Qonaqlıq, arxiv şəkli

"Siz daha yaşamırsınız" - yaradıcı adamların içki məclisləri

174
(Yenilənib 12:39 02.01.2021)
Badələrə şərab süzülür, dumanlı beyinlər az öncə baş verənləri unudur, daha doğrusu yaddaş avtomatik kilidələnir. Bu ərəfədə kimsə mütləq dəxlisiz zarafatlar edir, yumor hissinin sərhədlərini aşır.

"Şüşələr,

boşalmış şüşələr...

Axx, bu mahnıların bəstəçiləri

adamın əlinə düşələr..."

Dostum Qismətin bu şeirini hər payız xatırlayıram. Daha doğrusu bu şeir yaddaşımda qalan tək-tük şeirlərdəndir və yuxarıdakı misraları beynimdə təkrarladıqca içki məclisləri yadıma düşür; saatlarla uzanan, bəzən dadı-duzu qaçan məclislər...Boşalmış şüşələr, yarımçıq qədəhlər, ləbələb dolmuş külqabılar, əzilmiş siqaret qutuları, yersiz mübahisələr, "eqo partlayışları", şüuraltına toplanan yarımçıqlığın, kinin, nifrətin püskürməsi...

Məclisin əvvəlində hər şey yolunda gedir. Hamı mehribandır, hamı bir-birinə iltifat edir, hamı bir-birini tərifləyir. Mehriban, isti, doğma mühit yaranır. Bir, iki, üç... İçki şüşələri boşalır, dostlar bir-birinin şəninə tost deyir. İçirik, yeyirik, siqaret tüstülədə-tüstülədə kədərli pozada bir-birimizin yaradıcılığını tərifləyirik. Oxuduqlarımızdan, baxdıqlarımızdan, eşitdiklərimidən, uydurduqlarımızdan, xəyallarımızdan, övladlarımızdan, sevdiklərimizdən, bizi sevənlərdən danışırıq. Hər şey o qədər gözəl, o qədər maraqlı, o qədər idealdır ki... Amma qəfildən alkoqolun qana qarışması sürətlənir, ya da qaraciyərlər alkoqolla mübarizədə məğlub olur. Masaya toxunan başlar dikəlir, zəhərlənmiş qan beyindəki hüceyrələri asta-asta məhv etməyə başlayır. Sinirlər lazımi rekasiyanı verməkdə acizdir. Hərəkətlər ləngiyir, səs-küy azalır və sükut çökür...

Sonra qəfildən kiminsə ağlına gəlir ki, eyni masa arxasında oturduğu adamlar istedadsız, zövqsüz, paxıl və cahildir. Bu əvvəlcə ideya şəklində qəhrəmanımızın beynində yaranır, sonra bədən dili bu üsyankarın növbəti çıxışı ilə bağlı siqnallar verir. "Açıqsözlü" qəhrəmanımız əvvəlcə döyükməyə, narazı jestlərlə başını yelləməyə, əlləri ilə etiraz etməyə başlayır. Sonra kin, nifrət, qəzəb partlayışı... Əsas qanqaraçılıq olsun... qəhrəmanımız və ya qəhrəmanlarımız gözəl bir məclisi məhv etməyi vəzifə borcu bilir.

Hamı yavaş-yavaş dikəlir. Narazılıq, etiraz, irad...Xeyri yoxdur, artıq bu məclisi heç kəs xilas edə bilməz. Bütün "həqiqətlər" məhz bu məclisdə təcəlli edir. Qəhrəmanımız da Çoxkefli İskəndərdir və cəhalətin, ədalətsizliyin ağzını cırmağa iddialıdır. Sərxoş ağzından çıxanların fərqində deyil. Ağzının seliyini əlinin arxasıyla silib, həmsöhbətinin üst-başına alkoqollu tüpürcək sıçrada-sıçrada monoloq guppuldadır. Yeyilib-içilən zəhərə dönür, hamı pəjmürdə şəkildə aranı sakitləşdirməyə çalışır...

Sonra sakitlik düşür. Badələrə şərab süzülür, dumanlı beyinlər az öncə baş verənləri unudur, daha doğrusu yaddaş avtomatik kilidələnir. Bu ərəfədə kimsə mütləq dəxlisiz zarafatlar edir, yumor hissinin sərhədlərini aşır. Bu dəfə məclisi lağlağı kabusu bürüyür. Dözülməz dərəcədə can sıxıntısı başlayır. Siqaret bitir. Sonuncu siqaretlər çəkiləndən sonra yaranan boşluqda emosiyalar gərilməyə başlayır. Kimsə təcili siqaret almalıdır. Bu işi görən adam məclisi yarım saatlıq da olsa xilas edən xilaskardır. Və bütün pauzalarda mənim yadıma Qismətin məlum şeiri düşür:

Qutular,

əzilmiş qutular...

Mən təzə bilmişəm,

sən demə danışa bilmirmiş fotolar ?!

Sonradan belə məclislərdən qalan nadir fotalar həmin işgəncəli məclislərin sərxoş xatirəsini oyadır. Və şair demişkən, fotolar danışmağa, fəryad qoparmağa başlayır. Amma hələ ki məclis davam edir...

...Bu gərginliyin içində qəfildən günün ən maraqlı təklifi gəlir: "Kifayətdir, "evili evinə, köylü köyünə", dağılışaq!"

Candərdi, yorğun və sərxoş vidalaşmalar uzanır. Kimlərsə yenə davam edəcək. Evinə, ailəsinin yanına tələsən bəxtəvərlər, gedəcək yeri olanlar tələsir. Belə məclislərdən dəmli çayın sərxoşluğu ilə ayrılmaq başqa dərddir.

Taksini nə vaxtsa kirayədə qaldığım evin həyətinə sürdürürəm. Həyətdəki marketdən şirniyyat, meyvə şirəsi alıb tələsik yuxarı qalxıram, qapını döyürəm...

Qapını açan adamla bir-birimizə key-key baxırıq. Onun yuxulu gözlərindən oxuduğum sualın cavabını tələsik verməyə çalışıram: "Mən...bilirsiniz...ailəli olanda...ailəmlə..." Başını bulayıb, kədərlə üzümə baxır. Səsindən mənə yazığı gəldiyini hiss edirəm: "Siz daha burada yaşamırsınız."

Sözləri qulağımda tamam başqa cür səslənir: "Siz daha yaşamırsınız"...

Və yenə Qismət dadıma çatır:

"Məzarlar,

buz kimi məzarlar ...

Nə çoxdu dünyada mərmər,

birinə də mənim adım yazılar..."

174
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

48
(Yenilənib 09:44 16.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

48
Xəzər, arxiv şəkli

Dəniz şəhəri olsaq da, bir azdan havanı Kanadadan almalı olacağıq

60
Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir

Uzunömürlü insanların çoxu adətən dağ rayonu, ya da təmiz havası olan dəniz kənarında yaşayır. Oksigeni bol olan istənilən məkanda xəstələnmək şansı da azdır. Təmiz, yodlu-bromlu dəniz havası insanın uzun müddət sağlam yaşamasına zəmin ola bilər.

Şəhər havasının korlanmasına yüzlərlə amil təsir edir

Böyük şəhərlərdə sinə dolusu nəfəs almaq artıq çoxdan müşkülə çevrilib. Əgər burada artıq 1 milyondan artıq insan yaşayırsa, deməli, istəsən də, istəməsən də, təmiz hava qıtlaşır. Özü də müasir meqapolislərin bir çoxunda insan sayı on milyonlarla ölçülür. Şəhər havasının korlanmasına isə yüzlərlə amil təsir edir.

Milyonlarla bir yerə toplanan insanın nəfəs alması, şəhərlərdə saxlanılan ev heyvanları, insan fəaliyyəti nəticəsində yaranan zibil, sənaye müəssisələri, ziyanlı istehsalat, aviasiya, ictimai və gəmi nəqliyyatı, nəhayət şəxsi avtomobillər sakinlərin həyatını dözülməz edir. Şəhər insanı isə daim özünə rahat şərait yaratmağa çalışır. Tez-tez evini təmir edir, hələ dünən bəh-bəhlə dükandan aldığı əşyanı bu gün zibilə atır, çox yeyir, gəzir, idmanla məşğul olur, avtomobili, kompüteri və smartfonu daha dəblisi ilə əvəzləyir. Hər bir əməliyyat bu və ya digər formada şəhərin havasını çirkləndirir.

London, Nyu-York, İstanbul, Moskva, Pekin, Tokio, Seul kimi meqapolislərdə təmiz hava problemi çoxdan mövcuddur. Oksigen balonlarını Yaponiyada 2006-cı ildən satırlar. Nisbətən təmiz havası olan ölkələr artıq bu “məhsul”u satmaqla gəlir əldə edirlər. Əhalisi az, havası isə zəngin olan Kanada neçə müddətdir Çinə dağ havası yollayır. Eynilə dağ havasını dünya bazarında satan İsveçrə şirkəti də var. Pekin həm də dünyanın ən çirkli şəhərlərindən sayılır. Bəzi tədqiqatçılar Pekində nəfəs almağı gündə 40 siqaret çəkməklə bir tuturlar. Kanada havası Çində olduqca yaxşı satılır. 

Hava yoxdursa, deməli, həyat yoxdur

Hər bir şəhər, hər bir dövlət havanın çirklənməsi ilə bacardığı qədər mübarizə aparır. Deyək, 100-150 il öncə Londonda evlər daş kömürlə qızdırılırdı. Bu prosesdə yaranan tullantılar Böyük Britaniyanın paytaxtını dünyanın ən çirkli şəhərinə çevirmişdi. Nə nəfəs almaq olurdu, nə də normal yaşamaq. Təbii qaz peyda olduqdan sonra London meriyası daş kömürlə evləri qızdırmağı qadağan edir və şəhərin havası xeyli təmizlənir. Hazırda London daha bir problemlə üz-üzədir: əhalisi 10 milyona yaxınlaşan şəhərdə rahat nəfəs almağa ərazi qalmayıb. İnsanlar və avtomobillər paytaxtın havasını dəhşətli dərəcədə çirkləndirir. İndi də daha sərt qaydalar tətbiq edilməyə başlanılıb. Londonun mərkəzinə keçid pulludur, maşın saxlamaq da əlavə pul tələb edir. Yaxın illərdə şəhərdə duru yanacaqla işləyən avtomobillərin tam olaraq hidrogen yanacağına keçəcəyi, elektromobillərin geniş yayılacağı gözlənilir.

Sərt qaydalar tək Londonda deyil, həm də Avropanın bir çox ölkəsində tətbiq edilib. Yaxın gələcəkdə benzinlə işləyən avtomobillərin tam olaraq ekoloji təmiz yanacaqla çalışan nəqliyyat vasitələri ilə əvəzlənməsi bütün böyük şəhərlərin rəhbərliyi üçün prioritet məsələdir. Hava yoxdursa, deməli həyat yoxdur.

Oslonun daxilində bircə dənə sənaye müəssisəsi qalmayıb

Məsələn, Norveçin paytaxtı Oslo 2019-cu ildə Avropanın ən yaşıl və təmiz şəhəri elən edilib. Bu şəhərdə zibil ən azı 4 növə bölünərək şəhərin kənarında yerləşdirilən zibil zavoduna göndərilir. Zibil çox dəqiqliklə emal edilir, yəni cəmi 3 faiz qalıq qalır. Hətta qonşu Danimarka və İsveç öz zibilini də Norveçə təhvil verir. Norveçdə hətta kanalizasiyada yaranan istilikdən evləri qızdırmaq üçün istifadə edirlər. Oslonun daxilində bircə belə sənaye müəssisəsi qalmayıb. Hamısı şəhər kənarına çıxarılıb.

Şəhərin hər yerində piyadalar və velosipedçilər üçün yollar çəkilib. Avtomobil yolları isə şəhəraltı tunellərə köçürülüb.  Oslo əhalisinin yarısı elektromobillərdə hərəkət edir, günəş paneli ilə yüklənən elektrik velosipedi də çox populyardır. Tramvay, gəmi və digər nəqliyyat növlərində də elektrik enerjisindən istifadə edilir. Su elektrik stansiyaları da kifayət qədər enerji verə bilir. 1 litr benzin 3 manatadır deyə oslolular kütləvi olaraq benzinlə işləyən avtomobillərdən imtina edirlər. Elektromobillər üçün hər yerdə doldurma məntəqələri quraşdırılıb. Burada akkumulyatoru doldurmaq havayıdır. Havanı çirkləndirən avtomobillərin şəhər mərkəzinə daxil olması pulludur. Bu qayda həm də parklama yerlərinə də aid edilir.

Müasir şəhərin rəhbərliyi mümkün vasitələrlə havanın çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərə əl atmalıdır, yoxsa yaşayış mümkün olmayacaq.  Şəhərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, demək olar, bütün meqapolislərdə reallaşdırılır. Yaponlar hətta göydələnlərin dam örtüyünü yaşıllıqla tamamlayırlar. Hər eyvanda mütləq ev bitkilərinin olduğunu müşahidə etmək olar. Yaşıllıq varsa, deməli oksigen çatışmazlığının az da olsa, qarşısını almaq olacaq.

Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də...

Bakı əhalisi də təmiz hava qıtlığından əziyyət çəkir. Dəniz şəhəri olsaq da, yodlu-bromlu havanı duya bilmirik, çünki Azərbaycanda mövcud olan avtomobillərin yarısı paytaxta cəmlənib. 4 milyonluq əhaliyə bəlkə də 1 milyon maşın düşür. 40 il öncənin Bakısında tək-tük maşın səsi eşidilirdi. Hava təmiz, insan sayı isə 4 dəfə az idi. Hazırda maşının nə səsi kəsilir, nə də havaya atılan zəhərli qazın sonu bilinir. Bizim avtomobil parkımız yalnız benzin və dizellə işləyən nəqliyyat vasitələrindən ibarətdir. Avtobusların bir çoxu elə işə düşərkən atmosferə qara tüstü buraxır, hamılıqla boğuluruq.

Ölkədə köhnə avtomobillərin utilizə edilmə proseduru yoxdur, yəni avtomobil ölənəcən işləyir. Sərt ekoloji qaydalar tətbiq edilmədiyindən avtomobilin texniki vəziyyəti sürücünü narahat etmir bir növ. Maşının arxa borusundan qara tüstü çıxır? Nə olsun? Çıxır, çıxsın da. Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də, nə olacaq ki?! Belə vəziyyətdə olan maşınla sərnişin daşıyan da az deyil. Soruşanda da, deyir, düzəldərəm, kasıblığın üzü qara olsun və sair. Avtobusun və ya avtomobilin köhnə olması əsas deyil, gərək yiyəsi bu nəqliyyat vasitəsinə qulluq eləsin, vaxtı-vaxtında yararsız detalları dəyişsin. Onu da etmək istəmirik.

Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir

Qanuna görə, hər bir nəqliyyat vasitəsi ildə bir dəfə texniki baxışdan keçməlidir. Məntiqlə paytaxtdakı avtomobillərin bir hissəsi elə bu mərhələdə kənarlaşdırılmalıdır. Amma proses formal olaraq reallaşır, apar pulunu ödə, texniki baxış barədə sənədi al. Nəticədə Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir, hava yox, xəstəlik də baş alıb gedir. Nəqliyyata texniki baxış məsələsində daha sərt qaydaların tətbiq edilməsinə su-hava kimi ehtiyac var. Köhnə avtomobil və avtobuslardan çoxdan yaxa qurtarmaq lazımdır, ən azı nəqliyyat vasitəsi sahiblərini  buna məcbur etməklə. Köhnədir, apar təhvil ver, puluna al ya da yeni avtomobil üçün sertifikat əldə et. Köhnəlmiş maşınları utilizə etmək, yığmaq zamanı çatıb. Ya da ən azı maşın sahibi öz avtomobilinə qulluq etməlidir. Niyə yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazılır, amma borusundan tüstü çıxan avtomobili görən yoxdur? Bəyəm, bu insan həyatı üçün təhlükəli deyil? Təmiz hava heç kimi maraqlandırmır?

Təmiz havaya görə xəzri küləyinə borcluyuq

Bakını ekoloji təmiz şəhərə çevirmək üçün bir çox layihə var. Məsələn, tramvay nəqliyyatının yenidən bərpası, metronun genişləndirilməsi, velosiped yollarının inşası, yeni növ elektrik qatarı şəbəkəsinin uzadılması məsələləri ara-sıra gündəmə gəlir, amma bu planlar daha çox kağızda reallaşır. Praktik işlər çox gecikir. Bircə çoxlu ağac əkilir paytaxtda, tez-tez aksiyalar keçirilir, yeni-yeni sahələrdə kiçik meşələr yaradılır. Özü də bu işdə demək olar hər bir dövlət qurumu iştirak edir, hətta könüllü olaraq ağac əkmək olduqca şərəfli iş sayılır. Yenə də şəhərin havası təmizlənir bir növ.

Ümumilikdə təmiz havaya görə Xəzər dənizindən əsən xəzri küləyinə borcluyuq desək, yanılmarıq. Dənizdən əsən sərin şimal küləyi şəhərin tozunu-tüstüsünü sistematik olaraq aparır, havanı təmizləyir. Xilas edir bizi havasızlıqdan. Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir.

Amma şəhər də dayanmadan artır, yeni binalar ucaldılır, prospektlər salınır, yollar tikilir, xaricdən də yeni avtomobillər gətirilir, özü də benzinlə işləyən. Belə getsə, nə xəzri, nə gilavar kömək etməyəcək bizə, havanı Kanada, ya da İsveçrədən pulla alacağıq.

60
Teqlər:
hava, Bakı, ekologiya
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0