Ofis işçiləri, arxiv şəkli

Bazar, siyasət sənət: üçmərtəbəli göydələn

41
Əgər üçüncü mərtəbədən bütün bunları görənlər dilə gəlsələr, həqiqəti deyib birinci mərtəbədəkiləri ayıltmağa çalışsalar, ikinci mərtəbədəkilər üçüncü mərtəbədəkilərə hücum çəkər, onları susdurmaq üçün ya təhdid edər, ya həbs edər, ya da öldürərlər

Üç mərtəbədən ibarət bir ev düşünün. Lakin çox böyük, olduqca geniş və hündür bir ev. Ağla gələ biləcək ən nəhəng göydələn kimi, amma cəmi üçmərtəbəli. Düşündünüzmü? Bu üçmərtəbəli göydələn yaşadığımız dünyanı və dünyada baş verən hadisələri ən qısa və sadə formada izah etmək üçün işimizə yarayacaq.

Birinci mərtəbə: Bazar.

Əslində, hər şey buradan başlayır. Bu mərtəbədən keçməyənlər yuxarı mərtəbələrə qalxa bilmirlər. Hər kəs buradadır, burada olub ya da burada olacaq. Bura bazardır. Burada heç nəyi olmayanların hər şeyi var. Fikriniz qarışmasın, bir azdan nə demək istədiyimi biləcəksiniz.

Yediklərimiz, içdiklərimiz, geyindiklərimiz, gəzdiklərimiz, baxdıqlarımız, bütün görə bildiklərimiz və toxuna bildiklərimiz burada istehsal olunur. Marşrutlar, metrolar, təyyarələr də buradadır. Bura olmazsa, digər mərtəbələr də olmaz. Bura olmazsa, Yer kürəsi quru bir çöl olar.

Məsələn, kəndli, sadə vətəndaş burada alma yetişdirir və satır. Onun yetişdirdiyi alma onun öz qarnını doyurmur, amma o almanın bu bazarda yetişdirilib satılması bütün göydələnin ayaqda qalmasına, mexanizmin planlaşdırıldığı kimi işləməsinə xidmət edir.

İkinci mərtəbə: Siyasət.

Göydələnin ikinci mərtəbəsi siyasətdir. Buradakılar olduqca qəribədirlər. Birinci mərtəbədəkilər, yəni bazardakılar olmazsa? ikinci mərtəbədəkilər heç bir işə yaramayacaqlar, amma buradakı eqoist canlılar özlərini həmişə daha üstün bilməyə çalışırlar. Onlar niyə ikinci mərtəbədə olduqlarını anlamırlar, sadəcə ikinci mərtəbədə olmağı bir üst qat hesab edib üstün olduqlarını düşünürlər. Daha aydın ifadə etməli olsam, onlar öz yerlərini dəyərli etməkdənsə, yerlərindən yararlanıb özlərini dəyərli etməyə çalışırlar.

Birinci mərtəbədə baş verən bütün proseslər ikinci mərtəbənin maksimum nəzarəti altındadır. Alt mərtəbədə alma istehsal edib satışa çıxaran kəndlinin almasını ikinci mərtəbədə oturanlar çox ucuz qiymətə alırlar və onu daha baha qiymətə yenidən birinci mərtəbədəkilərə satırlar. Həmin kəndli də almadan əldə etdiyi o cüzi gəliri ilə yenidən ikinci mərtəbənin birinci mərtəbəyə satdığı unu, qəndi, çayı və digər məhsulları alır. Beləcə, qazanc həmişə ikinci mərtəbənin olur.

Üçüncü mərtəbə: Sənət

Bura göydələnin sonuncu mərtəbəsidir. Buradan yuxarıda təkcə Tanrı var. Məhz bu səbəblə buradakılar aşağıda baş verənlərdən ən az Tanrı qədər agahdırlar. Bəs niyə hər şeyi bildikləri halda müdaxilə etmirlər sualını ünvanlasanız, yenə sizə Tanrını nümunə göstərməli olacağam ki, Tanrı da hər şeydən agahdır, amma müdaxilə etmir.

Üçüncü mərtəbədəkilər iki yerə ayrılıblar. Onların bir qismi ikinci mərtəbəyə enən pilləkənin başında dayanıb oradan gələn sifariş və bəxşişləri gözləyir, bir qismi isə bu göydələnin Tanrıya açılan pəncərələrində dayanıb Tanrı ilə dərdləşirlər.

Qadın kitab oxuyur, arxiv şəkli
© AFP 2021 / PATRICK LIN

Qəribəsi odur ki, pilləkəndə dayananlar ikinci mərtəbədəkilərin birinci mərətəbədəki kəndlidən alıb yenidən həmin mərtəbədəkilərə satdığı almanın pulundan bəxşiş gözləyə-gözləyə kəndliyə də, almaya da, vicdan, ləyaqət, əxlaq, ədalət kimi müqəddəs anlayışlara da şeirlər yazır, mahnılar bəstələyir, rəsmlər çəkirlər. Sonra da bunun müqabilində ikinci mərtəbədən gələn bəxşişlərini alıb bu göydələnin pəncərələrindən Tanrıya əl açanlara rişxənd edirlər. Və bunun ən dəhşətli yanı odur ki, bütün bu baş verənlərin birinci mərtəbədəkilər üçün heç bir əhəmiyyəti, önəmi yoxdur. Oradakılar həmişə öz almalarını satıb ondan qazandıqları cüzi gəlirlə günlük qidalarını təmin etməyə çalışırlar.

Məhz buna görə də birinci mərtəbədə hər şeyi olanların heç nəyi yoxdur. Onlar çoxdurlar, yəni gücləri var. Onlar torpaqla iç-içədirlər, yəni bərəkətli nemətləri var. Onlar təmizdirlər, çünki yuxarı mərtəbələrdə nələrin baş verdiyini görmürlər və bilmirlər. Amma onların heç nəyi yoxdur, ona görə ki, ikinci mərtəbədəkilərin qurduğu tələdə bütün mülklərini itirir və günlük qidalarına möhtac qalırlar. Çox ağrılıdır, deyilmi?

Əgər üçüncü mərtəbədən bütün bunları görənlər dilə gəlsələr, həqiqəti deyib birinci mərtəbədəkiləri ayıltmağa çalışsalar, ikinci mərtəbədəkilər üçüncü mərtəbədəkilərə hücum çəkər, onları susdurmaq üçün ya təhdid edər, ya həbs edər, ya da öldürərlər. Bu, normaldır, çünki ikinci mərtəbədəkilər həmişə öz mənfəətlərini güdürlər. Müəmma odur ki, üçüncü mərtəbədəkilər birinci mərtəbədəkilərin rifahı və haqqı uğruna dilə gəlib həqiqəti deyəndə birinci mərtəbədəkilər də üçüncü mərtəbədəkilərə hücum çəkirlər. Onlara öz adət-ənənələri, mənəvi dəyərləri, məişət qaydaları ilə kafir, əxlaqsız, mütrüb, dəli və başqa damğalar vurur, onları hər vəchlə öz aralarından çıxdaş etməyə çalışırlar.

Əslində, bu elə də böyük müəmma deyil. Yəni çox sadə təhlillə səbəbini tapmaq olur. Birinci mərtəbədəkilər uzun müddət boyunca qurulmuş bir mexanizmdən az da olsa nağd gəlir əldə edirlər və başqa bir sistemə keçməyə risk kimi baxırlar. Bu səbəblə etiraz etmir və özlərindən əvvəlkiləri təqlid edərək ömürlərini birtəhər başa vurmağa çalışırlar. Digər tərəfdən, onlar çox yaxşı bilirlər ki, əgər etiraz edib başqa, daha ədalətli bir sistemə keçmək istəsələr? indiyə qədər aldadıldıqlarını və onlardan əvvəlki əcdadlarınının bu tələnin güdazına getdiyini, yəni birinci mərtəbədəki bütün irsin əsrlər boyunca bir hiylə ilə talandığını qəbul etmiş olacaqlar. Bunu qəbul etmək oradakı hər bir fərdin mənəvi sınması, psixoloji travması deməkdir. Bu, həqiqətən, dəhşətdir və bu məqamda indiyə qədərki itaət anlaşılandır.

Amma və lakin..! Bundan sonrası tamamilə başqa cür olacaq və nə qədər ki, gec deyil, birinci mərtəbədəkilərin bu tələdən qurtulması vacib şərtdir. Fərdiləşməyə doğru sürətlə gedən Yer kürəsində mərtəbələr yox olmaq üzrədir. Düzdür, üçüncü mərtəbənin pəncərələrində dayanıb Tanrı ilə dərdləşənlər heç vaxt başqalarının sırasına qoşulmayacaqlar və mərtəbələr aradan qalxsa da onlar pəncərələrdən sallanıb Tanrı ilə dərdləşməyə davam edəcəklər. Lakin bu mərtəbələr aradan qalxan kimi üçüncü mərtəbənin pilləkənində dayananlar və ikinci mərtəbədəkilər dəhşətli bir acgözlüklə birinci mərtəbəyə axın edəcəklər və əgər gedişat belə davam edərsə, indi almasını istehsal edib cüzi məbləğə satan və günlük qidasını təmin edən o kəndli daha alma da istehsal edə bilməyəcək. Mərtəbələr aradan qalxan kimi onun alma bağı onun əlindən alınacaq və tez bir zamanda acından öləcək.

Bu məqamda çox sevdiyim və cavab tələb etməyən suallardan birini verəcəyəm: daha nə deyə bilərəm ki?

41
Teqlər:
bazar, siyasət, mədəniyyət
İsgəndər M raket kompleksi

İntiharlar, meşələr, "İsgəndər"lər, sumqayıtlılar tramvaylar…

56
(Yenilənib 11:28 01.03.2021)
Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Mətbuat konfransı

4 saat, 35 media nümayəndəsinin 50-dək sualını bir qurtum su içmədən cavablandırmaq. Və niyə məhz indi? Ermənistandakı revanşist qüvvələrin çağırışları, sülhməramlıların bir neçə naqolay davranışı, status məsələləri ilə bağlı müxtəlif manipuliyasiyaların müşayiət olunduğu indiki məqam, görünür, təsadüfən seçilməmişdi.

...Separatçılara "rus dili" bayrağı da kömək etməyəcək, onlar üçün vəziyyət "rusca"dan da pisə doğru, təxminən "Erməni budaq cümlələri"nə doğru gedir. Regiondakı indiki situasiya Ermənistanın düşdüyü çuxurdan xilası üçün şansdır. Bunu qanmamaq oturduğun budağı kəsmək kimi bir şey olacaq. Bunu şüursuzluqdan edəndə axmaqlıq, şüurlu edəndə adı intihardır.

İntiharlar həftəsi

Həftə ərzində intihar hadisələri gündəm oldu. Gənc qızın özünü 20-ci mərtəbədən atması valideyn-övlad münasibətlərindəki boşluqları da bir daha aktuallaşdırdı. Ancaq bu, yeganə suisid faktı deyildi. Ceyranbatan qəsəbəsində 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asdı. Onun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, qızın isə başqası ilə nişanlandığı bildirildi. Srağagün isə İdman Akademiyasının tələbəsi Seymur Əsgərovun intihar xəbəri yayıldı... ötən həftə də bir tələbə intihar etmişdi. Dünən isə Abşeron rayonunda 15 yaşlı qız intihara cəhd etdi və s.

İntihar elə bir aktdır ki, ani emosional hissdən yaranır, əgər həmin anda onun qarşısını almaq mümkün olsa, bəlkə də bir neçə dəqiqə sonra peşmançılıq hissi insana hakim kəsilər. İstənilən halda, gənclərin intihar faktı bir neçə problemi bir daha nəzərdən keçirməyə vadar edir: valideynlərin övladının dostu ola bilməməsi, məktəb psixoloqlarının sadəcə, ştat kimi mövcud olduğunu, cəmiyyətin empatiya hissini itirməsi, sosial şəbəkələrin real ünsiyyəti azaltması ilə özünəqapanma hallarının artması...

Bu arada 2020-ci ildə ölkədə 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur.

Dünyanın bəzi ölkələrində isə vəziyyət daha kritikdir. Məsələn, intiharların artdığı Yaponiyada "Tənhalıq Nazirliyi" yaradılıb. Koronavirus təkcə öz virusu ilə öldürmür, psixoloji affekt halını da artırır. Britaniyanın "Lancet Psychiatry" nəşrinin pandemiyanın yeni başladığı dönəmlərdə məqaləsi bu mənada SOS siqnalı verirdi - Glasgow Universitetinin professoru Rori O'Connorun proqnozu belə idi: "Heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq".

Meşə: kriptovalyuta

Böyükşor və Zığ gölləri İqtisadiyyat Nazirliyindən alınıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi. Göllərin niyə bu vaxtadək ETSN-də olmadığını müzakirə etmədən, maraqlı bir faktı diqqətinizə çatdırım – bir vaxtlar ölkədə meşələrin banklara verilməsi təşəbbüsü olub. İdeyanın özəyi ondan ibarət imiş ki, banklar meşələri təxminən kriptovalyuta kimi qoruyur, satır, alır və bu, onun kapitalı kimi qiymətləndirilir. Nəticədə, meşələrin qırılmasının qarşısı alınır.

Bu arada Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə "Facebook" üzərindən satışa çıxarılıb. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur. İstənilən şəxs "meşə", "cəngəllik" kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə "Facebook Marketplace"dəki həmin elanları görə bilər.

İntiharlardan meşələrə keçmişkən, Yaponiyada "İntihar meşəsi var": Aokigahara. 60-cı illərədən özünü öldürmək istəyən bir çox sayda insan bu meşəyə üz tutur. Seicho Matsumoto adlı yapon yazıçının 1960-cı ildə yazdığı "Black sea of trees" adlı romanının sonunda iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən meşə yaponların intihar etmək üçün getdikləri məskən halına gəlir. Ancaq meşədə onları intihardan yayındırmaq üçün çağırış edən plakatlar var, bəzən bu, onları ayıldır, bəzən isə, təəssüf ki, yox...

Təbiətə təslim olmaq

Təbiətdən söz düşmüşkən, bu həftə Bakı qara təslim oldu. Düzdür, bu, uzun çəkmədi, amma hər halda, bir gün ərzində yolar buz bağladı, nəqliyyatın işi əksər ərazilərdə yarıiflic vəziyyətə düşdü. Qınamalı deyil, qar artıq bizim üçün qeyri-adi təbiət hadisəsinə çevrilib, yağıntısı təxminən 10 ildən bir baş verir, belə fors-majora hazır olmamağımızı anlayışla qarşılayaq.

İsgəndər-şou

Ermənistanda ara qarışıb, məzhəb itib. Baş Qərargah rəisi Paşinyanı istefaya çağırıb, o da bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək, rəisi istefaya göndərib, ancaq prezident bu istefanı təsdiqləməyib. Ölkədə etiraz aksiyaları davam edir.

Serj Sarkisyan Paşinyanı başlarının əzildiyi müharibədə "İsgəndər" raketlərindən lazımi anda istifadə etməməkdə ittiham edib, baş nazir də təxminən deyib ki, utanmasan, oynamağa nə var ki..., bu raketləri sən özün almısan, biz onları istifadə etdik, ancaq 10 faizi işlədi, yəni partlamadı. Başqa sözlə, büdcəni yeyib, talamısınız, aldığınız raketlər kukruznik kimi bir şeymiş.

Prezident İlham Əliyev jurnalistlər üçün mətbuat konfransında bildirdi ki, ümumiyyətlə, Azərbaycana bu raketdən atılmayıb.

ABŞ prezidentini sumqayıtlılar seçir

İroniya filan deyil. Sumqayıtın intellektual gənclər şəhəri olması çoxdan məlum idi. İndi ABŞ Federal Təhqiqatlar Bürosunun axtarış siyahısına baxanda bir daha buna əmin olursan. 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə etməsi ittihamı ilə 13 Rusiya vətəndaşını rəsmi axtarışa verib. Axtarışa verilənlərdən biri də 1990-cı ildə Sumqayıtda anadan olan Ceyhun Aslanovdur. C.Aslanovun 2014-cü ilin sentyabrından 2018-ci ilin 16 fevralınadək ABŞ-da sosial media platformalarında əməliyyatlar aparan İnternet Tədqiqat Agentliyində Tərcümə layihəsinin rəhbəri vəzifəsində çalışdığı bildirilir. FTB C.Aslanovun yeri haqqında məlumat verən şəxsə 75000 dollar mükafat vəd edib.

Sumqayıtla belə danışmaq olmaz, o xaraktersiz şəhər deyil. 1963-cü ildə Oktyabr inqilabı ilə bağlı şəhər tədbirində fəhlələrin şəhərdəki çörək qıtlığına və qiymətlərin bahalaşmasına etiraz olaraq Xuruşovun plakatını cıraraq etiraz aksiyasına başlaması bütün SSRİ-də şəhəri məşhurlaşdırmışdı. İndi "delavoy" gənclər şəhərini ABŞ-da da tanıyırlar.

Tramvaylar qayıdır?

BNA-nın mətbuat katibi Mais Ağayev Bakıda tramvayların bərpası ilə bağlı iş aparıldığını söylədi. Yaşıl enerji ölkəsinə çevrilmək istəyiriksə, ekoloji cəhətdən səmərəli olan tramvayların dönüşü arzuolunandır. Tramvay həm də nostaljidir axı. Yaşı 30-dan yuxarı olub, köhnə tramvayların şəklini görəndə köks ötürməyən çox az adam tapılar yəqin ki... Tramvaylar indi hər bir müasir şəhərin vacib atributlarından birinə çevrilib. Bakımıza da yaraşar. Elə Sumqayıta da.

56
Su daşıyan qadın, arxiv şəkli

Su içində susuzluq: quyular aşıb-daşır, içməyə isə su tapılmır

45
(Yenilənib 15:35 28.02.2021)
Gələcəkdə su müharibələrinin olacağını bir sıra analitik proqnozlaşdırır. Su neftdən, qazdan, daş kömürdən də baha olacaq.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakıya Xaçmazın Şollar kəndindən su çəkdirmək ideyasını reallaşdıranda, kimsə ona deyir, “Hacı, Bakının suyu özünə bəsdir. Kənardan su gəlsə, kəndləri su basacaq”. Bu deyimin həqiqətə nə qədər yaxın olduğunu demək çətindir, amma bugünkü günün prizmasından baxanda çox yerində deyilən sözə bənzəyir.

Kəndləri, gerçəkdən, su basır

Uşaq əllərini yuyur, arxiv şəkli
© AFP 2021 / DANIEL LEAL-OLIVAS

Bakıda və Abşeronda heç vaxt su bolluğu olmayıb. Quru subtropik iqlim hökm sürüb. Deyək, Tiflisdə külli miqdarda təmiz bulaq var, suyu yumşaq və bəyəniləndir. Gürcülər heç Kürün suyundan belə yararlanmaq istəmirlər, bir yandan çayı zibilləyirlər. Su tərəfdən bolluqdur bir növ. Bakı böyüdükcə, suya da tələbat günü-gündən artıb. Əlbəttə, Bakı kəndlərində çoxlu ovdan və şirin suyu olan dərin quyular olub. Bir xeyli göl, içməli qrunt suları şəhərin və yarımadanın hər yerində var. Amma artan şəhəri su ilə təmin eləmək elə-belə iş deyil.

Bakıda milyon tonlarla neft çıxarılırdı, deməli, böyüməyə məhkum idi. Suyu olmayan şəhər isə inkişaf edə bilməz. Tağıyev uzun müddət Bakıya su çəkilməsi üzrə hazırlanan layihələrin bir çoxunda iştirak edib. Şəhər dumasında onlarla ideya məhz baha olduğuna görə rədd edilmişdi. Özü də Şollar su kəmərinin çəkilməsi təkcə Tağıyevin vəsaiti hesabına reallaşmayıb. Belə bir işi görmək heç bir milyonçunun gücündə olan məsələ deyildi, amma Hacının böyük zəhməti və səyi nəticəsində Şollar suyu artıq 1917-ci ildə Bakıya verilməyə başlayır.

Fəlakət dağlarımızdan başlayıb: zirvələrdə illərlə qalan qar əriyib>>

Bu gün Şollar suyunu içmək Bakı sakini üçün Aya uçmaq qədər çətin məsələdir. Şollardan gələn su kəmərini bir neçə böyük şirkət istismar edir, yəni qablaşdıraraq satır, şirin qazlı içkilər hazırlayır. Birbaşa kiminsə evinə Şollar suyu gəlmir. Vaxtilə Tağıyevin qətiyyətlə qəbul etmədiyi Kür suyu şəhərin əsas tələbatını təmin edir. Şollar suyunun Bakıya verilməsinin Abşeron kəndlərini su basması ilə əlaqəsinin olub-olmadığını demək çətindir, çünki bu gün meqapolisə çox yerdən su verilir, amma kəndləri, doğrudan da su basır.

Yayın cırhacırında alaq əlindən qum görünmür

Bakının Zabrat, Ramana, Məmmədli, Binəqədi, Maştağa, Bilgəh və digər kəndlərində ərazilərin sürətlə bataqlaşması, həyətləri su basması artıq danılmaz bir həqiqətdir. Sosial şəbəkələrdə Abşeronda həyəti, bağ sahəsi olan hər iki-üç adamdan biri su ilə problem yaşadığını qeyd edir. Bir tərəfdən, vətəndaşların əli içməli suya çatmır, çünki qapısının yanından keçən ana xəttə qoşulmaq üçün xeyli qapı döyməli, bir ətək pul xərcləməlisən. Digər tərəfdən isə qrunt sularının Abşeronda ümumi səviyyəsi qalxıb, həyətlərdə olan quyular ağzınacan suyla doludur. Kiminin evini su basır, kimin həyətini. İnsan var, deyir, ilboyu həyətdən alaq təmizləyirəm, xeyri yoxdur, qamış da hər yeri basıb. Yayda Abşeron bağlarında tərtəmiz, qupquru müalicəvi qum olardı. Bağa köçən insanlar da müxtəlif diz-oynaq xəstəliklərini bu qumla müalicə edərdilər. İndi yayın cırhacırında alaq əlindən qum görünmür. Yarım metr yer qazırsan, su çıxır. Nə ağac əksən belə, kökü quyu suyuna çatan kimi quruyur.

Köhnə qayda ilə suyu açıb veririk sahələrə, hara gəldi axır

Abşeronun tədricən bataqlığa çevrilməsinin bir sıra səbəbi var. Sadalamağına dəyər. Birinci səbəb kəndlərə su çəkilməsi ilə paralel kanalizasiya sisteminin olmamasıdır. Bir çox həyətdə elə dədə-baba qaydası ilə şambo qazılır, su da həmin quyuya verilir. Amma bu şambo o şambodan deyil. 50 il hər tərəf qupquru idi. Bir dəfə şambo qazırdın, 30-40 il rahat istifadə edirdin. Su rahatlıqla qumdan süzülüb gedirdi. Ağaclar da bu sudan çəkirdi. İndi şambolar da qrunt suları ilə dolub.

Kimi dindirsən, deyir, bir-iki evkalipt alıb əkəcəyəm, bəlkə, bununla artıq sudan canımı qurtararam. Evkalipt də torpaqda nə su var, çəkir canına, şambo və ya quyu yanında ək, bir neçə ilə qalxsın 10-15 m hündürlüyə. Eyni yolla da iydə suyu çəkir, evkalipt əvəzinə onu da əkmək olar. Tağıyevin dövründə kiməsə Bakıda iydə və ya evkalipt əkməkdən danışsaydın, deyərdi, yəqin, başı xarab olub. Amma bu gün hətta evkalipti sıra ilə əkirlər, başqa çarə yoxdur.

Digər səbəb su itkiləri ilə bağlıdır. Prezident İlham Əliyevin ötən ilin avqustunda keçirdiyi müşavirədə bu problem də qeyd olunub. Dövlət başçısı su itkilərinin çox yüksək səviyyədə olduğunu bildirib: “Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir”.

Su elə-belə əmələ gəlmir, təmizlənməsinə, istehsalına, toplanmasına və saxlanılmasına milyonlarla vəsait sərf edilir. Sonra bu qiymətli məhsul itirilir, yəni istehlakçıya çatdırılmadan torpağa axıb gedir. Suyun itkisi tək adi vətəndaşa münasibətdə baş vermir, çünki biz o qədər də su işlətmirik. Suyun çox hissəsi böyük istehsalat müəssisələri, fermer təsərrüfatları, əkin sahələri, şəhərdə fəaliyyət göstərən böyük biznes mərkəzlərdə işlədilir. Çox hissəsi də elə qeyri-rasional sərf edilir, itirilir, məhv edilir, bir sözlə. Dünyanın bir çox ölkəsində suyu olduqca məqsədyönlü işlədərlər, əvvəlcə sistem qurulur, sonra xüsusi avadanlıq sahənin suya tələbatını təyin edir, quruluq dərəcəsini yoxlayır, sonra isə su damcı metodu ilə tələb olunan yerə verilir. 1 ton su belə israf edilə bilməz. Biz isə elə köhnə qayda ilə suyu açıb veririk sahələrə, hara gəldi axır. Bitkiyə suyun çatıb-çatmaması artıq ikinci dərəcəli sualdır. Torpaq şoranlaşır, sahələr bataqlığa çevrilir. Abşeron kimi bir quru məkanda ağcaqanad əlindən tərpənmək olmur.

Özünə yer tapmayan qrunt suları da gedib başqa yerdən üzə çıxır

Problem yaradan səbəblərdən biri qrunt sularının artmasına bağlıdır. Torpağa axan su qrunt sularının ümumi səviyyəsini qaldırır, amma əsas deyil. Min illərdir qrunt suları böyük su hövzələrinə axır. Abşerondakı kiçik gölləri də məhz elə qrunt suları qidalandırır. Bəzən bu sular xüsusi yollarla dənizə axıb gedir. Bu faktor hər bir tikintidə, yol çəkilişində, başqa işlərdə nəzərə alınmalıdır. Bəzən yeraltı çayların qabağı bilərəkdən alınmır, sadəcə tikinti zamanı məsələ diqqətdən kənarda qalır. Nəticədə qrunt suları bina və evlərin təməlini yuyur, su hövzəsinə çata bilmədiyindən həyətlərdəki quyulardan üzə çıxır. Bəzi kəndlərdə evi əldən gedən vətəndaşlar bütün günü nasosla suyu küçəyə vurmaqla problemi həll etməyə çalışırlar.

Digər tərəfdən hansısa məhəllədə daim küçəni su basırsa, hər yağışdan sonra küçə keçilməz bataqlığa çevrilirsə, deməli, evlər münasib yerdə tikilməyib. Yəni Bakıətrafı qəsəbələrdə öz-özündən yaranan bəzi məhəllələr heç bir halda yaşayış üçün yararlı deyil, sadəcə boş yer olmadığından yerli qurumlardan tikinti icazəsi alan vətəndaş evini burada tikib, sonra yanında daha bir ev tikilib, nəticədə böyük bir massiv yaranıb, amma kanalizasiya yoxdur, torpaq gillidir, su heç yayda belə çəkilib getmir. Bu qəsəbələrdə tikilən bir sıra hündürmərtəbəli binanın belə kanalizasiya qoşulması mümkünsüz olduğundan çirkab suları elə birbaşa yaxınlıqdakı göllərə axıdılır. Yayda üfunət iyindən və ağcaqanad əlindən durmaq olmur. Üstəlik, Abşeronda bir çox təbii göl də yox olmaqdadır, onlar qurudulur, yerində bina ucaldılır, özünə yer tapmayan qrunt suları da gedib başqa yerdən üzə çıxır.

İllərlə orada-burada sızıldayan xətlər nə vaxt təmir ediləcək?

Azərbaycanın su ehtiyatı elə də çox deyil, amma doğru-düzgün istifadə etsək, özümüzə bəs edəcək qədərdir. Bu, su təsərrüfatından rasional formada yararlanmaq gərəkdir. Qüvvələri bir yerə cəmləmək tələb olunur. "Azərsu" ASC-nin bütün işçi heyəti yararsız xətlərin təmirinə yönəldilməli, qəzalı su boruları dəyişdirilməlidir. Dövlət büdcəsindən yalnız ötən il "Azərsu"ya 38 milyon manat vəsait ayrılıb. Ən azı, suyun boş-boşuna yerə axmasının qarşısını almaq üçün kifayət qədər vəsait olub. Hər il dövlət subsidiya ayırır, amma nə su itkisinin qarşısı alınır, nə də tələb olunan işlər vaxtı-vaxtında görülür.

Su itkisinin qarşısını almaq beləmi çətindir? Hara baxırsan, elə yer-yurd sudur. Bu qurumun sutkada 24 saat işləyən briqadaları olmalıdır, çünki başqa cur alınmayacaq da. Hər gün mütləq haradasa bir qəza baş verir, güc-bəla ilə onların qarşısı alınır. Bəs illərlə orada-burada sızıldayan xətlər nə vaxt təmir ediləcək? Bu minvalla elə olan-qalan suyumuz axıb torpağa gedəcək.

Problemi həll etmək üçün bir neçə tədbir görülməlidir. Birinci, su itkisinin qarşısı alınmalı, əhali və mətbuatdan gələn siqnallara operativ reaksiya verilməlidir. İkincisi, xüsusi monitorinq qrupları yaratmaqla su təsərrüfatındakı vəziyyəti araşdırmaq lazımdır. Bəzən siqnal olmaya da bilər, amma su haradasa sıza bilər. Su itkisini bilmək üçün ümumi sayğaclar və nəzarətçilər olmalıdır. Su harada itirsə, həmin yerlərdə müvafiq işlər görmək lazımdır. Üçüncüsü, qrunt suları ilə bağlı ayrıca bir plan hazırlamaq gərəkdir. Alimləri işə cəlb etməklə xüsusi araşdırmalara ehtiyac duyulur. Əgər hansısa səbəbdən qrunt sularının qarşısı alınırsa, deməli, onların böyük hövzələrə yetişməsi üçün xüsusi borular tikilməlidir. Nəhayət, sudan səmərəli istifadə etmək üçün yollar düşünməliyik.

“Elektron su təsərrüfatı” informasiya sistemi də artıq yaradılıb

Sevindirici məqamlar da var. Problemin həlli üçün artıq 2020-ci ildə prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi də artıq yaradılıb və bir neçə gün öncə sistemin əsasnaməsi də təsdiq edilib.

Belə bir sistemin yaradılması həyatın tələbidir. Artıq bir neçə ildir, ölkədə quraqlıq kənd təsərrüfatına ciddi zərər verir. Belə bir halda su ehtiyatları olduqca ciddi nəzarətə alınmalı, onların idarə edilməsi xüsusi sistemin köməyi ilə reallaşmalıdır. Su işinə çox ciddi yanaşmalıyıq, bir tərəfdən, suya böyük ehtiyac duyulur, digər tərəfdən isə bu əvəzsiz neməti torpağa axıtmaqla Abşeron kimi gözəl bir məkanı bataqlığa çeviririk.

Gələcəkdə su müharibələrinin olacağını bir sıra analitik proqnozlaşdırır. Su neftdən, qazdan, daş kömürdən də baha olacaq. Enerji əldə etməyin yolunu, bəlkə də tapa bilərik, amma olmayan suyu necə əldə edəcəyik? Olanı qorumaq və düzgün paylaşdırmaq gərəkdir

45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0