aksiyaları başladı. Aksiyalarda 15 000-dən artıq qadın iştirak etdi. İllər öncə polis zorakılığı və yanğın nəticəsində öldürülən qadınların xatirəsi anıldı, onların tələbləri ilə oxşar tələblər irəli sürüldü. Aksiya qansız bitdi. Baş tutan aksiyanın devizi "Çörək və Gül" idi...

8 mart 1909-cu il. Amerika Sosialist Partiyası 1908-ci ildə Nyu Yorkda keçirilən etiraz aksiyalarını xatırlamaq üçün ilk "Beynəlxalq Qadınlar Günü" tədbirini keçirdi.

26-27 avqust 1910-cu il. Danimarkanın Kopenhagen şəhərində II Sosialist İnternasiyonalına bağlı Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirildi. Konfransda Almaniya Sosial-Demokrat Partiyasının nümayəndə heyətində təmsil olunan Klara Setkin və yoldaşları hər il "Qadınlar günü" keçirilməsi təklifi ilə çıxış etdi və təklif qəbul edildi.

Beynəlxaq Qadınlar Günü ilə bağlı müxtəlif tarixi hadisələr var və bu xranologiyanı uzatmaq mümkündür.

***

8 mart Beynəlxaq Qadınlar Gününün yaranması elə də uzaq tarix olmasa da, bu günlə bağlı müxtəlif tarixçələr, müxtəlif əhvalatlar danışılır və yazılır. Bəzi şaiyələrə görə 1910-cu ildə "Qadınlar Günü"nün qeyd olunması təklifini irəli sürən yəhudi əsilli Klara Setkin bu günlə bağlı ideyanı yəhudilərin "Purim bayramı" ilə üst-üstə düşməsini nəzərə alaraq irəli sürüb. Hər halda yəhudi təqviminə görə müxtəlif günlərə təsadüf edən "Purim bayramı" məhz 1910-cu ildə 8 mart tarixinə təsadüf edirmiş.

Eyni zamanda bu tarixi günü Rusiyada 1917-ci ildə baş tutan Sosialist inqilabi ilə əlaqələndirənlər də var. Çar Rusiyasında qadınların ağır həyat tərzinə qarşı etiraz nümayişi 1917-ci ilin 8 martında baş tutub. "Çörək və Sülh" devizi ilə xatırlanan bu nümayişdən sonra 8 mart "Qadınlar günü" kimi bütün Avropada qeyd edilməyə başlanıb. Sosialist inqilabının rəhbəri Leninin bu günün qeyd edilməsindəki rolu da danılmazıdır. Keçmiş SSRİ-də 1965-ci ildən etibarən 8 mart qeyri-iş günü idi.

BMT-də isə 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq qeyd edildi. İki il sonra, 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, "qadın hüquqları və beynəlxalq sülh günü" olaraq qəbul edildi...

***

Tarixçəsi nə qədər qarışıq və mübahisəli olsa da, 8 mart Beynəlxalq Qadınlar Günü əslində zəhmətkeş, qadın hüquqları və insan haqları uğrunda mübarizə aparmış inqilabçı qadınların xatirəsinin yada düşdüyü gündür. Dolayısıyla bu bayram öz hüquqları uğrunda mübarizə aparan, həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışan zəhmetkeş qadınların bayramıdır. Bu günün yaranmasının kökündə mübarizə, bərabərlik ideyası və inqilabi dəyərlər var. Qərb dünyası bu bayramı BMT-nin 1977-ci il Qurultayından sonra daha geniş şəkildə qəbul etməyə başlayıb. Günümüzdə kapitalist dünyası bu bayramı da geniş şəkildə və rahatlıqla istismar edə bilir. Artıq "Beynəlxalq Zəhmətkeş Qadınlar Günü" sadəcə "Beynəlxalq Qadınlar Günü" kimi qeyd edilir və kapitalist çılğınlığın bir parçasıdır. Bu günü bayram edən böyük əksəriyyət qeyd etdiyi günün tarixçəsindən, yaranma səbəbindən ümumiyyətlə xəbərsizdir. Təsəvvür edin ki, zəhmətkeş və inqilabçı qadınların mübarizəsinin xatirəsinə elan olunan, dünyada sosialist qadınların həmrəyliyi sayəsində formalaşan bu bayram indi kapitalizm üçün geniş bazar imkanları yaradıb. Hər il hədiyyələrə, dəbdəbəli bayram tədbirlərinə və bayram istirahətlərinə milyonlar xərclənir. Bu arada qeyd edim ki, kapitalizm, hətta ona düşmən olan ideologiyanın mübarizə tarixini də istismar etməyi bacaran əcaib bir sistemdir.

***

Ölkəmizdə bu bayram sovet dönəmindən bu yana qeyd edilir. 8 mart təqvimdə qeyri-iş gündür, ölkə başçısı hər il 8 mart Beynəlxaq Qadınlar Gününündə Azərbaycan qadınlarını təbrik edir. Azərbaycan qadını mental, dini basqılara baxmayaraq həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinədir.

"Vətən müharibəsi" ərəfəsində, Azərbaycan qadının vətənpərvərliyi və mübarizliyi gözəl nümunələrdən biri idi.

Ancaq təəssüf ki, hələ də xoşagəlməz hadisələrə şahid oluruq. Cəmiyyətin qadına münasibəti ürəkaçan olmasa da, zamanla bunun düzələcəyinə, namus cinayətlərinin, erkən nikahların, qadın qətllərinin aradan qalxacağına, sivil cəmiyyətə çevriləcəyimizə ümid edirik, bunun üçün çalışırıq. İnanırıq ki, Azərbaycan qadını cəmiyyətimizin formalaşmasında, irəli getməsində, inkişafında öz mübarizəsindən geri dönməyəcəkdir.

Son illərdə ölkəmizdə formalaşan feminst hərəkatın fəaliyyəti geniş kütlələr tərəfindən düzgün qəbul edilməsə də, feministlərin qadın hüquqları ilə bağlı keçirdiyi müxtəlif tədbirləri və aksiyaları da gözardı etmək olmaz. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyanın tələblərinin yerinə yetirilməsində, ölkəmizin modern dünya ilə yanaşı addımlamasında hamımız maraqlı olmalıyıq.

***

Sonda sevimli şairlərimdən Orxan Vəlinin "Quantitatif" şeiri ilə 8 mart Beynəlxaq Qadınlar Gününü münasibəti ilə bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirəm:

"Gözəl qadınları sevirəm

Zəhmətkeş qadınları da sevirəm

Gözəl zəhmetkeş qadınları

Daha çox sevirəm..."

558
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 Mart bayramı, 8 mart günü, 8 mart
Qatar gözləyən şəxslər, arxiv şəkli

Son qatar, “İskəndər”, tovuzlu qardaşlar utancaq “top ustaları”mız

53
(Yenilənib 10:11 05.04.2021)
Cəmiyyətdəki zorakılıq hadisələrinə ayrı-ayrı faktlar kimi baxmamalıyıq. Övladlarımıza sevməyi də, ayrılmağı da, istənilən kritik vəziyyətdə soyuqqanlı davranmağı da öyrətməliyik.

7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Son qatar

Qarabağın azadlığının nəticələri bölgənin sərhədlərini aşır. İqtisadi Əməkdaşlq Təşkilatından sonra bu həftə Türk Şurası ölkələri qələbə sevincimizi bölüşdü, verdikləri mesajlarla Qarabağın bərpasında iştirak edəcəklərini bəyan etdilər. Xüsusilə yeni nəqliyyat dəhlizləri Avropa və Asiyanı bağlamaqla iqtisadi fəallığa əhəmiyyətli təsir göstərəcək. Ermənistan da tarixi şans əldə edib – Rusiya və İranla daha rahat kommunikasiya yaratmaq, bokadadan çıxmaq, qonşuların getdiyi istiqamətə getmək üçün. Belə görünür ki, Paşinyan da bunu başa düşür və izah etməyə çalışır ki, Azərbaycan kosmosa uçur, at-ulaq dövrü deyil, son qatara özümüzü çatdırmalıyıq. Yoxsa...
Bu arada bu ölkədə yumurta qıtlığı yaranıb, onun qiyməti iki dəfə qalxıb. Rusiyadan yumurta idxal edən yük maşınları hava şəraitinə görə Rusiya-Gürcüstan sərhədində ilişib qalıb.
Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibət öyrənərkən BBC-nin müxbirinə İrəvan sakinlərindən biri deyir: “Lazım gəlsə, üç həftə yemək bişirmərik, amma qaz Azərbaycandan gəlməsin”. Görünür, xəstə ideologiya çox dərinə işləyib, hətta ac mədə belə emosiyaları azalda bilmir. Rasional düşünənlərin emosionalları inandırması bir az vaxt alacaq kimi görünür.

“İskəndər”

Bıçaq cərrahın əlində xilasedici, caninin əlində ölüm saçır. Ötən həftə Şuşada “İskəndər - M” raketinin qalıqları aşkarlandı. Bəli, görünən odur ki, cani qadağan olunmuş silahdan istifadə edibmiş. Bu həmin “İskəndər”dir ki, Sarqsyan siyasi rəqibi Paşinyanı küncə sıxmaq üçün onu niyə vaxtında atmadığını soruşurdu, baş nazir də cavab verdi ki, o, bu dağıdıcı silahı istifadə edib, sadəcə, onun 10 faizi partlayıb –  vaxtilə aldığınız raketlər keyfiyyətsiz olub... Sonra baş nazir raketlərin partlamadığı barədə açıqlamasını təkzib etdi. İndi isə qalıqlar üzə çıxır. İndi bu qalıqları da kimsə izah etməlidir.

Bioloji silah?!

Supergüclər isə deyəsən, artıq klassik raketlərə müraciət etmir. Dünya ölkələrinin bəzilərinin yeni qapanmaya getdiyi bu günlərdə koronavirusun Çin laboratoriyalarının istehsalı olması versiyası yenidən gündəmdədir. “Yeni növ koronavirusun yayılma xüsusiyyətləri onun böyük ehtimalla laboratoriya şəraitində yaradıldığını göstərir”. Bu fikri ABŞ-ın Xəstəliklərin Profilaktikası və İdarəetmə Mərkəzinin keçmiş rəhbəri Robert Redfild CNN-ə müsahibəsində deyib.
XIX əsrdə ABŞ-da yayılan çiçək və vəba pandemiyasının məsuliyyəti çinlilərin üzərində qalmışdı, hətta onlara yaşadıqları ərazilərdə hücumlar edilirdi. 1980-ci illərdə QİÇS yayılanda haitililər günahkar elan olundular. SARS epidemiyası da Çindən gələn bəla kimi təsnifləşdirildi. Tramp da koronavirusu “Çin virusu” adlandırmışdı. Ümid edək ki, bu viruslar Çinin bioloji silahı deyil.

Qorxuram, insanlar yaşaya...

Nə qədər radikal səslənsə də, bəlkə də elə hansısa üsulla “təmizləmə”yə lüzum var. Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar  - Əhməd və Zaur Əhmədovlar tutulublar. Sən demə, onlar şəhid valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, onlar barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək ümumilikdə 1 850 manat pul alıblar. “Qorxuram, elə bir zəmanə gələ, İnsanlar yaşaya, insanlıq ölə” (Bəxtiyar Vahabzadə).

Top ustalarımız

Qarabağdakı topçularımızdan fərqli olaraq “top ustaları”mız özünü doğrultmur. Dünya çempionatının seçmə turunun ilk oyununda Portuqaliyaya uduzduq, “Qarabağ”lı Maksim öz qapımızı dəqiq nişan aldı. Qətərlə yoldaşlıq oyununda onların da xətrinə dəymədik: 1-2. Nəhayət, ötən həftə Serbiyaya “ev”də eyni hesabla məğlub olduq. Olduqca proqnozlaşdırıla bilən komandayıq. Yoxsa makedonlar o boyda almanları məğlub edir, ermənilər 3 oyundan sonra hamını udub, qrupda liderdir, Lüksemburq İrlandiyanı məğlub edib, cırtdan Malta səfərdə slovaklara boy göstərir: 2-2. Dünya futbolunda autsayderlər yoxa çıxır, bir azdan tək qalacağıq. Bu arada millimizin baş məşqçisi, italyan De Byazi Portuqaliya ilə oyundan sonra maraqlı açıqlama vermişdi: “İlk hissədə futbolçular utancaq oynadılar”.
Həqiqətən, utanmasan, oynamağa nə var ki?!

Sülhün minalanmış yolu

Dünən Beynəlxalq Mina Xəbərdarlığı Günü idi. Mina məsələsi 5 aya yaxındır ki, bizim üçün daha artıq dərəcədə aktualdır. Düşmən işğal etdiyi bütün əraziləri sistemsiz şəkildə minalayıb, indi isə həmin ərazilərin xəritəsini verməkdən boyun qaçırır. Və bunun nəticəsidir ki, üçtərəfli bəyanatdan sonra 105 nəfər Azərbaycan vətəndaşı minaya düşüb, 20 nəfər həlak olub. Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə sülhə doğru gedən yolu da kələ-kötürləşdirir. Görünən odur ki, hələ bəlkə də uzun illər biz öz doğma torpaqlarımızda bu narahatlıqla dolaşmalı olacağıq.
Bu arada elə Mina Xəbərdarlığı Günündə Fransada səkkiz yaşlı uşaq Lion şəhəri yaxınlığında, bağlıq ərazidə Birinci Dünya Müharibəsi dövrünə aid qumbara tapıb.

Sevməyi və ayrılmağı öyrənmək...

Ötən həftə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildi. Keçmiş deputat Rafael Cəbrayılov isə dələduzluq maddəsi ilə saxlanıldı.

Gəncədə törədilmiş tükürpədici qətlin təfərrüatları da məlum olub: Sərdar adlı tələbə sevdiyi, sonradan ondan ayrılan qızı qətlə yetirib. Sonra onu “skoç”la sarıyaraq, böyük bir qutuya yerləşdirib, daha sonra isə zibilxanaya atıb. Məlum olub ki, Sərdar qızı ondan ayrıldığı üçün qətlə yetirib.

Cəmiyyətdəki zorakılıq hadisələrinə ayrı-ayrı faktlar kimi baxmamalıyıq. Hər bir bu cür olay cəmiyyəti üzərində saxlayan sütunların deqradasiyası kimi nəzərdən keçirilməlidir. Övladlarımıza sevməyi də, ayrılmağı da, istənilən kritik vəziyyətdə soyuqqanlı davranmağı da öyrətməliyik.  

53
Teqlər:
Azərbaycan, dünya, həftənin icmalı
Xırdalanda uşaqlar, arxiv şəkli

Rəqəmsal demensiya: uşaq ayları da unudur, saatdan da baş çıxara bilmir

51
(Yenilənib 09:59 02.04.2021)
Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Hər dövrün öz xəstəliyi olur. Yüz illərlə dünyanı çiçək, taun, vəba, yatalaq kimi xəstəliklər bürüyüb. Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Rəqəmsal demensiyanıi rəsmi tibb ciddi kliniki problem kimi tanıyıb

Günümüzdə texnologiya dövrünün öz xəstəlikləri yaranıb. Hazırda rəqəmsal demensiyanıi artıq inkişaf etmiş ölkələrin rəsmi tibbi ciddi kliniki problem kimi tanıyıb. Xüsusilə Yaponiyada vəziyyətin ağır olduğu qeyd edilir, çünki texnoloji inkişaf baxımından bura Kuba kimi ölkə ilə müqayisədə bir növ gələcək sayıla bilər.

Demensiya adətən yaşlı insanlarda rast gəlinən yaddaş zəifliyidir. Müəyyən yaşdan sonra bu xəstəliyə tutulan ahıl şəxslərdə beyin hüceyrələri zəifləyir, onların arasında əlaqə itir və insan hətta adını, yaşadığı yeri unudur, ailə üzvlərini belə tanıya bilmir. Sadə dillə desək, ağlını itirir, hər gün gördüyü işlər onun üçün olmazın çətinlik törədir. Mərkəzi əsəb sisteminin tənəzzülə uğraması nəticəsində belə insanlar hər hansı bir məlumatı normal qəbul etmək imkanını itirirlər. Diqqət yayılır, yaddaş pozulur, emosional vəziyyətdə qeyri-stabillik duyulur. Daha sonra əsəbilik yaranır.

Rəqəmsal demensiya isə daha ağır keçirilir, çünki adətən daha tez yaşda baş verir. Bu günün yeniyetməsində həm yaddaş zəifliyi, həm elementar məsələnin həllində duyulan acizlik müşahidə edilir. İnformasiya bolluğu, müxtəlif mənbədən gələn məlumat axını, eyni zamanda bir neçə işi görmək ehtiyacı beyini bir növ dondurur, yəni kompüterdə gördüyümüz hal insanda da əmələ gəlir.

Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir

Rəqəmsel demensiya bir sıra əlaməti ilə seçilir. Xəstəlik artıq yaş həddi tanımır, hətta ona daha çox yeniyetmələrdə rast gəlinir. Tez aşkarlandıqda, rəqəmsal demensiyanı müalicə etmək olur, amma məsələ ciddi və kompleks terapiya tələb edir. Diqqətin yayılması, yaddaşın və sadə bacarıqların itirilməsi adi hal alır. İnsan bir növ qazandığı biliyini tam itirə bilər. Rəqəmsal demensiya nəticəsində insanda Altsheymer və Parkinson xəstəlikləri də yarana bilər. Demensiyanı yaradan səbəblər sırasında mərkəzi əsəb sisteminin üzərinə rəqəmsal yükün düşməsi də göstərilir.

Müasir insanın, xüsusilə də uşaqların hansısa formada informasiyadan qaçmaq imkanı yoxdur. Televizor bütün günü fon kimi işləyir, kompüter, smartfon və planşet kimi qurğulardan dayanmadan informasiya axını gəlir, nəticədə beyinin yüklənməsi və sistemsiz məlumatların əsəb sisteminin işini əngəllənməsi müşahidə edilir. Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir. Deyək, ayların ardıcıllığını unudur, əqrəblə işləyən saatdan baş çıxarmaqda çətinlik çəkir. Diqqəti bir məsələ üzərində toplamaq mümkünsüz olur, hər bir neçə saniyədən bir sosial mediadan mesaj gəlir, yeniyetmə gördüyü işdən ayrılıb bu mənasız mesajlara diqqət ayırmalı olur. Bir platformadan başqasına sıçrayır.

Bu xəstəliyi “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar

Rəqəmsal demensiyanın əmələ gəlməsinin səbəbi məhz informasiya yükünün çox olmasıdır. Özü də insan hansısa məsələni həlli üçün beynini işə salırsa, bunda pis bir nəsə yoxdur. Sadəcə bir-biri ilə əlaqəli olmayan məlumat axını bir növ əsəb sistemini aşılayır. İstənilən proses sistemli olmalıdır. Bu halda bilik və bacarıqlar itirilmir.

Rəqəmsal demensiya insanın əqli imkanlarının azalmasına gətirib çıxarır. Bu xəstəliyi başqa cür, yəni “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar. Rəqəmsal texnologiyalar insanı bir növ düşünməkdən çəkindirir, çünki hansısa məsələni həll etməyə ehtiyac yoxdur. Hər bir sualın cavabı axtarış sistemində var, düşünmək əvəzinə cavabı axtarıb tapmaq lazımdır. İşləməyən orqan isə tədricən “ölür”, lazımsız bir elementə çevrilir. Neyronlar arasındakı əlaqə zənciri tədricən qırılır. Özü də axtarışda tapılan məlumat adətən analiz edilmir, sadəcə “copy past” yolu ilə beyinə yüklənir. Tənqidi düşüncə tərzi və yaddaş tədricən itirilir.

Televizoru fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir

Bu bəla ilə hər hansı mübarizə yolu varmı? Əlbəttə, var. Əgər proses çox dərinə işləməyibsə, bəzi sadə metodların köməyi ilə prosesi geri döndərmək olar. Müxtəlif yaş qrupları üçün müxtəlif yanaşma tələb olunur. Yeniyetmənin kompüter və ya planşet arxasında nə qədər zaman sərf etdiyinə valideyn nəzarət etməlidir, çünki rəqəmsal asılılıqdan elə-belə yaxa qurtarmaq olmur. İnternetin torunda ilişib qalmış gəncləri bu bəladan xilas etmək üçün texniki qurğularda itirilən zamana nəzarət mexanizmi yaradılmalıdır. Əgər uşaq və ya yeniyetmə günün 8-10 saatını smartfon və ya planşetdə keçirirsə, bununla kifayətlənməyib kompüterə də baş vurursa, evdə televizor fon kimi bütün günü işləyirsə, deməli problemin artıq olduğunu etiraf etməliyik.

Nədən başlamalı? Artıq qurğuları söndürməklə informasiya axınını bir qədər azaltmaq olur. Televizor və ya radionu fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir. Daha sonra gəncin smartfon və ya planşetdə zamanı 2-3 saata kimi məhdudlaşdırmaq lazımdır. Yeniyetmənin qurğusuna xüsusi valideyn nəzarəti proqramı da yükləmək olar. Bu halda gəncin hansı kontentə girdiyini, orada nə etdiyini də bilmək mümkün olacaq. Ziyanlı və mənasız kontent uşaq psixikasına olmazın zərbə endirir. İmkan daxilində valideyn ara-sıra uşağı ilə söhbət etməklə onun problemlərini araşdıra bilər.

Smartfonu adi telefonla əvəzləməklə sosial şəbəkədən uzaqlaşmaq olar

Bundan əlavə həftədə internetsiz və televizorsuz günlər təyin etmək olar. Belə terapiya nəinki gənclərə, hətta orta və yaşlı insanlara da xeyirli ola bilər. Ailəvi olaraq dəniz kənarına, təbiətin qoynuna və ya bağa getmək olar. Həmin günlər smartfonu adi düyməli telefonla əvəzləməklə bir qədər internet və sosial şəbəkədən uzaqlaşmaq olar. Rəqəmsal həyata yox deməklə, əsəb sistemini sakitləşdirmək, neyron əlaqələrini isə gücləndirmək mümkündür. Bəzi radikal sakinlər hətta elektrik enerjisindən də istifadəyə yox deyirlər, axşamçağı  şam yandırır, yeməyi isə ocaqda bişirirlər. Daha sərt qaydalar rəqəmsal demensiyanı müalicə etmək üçün daha münasibdir.

Bəzən insana bu kiçik yerdəyişmələr kömək etmir, çünki rəqəmsal asılılıq və nəticədə yaranan əsəb pozğunluğu daha kəskin forma ala bilər. Belə halda həkimə müraciət etmək, bəzi hallarda xüsusi müalicə terapiyası qəbul etmək məsləhətdir. Hazırda daxilində heç bir rəqəmsal qurğu olmayan müalicə müəssisələri də fəaliyyət göstərir. Yeri gəlsə, belə qapalı yerlərdə bir neçə ay keçirmək lazım gəlir.

Rəqəmsal demensiya olduqca təhlükəli bir xəstəlikdir. Hər bir orqanın müalicəsi var, bircə beyindən savayı. Beyin söndüsə, bütün orqanizmin fəaliyyəti dayanır. Özü də demensiyanın ilk simptomları aşkarlandıqdan sonra insan cəmi 6-11 il yaşayır. Xəstəliyə fikir vermədikdə, müalicə almadıqda 3-4 ilə insan həyatdan gedir. Rəqəmsal demensiyanı gənclərdə erkən aşkarladıqda, xəstəliyi tam müalicə etmək olur, amma etinasız yanaşmaq olmaz, çünki onun simptomları yaşlı insanlarada rast gəlinən demensiya ilə eynidir. Müalicənin də əsasında isə beyni yoran, lazımsız informasiya axınını tənzimləmək durur. Bu, əsas qaydadır, gözlənilsə, normal həyata qayıtmaq mümkün olur.

51
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda