Barak Omaba, arxiv şəkli

Obamadan yumurta pomidor istəyən dahi O, 1 milyon dollardan niyə imtina etdi?

442
(Yenilənib 11:17 13.02.2021)
Qriqori Perelman ilk dəfə 1994-cü ildə məşhur "ruh teoremi"ni isbat edərək müəyyən bir şöhrətə qovuşdu. Amma onun əsas şöhrəti 2006-cı ildən sonra başladı.

Bir riyazi sual düşünün... 2+2 = 5 kimi sual yox, elə bir riyazi sual ki, onun cavabını tapa bilsək kainatın varoluşu və gələcəyi, fəzanın görünməyən qaranlıq maddəsinin kainatın genişlənməsindəki rolu haqqında təsəvvürümüz olacaq. Bəli, bir riyazi suala cavab tapa bilmək ucsuz-bucaqsız kainatın sirrini tapa bilməyimizə işıq tutur.

Dünyada riyaziyyat elminin cavab tapa bilmədiyi və "minilliyin məsələləri" adlanan yeddi mühüm riyazi məsələ var. Daha doğrusu, yeddi idi, altı oldu. Çünki onlardan birinə cavab tapıldı. Hansı ki, kainat haqqında geniş və daha aydın təsəvvürümüz də elə o suala cavabın tapılması ilə yarandı.

Bu yeddi sualın hər birinin cavabının tapılması üçün onu tapan riyaziyyatçıya 1 milyon dollar pul mükafatı vəd edilir. "Minilliyin məsələləri" adlanan və riyaziyyatçıların gününü göy əskiyə bükən bu yeddi riyazi sualın arasında kainatı anlamağımıza kömək edən o məşhur sual "Puankare hipotezi" adlanır.

"Puankare hipotezi" 1904-cü ildə fıransız riyaziyyatçı Anri Puankare tərəfindən ortaya atılmışdı. Riyaziyyatçıların belə cavab tapa bilmədiyi bu sualın nə olduğunu desəm, çoxu anlamayacaq.

Çünki çoxunuzun riyaziyyat dərsindəki ən böyük məşğuliyyəti kabinetdə asılan Qotfrid Leybnitsin şəklinə baxıb onun uzun və buruq-buruq saçlarına məsxərə ilə gülmək olub. Hərçənd, təxminən, yeddi il boyunca saçlarına güldüyünüz bu dahinin adını belə oxumamısınız o şəklin altından. Ona görə də indi soruşursunuz ki, Qotfrid Leybnits kimdir, ə? Söhbət orta statisik riyaziyyat kabinetlərinin vazkeçilməzi olan bu dahinin məşhur şəklindən gedir.

Nə isə. Puankare hipotezinin nə qədər çətin olduğunu anlamaq üçün 100 il boyunca heç bir riyaziyyatçının ona cavab tapa bilmədiyini və bu sualı tapmağın nə qədər mühüm olduğunu anlamaq üçün onun bizə kainatı izah etdiyini bilmək kifayətdir.

1966-cı ildə Rusiyanın Leninqrad şəhərində doğulan yəhudi əsilli rusiyalı riyaziyyatçı Qriqori Perelman məktəb illərində qatıldığı bütün riyaziyyat olimpiyadalarında qalib oldu. Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə imtahansız qəbul edildi. İmtahansız deməyimi yanlış anlamayın, müəllimlərə şirinlik vermədi, fövqəladə biliyinə görə müəllimləri onu imtahana çəkməyə cəsarət etmədilər. 1990-cı ildə dissertasiyasını müdafiıə edib institutda baş elmi işçi kimi işləməyə başladı.

Qriqori Perelman ilk dəfə 1994-cü ildə məşhur "ruh teoremi"ni isbat edərək müəyyən bir şöhrətə qovuşdu. Amma onun əsas şöhrəti 2006-cı ildən sonra başladı.

2002-ci ildə, yəni, Anri Puankarenin o məşhur hipotezi ortaya atmasından 98 il sonra Qriqori Perelman bu məsələnin həllini riyaziyyatçılara təqdim etdi. Amma ya sualın çətinliyindən idi, ya da Perelmana olan paxıllıqdan idi - fərq etmir, düz dörd il boyunca Perelmanın bu həllinə heç bir cavab verilmədi. 2006-cı ildə isə cavabın doğru olduğu rəsmən təsdiqləndi və ictimaiyyətə açıqlandı. Ardından, vəd edilən 1 milyon dolların təqdim edilməsi üçün Qriqori Perelmana rəsmi müraciət olundu. Amma...

Dörd il boyunca bütün umduqlarından küsən ya da elə təbiəti gərəyi dünyanın bütün maddi nemətlərindən imtina edən dahi riyaziyyatçı 1 milyon dolları almaqdan da imtina etdi! Bununla da qalmadı! Riyaziyyatın Nobeli olan Filds mükafatından da imtina etdi! Ardı da var! Çünki Peterburqda yerləşən Steklov İnstitutundakı vəzifəsindən də istefa verib qeybə çəkildi! Əslində, bir neçə dəfə müxtəlif jurnalistlər və onu tanıyan digər şəxslər tərəfindən görüntüləndi, amma danışmaqdan, ünsiyyət qurmaqdan, açıqlama verməkdən uzaq durdu. Hətta, kimsə onun telefon nömrəsini tapıb zəng edərsə, O, "məni narahat edirsən, hal-hazırda göbələk yığıram" deyib danışmaqdan yayındı. El dilində buna dəli olmaq deyirdilər, eləmi? Kim bilir!?

Köhnə bir binanın zirzəmi qatında qoca anası ilə birgə yaşayan Qriqori Perelman baxımsız, səfil görüntüsü ilə hər nə qədər diqqətdən uzaqda qalmaq istəsə də, həmişə diqqətləri üzərinə çəkdi. Elə bu sirli-müəmmalı yaşantısı onun haqqında şəhər əfsanələrinin yaranmağına da səbəb oldu.

Bu deyilənlərdən birinə görə, bir gün Amerikanın keçmiş prezidentlərindən biri olan Barak Obama Qriqori Perelmana zəng edir. (Barak Obamanın şəkilləri) Dəstəyi götürən Perelman ədəb-ərkanla salamlaşıb zəng edənin kim olduğunu soruşur. Barak Obama özünü təqdim edəndən sonra Perelman əhvalını dəyişmədən, buyurun, nə lazımdır, deyə soruşur.

Ardından, Barak Obama "Hörmətli Perelman, sizin kəşfiniz bizim okeanı neft qalıqlarından təmizləməyimizə kömək etdi. Buna görə Amerikanın prezidenti kimi öz adımdan və Amerika xalqı adından sizə təşəkkür edirəm!" deyir. Perelman, quruca bir "dəyməz" deyib sağollaşmaq istəyəndə Barak Obama soruşur: "Hörmətli, Perelman! Sizin məndən bir istəyiniz varmı?" Perelman "yoxdur" deyir. Bu vaxt Perelman mətbəxdən anasının səsini eşidir. "Qriqori, yumurta qurtarıb". Perelman dəstəyin o tərəfindəki Amerika prezidentinə səslənir, "cənab prezident, yumurta göndərə bilərsiniz?" Obama "nə?" deyə soruşduğu anda, Perelmanın anasının səsi yenidən eşidilir "pomidor da qurtarıb". Perelman usanmış halda Obamaya yenidən müraciət edir, "pomidor da lazımdır, cənab prezident".

İmtina etməkdə sərhəd tanımayan Qriqori Perelman ona veriləcək olan 1 milyon dollardan imtina edərkən Amerikanın Klay Riyaziyyat İnstitutuna cavabında belə deyir: "Mən riyaziyyatın qəhrəmanı deyiləm. Riyaziyyatda uğurlu biri də deyiləm. Hamının mənə baxmağını istəmirəm. Məşhur olmaq da istəmirəm".

Günümüzdə isə Perelmanın riyaziyyat səhnəsindən tamamilə uzaqlaşdığı düşünülür. Müxtəlif jurnalistlərə ya da onunla şəxsən ünsiyyətə girə bilən şəxslərə danışdığı sözləri bir mətn halına salanda bunu özü də etiraf edir. O, belə deyir: "Kimsəyə qəzəblənmirəm. Başqa insanlar daha pis şeylər edirlər. Əlbəttə, dürüst riyaziyyatçılar da var. Riyaziyyatın etik standartlarından yoruldum. Diqqətlər üzərimdə olduğu müddətdə iki seçimim var: ya çox çirkin işlər görmək, ya da bir ev heyvanı kimi yaşamaq. Mən isə bunların heç birini edə bilməzdim və hər şeyi birdəfəlik tərk etməyə məcbur idim".

Nə demək istədiyi anlaşıldımı? Şöhrətin və maddiyyatın onu çəkdiyi uçurumdan necə xəbərdardır və özünü boyunduruq qulu olmaqdan, başqaların şəxsi mənfəətlərinə xidmət etməkdən necə qoruyur, aşkardır. Bu hekayənin bizə öyrətdiyi də budur. Çox varlı olub çox çirkin işlər görmək, ya çox məşhur olub bir ev heyvanı olmaq, ya da hər şeydən imtina edib səfil bir dahi kimi yaşamaq... Sən öz tamahından, cismani istəklərindən nə qədər arınmalısan ki, üçüncünü seçə biləsən. Qriqori Perelmanın dahiliyi təkcə "ruh teoremini" isbat etmək, ya da bizə kainat haqqına geniş məlumat verməkdə deyil, həm də şəxsiyyətini, mənəviyyatını, ruhunu qoruya bilməyinədədir.

442
İmtahan

DİM-in səriştəsizliyi yaxud imtahanda biznes maraqları

300
(Yenilənib 23:34 02.03.2021)
Nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, iştirakçıların imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Dövlət İmtahan Mərkəzinin ötən bazar magistratura pilləsi üçün keçirdiyi qəbul imtahanın sualları sosial şəbəkələrdə müzakirə edilir.

Bəzi imtahan suallarına lağ edənlər, sualların məzmunu ilə əylənənlər də var.

Əslində suallar elə tərtib olunmuşdu ki, iştirakçılar lazım olan balı toplaya bilməsin və növbəti mərhələdə iştirak etsin.

DİM-in bu məsələdə maraqlı olduğunu aşağıda izah etməyə çalışacağam.

Məncə DİM, ölkəmizdə fəaliyyəti qənaətbəxş olan qurumlardan biridir. Daha doğrusu pandemiyaya qədər belə idi. Pandemiya bütün sahələrə, xüsusilə təhsilimizə təsir etdiyi kimi, DİM-in fəaliyyətinə kifayət qədər mənfi təsir edib.

Ötən il keçirilən buraxılış və qəbul imtahanlarıyla bağlı kifayət qədər narazılıqlar var idi.

Bu il magistratura pilləsi üçün keçirilən imtahan isə ümumiyyətlə bərbad idi.

Bəli, nələrsə yolunda getmir və buna görə müxtəlif bəhanələr səsləndirilir.

Düşünürəm ki, heç bir səbəb DİM-in magistratura imtahanlarının təşkilində yol verdiyi səriştəsizliyə haqq qazandırmır.

***

Həfətəsonu, nəqliyyatın işləmədiyi günə imtahan salmaq və imtahan keçiriləcək binalarının əksəriyyətini şəhər mərkəzindən kənara təyin etmək imtahanda iştirak edənlər üçün olduqca ciddi problem yaradırdı.

Şəxsən bu çətinliyi yaşadım və bununla bağlı irad bildirənlərlə tamamilə razıyam.

Pandemiya dövründə valideyinlərin, imtahan verənlərin yaxınlarının imtahan binası qarşısında izdiham yaratması da, məhz DİM-in səriştəsizliyinin göstəricisidir.

Ümumiyyətlə 28 fevral 2021-ci il tarixində magistratura pilləsinə təşkil edilən imtahan, təhsildən daha çox biznes layihəsi abu-havası yaradırdı.

Rəsmi məlumata görə bu il imtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahanda iştirak ödənişli (50 AZN) olduğu üçün, DİM-nin büdcəsinə qısa müddət ərzində 994 250 AZN vəsait daxil olub. Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyənlərin vəsaitinin geri qaytarılmadığını da düşünsək, bu imtahanda DİM-in kommersiya maraqlarının daha qabarıq olduğunu düşünə bilərik.

Şübhəsiz ki, toplanan vəsaitlə imtahanın təşkilati işlərini daha yüksək səviyyədə təşkil etmək olardı.

Təssüf ki, nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, imtahan iştirakçılarının imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Düzdür, rəsmi xəbərlərdə qeyd olunub ki, DİM-də operativ qərargah fəaliyyət göstərib. Ancaq bu fəaliyyət nədən ibarət olduğu prosesdə aydın olmadı.

Dolayısıyla təşkilati işlər bu qurumu ümumiyyətlə narahat etməyib. Məhz bu problemlərə görə DİM məsuliyyət daşıyır. DİM-in yarıtmaz təşkilatçılığı səbəbindən imtahanda iştirak edə bilməyənlərin vəsaiti onların şəxsi hesabına qaytarılmalı, növbəti imtahanda məhz bu vəsaitlə iştirak etmələrinə şərait yaradılmalıdır.

***

Və daha bir önəmli məqamı qeyd edək.

Məhz bu məqam da DİM-in məsələyə səriştəsizcəsinə və laqeyid yanaşdığını sübut edir.

İmtahan zamanı qarşılaşdığımız absurd məqamlardan biri də suallarla bağlıdır.

Təsəvvür edin, riyaziyyatçı və dilçi eyni məntiq suallarına cavab verməlidir.

Bəli, hamı eyni suallara cavab verib, müxtəlif ixtisaslarda təhsil alacaq. Bir qədər qəribə görünür, deyilmi?

Riyaziyyatçı xarici dildən imtahan verir, dilçi informatika və riyaziyyala bağlı məntiq suallarını cavablandırır.

Məsələn, tərcümə sahəsi üzrə magist təhsili almaq istəyən şəxs, öz sahəsindən bircə suala belə cavab vermir.

Bunun nə dərəcədə məntiqli olduğuna yəqin ki, müstəqil təhsil ekspertləri cavab verə bilər.

Hər halda heç də məntiqli görünmür.

***

Yuxarıda qeyd etdiyim kimi, pandemiya nəticəsində təhsilimiz ciddi problemlərlə üz-üzədir. Hamımız övladlarımızın gələcək taleyindən, onların təhsilindən narahatıq.

Dövlət İmtahan Mərkəzinin bu səriştəsizliyi, daha doğrusu laqeyidliyi təhsilimiz üçün ciddi problemdir və gəncliyi elmdən, təhsildən uzaqlaşdırır. Ümid edirəm ki, DİM rəsmilərinin ağlabatan və məntiqli izahı olacaq.

Təhsilə bu şəkildə yanaşmaq gələcəyimizə biganəlikdir…

300
Teqlər:
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM
İsgəndər M raket kompleksi

İntiharlar, meşələr, "İsgəndər"lər, sumqayıtlılar tramvaylar…

67
(Yenilənib 11:28 01.03.2021)
Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Mətbuat konfransı

4 saat, 35 media nümayəndəsinin 50-dək sualını bir qurtum su içmədən cavablandırmaq. Və niyə məhz indi? Ermənistandakı revanşist qüvvələrin çağırışları, sülhməramlıların bir neçə naqolay davranışı, status məsələləri ilə bağlı müxtəlif manipuliyasiyaların müşayiət olunduğu indiki məqam, görünür, təsadüfən seçilməmişdi.

...Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə doğru, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir. Regiondakı indiki situasiya Ermənistanın düşdüyü çuxurdan xilası üçün şansdır. Bunu qanmamaq oturduğun budağı kəsmək kimi bir şey olacaq. Bunu şüursuzluqdan edəndə axmaqlıq, şüurlu edəndə adı intihardır.

İntiharlar həftəsi

Həftə ərzində intihar hadisələri gündəm oldu. Gənc qızın özünü 20-ci mərtəbədən atması valideyn-övlad münasibətlərindəki boşluqları da bir daha aktuallaşdırdı. Ancaq bu, yeganə suisid faktı deyildi. Ceyranbatan qəsəbəsində 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asdı. Onun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, qızın isə başqası ilə nişanlandığı bildirildi. Srağagün isə İdman Akademiyasının tələbəsi Seymur Əsgərovun intihar xəbəri yayıldı... ötən həftə də bir tələbə intihar etmişdi. Dünən isə Abşeron rayonunda 15 yaşlı qız intihara cəhd etdi və s.

İntihar elə bir aktdır ki, ani emosional hissdən yaranır, əgər həmin anda onun qarşısını almaq mümkün olsa, bəlkə də bir neçə dəqiqə sonra peşmançılıq hissi insana hakim kəsilər. İstənilən halda, gənclərin intihar faktı bir neçə problemi bir daha nəzərdən keçirməyə vadar edir: valideynlərin övladının dostu ola bilməməsi, məktəb psixoloqlarının sadəcə, ştat kimi mövcud olduğunu, cəmiyyətin empatiya hissini itirməsi, sosial şəbəkələrin real ünsiyyəti azaltması ilə özünəqapanma hallarının artması...

Bu arada 2020-ci ildə ölkədə 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur.

Dünyanın bəzi ölkələrində isə vəziyyət daha kritikdir. Məsələn, intiharların artdığı Yaponiyada "Tənhalıq Nazirliyi" yaradılıb. Koronavirus təkcə öz virusu ilə öldürmür, psixoloji affekt halını da artırır. Britaniyanın "Lancet Psychiatry" nəşrinin pandemiyanın yeni başladığı dönəmlərdə məqaləsi bu mənada SOS siqnalı verirdi - Glasgow Universitetinin professoru Rori O'Connorun proqnozu belə idi: "Heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq".

Meşə: kriptovalyuta

Böyükşor və Zığ gölləri İqtisadiyyat Nazirliyindən alınıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi. Göllərin niyə bu vaxtadək ETSN-də olmadığını müzakirə etmədən, maraqlı bir faktı diqqətinizə çatdırım – bir vaxtlar ölkədə meşələrin banklara verilməsi təşəbbüsü olub. İdeyanın özəyi ondan ibarət imiş ki, banklar meşələri təxminən kriptovalyuta kimi qoruyur, satır, alır və bu, onun kapitalı kimi qiymətləndirilir. Nəticədə, meşələrin qırılmasının qarşısı alınır.

Bu arada Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə "Facebook" üzərindən satışa çıxarılıb. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur. İstənilən şəxs "meşə", "cəngəllik" kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə "Facebook Marketplace"dəki həmin elanları görə bilər.

İntiharlardan meşələrə keçmişkən, Yaponiyada "İntihar meşəsi var": Aokigahara. 60-cı illərədən özünü öldürmək istəyən bir çox sayda insan bu meşəyə üz tutur. Seicho Matsumoto adlı yapon yazıçının 1960-cı ildə yazdığı "Black sea of trees" adlı romanının sonunda iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən meşə yaponların intihar etmək üçün getdikləri məskən halına gəlir. Ancaq meşədə onları intihardan yayındırmaq üçün çağırış edən plakatlar var, bəzən bu, onları ayıldır, bəzən isə, təəssüf ki, yox...

Təbiətə təslim olmaq

Təbiətdən söz düşmüşkən, bu həftə Bakı qara təslim oldu. Düzdür, bu, uzun çəkmədi, amma hər halda, bir gün ərzində yolar buz bağladı, nəqliyyatın işi əksər ərazilərdə yarıiflic vəziyyətə düşdü. Qınamalı deyil, qar artıq bizim üçün qeyri-adi təbiət hadisəsinə çevrilib, yağıntısı təxminən 10 ildən bir baş verir, belə fors-majora hazır olmamağımızı anlayışla qarşılayaq.

İsgəndər-şou

Ermənistanda ara qarışıb, məzhəb itib. Baş Qərargah rəisi Paşinyanı istefaya çağırıb, o da bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək, rəisi istefaya göndərib, ancaq prezident bu istefanı təsdiqləməyib. Ölkədə etiraz aksiyaları davam edir.

Serj Sarkisyan Paşinyanı başlarının əzildiyi müharibədə "İsgəndər" raketlərindən lazımi anda istifadə etməməkdə ittiham edib, baş nazir də təxminən deyib ki, utanmasan, oynamağa nə var ki..., bu raketləri sən özün almısan, biz onları istifadə etdik, ancaq 10 faizi işlədi, yəni partlamadı. Başqa sözlə, büdcəni yeyib, talamısınız, aldığınız raketlər kukruznik kimi bir şeymiş.

Prezident İlham Əliyev jurnalistlər üçün mətbuat konfransında bildirdi ki, ümumiyyətlə, Azərbaycana bu raketdən atılmayıb.

ABŞ prezidentini sumqayıtlılar seçir

İroniya filan deyil. Sumqayıtın intellektual gənclər şəhəri olması çoxdan məlum idi. İndi ABŞ Federal Təhqiqatlar Bürosunun axtarış siyahısına baxanda bir daha buna əmin olursan. 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə etməsi ittihamı ilə 13 Rusiya vətəndaşını rəsmi axtarışa verib. Axtarışa verilənlərdən biri də 1990-cı ildə Sumqayıtda anadan olan Ceyhun Aslanovdur. C.Aslanovun 2014-cü ilin sentyabrından 2018-ci ilin 16 fevralınadək ABŞ-da sosial media platformalarında əməliyyatlar aparan İnternet Tədqiqat Agentliyində Tərcümə layihəsinin rəhbəri vəzifəsində çalışdığı bildirilir. FTB C.Aslanovun yeri haqqında məlumat verən şəxsə 75000 dollar mükafat vəd edib.

Sumqayıtla belə danışmaq olmaz, o xaraktersiz şəhər deyil. 1963-cü ildə Oktyabr inqilabı ilə bağlı şəhər tədbirində fəhlələrin şəhərdəki çörək qıtlığına və qiymətlərin bahalaşmasına etiraz olaraq Xuruşovun plakatını cıraraq etiraz aksiyasına başlaması bütün SSRİ-də şəhəri məşhurlaşdırmışdı. İndi "delavoy" gənclər şəhərini ABŞ-da da tanıyırlar.

Tramvaylar qayıdır?

BNA-nın mətbuat katibi Mais Ağayev Bakıda tramvayların bərpası ilə bağlı iş aparıldığını söylədi. Yaşıl enerji ölkəsinə çevrilmək istəyiriksə, ekoloji cəhətdən səmərəli olan tramvayların dönüşü arzuolunandır. Tramvay həm də nostaljidir axı. Yaşı 30-dan yuxarı olub, köhnə tramvayların şəklini görəndə köks ötürməyən çox az adam tapılar yəqin ki... Tramvaylar indi hər bir müasir şəhərin vacib atributlarından birinə çevrilib. Bakımıza da yaraşar. Elə Sumqayıta da.

67
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0