Su daşıyan qadın, arxiv şəkli

Su içində susuzluq: quyular aşıb-daşır, içməyə isə su tapılmır

57
(Yenilənib 15:35 28.02.2021)
Gələcəkdə su müharibələrinin olacağını bir sıra analitik proqnozlaşdırır. Su neftdən, qazdan, daş kömürdən də baha olacaq.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakıya Xaçmazın Şollar kəndindən su çəkdirmək ideyasını reallaşdıranda, kimsə ona deyir, “Hacı, Bakının suyu özünə bəsdir. Kənardan su gəlsə, kəndləri su basacaq”. Bu deyimin həqiqətə nə qədər yaxın olduğunu demək çətindir, amma bugünkü günün prizmasından baxanda çox yerində deyilən sözə bənzəyir.

Kəndləri, gerçəkdən, su basır

Uşaq əllərini yuyur, arxiv şəkli
© AFP 2021 / DANIEL LEAL-OLIVAS

Bakıda və Abşeronda heç vaxt su bolluğu olmayıb. Quru subtropik iqlim hökm sürüb. Deyək, Tiflisdə külli miqdarda təmiz bulaq var, suyu yumşaq və bəyəniləndir. Gürcülər heç Kürün suyundan belə yararlanmaq istəmirlər, bir yandan çayı zibilləyirlər. Su tərəfdən bolluqdur bir növ. Bakı böyüdükcə, suya da tələbat günü-gündən artıb. Əlbəttə, Bakı kəndlərində çoxlu ovdan və şirin suyu olan dərin quyular olub. Bir xeyli göl, içməli qrunt suları şəhərin və yarımadanın hər yerində var. Amma artan şəhəri su ilə təmin eləmək elə-belə iş deyil.

Bakıda milyon tonlarla neft çıxarılırdı, deməli, böyüməyə məhkum idi. Suyu olmayan şəhər isə inkişaf edə bilməz. Tağıyev uzun müddət Bakıya su çəkilməsi üzrə hazırlanan layihələrin bir çoxunda iştirak edib. Şəhər dumasında onlarla ideya məhz baha olduğuna görə rədd edilmişdi. Özü də Şollar su kəmərinin çəkilməsi təkcə Tağıyevin vəsaiti hesabına reallaşmayıb. Belə bir işi görmək heç bir milyonçunun gücündə olan məsələ deyildi, amma Hacının böyük zəhməti və səyi nəticəsində Şollar suyu artıq 1917-ci ildə Bakıya verilməyə başlayır.

Fəlakət dağlarımızdan başlayıb: zirvələrdə illərlə qalan qar əriyib>>

Bu gün Şollar suyunu içmək Bakı sakini üçün Aya uçmaq qədər çətin məsələdir. Şollardan gələn su kəmərini bir neçə böyük şirkət istismar edir, yəni qablaşdıraraq satır, şirin qazlı içkilər hazırlayır. Birbaşa kiminsə evinə Şollar suyu gəlmir. Vaxtilə Tağıyevin qətiyyətlə qəbul etmədiyi Kür suyu şəhərin əsas tələbatını təmin edir. Şollar suyunun Bakıya verilməsinin Abşeron kəndlərini su basması ilə əlaqəsinin olub-olmadığını demək çətindir, çünki bu gün meqapolisə çox yerdən su verilir, amma kəndləri, doğrudan da su basır.

Yayın cırhacırında alaq əlindən qum görünmür

Bakının Zabrat, Ramana, Məmmədli, Binəqədi, Maştağa, Bilgəh və digər kəndlərində ərazilərin sürətlə bataqlaşması, həyətləri su basması artıq danılmaz bir həqiqətdir. Sosial şəbəkələrdə Abşeronda həyəti, bağ sahəsi olan hər iki-üç adamdan biri su ilə problem yaşadığını qeyd edir. Bir tərəfdən, vətəndaşların əli içməli suya çatmır, çünki qapısının yanından keçən ana xəttə qoşulmaq üçün xeyli qapı döyməli, bir ətək pul xərcləməlisən. Digər tərəfdən isə qrunt sularının Abşeronda ümumi səviyyəsi qalxıb, həyətlərdə olan quyular ağzınacan suyla doludur. Kiminin evini su basır, kimin həyətini. İnsan var, deyir, ilboyu həyətdən alaq təmizləyirəm, xeyri yoxdur, qamış da hər yeri basıb. Yayda Abşeron bağlarında tərtəmiz, qupquru müalicəvi qum olardı. Bağa köçən insanlar da müxtəlif diz-oynaq xəstəliklərini bu qumla müalicə edərdilər. İndi yayın cırhacırında alaq əlindən qum görünmür. Yarım metr yer qazırsan, su çıxır. Nə ağac əksən belə, kökü quyu suyuna çatan kimi quruyur.

Köhnə qayda ilə suyu açıb veririk sahələrə, hara gəldi axır

Abşeronun tədricən bataqlığa çevrilməsinin bir sıra səbəbi var. Sadalamağına dəyər. Birinci səbəb kəndlərə su çəkilməsi ilə paralel kanalizasiya sisteminin olmamasıdır. Bir çox həyətdə elə dədə-baba qaydası ilə şambo qazılır, su da həmin quyuya verilir. Amma bu şambo o şambodan deyil. 50 il hər tərəf qupquru idi. Bir dəfə şambo qazırdın, 30-40 il rahat istifadə edirdin. Su rahatlıqla qumdan süzülüb gedirdi. Ağaclar da bu sudan çəkirdi. İndi şambolar da qrunt suları ilə dolub.

Kimi dindirsən, deyir, bir-iki evkalipt alıb əkəcəyəm, bəlkə, bununla artıq sudan canımı qurtararam. Evkalipt də torpaqda nə su var, çəkir canına, şambo və ya quyu yanında ək, bir neçə ilə qalxsın 10-15 m hündürlüyə. Eyni yolla da iydə suyu çəkir, evkalipt əvəzinə onu da əkmək olar. Tağıyevin dövründə kiməsə Bakıda iydə və ya evkalipt əkməkdən danışsaydın, deyərdi, yəqin, başı xarab olub. Amma bu gün hətta evkalipti sıra ilə əkirlər, başqa çarə yoxdur.

Digər səbəb su itkiləri ilə bağlıdır. Prezident İlham Əliyevin ötən ilin avqustunda keçirdiyi müşavirədə bu problem də qeyd olunub. Dövlət başçısı su itkilərinin çox yüksək səviyyədə olduğunu bildirib: “Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir”.

Su elə-belə əmələ gəlmir, təmizlənməsinə, istehsalına, toplanmasına və saxlanılmasına milyonlarla vəsait sərf edilir. Sonra bu qiymətli məhsul itirilir, yəni istehlakçıya çatdırılmadan torpağa axıb gedir. Suyun itkisi tək adi vətəndaşa münasibətdə baş vermir, çünki biz o qədər də su işlətmirik. Suyun çox hissəsi böyük istehsalat müəssisələri, fermer təsərrüfatları, əkin sahələri, şəhərdə fəaliyyət göstərən böyük biznes mərkəzlərdə işlədilir. Çox hissəsi də elə qeyri-rasional sərf edilir, itirilir, məhv edilir, bir sözlə. Dünyanın bir çox ölkəsində suyu olduqca məqsədyönlü işlədərlər, əvvəlcə sistem qurulur, sonra xüsusi avadanlıq sahənin suya tələbatını təyin edir, quruluq dərəcəsini yoxlayır, sonra isə su damcı metodu ilə tələb olunan yerə verilir. 1 ton su belə israf edilə bilməz. Biz isə elə köhnə qayda ilə suyu açıb veririk sahələrə, hara gəldi axır. Bitkiyə suyun çatıb-çatmaması artıq ikinci dərəcəli sualdır. Torpaq şoranlaşır, sahələr bataqlığa çevrilir. Abşeron kimi bir quru məkanda ağcaqanad əlindən tərpənmək olmur.

Özünə yer tapmayan qrunt suları da gedib başqa yerdən üzə çıxır

Problem yaradan səbəblərdən biri qrunt sularının artmasına bağlıdır. Torpağa axan su qrunt sularının ümumi səviyyəsini qaldırır, amma əsas deyil. Min illərdir qrunt suları böyük su hövzələrinə axır. Abşerondakı kiçik gölləri də məhz elə qrunt suları qidalandırır. Bəzən bu sular xüsusi yollarla dənizə axıb gedir. Bu faktor hər bir tikintidə, yol çəkilişində, başqa işlərdə nəzərə alınmalıdır. Bəzən yeraltı çayların qabağı bilərəkdən alınmır, sadəcə tikinti zamanı məsələ diqqətdən kənarda qalır. Nəticədə qrunt suları bina və evlərin təməlini yuyur, su hövzəsinə çata bilmədiyindən həyətlərdəki quyulardan üzə çıxır. Bəzi kəndlərdə evi əldən gedən vətəndaşlar bütün günü nasosla suyu küçəyə vurmaqla problemi həll etməyə çalışırlar.

Digər tərəfdən hansısa məhəllədə daim küçəni su basırsa, hər yağışdan sonra küçə keçilməz bataqlığa çevrilirsə, deməli, evlər münasib yerdə tikilməyib. Yəni Bakıətrafı qəsəbələrdə öz-özündən yaranan bəzi məhəllələr heç bir halda yaşayış üçün yararlı deyil, sadəcə boş yer olmadığından yerli qurumlardan tikinti icazəsi alan vətəndaş evini burada tikib, sonra yanında daha bir ev tikilib, nəticədə böyük bir massiv yaranıb, amma kanalizasiya yoxdur, torpaq gillidir, su heç yayda belə çəkilib getmir. Bu qəsəbələrdə tikilən bir sıra hündürmərtəbəli binanın belə kanalizasiya qoşulması mümkünsüz olduğundan çirkab suları elə birbaşa yaxınlıqdakı göllərə axıdılır. Yayda üfunət iyindən və ağcaqanad əlindən durmaq olmur. Üstəlik, Abşeronda bir çox təbii göl də yox olmaqdadır, onlar qurudulur, yerində bina ucaldılır, özünə yer tapmayan qrunt suları da gedib başqa yerdən üzə çıxır.

İllərlə orada-burada sızıldayan xətlər nə vaxt təmir ediləcək?

Azərbaycanın su ehtiyatı elə də çox deyil, amma doğru-düzgün istifadə etsək, özümüzə bəs edəcək qədərdir. Bu, su təsərrüfatından rasional formada yararlanmaq gərəkdir. Qüvvələri bir yerə cəmləmək tələb olunur. "Azərsu" ASC-nin bütün işçi heyəti yararsız xətlərin təmirinə yönəldilməli, qəzalı su boruları dəyişdirilməlidir. Dövlət büdcəsindən yalnız ötən il "Azərsu"ya 38 milyon manat vəsait ayrılıb. Ən azı, suyun boş-boşuna yerə axmasının qarşısını almaq üçün kifayət qədər vəsait olub. Hər il dövlət subsidiya ayırır, amma nə su itkisinin qarşısı alınır, nə də tələb olunan işlər vaxtı-vaxtında görülür.

Su itkisinin qarşısını almaq beləmi çətindir? Hara baxırsan, elə yer-yurd sudur. Bu qurumun sutkada 24 saat işləyən briqadaları olmalıdır, çünki başqa cur alınmayacaq da. Hər gün mütləq haradasa bir qəza baş verir, güc-bəla ilə onların qarşısı alınır. Bəs illərlə orada-burada sızıldayan xətlər nə vaxt təmir ediləcək? Bu minvalla elə olan-qalan suyumuz axıb torpağa gedəcək.

Problemi həll etmək üçün bir neçə tədbir görülməlidir. Birinci, su itkisinin qarşısı alınmalı, əhali və mətbuatdan gələn siqnallara operativ reaksiya verilməlidir. İkincisi, xüsusi monitorinq qrupları yaratmaqla su təsərrüfatındakı vəziyyəti araşdırmaq lazımdır. Bəzən siqnal olmaya da bilər, amma su haradasa sıza bilər. Su itkisini bilmək üçün ümumi sayğaclar və nəzarətçilər olmalıdır. Su harada itirsə, həmin yerlərdə müvafiq işlər görmək lazımdır. Üçüncüsü, qrunt suları ilə bağlı ayrıca bir plan hazırlamaq gərəkdir. Alimləri işə cəlb etməklə xüsusi araşdırmalara ehtiyac duyulur. Əgər hansısa səbəbdən qrunt sularının qarşısı alınırsa, deməli, onların böyük hövzələrə yetişməsi üçün xüsusi borular tikilməlidir. Nəhayət, sudan səmərəli istifadə etmək üçün yollar düşünməliyik.

“Elektron su təsərrüfatı” informasiya sistemi də artıq yaradılıb

Sevindirici məqamlar da var. Problemin həlli üçün artıq 2020-ci ildə prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi də artıq yaradılıb və bir neçə gün öncə sistemin əsasnaməsi də təsdiq edilib.

Belə bir sistemin yaradılması həyatın tələbidir. Artıq bir neçə ildir, ölkədə quraqlıq kənd təsərrüfatına ciddi zərər verir. Belə bir halda su ehtiyatları olduqca ciddi nəzarətə alınmalı, onların idarə edilməsi xüsusi sistemin köməyi ilə reallaşmalıdır. Su işinə çox ciddi yanaşmalıyıq, bir tərəfdən, suya böyük ehtiyac duyulur, digər tərəfdən isə bu əvəzsiz neməti torpağa axıtmaqla Abşeron kimi gözəl bir məkanı bataqlığa çeviririk.

Gələcəkdə su müharibələrinin olacağını bir sıra analitik proqnozlaşdırır. Su neftdən, qazdan, daş kömürdən də baha olacaq. Enerji əldə etməyin yolunu, bəlkə də tapa bilərik, amma olmayan suyu necə əldə edəcəyik? Olanı qorumaq və düzgün paylaşdırmaq gərəkdir

57
Qatar gözləyən şəxslər, arxiv şəkli

Son qatar, “İskəndər”, tovuzlu qardaşlar utancaq “top ustaları”mız

53
(Yenilənib 10:11 05.04.2021)
Cəmiyyətdəki zorakılıq hadisələrinə ayrı-ayrı faktlar kimi baxmamalıyıq. Övladlarımıza sevməyi də, ayrılmağı da, istənilən kritik vəziyyətdə soyuqqanlı davranmağı da öyrətməliyik.

7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Son qatar

Qarabağın azadlığının nəticələri bölgənin sərhədlərini aşır. İqtisadi Əməkdaşlq Təşkilatından sonra bu həftə Türk Şurası ölkələri qələbə sevincimizi bölüşdü, verdikləri mesajlarla Qarabağın bərpasında iştirak edəcəklərini bəyan etdilər. Xüsusilə yeni nəqliyyat dəhlizləri Avropa və Asiyanı bağlamaqla iqtisadi fəallığa əhəmiyyətli təsir göstərəcək. Ermənistan da tarixi şans əldə edib – Rusiya və İranla daha rahat kommunikasiya yaratmaq, bokadadan çıxmaq, qonşuların getdiyi istiqamətə getmək üçün. Belə görünür ki, Paşinyan da bunu başa düşür və izah etməyə çalışır ki, Azərbaycan kosmosa uçur, at-ulaq dövrü deyil, son qatara özümüzü çatdırmalıyıq. Yoxsa...
Bu arada bu ölkədə yumurta qıtlığı yaranıb, onun qiyməti iki dəfə qalxıb. Rusiyadan yumurta idxal edən yük maşınları hava şəraitinə görə Rusiya-Gürcüstan sərhədində ilişib qalıb.
Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibət öyrənərkən BBC-nin müxbirinə İrəvan sakinlərindən biri deyir: “Lazım gəlsə, üç həftə yemək bişirmərik, amma qaz Azərbaycandan gəlməsin”. Görünür, xəstə ideologiya çox dərinə işləyib, hətta ac mədə belə emosiyaları azalda bilmir. Rasional düşünənlərin emosionalları inandırması bir az vaxt alacaq kimi görünür.

“İskəndər”

Bıçaq cərrahın əlində xilasedici, caninin əlində ölüm saçır. Ötən həftə Şuşada “İskəndər - M” raketinin qalıqları aşkarlandı. Bəli, görünən odur ki, cani qadağan olunmuş silahdan istifadə edibmiş. Bu həmin “İskəndər”dir ki, Sarqsyan siyasi rəqibi Paşinyanı küncə sıxmaq üçün onu niyə vaxtında atmadığını soruşurdu, baş nazir də cavab verdi ki, o, bu dağıdıcı silahı istifadə edib, sadəcə, onun 10 faizi partlayıb –  vaxtilə aldığınız raketlər keyfiyyətsiz olub... Sonra baş nazir raketlərin partlamadığı barədə açıqlamasını təkzib etdi. İndi isə qalıqlar üzə çıxır. İndi bu qalıqları da kimsə izah etməlidir.

Bioloji silah?!

Supergüclər isə deyəsən, artıq klassik raketlərə müraciət etmir. Dünya ölkələrinin bəzilərinin yeni qapanmaya getdiyi bu günlərdə koronavirusun Çin laboratoriyalarının istehsalı olması versiyası yenidən gündəmdədir. “Yeni növ koronavirusun yayılma xüsusiyyətləri onun böyük ehtimalla laboratoriya şəraitində yaradıldığını göstərir”. Bu fikri ABŞ-ın Xəstəliklərin Profilaktikası və İdarəetmə Mərkəzinin keçmiş rəhbəri Robert Redfild CNN-ə müsahibəsində deyib.
XIX əsrdə ABŞ-da yayılan çiçək və vəba pandemiyasının məsuliyyəti çinlilərin üzərində qalmışdı, hətta onlara yaşadıqları ərazilərdə hücumlar edilirdi. 1980-ci illərdə QİÇS yayılanda haitililər günahkar elan olundular. SARS epidemiyası da Çindən gələn bəla kimi təsnifləşdirildi. Tramp da koronavirusu “Çin virusu” adlandırmışdı. Ümid edək ki, bu viruslar Çinin bioloji silahı deyil.

Qorxuram, insanlar yaşaya...

Nə qədər radikal səslənsə də, bəlkə də elə hansısa üsulla “təmizləmə”yə lüzum var. Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar  - Əhməd və Zaur Əhmədovlar tutulublar. Sən demə, onlar şəhid valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, onlar barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək ümumilikdə 1 850 manat pul alıblar. “Qorxuram, elə bir zəmanə gələ, İnsanlar yaşaya, insanlıq ölə” (Bəxtiyar Vahabzadə).

Top ustalarımız

Qarabağdakı topçularımızdan fərqli olaraq “top ustaları”mız özünü doğrultmur. Dünya çempionatının seçmə turunun ilk oyununda Portuqaliyaya uduzduq, “Qarabağ”lı Maksim öz qapımızı dəqiq nişan aldı. Qətərlə yoldaşlıq oyununda onların da xətrinə dəymədik: 1-2. Nəhayət, ötən həftə Serbiyaya “ev”də eyni hesabla məğlub olduq. Olduqca proqnozlaşdırıla bilən komandayıq. Yoxsa makedonlar o boyda almanları məğlub edir, ermənilər 3 oyundan sonra hamını udub, qrupda liderdir, Lüksemburq İrlandiyanı məğlub edib, cırtdan Malta səfərdə slovaklara boy göstərir: 2-2. Dünya futbolunda autsayderlər yoxa çıxır, bir azdan tək qalacağıq. Bu arada millimizin baş məşqçisi, italyan De Byazi Portuqaliya ilə oyundan sonra maraqlı açıqlama vermişdi: “İlk hissədə futbolçular utancaq oynadılar”.
Həqiqətən, utanmasan, oynamağa nə var ki?!

Sülhün minalanmış yolu

Dünən Beynəlxalq Mina Xəbərdarlığı Günü idi. Mina məsələsi 5 aya yaxındır ki, bizim üçün daha artıq dərəcədə aktualdır. Düşmən işğal etdiyi bütün əraziləri sistemsiz şəkildə minalayıb, indi isə həmin ərazilərin xəritəsini verməkdən boyun qaçırır. Və bunun nəticəsidir ki, üçtərəfli bəyanatdan sonra 105 nəfər Azərbaycan vətəndaşı minaya düşüb, 20 nəfər həlak olub. Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə sülhə doğru gedən yolu da kələ-kötürləşdirir. Görünən odur ki, hələ bəlkə də uzun illər biz öz doğma torpaqlarımızda bu narahatlıqla dolaşmalı olacağıq.
Bu arada elə Mina Xəbərdarlığı Günündə Fransada səkkiz yaşlı uşaq Lion şəhəri yaxınlığında, bağlıq ərazidə Birinci Dünya Müharibəsi dövrünə aid qumbara tapıb.

Sevməyi və ayrılmağı öyrənmək...

Ötən həftə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildi. Keçmiş deputat Rafael Cəbrayılov isə dələduzluq maddəsi ilə saxlanıldı.

Gəncədə törədilmiş tükürpədici qətlin təfərrüatları da məlum olub: Sərdar adlı tələbə sevdiyi, sonradan ondan ayrılan qızı qətlə yetirib. Sonra onu “skoç”la sarıyaraq, böyük bir qutuya yerləşdirib, daha sonra isə zibilxanaya atıb. Məlum olub ki, Sərdar qızı ondan ayrıldığı üçün qətlə yetirib.

Cəmiyyətdəki zorakılıq hadisələrinə ayrı-ayrı faktlar kimi baxmamalıyıq. Hər bir bu cür olay cəmiyyəti üzərində saxlayan sütunların deqradasiyası kimi nəzərdən keçirilməlidir. Övladlarımıza sevməyi də, ayrılmağı da, istənilən kritik vəziyyətdə soyuqqanlı davranmağı da öyrətməliyik.  

53
Teqlər:
Azərbaycan, dünya, həftənin icmalı
Xırdalanda uşaqlar, arxiv şəkli

Rəqəmsal demensiya: uşaq ayları da unudur, saatdan da baş çıxara bilmir

50
(Yenilənib 09:59 02.04.2021)
Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Hər dövrün öz xəstəliyi olur. Yüz illərlə dünyanı çiçək, taun, vəba, yatalaq kimi xəstəliklər bürüyüb. Nə çarəsi olub, nə də müalicəsi. Eləcə ölən ölüb, qalan qalıb. 20-ci əsrdə həm tibbin, həm də texnoloji tərəqqinin inkişafı onların qarşısını alıb. Amma Dədə Qorqud demişkən, nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır.

Rəqəmsal demensiyanıi rəsmi tibb ciddi kliniki problem kimi tanıyıb

Günümüzdə texnologiya dövrünün öz xəstəlikləri yaranıb. Hazırda rəqəmsal demensiyanıi artıq inkişaf etmiş ölkələrin rəsmi tibbi ciddi kliniki problem kimi tanıyıb. Xüsusilə Yaponiyada vəziyyətin ağır olduğu qeyd edilir, çünki texnoloji inkişaf baxımından bura Kuba kimi ölkə ilə müqayisədə bir növ gələcək sayıla bilər.

Demensiya adətən yaşlı insanlarda rast gəlinən yaddaş zəifliyidir. Müəyyən yaşdan sonra bu xəstəliyə tutulan ahıl şəxslərdə beyin hüceyrələri zəifləyir, onların arasında əlaqə itir və insan hətta adını, yaşadığı yeri unudur, ailə üzvlərini belə tanıya bilmir. Sadə dillə desək, ağlını itirir, hər gün gördüyü işlər onun üçün olmazın çətinlik törədir. Mərkəzi əsəb sisteminin tənəzzülə uğraması nəticəsində belə insanlar hər hansı bir məlumatı normal qəbul etmək imkanını itirirlər. Diqqət yayılır, yaddaş pozulur, emosional vəziyyətdə qeyri-stabillik duyulur. Daha sonra əsəbilik yaranır.

Rəqəmsal demensiya isə daha ağır keçirilir, çünki adətən daha tez yaşda baş verir. Bu günün yeniyetməsində həm yaddaş zəifliyi, həm elementar məsələnin həllində duyulan acizlik müşahidə edilir. İnformasiya bolluğu, müxtəlif mənbədən gələn məlumat axını, eyni zamanda bir neçə işi görmək ehtiyacı beyini bir növ dondurur, yəni kompüterdə gördüyümüz hal insanda da əmələ gəlir.

Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir

Rəqəmsel demensiya bir sıra əlaməti ilə seçilir. Xəstəlik artıq yaş həddi tanımır, hətta ona daha çox yeniyetmələrdə rast gəlinir. Tez aşkarlandıqda, rəqəmsal demensiyanı müalicə etmək olur, amma məsələ ciddi və kompleks terapiya tələb edir. Diqqətin yayılması, yaddaşın və sadə bacarıqların itirilməsi adi hal alır. İnsan bir növ qazandığı biliyini tam itirə bilər. Rəqəmsal demensiya nəticəsində insanda Altsheymer və Parkinson xəstəlikləri də yarana bilər. Demensiyanı yaradan səbəblər sırasında mərkəzi əsəb sisteminin üzərinə rəqəmsal yükün düşməsi də göstərilir.

Müasir insanın, xüsusilə də uşaqların hansısa formada informasiyadan qaçmaq imkanı yoxdur. Televizor bütün günü fon kimi işləyir, kompüter, smartfon və planşet kimi qurğulardan dayanmadan informasiya axını gəlir, nəticədə beyinin yüklənməsi və sistemsiz məlumatların əsəb sisteminin işini əngəllənməsi müşahidə edilir. Bu günün uşağı adi məsələnin həllində acizlik ifadə edir. Deyək, ayların ardıcıllığını unudur, əqrəblə işləyən saatdan baş çıxarmaqda çətinlik çəkir. Diqqəti bir məsələ üzərində toplamaq mümkünsüz olur, hər bir neçə saniyədən bir sosial mediadan mesaj gəlir, yeniyetmə gördüyü işdən ayrılıb bu mənasız mesajlara diqqət ayırmalı olur. Bir platformadan başqasına sıçrayır.

Bu xəstəliyi “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar

Rəqəmsal demensiyanın əmələ gəlməsinin səbəbi məhz informasiya yükünün çox olmasıdır. Özü də insan hansısa məsələni həlli üçün beynini işə salırsa, bunda pis bir nəsə yoxdur. Sadəcə bir-biri ilə əlaqəli olmayan məlumat axını bir növ əsəb sistemini aşılayır. İstənilən proses sistemli olmalıdır. Bu halda bilik və bacarıqlar itirilmir.

Rəqəmsal demensiya insanın əqli imkanlarının azalmasına gətirib çıxarır. Bu xəstəliyi başqa cür, yəni “rəqəmsal ağıl zəifliyi” də adlandırırlar. Rəqəmsal texnologiyalar insanı bir növ düşünməkdən çəkindirir, çünki hansısa məsələni həll etməyə ehtiyac yoxdur. Hər bir sualın cavabı axtarış sistemində var, düşünmək əvəzinə cavabı axtarıb tapmaq lazımdır. İşləməyən orqan isə tədricən “ölür”, lazımsız bir elementə çevrilir. Neyronlar arasındakı əlaqə zənciri tədricən qırılır. Özü də axtarışda tapılan məlumat adətən analiz edilmir, sadəcə “copy past” yolu ilə beyinə yüklənir. Tənqidi düşüncə tərzi və yaddaş tədricən itirilir.

Televizoru fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir

Bu bəla ilə hər hansı mübarizə yolu varmı? Əlbəttə, var. Əgər proses çox dərinə işləməyibsə, bəzi sadə metodların köməyi ilə prosesi geri döndərmək olar. Müxtəlif yaş qrupları üçün müxtəlif yanaşma tələb olunur. Yeniyetmənin kompüter və ya planşet arxasında nə qədər zaman sərf etdiyinə valideyn nəzarət etməlidir, çünki rəqəmsal asılılıqdan elə-belə yaxa qurtarmaq olmur. İnternetin torunda ilişib qalmış gəncləri bu bəladan xilas etmək üçün texniki qurğularda itirilən zamana nəzarət mexanizmi yaradılmalıdır. Əgər uşaq və ya yeniyetmə günün 8-10 saatını smartfon və ya planşetdə keçirirsə, bununla kifayətlənməyib kompüterə də baş vurursa, evdə televizor fon kimi bütün günü işləyirsə, deməli problemin artıq olduğunu etiraf etməliyik.

Nədən başlamalı? Artıq qurğuları söndürməklə informasiya axınını bir qədər azaltmaq olur. Televizor və ya radionu fon kimi yandırmağı birdəfəlik yığışdırmaq gərəkdir. Daha sonra gəncin smartfon və ya planşetdə zamanı 2-3 saata kimi məhdudlaşdırmaq lazımdır. Yeniyetmənin qurğusuna xüsusi valideyn nəzarəti proqramı da yükləmək olar. Bu halda gəncin hansı kontentə girdiyini, orada nə etdiyini də bilmək mümkün olacaq. Ziyanlı və mənasız kontent uşaq psixikasına olmazın zərbə endirir. İmkan daxilində valideyn ara-sıra uşağı ilə söhbət etməklə onun problemlərini araşdıra bilər.

Smartfonu adi telefonla əvəzləməklə sosial şəbəkədən uzaqlaşmaq olar

Bundan əlavə həftədə internetsiz və televizorsuz günlər təyin etmək olar. Belə terapiya nəinki gənclərə, hətta orta və yaşlı insanlara da xeyirli ola bilər. Ailəvi olaraq dəniz kənarına, təbiətin qoynuna və ya bağa getmək olar. Həmin günlər smartfonu adi düyməli telefonla əvəzləməklə bir qədər internet və sosial şəbəkədən uzaqlaşmaq olar. Rəqəmsal həyata yox deməklə, əsəb sistemini sakitləşdirmək, neyron əlaqələrini isə gücləndirmək mümkündür. Bəzi radikal sakinlər hətta elektrik enerjisindən də istifadəyə yox deyirlər, axşamçağı  şam yandırır, yeməyi isə ocaqda bişirirlər. Daha sərt qaydalar rəqəmsal demensiyanı müalicə etmək üçün daha münasibdir.

Bəzən insana bu kiçik yerdəyişmələr kömək etmir, çünki rəqəmsal asılılıq və nəticədə yaranan əsəb pozğunluğu daha kəskin forma ala bilər. Belə halda həkimə müraciət etmək, bəzi hallarda xüsusi müalicə terapiyası qəbul etmək məsləhətdir. Hazırda daxilində heç bir rəqəmsal qurğu olmayan müalicə müəssisələri də fəaliyyət göstərir. Yeri gəlsə, belə qapalı yerlərdə bir neçə ay keçirmək lazım gəlir.

Rəqəmsal demensiya olduqca təhlükəli bir xəstəlikdir. Hər bir orqanın müalicəsi var, bircə beyindən savayı. Beyin söndüsə, bütün orqanizmin fəaliyyəti dayanır. Özü də demensiyanın ilk simptomları aşkarlandıqdan sonra insan cəmi 6-11 il yaşayır. Xəstəliyə fikir vermədikdə, müalicə almadıqda 3-4 ilə insan həyatdan gedir. Rəqəmsal demensiyanı gənclərdə erkən aşkarladıqda, xəstəliyi tam müalicə etmək olur, amma etinasız yanaşmaq olmaz, çünki onun simptomları yaşlı insanlarada rast gəlinən demensiya ilə eynidir. Müalicənin də əsasında isə beyni yoran, lazımsız informasiya axınını tənzimləmək durur. Bu, əsas qaydadır, gözlənilsə, normal həyata qayıtmaq mümkün olur.

50
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda