Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Modern həyatlar, süni xoşbəxtliklər, sinxron tənhalıqlar

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidМолодожены, фото из архива
Молодожены, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Modern insan ona heç zaman lazım olmayacaq, həyatını dəyişə bilməyəcək, gündəlik yaşamını gözəlləşdirməyəcək şeylərin xiffətini çəkərək yaşayır.

Cəmiyyətin mexanizm kimi işlək olması üçün böyük sosial qruplara uyğunlaşan, "həyatın çəmi"ni tapan, daima istehlak edən, standart arzu və istəkləri olan, növbəti addımı proqnozlaşdırıla bilən insanlara ehtiyac var. Texnologiya və elm inkişaf etdikcə, müasir insanın istehlak həvəsi də artır, ehtiyaclar azalmaq əvəzinə çoxalır, modern insan ona lazım olmayan texnoloji yeniliklərə meyillənir. Bahalı və çoxfunksiyalı telefonlar, televizorlar, saatlar, planşetlər, ev kinoteatrları və s. əşyalara çox çılğın və mənasızca tələbat müşahidə edirik. Qiymətlər bahalaşdıqca, modern insan daha ehtirasla "ağıllı" əşyalara "ehtiyac duyur".

***

Sosial şəbəkələr məşhurluq ehtirasını alovlandırır, populyarlıq, təqdir olunmaq ehtiyaca çevrilir. Bu ehtiyacın yaratdığı mütiliklə və yaltaqlıqla istənilən sosial qrupa asanlıqla adaptasiya ola bilən xaraktersiz və insani keyfiyyətlərdən məhrum “modern insan” formalaşır. Bu ucuz şöhrət bir qədər sonra asan qazanca çevrilir, modern insan yaşamağın və "həyatın çəmi"ni tapır. Bəsit arzularla yaşayan istehlakçı insan asan proqnozlaşdırılır və rahat idarə olunur. Modern həyat yaşayan, çılğın və mənasız ehtirasları olan insanların növbəti addımını proqnozlaşdırmaq çətin deyil. Ən sadə şəkildə ifadə etsək, modern insanın ən böyük hədəfi istifadə etdiyi telefon markasının növbəti yeni modelidir. Modern kütlə (cəmiyyət), kitabdan, bilgidən, sənətdən uzaq düşməyinin, “fast-food” bilgilərlə qidalandığının, mənasız kitablar oxuyub, bayağı sənətə meyillləndiyinin fərqində deyil. Modern həyatlar gerçək həyat zövqlərindən uzaq, süni sevinclərə möhtacdır. Modern həyatlar yalan, parıltı, dəbdəbə üzərində qurulub. Bir ovuc istisna – ki, həqiqi modern insan məhz istisnalar hesab edilməlidir – kütlənin çılğın ehtirasları üçün gecə-gündüz fikir, texnologiya, bilgi, sənət yaradır. Modern cəmiyyəti, modern insanı daha dərindən tanıyan elm, sənət adamları özlərini çətinə salmadan yüngül, asan anlaşılan, parıltılı şeylər, nəsnələr yaradır.

***

Modern insan passivdir və kapitalist dəyərlərdən mümkün qədər istifadə etməklə həyatını asanlaşdırandır. Modern insan özünü güvəndə hiss etmək üçün aid olduğu sosial qrupdan bir addım belə kənarlaşmır, sürü psixologiyasına çox asan uyğunlaşır. Kapitalizm robotlaşmış, yadlaşmış fərdlər yaradır və bu fərdlər özləri üçün yaratdıqları süni xoşbəxtliyə inanaraq yaşayır. Süni xoşbəxtliklər, daha çox istehlak acgözlüyü ardıqca, insanın öz şəxsi keyfiyyətlərinə belə yadlaşması sürətlənir. Ehtiyaclarımızı, yeyib-içəcəyimizi, geyimimizi, oxuyacağımız kitabı, baxacağımız filmi, dinləyəcəyimiz musiqini reklamlar müəyyənləşdirir. Süni xoşbəxtlik hissi içimizdəki gücə olan inamı azaldır, modern insan öz gücünü araşdırmadan, öz keyfiyyətlərinə bələd olmadan yaşayır. Modern insanın xoşbəxtliyi sosial şəbəkələrdəki məşhurluğuna, bahalı əşyalarına və dəbdəbəli həyatına bağlıdır.

***

Bütün bunlarla yanaşı, sinxron şəkildə modern insanın tənhalığı başlayır. Modern insan həyat səviyyəsini reklamların parıltısının diktəsi ilə qurub, süni xoşbəxtlik uydurduqca, sinxron olaraq bədbinləşir, tənhalaşır. Dəbdəbə və modern həyat yaşamaq ehtirası insanı kədərə, tənhalığa, depressiyaya sürükləyir. Modern insan ona heç zaman lazım olmayacaq, həyatını dəyişə bilməyəcək, gündəlik yaşamını gözəlləşdirməyəcək şeylərin xiffətini çəkərək yaşayır. Modern həyatlara sinxron olaraq tənhalıqlar dərinləşir, insan həqiqi hisslərin yox, süni xoşbəxtliklərin həsrəti ilə yaşayır.

***

Əslində, pəncərə qarşısında oturub dəmli çaydan qurtumlayaraq klassik roman oxumaq xoşbəxtliyi hələ də mövcuddur. Yeni dil öyrənmək, hər hansı bir musiqi alətini kəşf etmək hələ də mümkündür. Ancaq modern insan getdikcə bu sadə zövqlərdən uzaqlaşır, komforta meyillənir. Komfort isə tənhalığımızı dərinləşdirir, beynimizin yaradıcılıq gücünü məhv edir. Modern insan böyük xəyallar qurmadan, bəsit istəklərlə yaşayır...

Xəbər lenti
0