Nizami Gəncəvi adına ədəbiyyat muzeyi

“Olsun bütün aləmdə onun şəninə şayan”

85
(Yenilənib 00:55 31.01.2021)
Nizaminin sovet dövründə nəşr olunmuş tərcümələrinin keyfiyyəti ciddi mübahisə mövzusu olduğu üçün dahi şairin əsərlərinin sətri tərcüməsinə ciddi ehtiyac var.

Ölkəmizdə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Bu il dahi şairimizin 880 yaşı tamam olacaq. Bəşəriyyət üçün əvəzsiz xəzinə bəxş etmiş söz ustadımızın yaradıcılığı daha dərindən və hərtərəfli araşdırılmalıdır.

Nizami Gəncəvinin dünya ədəbiyyatındakı yeri və mövqeyi barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm. Bu barədə ədəbiyyatşünaslar, xüsusilə nizamişünaslar kifayət qədər yazıb, cild-cild kitablar nəşr edilib. Əminəm ki, bundan sonra da onun haqqında cildlərlə kitablar, məqalələr yazılacaq, filmlər çəkiləcək.

Məni maraqlandıran tamamilə başqa məsələdir.

Məsələn, biz “Nizami Gəncəvi İli”ni necə qeyd edəcəyik ki, böyük ustadın şəninə layiq olsun?

Düşünürəm ki, öncə Nizamini birmənalı olaraq şair kimi Azərbaycana və Azərbaycan ədəbiyyatına qazandırmaq lazımdır.

Nizami yaradıcılığının ciddi şəkildə tərcüməyə cəlb edilməyindən, yenidən nəşr olunmağından başlamaq həm oxucular, həm tədqiqatçılar üçün faydalı olacaq.

Nizaminin sovet dövründə nəşr olunmuş tərcümələrinin keyfiyyəti ciddi mübahisə mövzusu olduğu üçün dahi şairin əsərlərinin sətri tərcüməsinə ciddi ehtiyac var.

Nizami yaradıcılığının mahiyyətini dərk etmək, ona həqiqi qiymət vermək üçün onun yaradıcılığındakı əsas qayəni və ideyaları öyrənməyimizə ehtiyac var.

Nizamini mənasız yubiley tədbirlərindən, heç bir faydası olmayan ithaf məqalələrindən, gəvəzə müzakirələrdən qorumaqla onun ruhuna daha çox sayğı göstərmiş olarıq. Şübhəsiz ki, müxtəlif tədbirlər, müzakirələr, yazılar, kitablar olmalıdır və olacaq. Ancaq mümkün qədər bunu sadəcə “quş qoymaq” üçün etməsək, gözəl olar.

Təbii ki, 880 yaşlı Nizami yaradıcılığı ötən əsrdə, xüsusilə sovet dövründə həm araşdırılıb, həm də tərcümə olunub. Ciddi qələm adamları və ədəbiyyatşünaslar bu araşdırmaların və tərcümələrin yetərli olmadığını düşünür. Məhz bu səbəbdən Nizaminin yenidən tərcüməsi vacibdir – həm öz dilimizə, həm də xarici dillərə əsl Nizami Gəncəvini təqdim etməliyik.

Bu yaxınlarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə yazdığım təkliflərdən biri də Nizami Gəncəvinin adına Beynəlxalq ədəbiyyat mükafatının təsis olunmasıdır. Bu Nizaminin dünyada təbliğ olunması, eyni zamanda onun milli mənsubiyyəti ilə bağlı mübahisələrə son qoymaq üçün lazımlı addımlardan biri ola bilər. Bilirəm ki, bu düşüncədə olan xeyli sayda həmkarlarım var, hətta şair Qismət Rüstəmovun Nizami Gəncəviyə həsr olunmuş poeziya festivalı ilə bağlı təklifindən xəbərdaram və dəstəkləyirəm.

Nizaminin “Xəmsə”sinin sətri tərcüməsi ilə yanaşı, bu əsərlərin nəsrlə tərtibatı da arzuolunandır. Məncə, Nizamiyə həm də ciddi romançı kimi baxmağın və onun əsərlərini bu kriteriyalarla araşdırmağın vaxtı çatıb.

Eyni zamanda, Nizami yaradıcılığının dünya ədəbiyyatına təsiri geniş araşdırılmalı, dünya ədəbiyyatşünaslarının tədqiqatları, araşdırmaları da dilimizə tərcümə olunmalıdır.

Hər şeydən öncə “Nizami İli” çərçivəsində diletantların meydan sulamasının qarşısı alınmalıdır. İnanıram ki, böyük şairimizin xatirəsinə həsr olunan tədbirlər ciddi və məqsədyönlü olacaq.

Heç bir halda Nizamini urvatdan salmağa haqqımız yoxdur.

İnanıram ki, məsul şəxslər səsimizi eşidəcək, təkliflərimizə reaksiya verməkdə gecikməyəcəkdir.

85
İmtahan

DİM-in səriştəsizliyi yaxud imtahanda biznes maraqları

1240
(Yenilənib 23:34 02.03.2021)
Nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, iştirakçıların imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Dövlət İmtahan Mərkəzinin ötən bazar magistratura pilləsi üçün keçirdiyi qəbul imtahanın sualları sosial şəbəkələrdə müzakirə edilir.

Bəzi imtahan suallarına lağ edənlər, sualların məzmunu ilə əylənənlər də var.

Əslində suallar elə tərtib olunmuşdu ki, iştirakçılar lazım olan balı toplaya bilməsin və növbəti mərhələdə iştirak etsin.

DİM-in bu məsələdə maraqlı olduğunu aşağıda izah etməyə çalışacağam.

Məncə DİM, ölkəmizdə fəaliyyəti qənaətbəxş olan qurumlardan biridir. Daha doğrusu pandemiyaya qədər belə idi. Pandemiya bütün sahələrə, xüsusilə təhsilimizə təsir etdiyi kimi, DİM-in fəaliyyətinə kifayət qədər mənfi təsir edib.

Ötən il keçirilən buraxılış və qəbul imtahanlarıyla bağlı kifayət qədər narazılıqlar var idi.

Bu il magistratura pilləsi üçün keçirilən imtahan isə ümumiyyətlə bərbad idi.

Bəli, nələrsə yolunda getmir və buna görə müxtəlif bəhanələr səsləndirilir.

Düşünürəm ki, heç bir səbəb DİM-in magistratura imtahanlarının təşkilində yol verdiyi səriştəsizliyə haqq qazandırmır.

***

Həfətəsonu, nəqliyyatın işləmədiyi günə imtahan salmaq və imtahan keçiriləcək binalarının əksəriyyətini şəhər mərkəzindən kənara təyin etmək imtahanda iştirak edənlər üçün olduqca ciddi problem yaradırdı.

Şəxsən bu çətinliyi yaşadım və bununla bağlı irad bildirənlərlə tamamilə razıyam.

Pandemiya dövründə valideyinlərin, imtahan verənlərin yaxınlarının imtahan binası qarşısında izdiham yaratması da, məhz DİM-in səriştəsizliyinin göstəricisidir.

Ümumiyyətlə 28 fevral 2021-ci il tarixində magistratura pilləsinə təşkil edilən imtahan, təhsildən daha çox biznes layihəsi abu-havası yaradırdı.

Rəsmi məlumata görə bu il imtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahanda iştirak ödənişli (50 AZN) olduğu üçün, DİM-nin büdcəsinə qısa müddət ərzində 994 250 AZN vəsait daxil olub. Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyənlərin vəsaitinin geri qaytarılmadığını da düşünsək, bu imtahanda DİM-in kommersiya maraqlarının daha qabarıq olduğunu düşünə bilərik.

Şübhəsiz ki, toplanan vəsaitlə imtahanın təşkilati işlərini daha yüksək səviyyədə təşkil etmək olardı.

Təssüf ki, nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, imtahan iştirakçılarının imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Düzdür, rəsmi xəbərlərdə qeyd olunub ki, DİM-də operativ qərargah fəaliyyət göstərib. Ancaq bu fəaliyyət nədən ibarət olduğu prosesdə aydın olmadı.

Dolayısıyla təşkilati işlər bu qurumu ümumiyyətlə narahat etməyib. Məhz bu problemlərə görə DİM məsuliyyət daşıyır. DİM-in yarıtmaz təşkilatçılığı səbəbindən imtahanda iştirak edə bilməyənlərin vəsaiti onların şəxsi hesabına qaytarılmalı, növbəti imtahanda məhz bu vəsaitlə iştirak etmələrinə şərait yaradılmalıdır.

***

Və daha bir önəmli məqamı qeyd edək.

Məhz bu məqam da DİM-in məsələyə səriştəsizcəsinə və laqeyid yanaşdığını sübut edir.

İmtahan zamanı qarşılaşdığımız absurd məqamlardan biri də suallarla bağlıdır.

Təsəvvür edin, riyaziyyatçı və dilçi eyni məntiq suallarına cavab verməlidir.

Bəli, hamı eyni suallara cavab verib, müxtəlif ixtisaslarda təhsil alacaq. Bir qədər qəribə görünür, deyilmi?

Riyaziyyatçı xarici dildən imtahan verir, dilçi informatika və riyaziyyala bağlı məntiq suallarını cavablandırır.

Məsələn, tərcümə sahəsi üzrə magist təhsili almaq istəyən şəxs, öz sahəsindən bircə suala belə cavab vermir.

Bunun nə dərəcədə məntiqli olduğuna yəqin ki, müstəqil təhsil ekspertləri cavab verə bilər.

Hər halda heç də məntiqli görünmür.

***

Yuxarıda qeyd etdiyim kimi, pandemiya nəticəsində təhsilimiz ciddi problemlərlə üz-üzədir. Hamımız övladlarımızın gələcək taleyindən, onların təhsilindən narahatıq.

Dövlət İmtahan Mərkəzinin bu səriştəsizliyi, daha doğrusu laqeyidliyi təhsilimiz üçün ciddi problemdir və gəncliyi elmdən, təhsildən uzaqlaşdırır. Ümid edirəm ki, DİM rəsmilərinin ağlabatan və məntiqli izahı olacaq.

Təhsilə bu şəkildə yanaşmaq gələcəyimizə biganəlikdir…

1240
Teqlər:
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM
İsgəndər M raket kompleksi

İntiharlar, meşələr, "İsgəndər"lər, sumqayıtlılar tramvaylar…

77
(Yenilənib 11:28 01.03.2021)
Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Mətbuat konfransı

4 saat, 35 media nümayəndəsinin 50-dək sualını bir qurtum su içmədən cavablandırmaq. Və niyə məhz indi? Ermənistandakı revanşist qüvvələrin çağırışları, sülhməramlıların bir neçə naqolay davranışı, status məsələləri ilə bağlı müxtəlif manipuliyasiyaların müşayiət olunduğu indiki məqam, görünür, təsadüfən seçilməmişdi.

...Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə doğru, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir. Regiondakı indiki situasiya Ermənistanın düşdüyü çuxurdan xilası üçün şansdır. Bunu qanmamaq oturduğun budağı kəsmək kimi bir şey olacaq. Bunu şüursuzluqdan edəndə axmaqlıq, şüurlu edəndə adı intihardır.

İntiharlar həftəsi

Həftə ərzində intihar hadisələri gündəm oldu. Gənc qızın özünü 20-ci mərtəbədən atması valideyn-övlad münasibətlərindəki boşluqları da bir daha aktuallaşdırdı. Ancaq bu, yeganə suisid faktı deyildi. Ceyranbatan qəsəbəsində 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asdı. Onun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, qızın isə başqası ilə nişanlandığı bildirildi. Srağagün isə İdman Akademiyasının tələbəsi Seymur Əsgərovun intihar xəbəri yayıldı... ötən həftə də bir tələbə intihar etmişdi. Dünən isə Abşeron rayonunda 15 yaşlı qız intihara cəhd etdi və s.

İntihar elə bir aktdır ki, ani emosional hissdən yaranır, əgər həmin anda onun qarşısını almaq mümkün olsa, bəlkə də bir neçə dəqiqə sonra peşmançılıq hissi insana hakim kəsilər. İstənilən halda, gənclərin intihar faktı bir neçə problemi bir daha nəzərdən keçirməyə vadar edir: valideynlərin övladının dostu ola bilməməsi, məktəb psixoloqlarının sadəcə, ştat kimi mövcud olduğunu, cəmiyyətin empatiya hissini itirməsi, sosial şəbəkələrin real ünsiyyəti azaltması ilə özünəqapanma hallarının artması...

Bu arada 2020-ci ildə ölkədə 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur.

Dünyanın bəzi ölkələrində isə vəziyyət daha kritikdir. Məsələn, intiharların artdığı Yaponiyada "Tənhalıq Nazirliyi" yaradılıb. Koronavirus təkcə öz virusu ilə öldürmür, psixoloji affekt halını da artırır. Britaniyanın "Lancet Psychiatry" nəşrinin pandemiyanın yeni başladığı dönəmlərdə məqaləsi bu mənada SOS siqnalı verirdi - Glasgow Universitetinin professoru Rori O'Connorun proqnozu belə idi: "Heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq".

Meşə: kriptovalyuta

Böyükşor və Zığ gölləri İqtisadiyyat Nazirliyindən alınıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi. Göllərin niyə bu vaxtadək ETSN-də olmadığını müzakirə etmədən, maraqlı bir faktı diqqətinizə çatdırım – bir vaxtlar ölkədə meşələrin banklara verilməsi təşəbbüsü olub. İdeyanın özəyi ondan ibarət imiş ki, banklar meşələri təxminən kriptovalyuta kimi qoruyur, satır, alır və bu, onun kapitalı kimi qiymətləndirilir. Nəticədə, meşələrin qırılmasının qarşısı alınır.

Bu arada Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə "Facebook" üzərindən satışa çıxarılıb. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur. İstənilən şəxs "meşə", "cəngəllik" kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə "Facebook Marketplace"dəki həmin elanları görə bilər.

İntiharlardan meşələrə keçmişkən, Yaponiyada "İntihar meşəsi var": Aokigahara. 60-cı illərədən özünü öldürmək istəyən bir çox sayda insan bu meşəyə üz tutur. Seicho Matsumoto adlı yapon yazıçının 1960-cı ildə yazdığı "Black sea of trees" adlı romanının sonunda iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən meşə yaponların intihar etmək üçün getdikləri məskən halına gəlir. Ancaq meşədə onları intihardan yayındırmaq üçün çağırış edən plakatlar var, bəzən bu, onları ayıldır, bəzən isə, təəssüf ki, yox...

Təbiətə təslim olmaq

Təbiətdən söz düşmüşkən, bu həftə Bakı qara təslim oldu. Düzdür, bu, uzun çəkmədi, amma hər halda, bir gün ərzində yolar buz bağladı, nəqliyyatın işi əksər ərazilərdə yarıiflic vəziyyətə düşdü. Qınamalı deyil, qar artıq bizim üçün qeyri-adi təbiət hadisəsinə çevrilib, yağıntısı təxminən 10 ildən bir baş verir, belə fors-majora hazır olmamağımızı anlayışla qarşılayaq.

İsgəndər-şou

Ermənistanda ara qarışıb, məzhəb itib. Baş Qərargah rəisi Paşinyanı istefaya çağırıb, o da bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək, rəisi istefaya göndərib, ancaq prezident bu istefanı təsdiqləməyib. Ölkədə etiraz aksiyaları davam edir.

Serj Sarkisyan Paşinyanı başlarının əzildiyi müharibədə "İsgəndər" raketlərindən lazımi anda istifadə etməməkdə ittiham edib, baş nazir də təxminən deyib ki, utanmasan, oynamağa nə var ki..., bu raketləri sən özün almısan, biz onları istifadə etdik, ancaq 10 faizi işlədi, yəni partlamadı. Başqa sözlə, büdcəni yeyib, talamısınız, aldığınız raketlər kukruznik kimi bir şeymiş.

Prezident İlham Əliyev jurnalistlər üçün mətbuat konfransında bildirdi ki, ümumiyyətlə, Azərbaycana bu raketdən atılmayıb.

ABŞ prezidentini sumqayıtlılar seçir

İroniya filan deyil. Sumqayıtın intellektual gənclər şəhəri olması çoxdan məlum idi. İndi ABŞ Federal Təhqiqatlar Bürosunun axtarış siyahısına baxanda bir daha buna əmin olursan. 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə etməsi ittihamı ilə 13 Rusiya vətəndaşını rəsmi axtarışa verib. Axtarışa verilənlərdən biri də 1990-cı ildə Sumqayıtda anadan olan Ceyhun Aslanovdur. C.Aslanovun 2014-cü ilin sentyabrından 2018-ci ilin 16 fevralınadək ABŞ-da sosial media platformalarında əməliyyatlar aparan İnternet Tədqiqat Agentliyində Tərcümə layihəsinin rəhbəri vəzifəsində çalışdığı bildirilir. FTB C.Aslanovun yeri haqqında məlumat verən şəxsə 75000 dollar mükafat vəd edib.

Sumqayıtla belə danışmaq olmaz, o xaraktersiz şəhər deyil. 1963-cü ildə Oktyabr inqilabı ilə bağlı şəhər tədbirində fəhlələrin şəhərdəki çörək qıtlığına və qiymətlərin bahalaşmasına etiraz olaraq Xuruşovun plakatını cıraraq etiraz aksiyasına başlaması bütün SSRİ-də şəhəri məşhurlaşdırmışdı. İndi "delavoy" gənclər şəhərini ABŞ-da da tanıyırlar.

Tramvaylar qayıdır?

BNA-nın mətbuat katibi Mais Ağayev Bakıda tramvayların bərpası ilə bağlı iş aparıldığını söylədi. Yaşıl enerji ölkəsinə çevrilmək istəyiriksə, ekoloji cəhətdən səmərəli olan tramvayların dönüşü arzuolunandır. Tramvay həm də nostaljidir axı. Yaşı 30-dan yuxarı olub, köhnə tramvayların şəklini görəndə köks ötürməyən çox az adam tapılar yəqin ki... Tramvaylar indi hər bir müasir şəhərin vacib atributlarından birinə çevrilib. Bakımıza da yaraşar. Elə Sumqayıta da.

77
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Əli Əsədov Fuad Oktaya başsağlığı verdi

0
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

0
Teqlər:
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay, Əli Əsədov, Baş nazir, Türkiyə, Azərbaycan