Roma Papası Fransis İraqda

İlk Papa bizim üçün sadəcə, Klara xala

208
(Yenilənib 00:34 08.03.2021)
Biz həyat tərzimizə ad axtarmamışıq, bir qədər şablon səslənsə də, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri həmişə mehriban şəkildə yaşayıblar.

Qayıtmaq istəyənlər və istəməyənlər

Məcburi köçkünlər doğma torpaqlarına qayıtmaq istəyirmi? "Qaçqınkom" bu sualın cavabını tapmaq üçün sorğuya başlayıb. Minalanmış ərazilərə postlardan yayınaraq keçmək istəyənlərin, ərazilərin təmizlənməsini səbirsizliklə gözləyənlərin, kəndindən gələn videonu göz yaşları ilə izləyənlərin çoxluğu deməyə əsas verir ki, əksəriyyət "hə" deyəcək. Şübhəsiz, bu qərarda bölgədəki infrastruktur və iş imkanları da əhəmiyyətli rol oynayacaq.

Bu arada BMT araşdırıb ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycan torpaqlarına qayıtmaq arzusunda deyillər: "qaçqın vəziyyəti"nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər.

"Azərenerji" isə açıqlayıb ki, bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Koronavirus kəşfləri

Böhranlar həm də fürsətlər yaradır. Götürək, koronavirusu. Elektronlaşma, onlayn xidmətlər adi halda bu qədər sıçrayışa nail ola bilərdilərmi? İnnovativ axtarışlar bütün sahələrdə, bütün beyinlərdədir.

Niderlandda Peter van Veys adlı ixtiraçı koronavirus infeksiyasını standart testlərdən daha sürətli və daha asan müəyyən etməyə imkan verən bir cihaz yaradıb. İxtiraçının hazırladığı cihazda hava daxil olmayan kabinə girən şəxslər ya qışqırır ya da mahnı oxuyurlar. Bu zaman havanın təmizlənməsi işini icra edən cihaz həmin şəxsin ağzından çıxan bütün hissəcikləri toplayır və analiz edir, koronavirus infeksiyasının olub-olmadığını aşkar edir.

2011-ci ildə baş verən dəhşətli zəlzələ və sunami qurbanlarının anıldığı bu günlərdə Yaponiya sakini insanların ölən doğmaları ilə "danışmaları" üçün telefon köşkü hazırlayıb. İntiharların artıdığı, hətta "Tənhalıq Nazirliyinin yaradıldığı yaponları başa düşmək olar. İndi eyni "ixtira"nı ingilislər və polyaklar öz ölkələrində koronavirusdan həyatlarını itirmiş yaxınları ilə "danışmaq" üçün təkrarlamaq istəyirlər.

İlk Papa və Klara xala

Tarixdə ilk dəfə olaraq Roma Papası yolunu İraqdan salıb. 2000-ci illərin əvvəlləri ilə müqayisədə İraqdakı xristian əhalinin sayı 80% azalıb. Papanın səfərinin əsas səbəblərindən biri bölgədəki xristianlara dəstək nümayiş etdirməkdir. Hər halda, ümid edək ki, bundan da ali məqsəd var: dinlərarası dialoq.

Fikir verirsinizmi, multikulturalizm, dinlərarası dialoq bizim üçün yeni terminlərdir. Biz həyat tərzimizə ad axtarmamışıq, bir qədər şablon səslənsə də, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri həmişə mehriban şəkildə yaşayıblar. Məsələn, bizim 90-cı illərdə Sumqayıtda erməniəsilli qonşumuz var idi, ancaq ona nəinki kimsə "gözün üstə qaşın var, demirdi", digər qonşulardan o, heç nə ilə fərqləndirilmirdi. Hətta torpaqlarımızı işğal etmiş xalqın nümayəndəsi olan qadın bizim üçün sadəcə, Klara xala idi… Çünki o, Ermənistan dövlətinə görə məsuliyyət daşıya bilməzdi.

Vaksinləşdirdiklərimizdənsinizmi?

Dünyanın bir çox ölkələrinin vaksin ala bilmədiyi bu günlərdə zəngin ölkələrin sifarişləri dayanmaq bilmir. Bayden amerikalıların növbəti yazda normal həyata qayıda biləcəklərini açıqlayıb. İtaliya isə "Britaniya ştammı" gənclərə daha çox təsir etdiyinə dair xəbərdarlıq edib. İtalyanlar COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıblar. Norveçlilər isə peyvəndin əks təsirindən şübhələnirlər. Belə ki, vaksinasiyadan sonra bu ölkədə yüzdən çox insan ölüb. Buna görə də hökümət işçi qrup yaradıb.

Venesuela Prezidenti Nikolas Maduro isə COVID-19 əleyhinə Rusiya istehsalı olan peyvəndi vurdurduqdan sonra Tvitterdəki canlı yayımda rus dilində "spasibo" ifadəsini işlədib. Bu arada 6 mart tarixinədək Azərbaycanda 17,495 nəfər vaksinasiya olunub. Amma hələ ki, Çin dilində danışan yoxdur.

Tərəzi Allahı?

ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə Rusiyanın 14 təşkilatın adını "qara siyahı"ya salıb. ABŞ sanksiyaları bu vaxtadək İrana münasibətdə çox funksional və populyar idi. Bu yaxınlarda Rusiyadan S-300 raketlərini aldığı üçün Ağ Ev rəsmi Ankaranın da bəzi təmsilçilərini "qara siyahı"sına salmışdı.

Maraqlıdır, kim ABŞ-ı dünyadakı ədalət tərəzisinin sahibi təyin edib?! Nəyin yanlış, nəyin doğru olduğunu Vaşinqton təkbaşına necə müəyyən edir?!

Narkotikin PR-ı

Bütün fəaliyyət növlərində onlayn xidmətlərə keçid, görünür, Əlini də həvəsləndirib. O da məhsullarını onlayn rejimdə hərraca çıxarmaq üçün əvvəlcə təbliğat işlərinə start verib. Gəl ki, polis uşağın siftəsini korlayıb.

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan Əli İsmayılzadəni asayiş keçikçiləri klavyatura arxasında tutublar. Yada salaq ki, Ə.İsmayılazadə bu işdə pioner deyil, ondan öncə də eyni motivdə saxlanılanlar olmuşdu. Ancaq görünür, Əli "gözü çıxmış qardaşları"ndan heç nə öyrənməyib.

İsti və soyuq yer

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı vəsatətini ikinci dəfə imzalamadı. Xaos, anarxiya, toqquşmalar fonunda dərinləşdikcə, dərinləşir... Bu ölkə üçün SSRİ sanki yenicə dağılıb.

Köçəryanın bu həftə Rusiyalı jurnlistlərə müsahibəsində "əgər müharibənin nəticələri tərəflərdən birini qane etmirsə, bu, o deməkdir ki, yeni müharibə başalaya bilər" tezisini irəli sürdü. İndi gəlin, müharibənin içində çıxan hərbçinin dediklərinə baxaq. 19 yaşlı Hayk: "Bu müqavilə imzalanmasaydı, hətta indiki vəziyyətdə də olmazdıq. Bütün ordumuz orada ölmüş olardı. Və burada olan bir çox insanın orada nə baş verdiyindən xəbəri yoxdur".

Müsahibəsində Versal Sülh müqaviləsini xatırladan və Ermənistanı Almaniya ilə müqayisə edən Köçəryanın deyəsən, harasısa isti yerdədir, erməni xalqından və ordusundan xəbəri yoxdur.

208
Nana Ekvtimişvili

Nana Ekvtimişvilini niyə qısqanıram?

56
2019-cu ildə Azərbaycan dilində nəşr olunmuş Nana Ekvtimişvilinin "Armudlu düzəngahı" romanın uzun siyahıda olması, susqunluqda olan ədəbi mühitimizdə də yüngülvari “titrəyiş” yaratdı.

BAKI, 17 aprel — Sputnik. Bu günlərdə dünyanın ən prestijli ədəbiyyat mükafatlarından biri hesab ediləm Beynəlxalq Buker mükafatının 2021-ci il üçün uzun siyahısı açıqlanıb. Beynəlxalq Buker mükafatı hər il İngiltərədə və ya İrlandiyada çap olunan roman və hekayələr kitabının müəllifinə və tərcüməçisinə verilir.

Mükafatın məqsədi dünyanın müxtəlif xalqlarının önəmli ədəbiyyat nümunələrinin təqdim edilməsi və tanıdılmasıdır. Bukerin əsas məziyyətlərindən biri də tərcüməçilərə xüsusi önəm verməsidir. Birinci yer üçün nəzərdə tutulan 50 min avroluq mükafat yazıçı və tərcüməçi arasında bərabər bölünür. Eyni zamanda qısa siyahıya düşən yazıçıya və əsərin tərcüməçisinə 1000 avroluq mükafat nəzərdə tutulub.  Bukerin qısa siyahısının aprelin 22-də açıqlanacaq, qalibin mükafatlandırılması isə 2 iyunda təşkil ediləcək onlayn tədbirdə baş tutacaq.

***

“Buker-2021” uzun siyahısında 13 müəllif yer alıb. Siyahıda qonşu Rusiyadan Mariya Stepanova "Yaddaşın xatirəsinə", Gürcüstandan Nana Ekvtimişvili "Armudlu düzəngahı" əsərləri ilə təmsil olunur.

Məni qısqandıran siyahıdakı gürcü qonşumuz oldu. Nə yalan deyim, bir balaca paxıllıq da etdim. Bu barədə dostlarla söhbətimdə də nisgilimi dilə gətirib, kədərimi paylaşdım.

2019-cu ildə Azərbaycan dilində nəşr olunmuş Nana Ekvtimişvilinin "Armudlu düzəngahı" romanın uzun siyahıda olması, susqunluqda olan ədəbi mühitimizdə də yüngülvari “titrəyiş” yaratdı. Ədəbi mühitimizin canından bir gizilti keçdi.  Düzünü desəm Ekvtimişvilinin Buker kimi nüfuzlu mükafatın qısa siyahısa düşməsi, ərazisi və əhalisi Azərbaycandan kiçik, mədəniyyət və ədəbiyyata böyük büdcələr ayıra bilməyən Gürcüstanın ədəbiyyat və kino kimi mədəniyyət sahələrində bizdən xeyli irəlidə olması məni də yaxşı mənada narahat edir. Bizim ədəbiyyatın və mədniyyətin inkişafından məsul olan qurumlarımız, məsələn, elə Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Gürcüstanın bu sahədəki fəaliyyətindən örnək götürməlidir. Ekvtimişvilinin romanı 2015-ci ildə “Bakur Sulakauri Publishing in Georgia” nəşriyyatı tərəfindən nəşr olunub. Həmin ilin “Ən yaxşı gürcü romanı” seçilib. Əsər Writer’s House of Georgia”-nın maliyyə dəstəyi  ilə TEAS press Nəşriyyat Evndə tərcümə edilərək nəşr edilib. Qısacası, kitabın Azərbaycanda nəşr olunmasında və yayılmasında Gürcüstan tərəfi maraqlı olub və bu işə dəstək verib.

***

Bukerin qısa siyahısına düşmüş roman Azərbaycan dilində iki il öncə nəşr olunsa da, diqqətimi çəkməyib. Burada bir məqamı qeyd edim ki, müxtəlif qrant layihələri çərçivəsində maliyyələşdirilən nəşrlər kifayət qədər təbliğ olunmur. Yüzlərlə dünya səviyyəli əsər müxtəlif Azərbaycan nəşriyyatlarında tərcümə və çap olunub. Xüsusilə Türkiyənin TEDA qurumunun maliyyə dəstəyi ilə tərcümə və nəşr olunan əsərlərin əksəriyyətindən xəbərdaram və nəşriyyatların bu kitabları ciddi şəkildə təbliğ etməsi ilə demək olar ki, rastlaşmamışam. TEDA qurumunun xətti ilə maliyyə ayrılan 4 kitabın tərcüməçisi kimi deyə bilərəm ki, nəşriyyatlar bu layihələrin icrasında sadəcə maddi maraq güdür. Tərcüməçi üçün nəzərdə tutulan qonarara göz dikməkləri bir yana, bu kitabların müqavilə əsasında nəzərdə tutulan tirajında, təbliğatında da saxtakarlıq edirlər. Bütün bunlar tamamilə başqa mövzudur, bir gün bu mövzuya da əhatəli şəkildə qayıtmağı düşünürəm.

Ekvtimişvilinin TEAS Press Nəşriyyat Evində çap olunan “Armudlu düzəngahı” romanı barədə Bukerin uzun siyahısı açıqlanandan sonra xəbər tutmuşam və romanı bu günlərdə əldə edib oxumuşam. Hər halda rejissor kimi nüfuzlu festivallarda özünü təsdiq etmiş, debüt romanı öz ölkəsində “ilin romanı” seçilmiş, Almaniya, Hollandiya ciddi müzakirələrə yol açan Ekvtimişvilinin dilimizə tərcümə edilən “Armudlu düzəngahı” romanı bir qədər təbliğ olunsa oxucularımız üçün də faydalı olardı.

***

Ekvtimişvilinin “Armudlu düzəngahı” romanı mənə müasir ingilis nəsrini xatırladan romanını təhlil etmək istəməzdim. Roman haqqında yazacağım fikirlər təbliğat, təqdimat olacağı üçün, bu əziyyəti çəkməyəcəm. Bunun üçün qrant alan məsul qurumlar var və təbliğat da onların işidir. Zəhmət çəkib bu iş üçün də qonarar ayırsınlar, biz də ürəklə təbliğ edək.

Məni narahat edən yazıçılarımızın dünyaya çıxması üçün heç bir ciddi fəaliyyəti ilə diqqət çəkməyən Mədəniyyət Nazirliyi və AYB kimi qurumların fəaliyyətidir. Ən yaxşı halda Türkiyədə, hansısa tanınmamış nəşriyyatlarla ortaq layihələr çərçivəsində və ya müəllifin şəxsi tanışlığı hesabına beş-on kitab çıxıb. Tam məsuliyyətlə deyirəm ki, məsul qurumlar bu məsələlərdə qətiyyən maraqlı deyil. Əgər cəhd etsələr indiyə qədər hansısa nüfuzlu mükafatların uzun və ya qısa siyahılarında bizim müəlliflərin də imzalarına rast gələrdik.

Bizim Mədəniyyət Nazirliyi və AYB ədəbiyyata ayrılan dövlət vəsaitini lazımsız işlərə xərcləməklə məşğuldur. Nüfuzlu, titullu, arxalı, məmur yazıçılarımız isə çoxcildliklərini çap etdirib Nazirliyə satmaqla ədəbi fəaliyyətlərini bitmiş hesab edirlər. Yəni, heç dünyada adı çəkilən müəlliflərimizin də ciddi hədəfi yoxdur.

Düşünürəm ki, Xanım Nanadan daha istedadlı, daha uğurlu, daha bəşəri məsələlərə toxunmağı bacaran yazıçılarımız var. Məhz Mədəniyyət Nazirliyi, dövlət səviyyəsində layihələr həyata keçirməklə onları dünya səviyyəsində təqdim etməkdə maraqlı olmalıdır. Yoxsa “Nəsimi ili”, “Nizami ili” çərçivəsində büdcədən gələn pulu “sağa-sola səpələməklə” ədəbiyyatımızı təbliğ etmək qeyri-mümkündür.

Ümid edirəm ki, bir gün bizim də səsimiz eşidiləcək...

56
Qız, arxiv şəkli

Zorakılığın adiləşməsi: kimdir günahkar?

82
(Yenilənib 20:06 11.04.2021)
İnsan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

BAKI, 11 aprel — Sputnik. Sosial şəbəkələrdə, xəbər saytlarında cinsi istismarla, zorlanma ilə bağlı xəbərlər gündəmə gələndə utancımdan özümə yer tapa bilmirəm. Bu cür xəbərləri oxuyanda özümü gücsüz, çarəsiz, təhqir olunmuş hiss edirəm. Hər dəfə qarşıma bu məzmunlu paylaşım, xəbər çıxanda o qədər sarsılıram ki, günlərlə keyiyirəm, ruhdan düşürəm, bəzən nəfəs almaqda da çətinlik çəkirəm. İnsan övladının qəddarlığı, xüsusilə ölkəmdə yaşayan, eyni havanı udduğum, eyni səma altında yaşadığım insanların heyvani hisslərlə, vəhşi instinktlərlə yaşaması, qəddarlaşması, hissizləşməsi məni qorxudur. Əminəm ki, neçə-neçə həssas insan mən yaşayan bu ağrılı hissləri yaşayır, həmin hadisədə zərər çəkənləri, zorakılıq qurbanlarını düşünür, düşündükcə gündə min yol yanındakı övladı, əzizləri, tanıdıqları, doğmaları üçün narahat olur. Təəssüf ki, bu cür xəbərləri tükünü tərpətmədən, zərrə qədər narahatlıq keçirmədən oxuyan, tirajlayan, reytinq xatirinə bu xəbərləri gündəmdə saxlayanlar var. Manyakların, qürursuzların və ləyaqətsiz ehtiras düşkünlərinin iyrənc əməllərini, bu qorxulu cinayətləri qeyri-peşəkar şəkildə təqdim etmək, paylaşmaq bəzi hallarda zorakılığı cəmiyyət üçün adiləşdirir. Bəzilərinin baş verənlərə reaksiyasız qalmasının bir səbəbi də bu xəbərlərin adiləşməsidir. Olduqca qorxulu, təhlükəli tendensiyadır. Zorakılığın, cinsi istismarın özü qədər, cəmiyyətin bu tip hadisələrə reaksiyasız qalması təhlükəlidir.

***

Qəbul edirəm ki, bütün cəmiyyətlərdə, hətta inkişafda bizdən çox-çox öndə olan ölkələrdə də bu cür iyrənc hadisələr baş verir. Bəli, razıyam ki, dünyanın bütün inkişaf etmiş cəmiyyətlərində bu hadisələr mediada işıqlandırılır. Ancaq hansı formada? Təbii ki, bu məsələlərdə peşəkar kodekslər gödən keçirilir, cəmiyyətin psixaloji aurası nəzərə alınır. Əlbəttə, media bu cür halları işıqlandırmalıdır. Sadəcə müharibədən yenicə çıxmış, pandemiyanın hər gün can aldığı, psixaloji gərginlikdə olan bir cəmiyyətdə bu xəbərlərin tirajlanmasında bir qayda, bir üslub tapılmalıdır. Narahatlığım medianın bu xəbərləri acgözcəsinə, bəh-bəhlə, manşetə çıxarması ilə bağlıdır. Bəzən media bu xəbərləri işıqlandırmadan hüquq mühafizə orqanlarına dəstək verməklə, onları təşviq etməklə hadisələrin açılmasına, günahkarın cəzalandırılmasına nail ola bilər. Təəssüf ki, əksəriyyət qısa müddətlik populyarlığın, məşhurlaşmağın, reytinq toplamağın arxasınca qaçır. İllərdir bu media xaosu davam edir və cəmiyyət hələ də bu faciələrdən dərs çıxarmayıb.

Məncə, insan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

***

Bu günlərdə Neftçalanın kəndlərinin birində azyaşlıya qarşı törədilən cinsi istismar olayı sadəcə dəhşətdir. Xüsusilə, zərərçəkənin bəzi yaxınlarının istismarda iştirakı, bəzilərinin isə hadisəni bilərək mane olmaması, göz yumması insanı dəhşətə gətirir. Mənəviyyatını və əxlaqını itirmiş bu cür qəddar insanlarla eyni cəmiyyətdə yaşamaq sözsüz ki, qorxulu, təhlükəlidir. İnanıram ki, tezliklə bu manyaklar, mənəviyyatını itirmiş şəhvət düşkünləri tezliklə öz layiq olduqları cəzanı alacaq. Düşünürəm ki, bu cəzalar da o qədər ədalətli, qanunlara və mənəviyyata əsaslanan şəkildə verilməlidir ki, bu cür əməlləri ağlından belə keçirənlər, çəkinməlidir.

Bir məqamı da xüsusi olaraq və ağrıyla qeyd etmək yerinə düşər: Azərbaycanda zorlanma, cinsi istismar, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri, yaxınları bəzən el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət etməkdən ehtiyat edir. Nəticədə günahkarlar cəzasız qalır, zərərçəkənlərin həyatı isə məşəqqətə çevrilir.

***

Birinci növbədə media, ictimai fəallar bu məsələləri ictimailəşdirərkən müəyyən qədər diqqətli olmalı, mənfi nümunə yaranmaması üçün, bu cür hadisələrin adiləşməməsi üçün çalışmalıdırlar. Eyni zamanda hüquq-mühafizə orqanları bu hadisələrin açılmasında, günahkarın cəzalandırılmasında fəal olmalı, insanlarda özlərinə qarşı güvən yaratmalıdır. Hər birimiz əlimizdən gəldiyi qədər ətrafımızdakı hadisələrə çevik və vicdanlı reaksiya verməli, bu cür dəhşətli hadisələrin azalması, aradan qalxması üçün çalışmalıyıq. Yaxınlarımızın, doğmalarımızın qurbana çevrilməməsi üçün, bu cür hadisələrin zərərçəkmiş qurbanalarına qarşı həssas olmalıyıq…

82

Xalq artisti ilə vida mərasimi keçirilir

0
(Yenilənib 12:42 18.04.2021)
Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 18 aprel - Sputnik. Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Mərhum "Qurd qapısı" qəbristanlığında dəfn ediləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, onun dəfn yeri ailəsi tərəfindən, özünün vəsiyyəti ilə mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbristanlığı müəyyən edilib.

Daha əvvəl Nazirlikdən bildirilmişdi ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə, dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

0