Dönər

Laçında türk dönəri, Bakıda “meyit” texnikalar, aristokrat vaksin alıcıları və...

104
(Yenilənib 01:21 22.02.2021)
Qarabağda meşələri doğrayan erməniyə elə gəlir ki, o, yalnız azərbaycanlıya zərər verir - əslində isə təbiət sirkulyativ olaraq işləyir, dünyanın bu küncündə kəsilən ağac o biri köşəsində də oksigeni azaltmış olur. Zəngilan isə Ermənistanın düz sərhəddidir.

Gülə bir də...

Gün gəlib, ağlayan ellər gülür bir də. Ötən həftə Azərbaycan Prezidenti Laçına – Güləbird kəndinə təsadüfən səfər etmədi. Bu, həm də Ermənistanda baş qaldırmış yeni separatizm, revanşizm meyllərinə mesaj idi. Mesaj açıq mətnlə də səsləndi.
Kənddə yeni qurulan SES 7000 nəfər əhalini enerji ilə təmin etməklə yanaşı, bölgədə aparılacaq yenidənqurmada əsas enerji mənbələrindən biri kimi çıxış edəcək. SES qurulduğu kənd – Güləbird bir çox özəllikləri ilə müasir Azərbaycan tarixinin vacib səhifəsinə çevrilib. Laçının ən böyük və “qocaman” kəndlərindən biri olan Güləbird 1992-ci ilin may ayında Laçının işğalından sonra 1993-cü ilin avqustunadək döyüşmüş kənddir. Eyni zamanda İkinci Qarabağ Müharibəsində Azərbaycan əsgərinin döyüşərək azad etdiyi sonuncu kənddir. Və nəhayət, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsinin yerləşdiyi kənddir.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarda
© Official website of President of Azerbaijan Republic

100 il sonra

Türkiyə Cənubi Qafqaza bu ağırlıqda təxminən 100 il öncə gəlmişdi, erməni daşnaklarını və bolşevikləri qovub, Bakını azad etməkdə Azərbaycan Ordusuna yardım etmişdi. İndi Qarabağın azadlığına qovuşmasında türk əsgəri iştirak etməsə də, onun mövcudluğu, Ankaranın siyasi dəstəyi növbəti “qovma əməliyyatında” olduqca əhəmiyyətli idi.

Ötən həftə Ankarada iki ölkənin hökumətlərarası komissiyası 9-cu dəfə yığışdı və tərəflər arasında daha 11 sənəd imzalandı. Sənədlər iqtisadi sahələrlə yanaşı, müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini də özündə əks etdirir. Xüsusilə Qarabağın bərpa prosesinin başlanmasından sonra qardaş ölkənin iş adamlarının investisiya qoyuluşlarının artacağı gözləniləndir. Tikinti, infrastruktur layihələri öz yerində, Laçında, Şuşada türk dönəri ilk dəfə dadılacaq.

Sülh və “dəmir yumruq”

Ötən həftə ermənilərin yox etdiyi Zəngilanın məşhur çinar meşələrinin yerində yeni yaşıllığın salınmasına başlanıldı. Qarabağda meşələri doğrayan erməniyə elə gəlir ki, o, yalnız azərbaycanlıya zərər verir - əslində isə təbiət sirkulyativ olaraq işləyir, dünyanın bu küncündə kəsilən ağac o biri köşəsində də oksigeni azaltmış olur. Zəngilan isə Ermənistanın düz sərhəddidir.
Ermənistanda revanşistlər qan-qan deyir, amma kimə, nəyə arxayındırlar, aydın deyil. Biz isə sülh mesajları veririk, bütün bölgənin təhlükəsizliyi və əməkdaşlığı üçün yeni imkanlar yaradırıq.
Bu mesajlar dünyanın hər yerində səslənir. ABŞ-ın Filadelfiya şəhərində Türkiyənin bölgədə ermənilərin uzun müddətdir davam edən aqressiv aksiyalarına cavab olaraq nəhəng löhvədə belə bir çağırış yerləşdirilb: “Azərbaycanlılar və türklər ermənilərlə harmoniya içində yaşamağa hazırdırlar. Bəs ermənilər?” (Azerbaijanis and Turks are ready to live in harmony with Armenians. How about armenians?).

Ötən həftə Bakıda, “Ağ şəhər”in ərazisində vurulmuş və qənimət kimi götürülmüş erməni texnikalarının sərgiləndiyi parkda oldum. Biz sülh istədiyimiz üçün yenə də müharibəyə hazırıq. Bəs Ermənistan?! O parkdakı texnika meyitlərini İrəvandakı revanşistlərə göstərmək vacibatdır.

Amerika qayıtdı!

Geridə qalan həftənin ən mühüm hadisələrindən biri Münxen Təhlükəsizlik Konfransı və ABŞ prezidentinin buradakı çıxışı idi. C.Baydenin buradakı nitqi ABŞ siyasətinin konturlarını açmaq üçün vacib hesab olunurdu.

“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq”, – supergücün rəhbərinin dilindən əsas mesaj belə səsləndi.

Ağ Evin Türkiyə ilə də soyumuş münasibətlərə istilik gətirməyə çalışacağı gözlənilir. Rusiya ilə əlaqələr barədə isə hələlik hökm tonunda danışmaq mümkün deyil. Ümid edək ki, Üçüncü Dünya Savaşı barədə proqnozlar, sadəcə, biz jurnalistlərin və bir neçə politoloqun əsassız ehtimallarıdır. Ümid edək ki, nəhənglər həqiqətən də rasional düşünürlər: “Ən yaxşı savaşçı döyüşmədən qalib gələndir”.

1/130 ədalət

Dünyanın 130-dan artıq ölkəsinin bir doza da olsun vaksin əldə edə bilmədiyi, zəngin ölkələrin aristokrat qalstuklarına, kostymlarına rəğmən, istehsal olunmuş ümumi vaksinlərin 90 faizini alması real ədalət(sizliy)in porteritini canlandırır.

Bu portretdə Ümumdünya Səhiyyə Təşkilatı da var, nəyi tənzimlədiyi aydın deyil. Ən prinsipial məsələ vaksinlərin bərabər bölgüsüdür və bu məsələdə ÜST, sadəcə, seyrçidir. Təşkilatın işi ancaq məsləhət verməkdir – məsələn, ötən həftə tövsiyə ediblər ki, koronavirusa yoluxub sağalan şəxslər də vaksinasiya olunmalıdır.

İlham Əliyev vaksin məsələsində görməmişlik edənləri qınadı>>

Görünür, ilahi ədalət pozulanda təbiətin mizanı da pozulur. “Nature Communications”ın araşdırmasına görə, dəniz səviyyəsində gedən artım 600 milyondan çox insanı yerindən uzaqlaşdıracaq, 300 milyon insanın isə yaşadığı ərazi 2050-ci ilə qədər hər il sel basqınına məruz qalacaq.
Bu arada dünyanın 10 ölkəsində koronavirusun “B 1525” adlandırılan yeni növü  aşkar edilib.

Kitab oğruları...
Fəvvarələr meydanında yerləşən kitab mağazası - “Əli və Nino” qarət edilib. Dələduzlar xeyli kitab oğrayıblar. Onlar Kafka, Kamyu, Dostoyevski, Tolstoy, Drayzerin əsərlərinə üstünlük veriblər. İnandınız?! Əlbəttə, inanmadınız.

“Əli və Nino” kitab mağazalarının və nəşriyyatlar şəbəkəsinin baş direktoru, sahibi Nigar Köçərli “Facebook” hesabında yazıb: “Üç nəfər içəri girib, onlardan biri suallar ilə satıcıların fikirlərini yayındırıb, digər ikisi isə personal otağına daxil olub və əməkdaşlarımıza məxsus pulları, telefon və digər əşyaları aparıb”.

Bax belə. Kitab mağazasından kitab oğurlanması, yəqin ki, hər birimizə, elə mağazanın sahibinə də xoş impuls ötürərdi, ancaq... Amma indi kitab kimin nəyinə lazımdır ki?!

Bakı-Sumqayıt işgəncəsi

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub. Yox, bu həftənin yaddaqalan hadisəsi-filan deyil. Sadəcə, bu həftə də davam edən problemin nəticəsidir. Bakı-Sumqayıt yolunun bir hissəsi yenidən təmir üçün bağlandığından yolun bir hissəsində hərəkət birtərəflidir. Nəticədə, bu yolda onsuz da insanların vaxtını oğurlayan tıxac indi daha məşəqqətli hal alıb. Bu vəziyyətdə qəzalar da qaçılmazdır. Tıxaclar məsələsinə qayıdaq, təxminən 1 il öncə bu yolda sıxılığın aradan qaldırılması üçün genişləndirilmə işlərinə başlanılmışdı. Pandemiya vaxtı hərəkətin intensivliyinin azalması “gözbağlayıcı” oldu, inandıq ki, sıxlıq azalıb. Ancaq bütün sahələrin bərpa olunmadığı bu günlərdə görürük ki, alternativ yollar və nəhəng körpü kompleksləri qurulmazsa, Xırdalandan Bakıya çatmaq az qala Salyandan Bakıya çatmaq qədər vaxt alacaq.

104
Teqlər:
Bakı-Sumqayıt yolu, kitablar, epidemiya, COVID-19, vaksin, Rusiya, ABŞ, Türkiyə, Qarabağ, dünya, Azərbaycan, həftənin icmalı
Qadın iti ilə sahildə, arxiv şəkli

Zəhmətkeş qadınların bayramı, yoxsa...

481
(Yenilənib 00:31 08.03.2021)
Tarixçəsi nə qədər qarışıq və mübahisəli olsa da, 8 mart Beynəlxalq Qadınlar Günü əslində zəhmətkeş, qadın hüquqları və insan haqları uğrunda mübarizə aparmış inqilabçı qadınların xatirəsinin yada düşdüyü gündür.

8 mart 1857-ci il. Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində tekstil sektorunda çalışan 40 000 qadın aşağı məvacibə, 12 saatlıq iş rejiminə və pis iş şəraitinə etiraz olaraq tətilə başladı. Lakin ABŞ polisi aksiyaya amansızcasına müdaxilə etdi. Qadınlar fabriklərdə və fabriklərin qarşısında qurulan barrikadalarda çarəsiz və köməksiz qaldı. Polisin qəddar və amansız müdaxiləsinin ardınca başlayan yanğınlarda 129 qadın həlak oldu. Həlak olan qadınların dəfni olduqca izdihamlı keçdi...

8 mart 1908-ci il. Amerika sosial-demokratlarının çağırışı ilə Nyu-Yorkda etiraz aksiyaları başladı. Aksiyalarda 15 000-dən artıq qadın iştirak etdi. İllər öncə polis zorakılığı və yanğın nəticəsində öldürülən qadınların xatirəsi anıldı, onların tələbləri ilə oxşar tələblər irəli sürüldü. Aksiya qansız bitdi. Baş tutan aksiyanın devizi "Çörək və Gül" idi...

8 mart 1909-cu il. Amerika Sosialist Partiyası 1908-ci ildə Nyu Yorkda keçirilən etiraz aksiyalarını xatırlamaq üçün ilk "Beynəlxalq Qadınlar Günü" tədbirini keçirdi.

26-27 avqust 1910-cu il. Danimarkanın Kopenhagen şəhərində II Sosialist İnternasiyonalına bağlı Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirildi. Konfransda Almaniya Sosial-Demokrat Partiyasının nümayəndə heyətində təmsil olunan Klara Setkin və yoldaşları hər il "Qadınlar günü" keçirilməsi təklifi ilə çıxış etdi və təklif qəbul edildi.

Beynəlxaq Qadınlar Günü ilə bağlı müxtəlif tarixi hadisələr var və bu xranologiyanı uzatmaq mümkündür.

***

8 mart Beynəlxaq Qadınlar Gününün yaranması elə də uzaq tarix olmasa da, bu günlə bağlı müxtəlif tarixçələr, müxtəlif əhvalatlar danışılır və yazılır. Bəzi şaiyələrə görə 1910-cu ildə "Qadınlar Günü"nün qeyd olunması təklifini irəli sürən yəhudi əsilli Klara Setkin bu günlə bağlı ideyanı yəhudilərin "Purim bayramı" ilə üst-üstə düşməsini nəzərə alaraq irəli sürüb. Hər halda yəhudi təqviminə görə müxtəlif günlərə təsadüf edən "Purim bayramı" məhz 1910-cu ildə 8 mart tarixinə təsadüf edirmiş.

Eyni zamanda bu tarixi günü Rusiyada 1917-ci ildə baş tutan Sosialist inqilabi ilə əlaqələndirənlər də var. Çar Rusiyasında qadınların ağır həyat tərzinə qarşı etiraz nümayişi 1917-ci ilin 8 martında baş tutub. "Çörək və Sülh" devizi ilə xatırlanan bu nümayişdən sonra 8 mart "Qadınlar günü" kimi bütün Avropada qeyd edilməyə başlanıb. Sosialist inqilabının rəhbəri Leninin bu günün qeyd edilməsindəki rolu da danılmazıdır. Keçmiş SSRİ-də 1965-ci ildən etibarən 8 mart qeyri-iş günü idi.

BMT-də isə 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq qeyd edildi. İki il sonra, 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, "qadın hüquqları və beynəlxalq sülh günü" olaraq qəbul edildi...

***

Tarixçəsi nə qədər qarışıq və mübahisəli olsa da, 8 mart Beynəlxalq Qadınlar Günü əslində zəhmətkeş, qadın hüquqları və insan haqları uğrunda mübarizə aparmış inqilabçı qadınların xatirəsinin yada düşdüyü gündür. Dolayısıyla bu bayram öz hüquqları uğrunda mübarizə aparan, həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışan zəhmetkeş qadınların bayramıdır. Bu günün yaranmasının kökündə mübarizə, bərabərlik ideyası və inqilabi dəyərlər var. Qərb dünyası bu bayramı BMT-nin 1977-ci il Qurultayından sonra daha geniş şəkildə qəbul etməyə başlayıb. Günümüzdə kapitalist dünyası bu bayramı da geniş şəkildə və rahatlıqla istismar edə bilir. Artıq "Beynəlxalq Zəhmətkeş Qadınlar Günü" sadəcə "Beynəlxalq Qadınlar Günü" kimi qeyd edilir və kapitalist çılğınlığın bir parçasıdır. Bu günü bayram edən böyük əksəriyyət qeyd etdiyi günün tarixçəsindən, yaranma səbəbindən ümumiyyətlə xəbərsizdir. Təsəvvür edin ki, zəhmətkeş və inqilabçı qadınların mübarizəsinin xatirəsinə elan olunan, dünyada sosialist qadınların həmrəyliyi sayəsində formalaşan bu bayram indi kapitalizm üçün geniş bazar imkanları yaradıb. Hər il hədiyyələrə, dəbdəbəli bayram tədbirlərinə və bayram istirahətlərinə milyonlar xərclənir. Bu arada qeyd edim ki, kapitalizm, hətta ona düşmən olan ideologiyanın mübarizə tarixini də istismar etməyi bacaran əcaib bir sistemdir.

***

Ölkəmizdə bu bayram sovet dönəmindən bu yana qeyd edilir. 8 mart təqvimdə qeyri-iş gündür, ölkə başçısı hər il 8 mart Beynəlxaq Qadınlar Gününündə Azərbaycan qadınlarını təbrik edir. Azərbaycan qadını mental, dini basqılara baxmayaraq həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinədir.

"Vətən müharibəsi" ərəfəsində, Azərbaycan qadının vətənpərvərliyi və mübarizliyi gözəl nümunələrdən biri idi.

Ancaq təəssüf ki, hələ də xoşagəlməz hadisələrə şahid oluruq. Cəmiyyətin qadına münasibəti ürəkaçan olmasa da, zamanla bunun düzələcəyinə, namus cinayətlərinin, erkən nikahların, qadın qətllərinin aradan qalxacağına, sivil cəmiyyətə çevriləcəyimizə ümid edirik, bunun üçün çalışırıq. İnanırıq ki, Azərbaycan qadını cəmiyyətimizin formalaşmasında, irəli getməsində, inkişafında öz mübarizəsindən geri dönməyəcəkdir.

Son illərdə ölkəmizdə formalaşan feminst hərəkatın fəaliyyəti geniş kütlələr tərəfindən düzgün qəbul edilməsə də, feministlərin qadın hüquqları ilə bağlı keçirdiyi müxtəlif tədbirləri və aksiyaları da gözardı etmək olmaz. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyanın tələblərinin yerinə yetirilməsində, ölkəmizin modern dünya ilə yanaşı addımlamasında hamımız maraqlı olmalıyıq.

***

Sonda sevimli şairlərimdən Orxan Vəlinin "Quantitatif" şeiri ilə 8 mart Beynəlxaq Qadınlar Gününü münasibəti ilə bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirəm:

"Gözəl qadınları sevirəm

Zəhmətkeş qadınları da sevirəm

Gözəl zəhmetkeş qadınları

Daha çox sevirəm..."

481
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 Mart bayramı, 8 mart günü, 8 mart
Roma Papası Fransis İraqda

İlk Papa bizim üçün sadəcə, Klara xala

135
(Yenilənib 00:34 08.03.2021)
Biz həyat tərzimizə ad axtarmamışıq, bir qədər şablon səslənsə də, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri həmişə mehriban şəkildə yaşayıblar.

Qayıtmaq istəyənlər və istəməyənlər

Məcburi köçkünlər doğma torpaqlarına qayıtmaq istəyirmi? "Qaçqınkom" bu sualın cavabını tapmaq üçün sorğuya başlayıb. Minalanmış ərazilərə postlardan yayınaraq keçmək istəyənlərin, ərazilərin təmizlənməsini səbirsizliklə gözləyənlərin, kəndindən gələn videonu göz yaşları ilə izləyənlərin çoxluğu deməyə əsas verir ki, əksəriyyət "hə" deyəcək. Şübhəsiz, bu qərarda bölgədəki infrastruktur və iş imkanları da əhəmiyyətli rol oynayacaq.

Bu arada BMT araşdırıb ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycan torpaqlarına qayıtmaq arzusunda deyillər: "qaçqın vəziyyəti"nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər.

"Azərenerji" isə açıqlayıb ki, bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Koronavirus kəşfləri

Böhranlar həm də fürsətlər yaradır. Götürək, koronavirusu. Elektronlaşma, onlayn xidmətlər adi halda bu qədər sıçrayışa nail ola bilərdilərmi? İnnovativ axtarışlar bütün sahələrdə, bütün beyinlərdədir.

Niderlandda Peter van Veys adlı ixtiraçı koronavirus infeksiyasını standart testlərdən daha sürətli və daha asan müəyyən etməyə imkan verən bir cihaz yaradıb. İxtiraçının hazırladığı cihazda hava daxil olmayan kabinə girən şəxslər ya qışqırır ya da mahnı oxuyurlar. Bu zaman havanın təmizlənməsi işini icra edən cihaz həmin şəxsin ağzından çıxan bütün hissəcikləri toplayır və analiz edir, koronavirus infeksiyasının olub-olmadığını aşkar edir.

2011-ci ildə baş verən dəhşətli zəlzələ və sunami qurbanlarının anıldığı bu günlərdə Yaponiya sakini insanların ölən doğmaları ilə "danışmaları" üçün telefon köşkü hazırlayıb. İntiharların artıdığı, hətta "Tənhalıq Nazirliyinin yaradıldığı yaponları başa düşmək olar. İndi eyni "ixtira"nı ingilislər və polyaklar öz ölkələrində koronavirusdan həyatlarını itirmiş yaxınları ilə "danışmaq" üçün təkrarlamaq istəyirlər.

İlk Papa və Klara xala

Tarixdə ilk dəfə olaraq Roma Papası yolunu İraqdan salıb. 2000-ci illərin əvvəlləri ilə müqayisədə İraqdakı xristian əhalinin sayı 80% azalıb. Papanın səfərinin əsas səbəblərindən biri bölgədəki xristianlara dəstək nümayiş etdirməkdir. Hər halda, ümid edək ki, bundan da ali məqsəd var: dinlərarası dialoq.

Fikir verirsinizmi, multikulturalizm, dinlərarası dialoq bizim üçün yeni terminlərdir. Biz həyat tərzimizə ad axtarmamışıq, bir qədər şablon səslənsə də, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri həmişə mehriban şəkildə yaşayıblar. Məsələn, bizim 90-cı illərdə Sumqayıtda erməniəsilli qonşumuz var idi, ancaq ona nəinki kimsə "gözün üstə qaşın var, demirdi", digər qonşulardan o, heç nə ilə fərqləndirilmirdi. Hətta torpaqlarımızı işğal etmiş xalqın nümayəndəsi olan qadın bizim üçün sadəcə, Klara xala idi… Çünki o, Ermənistan dövlətinə görə məsuliyyət daşıya bilməzdi.

Vaksinləşdirdiklərimizdənsinizmi?

Dünyanın bir çox ölkələrinin vaksin ala bilmədiyi bu günlərdə zəngin ölkələrin sifarişləri dayanmaq bilmir. Bayden amerikalıların növbəti yazda normal həyata qayıda biləcəklərini açıqlayıb. İtaliya isə "Britaniya ştammı" gənclərə daha çox təsir etdiyinə dair xəbərdarlıq edib. İtalyanlar COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıblar. Norveçlilər isə peyvəndin əks təsirindən şübhələnirlər. Belə ki, vaksinasiyadan sonra bu ölkədə yüzdən çox insan ölüb. Buna görə də hökümət işçi qrup yaradıb.

Venesuela Prezidenti Nikolas Maduro isə COVID-19 əleyhinə Rusiya istehsalı olan peyvəndi vurdurduqdan sonra Tvitterdəki canlı yayımda rus dilində "spasibo" ifadəsini işlədib. Bu arada 6 mart tarixinədək Azərbaycanda 17,495 nəfər vaksinasiya olunub. Amma hələ ki, Çin dilində danışan yoxdur.

Tərəzi Allahı?

ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə Rusiyanın 14 təşkilatın adını "qara siyahı"ya salıb. ABŞ sanksiyaları bu vaxtadək İrana münasibətdə çox funksional və populyar idi. Bu yaxınlarda Rusiyadan S-300 raketlərini aldığı üçün Ağ Ev rəsmi Ankaranın da bəzi təmsilçilərini "qara siyahı"sına salmışdı.

Maraqlıdır, kim ABŞ-ı dünyadakı ədalət tərəzisinin sahibi təyin edib?! Nəyin yanlış, nəyin doğru olduğunu Vaşinqton təkbaşına necə müəyyən edir?!

Narkotikin PR-ı

Bütün fəaliyyət növlərində onlayn xidmətlərə keçid, görünür, Əlini də həvəsləndirib. O da məhsullarını onlayn rejimdə hərraca çıxarmaq üçün əvvəlcə təbliğat işlərinə start verib. Gəl ki, polis uşağın siftəsini korlayıb.

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan Əli İsmayılzadəni asayiş keçikçiləri klavyatura arxasında tutublar. Yada salaq ki, Ə.İsmayılazadə bu işdə pioner deyil, ondan öncə də eyni motivdə saxlanılanlar olmuşdu. Ancaq görünür, Əli "gözü çıxmış qardaşları"ndan heç nə öyrənməyib.

İsti və soyuq yer

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı vəsatətini ikinci dəfə imzalamadı. Xaos, anarxiya, toqquşmalar fonunda dərinləşdikcə, dərinləşir... Bu ölkə üçün SSRİ sanki yenicə dağılıb.

Köçəryanın bu həftə Rusiyalı jurnlistlərə müsahibəsində "əgər müharibənin nəticələri tərəflərdən birini qane etmirsə, bu, o deməkdir ki, yeni müharibə başalaya bilər" tezisini irəli sürdü. İndi gəlin, müharibənin içində çıxan hərbçinin dediklərinə baxaq. 19 yaşlı Hayk: "Bu müqavilə imzalanmasaydı, hətta indiki vəziyyətdə də olmazdıq. Bütün ordumuz orada ölmüş olardı. Və burada olan bir çox insanın orada nə baş verdiyindən xəbəri yoxdur".

Müsahibəsində Versal Sülh müqaviləsini xatırladan və Ermənistanı Almaniya ilə müqayisə edən Köçəryanın deyəsən, harasısa isti yerdədir, erməni xalqından və ordusundan xəbəri yoxdur.

135
Bəşər Əsəd, arxiv şəkli

Əsəd ailəsi koronavirusa yoluxdu

0
(Yenilənib 16:29 08.03.2021)
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib

BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb. 

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir. 

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.   

0
Teqlər:
Koronavirus, Suriya, Əsma Əsəd, Bəşər Əsəd
Mövzu:
Yeni tip koronavirus pandemiyası